Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - �39

 

Dərslərdə interaktivliyin təşkili

 

Azərbaycan dünya birliyi ölkələri ilə ictimai həyatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Buna görə də başqa fəaliyyətlərlə yanaşı, bir neçə dildə ünsiyyət qurmağı, əlaqə yaratmağı bacarmaq, şəxsiyyət formalaşdırmaq müasir məktəbin mühüm vəzifələrindən biridir.

Hazırkı dövrdə qloballaşma prosesinin və inteqrasiya meyillərinin getdikcə sürətləndiyi ictimai-siyasi, sosial, mədəni sahələrdə baş verən mühüm keyfiyyət dəyişiklikləri kommunikasiya vasitələrindən istifadə etməklə, şagirdlərin kommunikativ bacarıqlarının yüksək səviyyədə inkişafını tələb edir.

Xarici dilə yiyələnmə şagirdlərin humanitar təhsil səviyyəsini yüksəldir, şəxsiyyətin formalaşmasına geniş imkanlar yaradır. Bu səbəbdən də tədris fənni kimi xarici dilin statusu artır, ixtisas müəllimlərindən böyük məsuliyyət tələb olunur.

Müasir dövrdə məktəbin qarşısında təhsilin keyfiyyətini yüksəltmək kimi məsul və şərəfli bir vəzifə durur. Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün şagirdlərə dərin bilik vermək, onların fəalllıq və müstəqilliyini təmin, ölkədə baş verən yeniliklərlə şagirdləri tanış etməklə onlarda geniş elmi dünyagörüşü yaratmaq tələb olunur.

Respublikamızda həyata keçirilən təhsil islahatı təhsil müəssisələrinin fəaliyyətində, bütövlükdə təhsil sisteminin strukturu, idarəsi və iqtisadiyyatında köklü yerdəyişmənin həyata keçirilməsini nəzərdə tutur.

"Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" sənədində qeyd edilir ki, əsas təhsilin məqsədi şagirdlərdə təhlil və tətbiq, araşdırma və ümumiləşdirmə aparmaq, informasiya-kommunikasiya texnologiyalarından istifadə, müxtəlif mənbələrlə işləmək, özünün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, hadisələri və mahiyyətləri dəyərləndirmək, problemləri həll etmək bacarıqları formalaşdırmaqdan ibarətdir. Deməli, ümumi təhsil sistemində pedaqoji proses əvvəllcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyekt kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında pedaqoji prosesin tamlığı, şagirdyönümlülük, fəaliyyətin stimullaşdırılması, təlimdə bərabər imkanların, dəstəkləyici mühitin yaradılması prinsipləri nəzərə alınmaqla qurulur.

Bu gün təhsildə həm forma, həm də məzmunca ciddi dəyişikliklər gedir: milli təhsil sistemi yaradılır, beynəlxalq təcrübəyə əsaslanan yeni təhsil formalaşır, müəllim-şagird münasibətləri yenidən qurulur.

Bu işdə Azərbaycan Müəllimlər İnstitutunun özünəməxsus yeri və rolu vardır. AMİ məzmunundakı fərqli struktur dəyişiklikləri əsasında son illər respublikanın çoxsaylı orta ümumtəhsil, orta ixtisas, peşə, ali (dövlət, özəl) təhsil müəssisələrində çalışan müəllimlərə metodiki köməklik göstərmək, təhsil sahəsindəki innovasiyalara dair seminarlar keçirmək, seminar iştirakçısı olmuş müəllimlərin dərslərinin monitorinqini aparmaq, ayrı-ayrı mövzular üzrə metodiki tövsiyələr hazırlamaq, qabaqcıl pedaqoji təcrübəni öyrənmək, ümumiləşdirmək, təbliğini təşkil etmək, müxtəlif təhsil müəssisələrində fənlərin tədrisi keyfiyyətini öyrənmək məqsədilə dərs və məşğələlərdə iştirak etməklə məşğuldur.

Belə təhsil ocaqlarından biri də Xəzər rayonu Türkan qəsəbəsindəki E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika ümumi orta təhsil internat-məktəbdir.

***

Məktəbin direktoru B.Zeynalov və təlim-tərbiyə işləri üzrə direktor müavini K.Dadaşovun iştiraki ilə mütəmadi olaraq müəllimlərin təlim nəticələrinə həsr olunmuş "dəyirmi masa" keçirilir.

Məktəbdə işini günün tələbləri istiqamətində quran müəllimlər çoxdur. Onlardan biri ingilis dili müəllimi Gülnarə Əliyevadır.

Fənn müəllimi kimi o, dərs prosesində şifahi nitq, yazı bacarıqlarının formalaşdırılması, düzgün oxu qabiliyyətlərinin yaradılması və dilin inkişaf etdirilməsinə xüsusi diqqət verir.

O, şifahi nitqin inkişafını əsas tələb kimi göstərməklə şagirdlərin ünsiyyət bacarıqlarının formalaşdırılmasına, lüğət ehtiyatlarının zənginləşdirilməsinə, ən zəruri qrammatik anlayışların mənimsənilməsinə, oxu və yazı texnikası, dinləyib-anlama vərdişlərinin inkişaf etdirilməsinə hər vasitə ilə səy göstərir.

Bağlanmış ikitərəfli müqaviləyə əsasən mütəmadi olaraq təhkim olunduğumuz bu internat-məktəbə gəlir, tədris prosesi ilə yaxından tanış olur, xarici dil müəllimlərinin dərslərini müşahidə və müzakirə edirik. Alınan nəticələrlə bağlı "dəyirmi masa" keçirir, müəllimləri maraqlandıran suallara cavablar, onlara lazımi metodiki tövsiyələr veririk.

Gülnarə Əliyeva ingilis dilindən didaktik material hazırlayarkən aşağıdakı üç mərhələnin məntiqi ardıcıllığına fikir verir:

* Didaktik vəsait üçün seçilmiş leksik və qrammatik materialların şagirdlərin məktəbdə öyrəndikləri digər fənlərlə, yəni Azərbaycan dili, rus dili və onun qrammatikası, eyni zamanda ədəbiyyat, tarix, coğrafiya ilə inteqrasiyası önəmlidir.

* Didaktik vəsaitdə mövzuların tədrisi məsələləri öz əksini tapır. Bu mərhələ bütün fənlərin tədrisinə aid edilə bilər. Müəllim bu yolla didaktik vəsaitə daxil olan leksik vahidlərin, ifadələrin, ayrı-ayrı qrammatik formaların bir neçə dəfə təkrar olunacağı hesabını apara bilir. Digər tərəfdən, o, təkrarın xarakterini müəyyənləşdirə bilir.

* Burada şagirdlərin ingilis dilindəki bilik səviyyəsi təyin olunur. Ənənəvi üsulla şagirdlərin biliyi çox səthi və təxmini yanaşma yolu ilə müəyyənləşdirilirdisə, proqramlaşdırılmış təlim elementlərinin tətbiqi yolu ilə məsələnin belə təxmini həlli aradan qaldırılır. Bu yanaşma, şagirdin müstəqil işinə əsaslanır ki, bu da nəticəyönümlü təlimi təmin etmiş olur.

Müəllim proqramlaşdırılmış təlimin məzmunundan və elementlərindən istifadə edərək üç    cəhətə daha çox fikir verir:

* Müəllim və şagird əməyinin elmi və təcrübi təşkili;

* İnteraktivliyin (əks-əlaqənin) təmin olunması;

* Təlim prosesinin keyfiyyətinin idarə olunması.

Bu cəhətlər bir-biri ilə sıx surətdə bağlıdır. Əgər dərsdə əks-əlaqənin heç olmazsa ən sadə elementlərindən istifadə edilmirsə, ona müasir dərs demək olmaz. Elə buna görədir ki, Gülnarə müəllim dərs prosesində əlaqəni üç formada yerinə yetirir:

* Müəllimdən şagirdə (düzünə əlaqə).

* Şagirddən müəllimə (xarici əks-əlaqə).

* Şagirddən şagirdin özünə (daxili əks-əlaqə).

Göründüyü kimi, müəllim bu üç əlaqədən həm ayrı-ayrılıqda, həm də hamısından birlikdə istifadə edir. Bundan başqa o, dərslərində əks-əlaqə vasitələri olan şərti işarələr, şablonlar və iş vərəqlərindən səmərəli istifadə edir. Bu işi o, belə yerinə yetirir: müəllim şagirdlər üçün üçrəngli kartoçkalar hazırlayır. Kartoçkalar elə hazırlanır ki, onun rənglərini dəyişmək də olur. Məsələn, şagirdlər ingilis dilində sifətin dərəcələrini öyrənirlər. Burada şagirdlər sifətin dərəcələrini əlamətlərinə görə tapır, kartoçkalar vasitəsilə adi dərəcəni sarı, müqayisə dərəcəsini yaşıl və üstünlük dərəcəsini qırmızı rənglərlə göstərirlər. Burada fərqli cəhət odur ki, müəllim üçrəngli kartoçkadan istifadə edir. Bu da müəllimin nəzərinə daha tez çarpır və o, şagirdin mövzunu bilib-bilmədiyini dəqiqləşdirir.

İnteraktivliyin digər növlərindən biri də tapşırıqların iş vərəqlərində yerinə yetirilməsidir. Bu da şagirdlərin müstəqilliyini, tədqiqatçılıq bacarığını və mobilliyini təmin edir. Lakin bununla bağlı müəllimlərə bəzi təkliflər verilməlidir:

1. Dərsin məqsədini dəqiqləşdirmək:

* dərsin mövzusuna, məzmununa aid olmalı;

* hansı bilik, bacarıq və vərdişlər formalaşdırılmalıdır.

2. Müxtəlif növlü tapşırıqlar seçmək, bu tapşırıqlar:

* dərsin məqsədinə uyğun və qoyulan tədqiqat probleminin həllinə yönəlməlidir;

* şagirdlərin yaşına, bilik və intellektual səviyyəsinə;

* dövlət proqramına və milli dəyərlərə əsaslanmalı;

* aktual, real həyatla və şagirdlərin təcrübələri ilə bağlı olmalı;

* tədqiqatçılıq həvəsini artıran, maraqlı, cəlbedici olmalıdır.

3. Müxtəlif məlumat mənbələrindən istifadə etmək.

4. Nəticələrin təqdimetmə formaları müxtəlif olmalıdır.

5. Tapşırıqlar dəqiq ifadə edilməlidir.

6. İş vərəqinin tərtibatı səliqəli, məhdud, yaraşıqlı, estetik, əyani olmalı, orada formal məlumatlar qeyd olunmalıdır.

Göründüyü kimi, iş vərəqlərində aparılan müstəqil iş şagirdlərin diqqətli

olmalarına, tapşırıq və çalışmaların həllinə məsuliyyətlə yanaşmalarına, yeni bilik, bacarıq və vərdişlərə yiyələnmələrinə geniş imkanlar yaradır. Gülnarə müəllim şagirdlərin müstəqil işlərini günün tələbləri səviyyəsində təşkil etməyə çalışır. Şagirdlərin müstəqil bacarıq və vərdişlərə yiyələnmələri üçün  ingilis  dili üzrə mövcud proqramdan  geniş  və  səmərəli istifadə edir. O, şagirdlərin müstəqil işləmələri və bilik almalarını iki istiqamətdə təşkil edir:

a) sinifdə dərs prosesində;

b) sinifdənxaric tədbirlərdə.

Dərs prosesində şagirdlərin müstəqil işləmələri üçün kitab ən etibarlı mənbədir. Ona görə də müəllim kitab üzrə şagirdlərin müstəqil işləmələrinin aşağıdakı növlərindən istifadə edir:

1. Mətnə aid planların tərtibi;

2. Mətnin məzmununa dair sualların müəyyənləşdirilməsi;

3. Mətndən sinonim və antonimlərin tapılması;

4. Ayrı-ayrı mövzuların həyat hadisələri ilə müqayisəli şərhi;

5. Paylayıcı kartoçkalar üzrə cavabların hazırlanması;

6. Dilimizdə işlənən ingilis sözlərinin lüğətdən tapılması;

7. Audio-vizual vasitələrdən istifadə edilməsi.

Müəllim qeyd edir ki, dərsdə əks-əlaqənin yaradılması ilə müəllim əməyinin elmi təşkili nöqteyi-nəzərdən vaxta qənaət edilir. Qənaət edilmiş həmin vaxt yeni biliklərin möhkəmləndirilməsinə, başqa dil vərdişlərinin yaradılmasına və s. faydalı işlərə sərf edilir.

Ümumiyyətlə, Gülnarə Əliyeva proqramlaşdırılmış təlim elementlərindən istifadə etməklə ingilis dilindən şagirdlərin biliyini artırır, təlimin keyfiyyətini yüksəldir və şagirdlərdə şifahi nitq bacarıq və vərdişlərini inkişaf etdirir. 

Akif QURBANOV,
Mətanət ABBASOVA,
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov