Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Mirzə İbrahimov - 100

Əzablı yollardan keçən həyat hekayəti

 

"... 1911-ci ildə oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab mahalının Evə kəndində yoxsul bir ailədə dünyaya gəldim. Atam Əjdər, anam Zəhra gün çıxmamışdan tarlaya gedər, əkin-biçinlə məşğul olub qaranlıq düşəndə evə dönərdilər. Atam bəzən məni də, böyük qardaşımı da zəmiyə aparardı. Ağır işləri özü görərdi. Biz də gücümüz çatandan ona kömək edərdik. 1911-ci ildə Səttarxan inqilabı yatırıldıqdan sonra gün-güzaranı onsuz da ağır olan xalqın vəziyyəti daha da pisləşdi. Aclıq ailələri girdabına aldı. Ailəmizdən əvvəlcə babam, kiçik bacım, sonra anam Zəhra aclığa tab gətirməyib dünyalarını dəyişdilər. Kənddə ən dəhşətli hadisə baş verdi. Bayramlarda bizə rəngli yumurta, dadlı qoğallar verən bir qadın aclığa dözməyib ikiaylıq körpəsini yemişdi. Dəli olan bu qadını kənd sakinləri daşqalaq edərək öldürdülər.

Dərd-ələm içində yaşayan atam Quzey Azərbaycanına üz tutdu. Atam, qardaşım və mən pay-piyada Bakıya gəlib çatdıq. Burada da həyat üzümüzə gülmədi. İş axtaran atam yorğan-döşəyə düşüb vəfat etdi.

Bu dəhşətli xəbəri eşidəndə 9 yaşım vardı. Dizimin taqəti kəsilib, yerə yıxıldım. Göz yaşlarım torpağa süzüldü. Atamı son mənzilə yola sala bilmədim. Sonradan məzarını axtarsam da, bütün səylərim, sorağım bir nəticə vermədi. Aradan bir müddət keçəndən sonra qardaşımı itirdim. Zabratda bir ailənin qoyun-quzusunu otardım...

Mən burada dayımı axtarıb tapmışdım. Onun da güzəranı ağır idi. Odur ki, çətinliklə də olsa, özüm-özümü dolandırdım. Sonradan Mantaşevin mədənində işə düzəldim. Nəhayət, Azərbaycanda sovet hakimiyyəti quruldu. Mən təhsil aldım. Yaşadığım həyat tərzi məni bir tərəfdən əzsə də, digər tərəfdən ədəbiyyata meylimi artırmışdı. Gecə-gündüz vaxt tapdıqca mütaliə edirdim. Ədəbiyyata vurğunluq məni Zabratdakı yazıçı Seyid Hüseynin rəhbərlik etdiyi dərnəyə gətirdi. Ədəbiyyata əvvəlcə şeirlə gəldim. Sonra ilk hekayəm "Zəhra" qəzetdə çap olundu...

Ağlım kəsəndən daim dərin bir uçurumun kənarı ilə yeriyib, addımlamışam. Təsadüf nəticəsində dibi görünməyən uçuruma yuvarlanmayaraq sağ qalmışam..."

Mirzə müəllimin özünün görüşlərdən birində danışdığı Əkrəm Qaflanoğlu tərəfindən qələmə alınmış bu acı həyat hekayətini professor Teymur Əhmədovun tərtibçiliyi ilə hazırlanmış "Mirzə İbrahimov müasirlərinin xatirələrində" adlı kitabından oxuyub məyus bir halda dərin xəyala dalmışdım... Bu ara əl telefonum zəng çaldı. Yazıçının qızı - bəstəkar, professor, xalq artisti Sevda İbrahimova idi... Mirzə İbrahimovun 100 illiyi ilə bağlı qəzetimiz üçün yazı hazırlamalı idim. Ondan da atası barədə xatirələrini danışmasını xahiş etmişdim. Vaxt itirmədən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına yollandım. Burada Sevda xanımla dərs dediyi auditoriyada görüşdüm. O, əvvəlcə müxtəlif illərdə, müxtəlif mətbuat orqanlarında Mirzə müəllim haqqında çap olunmuş yazıları, sonra isə özünün yazdığı "Atama çatmayan məktub" adlı yazısını və kiçik bir şəklini mənə verdi. Mən də Təhsil Nazirliyi tərəfindən bu il nəşr edilmiş, tərtibçilərdən biri olduğum "Azərbaycanın təhsil nazirləri" kitabını ona təqdim etdim. Həmin kitabda Mirzə müəllimin 1942-1946-cı illərdə Azərbaycan SSR xalq maarifi komissarı  işləməsi barədə də yazı və şəkilləri verilib. Sevda xanım nəfis şəkildə tərtib edilmiş  kitabın ərsəyə gəlməsində əməyi olan bütün insanlara təşəkkür etdi. 

Atama çatmayan məktub  

Sevda İBRAHİMOVA, bəstəkar                                                                           

Ana və ata... Mənim üçün bu iki söz ayrılmazdır. Çünki onlar bir-birinə ağlasığmaz dərəcədə bağlı idilər, onların məhəbbəti göylər qədər uca, təmiz və əbədi idi. Mən dünyaya göz açandan bu məhəbbətin ab-havası ilə boy atmış, bu məhəbbətin, sözlü-musiqili məhəbbətin gözəlliyi indi də mənim daxilimdə yaşayır. İnsana Allah tərəfindən gözəl nemət bəxş edilən bu məhəbbət insanın son dəqiqəsinə qədər onunla olur, həm gözəl, işıqlı günlərində, həm də qüssəli, kədərli anlarında...

Mənim ilk xatirələrim söz və musiqi sədaları ilə bağlıdır. Babam Qurban Primovun ilhamlı, bənzərsiz çalğısı, onun özünəməxsus zarafatları unudulmazdır.

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş ilk azərbaycanlı pianoçu qadınlardan biri, çox fədakar və qayğıkeş ana, sədaqətli, vəfalı həyat yoldaşı, ziyalı Azərbaycan xanımı, əsl Azərbaycan qadınına aid olan bütün gözəl keyfiyyətlər - əziz anam Sara xanım Primovaya məxsus idi. Azərbaycan xalq mahnıları, Üzeyir Hacıbəyovun, Baxın, Bethovenin, Şopenin musiqisinin sədaları bizim evdə həmişə səslənirdi.Və əlbəttə, bizim evdə Azərbaycan və dünya ədəbiyyatının, poeziyasının inciləri ilə tanışlıq, gözəl incəsənət əsərləri haqda, teatr tamaşaları və konsertlər haqda şirin söhbətlər olardı...

Bu xatirələr mənim üçün çox əziz, çox sevimli bir insan -atam Mirzə İbrahimovla bağlıdır. Bəlkə də "xatırlayıram" sözü burada lazım deyil, çünki o, həmişə mənimlədir, onun sönməz və işıqlı məhəbbəti mənim ürəyimdədir, beynimdədir. O, gözəl insan, gözəl həyat yoldaşı, gözəl ata, gözəl baba idi. Öz xalqını, torpağını sevərdi- sevərdi ülvi məhəbbətlə. Həyatı, insanları, təbiəti, bəşəri sevərdi - sevərdi ülvi məhəbbətlə. Ürəyi açıq idi- bütün səmimi, təmiz qəlbli insanlara. Möhkəm iradə və incəlik, cəsarətli və mərd, çox geniş bilikli və intellektual, böyük mənəviyyat dünyası və həssaslıq - ümumiyyətlə insana xas olan bütün yüksək keyfiyyətləri özündə cəmləşdirirdi.

Onun uşaqlarla danışmağı, onları əzizləməyi bir nağıl idi!

O, ömrünün lap axır günlərində Füzulinin qəzəllərini əzbər elə ifadəli deyərdi ki! Ondakı ensiklopedik bilik ağlasığmaz idi. Onunla söhbət edəndə, onun həm ədəbi, həm tarixi və ümumiyyətlə böyük dünyagörüşü adamı heyran edirdi.

Onun anamla münasibəti olduqca böyük, dərin məhəbbətin təzahürü idi. 37-ci illərdə anamın barmağına nişan üzüyünü Nigar xanım Rəfibəyli taxmışdı. Atam onu həmişə Nigar bacı deyə çağırırdı. Çünki onun ilk doğmaları Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Sabit Rəhman  olmuşlar. Və məhz bu dahilər atam və anamın xeyir işlərinin (buna indiki mənada toy demək olmaz) təşəbbüskarları olmuş, 1938-ci il dekabrın 4-də Qurban Primovun evində balaca bir məclis təşkil edib, anam Sara xanım Primovanı Vidadi küçəsi ev 98-dən atam Mirzə İbrahimovun Xaqani küçəsi 19 saylı evindəki mənzilinə gəlin gətirirlər. Bu mənzil atamın ilk mənzili oldu. O vaxta qədər onun evi yox idi. Kirayə qalırdı. Atam Ali Sovetin sədri olduğu zaman ona daha geniş mənzil təklif etmişdilər. Anam isə "mən bu mənzilə gəlin gəlmişəm, buradan da son mənzilə gedəcəyəm" dedi.

Elə oldu ki, mənim də nişanımda anam xahiş etdi ki, barmağıma nişan üzüyünü Nigar xanım taxsın! Bilmirəm bu təsadüfdü, ya nədir? Ancaq, həyatda mənim ailə xoşbəxtliyim o vaxtdan başladı...

Xalqımızın 90-cı illərdə başına gələn müsibətləri, Qarabağ faciəsini çox böyük həyəcanla, ağrı ilə duyur və böyük narahatçılıq, iztirab keçirirdi. Vertolyot qəzası onun səhhətinə yeni bir zərbə endirdi.

Ömrünün son illərində onun ürəyinin bütün nazik telləri tarım və gərgin halda idi. Xalqına, torpağına olan məhəbbət hissi onda bütün hisslərdən öndə idi.

O, səhhətinin çox ağır vəziyyətində belə, bu müsibətləri unutmur, əksinə, daha çox nigarançılıq çəkirdi. Ancaq onun optimist təbiəti, gələcəyə inamı itmirdi, Azərbaycan xalqının işıqlı, gözəl gələcəyinə  inanırdı.

Cənubi Azərbaycana məhəbbəti böyük idi!

Deyirdi ki, qızım, görəsən apara biləcəyəmmi sizi Təbrizə?

Akademiyadakı şöbəsinə böyük həvəslə gedirdi. Çünki orada o, səmimi istiliyi, məhəbbəti hiss edərdi.

Heç unuda bilmirəm, onu torpağa tapşıranda, mən arxamda bir qadının ağlayaraq: "atamız getdi" - sözünü eşitdim. Mən ondan soruşdum ki, siz onu tanıyırsız? O dedi ki: "mən uşaq evində böyümüşəm. 50-ci illərdə, Mirzə müəllim Ali Sovetin sədri olanda, hər ay bizə meyvədən tutmuş bütün ərzaq mallarını göndərərdi. Biz onu həmişə  ata deyə çağırardıq". Mənim xatirimdədir, anam deyərdi ki, atam Ali Sovetdən  aldığı maaşı da uşaq evlərinə göndərərdi.

Mənim musiqiçi olmağımda mənim doğmalarımın, yaxınlarımın, həmçinin böyük və sevimli müəllimlərimin əməyi danılmaz və unudulmazdır.

Lakin sənət aləminə bağlılıq, vurğunluq, ilk növbədə, mənim əziz atamla bağlıdır. Yazdığım musiqiləri, ilk növbədə, ona çalardım və o məni yeni əsərlər üzərində işləməyə həvəsləndirirdi. Deyirdi: "Qızım, otur işlə, əsl səadət-yaradıcılıqdadır. Əsərin hansı səbəbdənsə indi ifa olunmasa da, nə vaxtsa çalınacaq. Ancaq o şərtlə ki, böyük həvəslə, böyük ürəklə, məsuliyyət və ciddiliklə işləyəsən".

Çox sevinirdi atam, mənim əsərlərim səslənəndə!

Mənə yazdığı məktublardan:

"Əziz qızım Sevda! İnsan üçün ən böyük səadət sevdiyi işlə məşğul olmaqdır. Sən isə Oqtayı sevirsən (onu sevməmək olmaz!) yazmağı da sevirsən, çalışmağı da, müəllimliyi də. Müəllimlik! Yazıçılıqdan sonra mənim ən yüksək tutduğum bir sənətdir. Çalış, qızım, uşaqlarla o qədər həssas ol ki, onların ürəyindəki qığılcımları alovlandıra biləsən. Ondan sonra özləri irəliləyəcək. Gələcəkdə onların parladığını, xoşbəxt olduğunu gördükdə isə yüz qat artıq sevinəcəksən    10.02.66".

"Əziz balam Sevda! Bu gün sənin anadan olduğun gündür. İyirmi üç il bundan əvvəl səni, körpə vaxtında necə istəyirdiksə, indi də elə və daha artıq... Səni təbrik edirik sevimli qızımız. Xoşbəxt ol! Balacanı öp.

Anan - Sara Primova

Atan - Mirzə İbrahimov  28.11.62".

 Bu il oktyabrın 15-də mənim əziz atamın 100 yaşı tamam olur. Vaxtından tez olsa da, mən  bu günü yad edirəm və yazımı atama çatmayan məktubla bitirirəm:

"Mənim əzizim, çox mehriban, qayğıkeş və sevimli atam!

Bu gün, oktyabrın 15-i sənin anadan olduğun gündür. Mən səni körpə vaxtımda necə istəyirdimsə, indi də elə və ondan da artıq... sonsuz bir məhəbbətlə səni sevdiyimi demək istəyirəm. Mən o zamanlar, sən bizimlə olanda, bu məhəbbəti sənə  tam dolğunluqla bildirə bilmirdim, hətta səni qucaqlayıb öpəndə də mən utanırdım, sıxılırdım. İndi isə zamanın sürətli axınında, mən sənin məhəbbətini, sənin işıqlı surətini daha da  dərindən duyur və hiss edirəm. Hiss edirəm ki, sənin və gözəl anamın məhəbbət işığı mənim daxilimdədir. Mənim şad və fərəhli anlarımda, mənim kədərli və qəmli anlarımda siz mənimləsiniz. Sizin mənə bəxş etdiyiniz gözəl günləri, saatları indi, mən daha tez-tez xatırlayıram və deyirəm:

"Allah, şükür! Şükür ki, sən mənim həyatımı bu insanlarla bağladın və mənə bu qədər xoşbəxtlik bəxş etdin.

Səni, mənim əziz atamı, hər an ürəyində yaşadan, ülvi bir məhəbbətlə sevən qızın Sevda"                          

İyun 2001-ci il.

Sentyabr 2011-ci il. 

Yaradıcılıq meridianları  

ANAR, xalq yazıçısı 

...Neçə illər bundan öncə mən Azərbaycan Teatr Cəmiyyətinin salonunda xalq yazıçısı Mirzə İbrahimovla yanaşı oturmuşdum. Tədris teatrının gənc aktyorları hansısa tamaşadan səhnə göstərirdilər. Onlar bu gənclər teatrına məxsus yaradıcılıq manerasında - ehtirasla, bir az da coşqunluqla oynayırdılar. Səhnə mizanı elə düzülmüşdü ki, aktyorlar tamaşaçılara qarışmış, onları səhnədə cərəyan edənlərə qoşmuşdular.

Birdən biz oturduğumuz yerin lap yaxınlığında bərkdən atəş səsləri eşidildi. Hamımız diksindik. Aktyorlardan kimsə yıxıldı, kimsə qışqırdı. Tamaşaçılar özlərinə gəlib təzəcə gülümsəməyə, sakitləşməyə başlamışdılar ki, qəfildən yenə atəş səsləri təkrar eşidildi. Yenə də hamı diksindi. Bu bir neçə dəfə təkrar olundu. Mirzə müəllim mənə sarı əyilərək astadan soruşdu:

Bilmirsən, hələ neçə dəfə atəş açacaqlar?-gülümsədi və əlavə etdi: - Nəsə son zamanlar məni atəşlər təqib edir.

1980-ci ildə yazılmış bu məqalə o vaxt "Literaturnaya qazeta"nın səhifələrində dərc olunmuşdur. Azərbaycan dilində ilk dəfə çap olunur.

Məsələ ondadır ki, Mirzə İbrahimov bundan iki-üç həftə öncə Kiprdə keçirilən beynəlxalq konqresdə Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin sədri kimi SSRİ nümayəndə heyətinə rəhbərlik etmişdi. Həmin konqresdə faciəli hadisələr baş vermiş, Yusif Əs-Sibai terroristlər tərəfindən öldürülmüşdü.

Nədənsə, Mirzə müəllimin həmin sözləri yadımdan çıxmır. Mənə belə gəlir ki, Mirzə İbrahimovun mürəkkəb və çoxtərəfli şəxsiyyəti, onun ictimai fəaliyyətinin diapazonu və sadəcə, insani keyfiyyətləri haqqında mülahizələrdə bu sözlər yardımçımız ola bilər.

Bir insan və yazıçı kimi Mirzə İbrahimovun mürəkkəb tərcümeyi-halının əsas mahiyyətini onun ictimai fəaliyyətinin diapazonu təşkil edir...

Karel göllərindən Kuril adalarına qədər, Orta Asiya səhralarından Moldoviyanın üzüm bağlarına qədər bütün SSRİ-ni başdan-başa gəzmiş, Yer kürəsinin əsas qitələrində olmuş, Azərbaycanın demək olar ki, hər bir qəsəbəsini, kəndini görmüşdür...

O, demək olar ki, bütün ədəbi janrlara müraciət edib. Momumental romanlar, povest və hekayələr onun yaradıcılığının əsasını təşkil edir... Onun yol qeydlərinin coğrafiyası Avropa, Asiya, Afrika ölkələrini əhatə edir, oxucular müəlliflə birlikdə Stokholmdan Dakara, Parisdən və Əlcəzairdən Kəlküttəyə, Ranquna və Banqkoka səyahət edir...

Mən Mirzə İbrahimov haqqında qeydlərimi teatr axşamı haqqında xatirələrlə başladım. Bilmirəm, öz fikrimi çatdıra bildimmi, bu kiçik epizodda yazıçını dərk üçün xarakterik olan cəhəti izah edə bildimmi? Bu cəhət, fikrimcə, ondan ibarətdir ki, Mirzə İbrahimovun taleyində böyük və əhəmiyyətli işlərlə adi və gündəlik hadisələr sıx surətdə bir-birinə qarışmışdı. O, böyük əhəmiyyətə malik tarixi proseslərin və yalnız Azərbaycan Yazıçılar İttifaqının ədəbi həyatı üçün maraq kəsb edən hadisələrin iştirakçısı olmuşdur. Gənclərin tamaşasında eşitdiyi "atəş" səslərinin M. İbrahimova Kiprdə baş verən, bütün dünyanı sarsıtmış hadisəni xatırlaması da, dediyim kimi, yazıçının ictimai diapazonundan, əgər belə demək mümkünsə, onun coğrafi miqyasından xəbər verir. Bu, eyni zamanda onun daxili, mənəvi həyatının parametrləridir... Düşünürəm ki. bu mürəkkəb, sınaqlarla dolu həyat yolu yalnız Mirzə İbrahimovun yaradıcılıq fərdiyyətinin deyil, həm də onun insani müdrikliyinin təşəkkülünə səbəb olmuşdur.

Axı müdriklik yalnız hər şeyi başa düşüb heç nəyə təəccüblənməməkdə deyil. Müdriklik həm də ondadır ki, çox şeyi başa düşməklə bərabər, təəccüblənmək, heyrətlənmək bacarığını da itirməyəsən. Sanki həyatı hər gün yenidən kəşf edəsən.

Kiprdə əsl tapançadan atəş açırdılar və sovet nümayəndə heyətinin rəhbəri Mirzə İbrahimov təmsil etdiyi böyük dövlətin nüfuzuna görə özünü sakit və ləyaqətlə apardı. Təhsil teatrının tamaşasında isə o, oyuncaq tapançanın atəş səslərindən uşaq kimi diksindi.

Yəqin ki, elə müdriklik bundadır: əsl atəş zamanı təmkinini pozmamaq, oyuncaq tapançaların atəş səslərindən uşaq kimi diksinmək... 

Mütəfəkkir yazıçı 

Nəriman HƏSƏNZADƏ, xalq şairi 

Mirzə İbrahimov kimi şəxsiyyətlər hər xalqın tarixi yaddaşında, ədəbi taleyində nadir adamlar kimi dərin izlər qoyub gedirlər və ictimai fikrin müəyyən məqamlarında onların yeri daha aydın görünür. Cəmiyyətin aparıcı qüvvələri olduqları bir daha sübuta yetirilir.

O bir yazıçı olaraq, həmişə biz gənclərə nümunə idi, örnək idı. "Yazıçının bir əsas vəzifəsi var, o da yazmaqdı" deyirdi. O taylı-bu taylı Azərbaycanın dəyanətli oğlu idi... Bütün yaradıcılığında bölünmüş Azərbaycan yox, bütöv Azərbaycan idealından bəhs edirdi. Millilik və bəşərilik əsərlərinin leytmotiviydi. Çünki humanist idi, insanpərəst və millətpərəst idi...

Mirzə İbrahimov SSRİ  Ali Sovetinin deputatı olduğu vaxt iclas salonunun yuksək kürsüsündən Antik dövrün müdriklərindən misal çəkərək, azərbaycanlıların qənimi və qisasçı, Sov. İKP-nin Baş katibi Mixail Qorbaçovun üzünə demişdir ki, Allah adamı bədbəxt etmək istəyəndə, onun ağlını əlindən alır. Uzaqgörənliklə deyilmişdi.

Mən bu sözləri ona görə yazıram ki, bu unudulmaz insanla on ilə yaxın bir müddətdə eyni təşkilatda işləmişəm. Buna görə qələm dostum, filologiya elmləri doktoru, professor Teymur Əhmədova minnətdaram. O, Mirzə müəllimlə Elmlər Akademiyasında bir şöbədə işləyirdi. Həm də "Azərbaycan" jurnalında şöbə müdiriydi. Mənim ittifaqa getməyimə o səbəb oldu. Mirzə müəllimdən xahiş etmişdi, o da sözünü yerə salmamışdı. Gənc şair kimi yaradıcılığıma da  hörməti  var idi. Məni "Azərbaycan" jurnalı redaksiyasına, poeziya şöbəsinə işə götürmüşdü.

...Bir dəfə SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonov Moskvadan bizim ittifaqa, Mirzə müəllimə zəng vurmuşdu. Deyirdi ki, Mirzə Əjdəroviç (telefondan səsini eşidirdim), sizi təbrik edirəm. Yuxarılarda yüksək səviyyədə növbəti müzakirədən sonra Nəsimi türkmənlərin yox, Azərbaycanın böyük şairi kimi qəbul edildi. Siz də bunu sübut edirdiniz. Bir daha təbrik etdi. Mirzə müəllim o qədər sevinmişdi ki, məni də təbrik etdi. Və dedi ki, qabağa düşüb bizim klassikləri Moskvada öz  adlarına çıxırlar.

Şah İsmayıl Xətai məsələsində də belə olmuşdu. Türkmənlər öz şairləri kimi kitab da buraxmışdılar.Mirzə müəllim deyirdi, biz qardaş xalqıq, amma gərək, problemlərə elmi və tarixi yanaşılsın.

Mirzə müəllimin ədəbi görüşlərində dəfələrlə iştirak və çıxış etmişəm. O böyük insana və yazıçıya Cənubi Azərbaycanın rəmzi kimi baxırdım...

Yazıçının istəklı qızı, sevimli bəstəkarımız bu günlərdə mənə dedi ki, atam bir gün sizin "Sən məni yad et" şeirinizi gətirdi ki, Sevda, şeir xoşuma gəlir, bəlkə musiqi bəstələyəsən. Bu mahnı ustadımızın xahişilə yarandı və bu gün də bəstəkarın nəğməsi efirdə, ekranda oxunur...

...Mirzə müəllimi ilk dəfə hələ Gəncə Dövlət Pedaqoji İnstitutunun ikinci kursunda, 1951-ci ildə filologiya fakültəsində oxuduğum illərdə görmüşdüm. Bizim institutda təntənəli görüşü keçirildi. O vaxt ürəyimdən keçirirdim ki, görəsən bu böyük sənətkarı yaxından görəcəyəmmi, yaxından salam verəcəyəmmi? Sonra tale elə gətirdi ki, bir yerdə işləyəsi olduq. Mənim əsərlərim barədə dəyərli sözlərini yadigar qoyub getdi. İndi mən onun haqqında xatirə yazıram.

Düz deyirlər ki, dünya dərkedilməzdi. Yəni dərk elədikcə, dərkedilməzliyə gedib çıxır. Mirzə müəllim də dünya kimi bəzən dərkolunmaz idi. Amma bir şeyi dərk edirdim ki, belə sənətkarlar sağlığında da, sonra da əlçatmaz olurlar... 

Əbədiyaşar sənətkar 

Teymur  ƏHMƏDOV, filologiya elmləri doktoru, professor 

Mən xalq yazıçısı, akademik Mirzə İbrahimovun ilk aspirantı olmuşam. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İstitutunun aspiranturasına yenicə imtahan verəndən bir neçə gün sonra institutun direktoru Kamal Talıbzadə məni yanına çağırmışdı. Biz elmi tədqiqatın istiqamətini dəqiqləşdirməli idik. Bu zaman otağa orta boylu, gülərüz bir nəfər daxil oldu. Bu, institutun ədəbi əlaqələr şöbəsinin müdiri, mərhum Şıxəli Qurbanov idi. O, məni təbrik edib hansı şöbədə aspirant olacağımla maraqlandı. Mən Azərbaycan- erməni ədəbi əlaqələri ilə məşğul olmalı idim. O, qayğıkeşliklə dedi: Mən özüm də ədəbi əlaqələrlə məşğul olmuşam, amma bu, elm deyil. Görürəm yaxşı oğlansan, gəl milli ədəbiyyatımızla məşğul ol. Maraqlı, öyrəniləsi mövzular çoxdur.

Onların məsləhəti ilə XX əsr Azərbaycan ədəbiyyatı istiqamətində işləməyə razılıq verdim. Mən bu gün də hər iki alimin qayğı və diqqətini minnətdarlıq hissi ilə xatırlayıram.

İki gündən sonra Kamal Talıbzadə ilə görüşəndə mənə dedi:--Teymur, əzizim, bilirsən nə var? Sənin elmi rəhbərin Mirzə İbrahimov olacaqdır.

Bu gözlənilməz xəbərdən təsirləndim, qeyri-ixtiyari öz narazılığımı bildirdimE Lakin Kamal Talıbzadə məni dilə tutdu, onun ev telefon nömrəsini verib təkidlə tapşırdı ki Mirzə müəllimə zəng vurum. Ertəsi gün zəng vurdum, dəstəyi özü götürdü, tanışlıq verdim, mülayim səslə dedi: "Teymur bala, sabah saat 3-də gələ bilərsənmi, evdə gözləyəcəm, gəl".

Ertəsi gün saat 3 tamamda qapının zənginin düyməsinə toxundum, içəridən səs dəldi: xoş simalı, bəstəboy qadın qapını açıb, "keçin içəri"-dedi... Mirzə müəllim otağın sol qapısından içəri daxil olub pəncərə tərəfdən stolu çəkib əyləşdi, mənə dedi: "Əyləşin". Bu ilk dörüşdə Mirzə müəllim ali məktəbi bitirməyim, ixtisasım, işim-peşəmlə maraqlandı. 10-15 dəqiqəlik ilk görüşümüz başa çatdı. Bir ay ərzində hər həftə eyni vaxtda, eyni qayda ilə 10-15 dəqiqəlik söhbət zamanı Mirzə müəllim mənə bir neçə mövzu təklif etdi. Mən həmin mövzuların kimsə tərəfindən işlənməsini bildirdim. Birdən-birə o, N. Nərimanovun dramaturgiyası mövzusunda tədqiqat aparılmasının vacibliyindən danışdı, məsləhət gördü ki, bu mövzunu işləyim. Mənə tapşırdı ki, işin planını hazırlayım...

Mirzə müəllim mənə N.Nərimanovun dram əsərləri barədə ümumi bir məqalə yazmağı tapşırdı. Universitetin filologiya fakültəsini bitirsəm də, N.Nərimanovun yaradıcılığından xəbərsiz idim. Çünki ali məktəbdə onun adını çəkməkdən qorxurdular. O, millətçi təmayülçü kimi qadağan olunmuşdu.  1953-cü ildən sonra vəziyyət dəyişmişdi. 1956-cı ildə yazıçı Qılman Musayev N.Nərimanovun seçilmiş əsərlərini nəşr etdirmişdi. Bu kitabla ilk tanışlıqdan sonra yazdığım məqaləni Mirzə müəllimə təqdim etdim. Bir həftədən sonra görüşəndə Mirzə müəllim məni çox acıqlı qarşıladı: "Ay bala bu nədir? Dilinizə fikir verin" deyə, məqaləni mənə qaytardı. Mən günahkar adam kimi nə deyəcəyimi bilmədim, amma xəcalətdən tərləmişdim. Pillələri enməmiş qapı ağzında Mirzə müəllimin göy karandaşla iki-üç  vərəqdə bəzi cümlələrin altından xətt çəkdiyini, bir-iki sözü düzəltdiyini gördüm. Məqaləni axıradək oxumağa səbri çatmamışdı. Mənə ciddi qulaqburması olan məqaləni indi də saxlayıram...

Aspiranturanın ikinci ili, yay vaxtı Mirzə müəllim soruşdu ki, havalar istiləşir, istirahətə hara gedəcəksən?

Mən dedim ki, heç yerə getmək barədə düşünmürəm.

-Bəlkə Yazıçılar İttifaqından putyovka götürəsən.

-Mən Yazıçılar İttifaqının üzvü deyiləm-dedim.

- Sabah gedərsən Yazıçılar İttifaqına-dedi. Tapşıraram sənə putyovka verərlər.

Ertəsi gün qardaşım pul verib təkid etdi ki, get putyovkanı al. Mənə Krımın Koktebel (Göy təpə) Yazıçılar evinə putyovka verdilər. Orada rusca yazılmışdı: "Mirzə İbrahimovun ailə üzvlərindən".

Mən elmi işimi başa çatdırdıqdan sonra makinada yazdırıb Mirzə müəllimə təqdim etdim, özüm də səbrim çatmadı ki, cavab gözləyəm, N. Nərimanovun Qori seminariyası dövrünü işıqlandıran materiallar sorağı ilə Tiflisə 10 günlük ezamiyyətə getdim. Ezamiyyətdən Bakıya qayıdan günün ertəsi institutda professor Kamal Məmmədovun şöbəsində idim. Kamal Talıbzadə şöbəyə gəlib məni görər -görməz "sən gəlmisən, bəs iki gündür Mirzə müəllim səni axtarır, dissertasiyanı oxuyub, çox xoşuna gəlib, rəy də yazıb, get ona zəng vur". Sonradan Kamal Talıbzadə dedi ki, Mirzə müəllim dissertasiyanı oxuyub axşam mənə zəng vuranda, soruşdu ki, Kamal, bu işi doğrudanmı özü yazıb, material çox zəngin, dili aydın, səlisdi. Mən dedim ki, Mirzə müəllim, Teymuru çoxdan tanıyıram, hələ İrəvanda işləyəndə onun Bakıda "Bilik" cəmiyyətində çıxan bir kitabçasına rəy də vermişəm".

Mən Mirzə müəllimə zəng vurdum. "Teymur, bala-dedi-gəl, dissertasiyanı apar". O, qovluğu mənə verəndə heç bir söz demədi, amma tapşırdı ki, rəyin əlyazmasını makinada yazdırıb bir nüsxə də ona qaytarım... Əgər Mirzə müəllim onu bəyənməsəydi, çətin ki, əlimə qələm alıb onu bir də işləyəydim. Xoşbəxtlikdən elə olmadı, dissertasiya rəhbərimin xoşuna gəlmişdi.

Beləliklə bir il keçdi, Mirzə müəllimin köməyi ilə müdafiəyə buraxıldım. Müdafiə uğurla keçdi... Mirzə müəllim müdafiədə iştirak etməsə də. Bir gün əvvəl Moskvadan öz xətti ilə foto-teleqraf göndərmişdi: "Əzizim Teymur, təbrik edirəm. İnanıram ki, müdafiən uğurla keçəcəkdir. Mirzə İbrahimov".

1968-ci ildə müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsində baş elmi işçi vəzifəsini tutdum. Bu şöbənin müdiri Mirzə İbrahimov idi... 

Ürək yanğısı ilə danışırdı 

Maarif  TEYMUR, S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru 

Mirzə müəllimi görmək, onunla şəxsən tanış olmaq üçün burnumun ucu göynəyirdi... "Gələcək gün" qəbul imtahanında mənim taleyimdə əbədi sənətimi müəyyənləşdirdi. Arxiv sənədləri, özü də yazıçı və şairlərin yazdıqlarını gələcək nəsillərə çatdırmaq üçün mənəvi xəzinədə - S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində işləməyə mənə daha da qol-qanad verdi. 1966-cı ilin sentyabr- oktyabr aylarında arxivin ilk əməkdaşlarından olan Bibixanım Hüseynova (Allah ona da, Mirzə müəllimə də qəni-qəni rəhmət eləsin) birlikdə qapı-qapı gəzib yazıçı və şairlərlə görüşür, əlyazmalarını qəbul edib şəxsi fondlar yaradırdıq. Noyabr ayında (1967-ci ildə) ilk dəfə Mirzə müəllimlə görüşmək mənə qismət oldu. Sonralar isə tez-tez Bibixanım xala ilə, Mirzə müəllimlə görüşüb ondan əlyazmaları və fotoşəkillərini istəyərdik. Bir dəfə hətta belə bir dialoqumuz da oldu. Artıq 6-cı dəfə idi ki, Mirzə müəllimin yaşadığı Xaqanı küçəsindəki mənzilinə gedirdik. Hər dəfə də bizi əliboş yola salar, yaxud da bir neçə şəkil, əlyazma verərdi. Hətta bir dəfə Bibixanım xala: "Mirzə müəllim, siz bizə əlyazmalarınızı verməsəniz və biz bu cavan oğlanla əliboş qayıtsaq, bizim əməkhaqqımızı verməyəcəklər"-dedi. Mirzə müəllim isə cavabında: - Ay Bibixanım bacı, biz hələ ölməyə hazırlaşmırıq axı, bütün əlyazmaları sizə verim!.. Bir az keçsin, sənədlər hamısı sizin arxivindir...

İllər keçdi, Mirzə müəllimin yaxın dostu və məsləkdaşı, Azərbaycanın əməkdar elm xadimi Əziz Şərifin bu sahədəki fəaliyyətini ona danışdıq. Mirzə müəllim Moskvada olanda Əziz müəllimlə danışıb və Əziz müəllim məsləhət görüb ki, o da sənədlərini dövlət mühafizəsinə versin. Mirzə müəllim yenə də narahat halda dedi: "Verəcəyəm, bütün əlyazmalarımı verəcəyəm... Amma mənə vaxt verin".

1975-ci ilin payızında Qulam Məmmədlinin təklifi ilə mən Məmməd Tağı Sidqinin qızı Dostu xanım Səfərova ilə görüşdüm. Dostu xanımdan qəbul etdiyimiz sənədlər arasında 1919-cu ildə yazılmış bir məktub diqqətimizi çəkdi. Bu məktub çətin ərəb əlifbasında C. Cabbarlının Dostu xanım Səfərovaya yazıldığı müəyyənləşdi... 1984-cü ildə Moskvadan Əziz müəllimin sənədlərini gətirməyə getmişdim.Utana-utana bu məktub barədə Əziz müəllimə danışdım. O, çox sevindi. Və əlavə etdi: "Bəs, niyə  çap etdirmirsən?" Mən dedim: "Əziz müəllim, düz 9-cu ildir ki, bu məktubu gəzdirirəm... Heç kəs çap etmir". O: - Mirzə müəllimə deyərəm, Moskvadan qayıdan kimi Mirzə müəllimlə görüş... Əlbəttə, Mirzə müəllimlə görüşdüm. "Azərbaycan" jurnalı redaksiyasında oldum. Tez bir zamanda Mirzə müəllimin qayğısı nəticəsində C. Cabbarlının Dostu xanın Səfərovaya yazdığı məktub tam halda jurnalda çap olundu.

Biz bundan sonra Mirzə müəllimlə daha da yaxınlaşdıq... Mirzə müəllimlə 1990-cı ilin martında görüşdük. Xeyli şikayətləndi... Hadisələr, siyası görüşləri olan millət "fədailəri"nin adını çəkdi... Və əlavə etdi. Gedək bala evə, kitablarımın bir neçə nüsxəsini avtoqrafla sizin arxivə verim"... Biz söhbət edə-edə onun yaşadığı mənzilə gəldik. Evdə iki saata qədər əyləşib əlyazmalara baxdıq. Mirzə müəllim birdən:--"Sizdə işləyən o yaşlı xanım, səhv etmirəmsə, Bibixanım bacı deyə mən ona müraciət edərdim.İşləyirmi?" Sonra da əlavə etdi... "Gərək elə o vaxt bütün əlyazmalarımı sizə verəydim... Keçmiş ola". Dərindən köks ötürən Mrzə müəllim sanki keçmiş illərdə bizi get-gələ saldığını bizə xatırladaraq heyifsilənirdı... Gündəliyimdə bu barədə belə qeydlərim var..." Bu gün sevinirəm. Mirzə müəllimlə 3 saata qədər söhbət etdim. Əlyazmalarını hazırlayıb daima mühafizə üçün arxivimizə təhvil verəcəyini bildirdi... Neçə illərdir bu arzu ilə yaşamışam ki, Mirzə müəllimin də şəxsi arxiv fondunu yaradaq... Deyəsən, bu arzum da çin olacaq...".

...1989-cu ildə bəzi "millət qəhrəmanları"nın ona qarşı çılğın hücumlar etməsi hamını qəzəbləndirirdi. Mən bu nadanlara cavab olsun deyə, 22 avqust 1945-ci ildə Mirzə müəllimin yazdığı "Azərbaycan" adlı yazısını da ("Mirzə İbrahimov müasirlərinin xatirələrində" adlı kitabda verilmiş) öz xatirə yazıma əlavə  etmişəm... Oradan oxuyub bilsinlər ki, səriştəli, ağıllı ağsaqqala boş-boş hədyanlar söyləmək olmaz... Mirzə müəllim Kremlin salonunda çıxış edəndə (avqust 1945) "Azərbaycan" yanğısı ilə ürəkdən danışırdı... Özü də bütöv Azərbaycan məmləkəti barədə!.. 

Hazırladı:
Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov