Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - 39

 

İlk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığı məzmununun müəyyənləşdirilməsində yeni prinsiplər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın əsas məqsədi ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlara olan tələbatın ödənilməsi və əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi idi.  Peşə təhsili didaktikasında prinsiplər sisteminə elm, texnika və istehsalatın inkişaf tendensiyası, əməyin məzmununda gedən dəyişikliklər böyük təsir göstərir. Texniki və iqtisadi münasibətlər sistemində ixtisaslı kadrların rolunun artması müxtəlif texnoloji proseslərin əmək funksiyalarının və iş növlərinin birləşdirilməsi, peşələrin inteqrasiyası daha münasib məzmun və onun formalaşdırılması prinsiplərini tələb edir. Bu baxımdan peşə hazırlığı məzmununun formalaşdırılmasında istifadə edilən prinsipləri ümumi pedaqoji və yeni spesifik prinsiplərə ayırmaq olar. Ümumi pedaqoji prinsipləri sadalamağa ehtiyac olmadığını nəzərə alaraq yeni prinsiplər üzərində dayanaq. Spesifik prinsiplər tədris-proqram sənədlərinin işlənilməsində mühüm amil kimi əvvəlcədən yeni iqtisadi şəraitdə ixtisaslı kadrların hazırlığına obyektiv ictimai-siyasi tələblərə uyğun olaraq daha münasib şəraitin müəyyən edilib həyata keçirilməsinə imkan verir. Peşə təhsilinin məzmununun hazırlanmasında aşağıdakı yeni təklif edilən prinsiplərə istinad edilməsi məzmununun bugünkü tələblər çərçivəsində formalaşdırılmasına imkan verir. 

Texniki və texnoloji yenilik prinsipi  

Peşə təhsilinin məzmununun təyin edilməsində müasir istehsalat həlledici əhəmiyyət kəsb edir. Yeni texnika və təkmilləşmiş texnoloji proseslər müəssisələrdə fəhlə əməyinin xarakter və məzmununu kökündən dəyişdiyindən təlimin də məzmunu bir qayda olaraq yeniləşir və tədris fənlərinin də təkmilləşdirilməsi vəzifəsini ortaya çıxarır. Yeni şəraitdə kadr hazırlığı, yalnız elm və texnikanın müasir səviyyəsinə uyğun gəlməsi ilə deyil, həm də hər bir kadra yeni texnika və texnologiyanın mənimsənilməsi, yaxın peşələrin də öyrənilməsi şəraitinin yaradılmasını təmin etməlidir.

Bu prinsip təlimin məzmununda elmi faktlar, anlayışlar, qanunauyğunluqların və texniki, texnoloji yeniliklərin öz əksini tapmasını və bunların şagirdlərə çatdırılmasını tələb edir. Bununla şagirdlərdə həm geniş dairədə elmi-texniki təsəvvür formalaşdırılır, həm də fənnin öyrənilməsi üçün müsbət motivlər aşılanır.

Pedaqoji praktika və aparılan tədqiqatlar göstərir ki, peşə təhsili sistemində mənəvi və texniki cəhətdən aşınmış alət və avadanlıqlar, texnoloji qurğuların və s. öyrədilməsi ilə aparılan təlim əslində bu gün qoyulan vəzifələrin icra edilməsi üçün lazımi bilik, bacarıq və vərdişlər verə bilmir.

Texniki və texnoloji yenilik prinsipinə uyğun olaraq istehsalatın və peşənin elmi əsasları haqqında biliklər özlüyündə düzgün qurulmuş sistem halında olmalı və müasir elm, istehsalat, texnika və texnologiyanın inkişafına cavab verə bilən praktikanın kifayət qədər dürüst faktlarına söykənməlidir. Bu mənada peşə hazırlığının məzmununun struktur vahidləri, onların daimi hərəkəti və inkişafı da qarşılıqlı əlaqədə baxılır. Bu prinsip yalnız təlim prosesində deyil, həm də ixtisas üzrə tədris fənlərinin qurulmasında nəzərə alınmalıdır.

Bir çox peşələrin öyrənilməsində mövcud olan plan və proqramların məzmununun səmərəliliyinə aid aparılan tədqiqatlar göstərmişdir ki, məzmunun köhnəliyi üzündən məzunlar istehsalatda öz peşələrini yenidən öyrənməli olmuşlar.

Bu prinsipin tələblərinə əməl edilməsi üçün elə tədris materialı seçilməlidir ki, onun praktika ilə yoxlanılmış elmi gerçəkliyi olsun, həm də elmi-texniki tərəqqi şəraitində elm və texnikanın inkişaf perspektivini görməyə imkan versin. Bununla bərabər, təlimin müasir elm və texnikanın nailiyyətlərini əks etdirə bilən avadanlıq və istehsalat obyektlərində aparılması təmin edilməlidir. 

Kompleks fənlərarası əlaqə prinsipi 

Məzmunun formalaşdırılıb onun strukturunun təyin edilməsində kompleks fənlərarası əlaqə prinsipinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Peşə təhsili didaktikasında, tədris proqram sənədlərinin işlənilməsində bu prinsipin özünəməxsus rolu vardır. Yüksək ixtisaslı və genişprofilli kadr hazırlığı peşə, politexnik və ümumi təhsilin qarşılıqlı əlaqəsi, üzvi birliyi əsasında mümkündür. Bu qarşılıqlı əlaqənin mahiyyəti ətraf aləmin obyektiv vəhdəti, təbiət hadisələrinin, cəmiyyət və istehsalatın qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.

Fənlərarası əlaqənin əsas konstruktiv funksiyası təhsilin məzmunu elementlərinin koordinasiyası və inteqrasiyasından ibarətdir ki, bunlar da bir-birini tamamlayır. Bu mənada o, ideya, anlayış, qanun, fakt, bacarıq və vərdişlər ayrı-ayrı tədris fənlərinin bölmələri arasında əlaqələr yaradılmasına imkan verir.

Didaktik baxımdan əlaqələrin işlənməsi və həlli problemində dialektik metodun bütün müddəaları nəzərə alınmalıdır. Yalnız onun əsasında peşə təhsili məzmununun tərkib elementləri arasındakı qarşılıqlı asılılığı dərk edib öyrənmək mümkündür.

Kompleks fənlərarası əlaqə adı altında istehsalat fəaliyyətində bilik, bacarıq və vərdişlərin müvəffəqiyyətlə formalaşması üçün bir neçə fənn arasında əlaqələrin ümumi əsaslarda birləşdirilməsinin vəhdəti başa düşülür. Peşə təlimində bu ümumtəhsil, ümumtexniki, ixtisas fənləri və istehsalat təlimi arasında kompleks, obyektiv əlaqələrin həyata keçirilməsindən ibarətdir.

Kompleks əlaqələrin seçilməsi üçün əsas kriteriyalar şagirdlər tərəfindən qazanılmış bilik, bacarıq və vərdişlər sisteminin tətbiqini tələb edən elmlərin əsası və istehsalat prosesindən ibarətdir.

Göstərildiyi kimi, peşə təhsili bilavasitə ümumi və politexnik təhsillə əlaqəlidir. Axırıncının səviyyəsi nə qədər yüksək olarsa, peşəyə yiyələnmə o qədər tez və səmərəli olar. Öz növbəsində peşə təhsili ümumi və politexnik səviyyənin qalxmasına imkan verir. Belə ki, onda elmlərin əsası, istənilən bir istehsalat sahəsinin iqtisadiyyatı, texnika və texnologiyası, istehsalat proseslərinin qanunauyğunluqları açıqlanır. Digər tərəfdən, peşə təhsili ümumi və politexnik təhsilin zəruri komponenti, onların praktiki tətbiqi bazası kimi çıxış edir. 

Stabillik və dinamiklik prinsipi 

Stabillik və dinamiklik prinsipinin nəzərə alınması əsasən peşə təliminin məzmununun layihələşdirilməsində  mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Bu prinsipə əsasən tədris proqram sənədləri uzun müddət üçün daimi  stabil  bilikləri  əks  etdirməli,  eləcə  də texnika  və texnologiyanın  inkişafından  asılı olaraq onun  yenidən dəyişdirilməsi  üçün  dinamik  ehtiyatlara  malik  olmalıdır.

Stabil hissə elm, texnika, texnologiya və istehsalatın təşkilinin əsas müddəalarının öyrənilməsini nəzərə alır və praktiki olaraq onlar dəyişikliyə məruz qalmırlar. Onlar yalnız dəqiqləşdirib detallaşdırılır. Proqramın bu hissəsinə uyğun olaraq şagirdlərdə tez dəyişikliyə məruz qalmayan əsas peşə bilik, bacarıq və vərdişləri formalaşdırır. Tədqiqatların nəticələrinə əsasən müəyyən edilmişdir ki, tədris proqramının ümumi həcminin 80-85%-i stabil, 15-20%-i isə dinamik hissənin payına düşür. Proqramın stabil hissəsində istehsalatın əsas sahələrində tez dəyişikliyə uğramayan və məzunların işləməsi üçün lazım olan əsas peşə bilik, bacarıq və vərdişlər sistemi nəzərdə tutulur. Proqramın dinamik hissəsində elmi-texniki tərəqqinin texnikada, texnologiyada və istehsalatda əmək metodlarında etdiyi dəyişikliklər də əks olunur. Dinamik hissə əvvəlki bilikləri zənginləşdirən hadisələr, proseslər və qanunauyğunluqlar haqqında yeni məlumatları əks etdirir.

Məzmunun stabil hissəsinə materialşünaslıq fənnində materialların fiziki, kimyəvi və mexaniki xassələri, dinamik hissəsinə isə ixtisas fənlərindən yeni texnika və texnologiyaya aid məlumatlar, proqnozlar daxildir. Tədris planında daha çox dinamiki hissə ixtisas fənlərinin payına düşür. Onların sayı və növü peşə fəaliyyətinin xarakteri və növü ilə müəyyən olunur.

Stabillik və dinamiklik prinsipi məzmunun müəyyənləşdirilməsində əsasən belə tələblərə cavab verməlidir:

* Tədris proqram sənədlərinin stabil hissəsini xarakterizə edən daimi bir əsas, bünövrə nüvəciyinin tapılıb aşkara çıxarılması;

* Tədris proqram sənədlərinin stabil hissəsinin aşkar edilib ona perspektivliyi, dəqiq yoxlanmış elm, texnika, texnologiya, istehsalatın əsaslarına aid olan yeniliklərin daxil edilməsi;

* Yaxın gələcəkdə proqnozlaşdırılması mümkün olan texnika, texnologiya haqqında məlumatların məzmuna daxil edilməsi.

Bu prinsipə uyğun olaraq ayrı-ayrı mövzuların məzmunu uyğun elm sahəsinin, texnika və texnologiyanın, istehsalatın və əməyin təşkilinə aid yeni nailiyyətləri əks etdirməlidir. Bununla bərabər, hər bir proqrama texniki vasitələrin, texnologiyanın, istehsalatın təşkilini əks etdirən mövzular daxil edilir. 

İnteqrasiya və diferensasiya prinsipi  

Bazar iqtisadiyyatı şəraitində peşə təhsilinin inteqrasiya və diferensasiyası istehsalatın sosial-iqtisadi inkişafı ilə şərtlənir.

Geniş mənada inteqrasiya fəhlə kadrları hazırlanması üçün geniş profil üzrə peşə qrupları müasir istehsalat və təlimdə mövcud olan elmi-texniki, sosial-iqtisadi, psixofizioloji və didaktiki ümumilik əsasında birləşmiş təhsilin məzmununun vahid formaya gətirilməsi başa düşülür.

Dar mənada inteqrasiya ümumtexniki, ixtisas və bütün tədris-istehsalat işlərinin vahid kompleksə (bloka) gətirilməsi başa düşülür.

İnteqrasiya prinsipi peşə məktəblərində ixtisas fənləri və istehsalat təliminin məzmununun vahid şəklə salınmasına da imkan verir. Bu da, öz növbəsində, mühəndis-pedaqoqlardan xüsusi hazırlığa malik olunmasını tələb edir. Eyni zamanda xüsusi texnologiya və istehsalat təliminin birləşdirilmiş dərsləri həyata keçirilməlidir.

Nə qədər ki, elm, texnika, istehsalat peşə təhsilinin məzmununun formalaşdırılmasında mühüm mənbə keyfiyyətində çıxış edir, tarixi inkişafın müasir mərhələsində onların qarşılıqlı əlaqələrinin əsas xüsusiyyətlərinə, didaktik inteqrasiyanın obyektiv əsasları kimi baxmaq zəruridir.

İnteqrasiya prinsipi dar ixtisaslı təlimdən peşə qrupları və geniş profilli fəhlə hazırlığına keçilməsini tələb edir. Çünki mövcud olan forma nə istehsalatın tələblərini, nə də peşə hazırlığı səviyyəsini ödəmir.

Çoxfənliliyin tədris prosesində ləğv edilməsi, inteqrativ fənn və kursların yaradılması, peşə tədris qrupları üçün inteqrasiyalı tədris plan və proqramlarına keçirilməsi, tədris-proqram sənədlərinin stabilliyinin və nəzəri səviyyədə yeniləşdirilməsinin təmin edilməsinə imkan verir.

İstehsalatın texniki və texnoloji səviyyəsinin təhlili, yeni texnikanın təsiri ilə fəhlə əməyinin məzmununda əqli fəaliyyətin artması peşə təhsilinin məzmununun müəyyən edilməsinə diferensial yanaşma tələb edir. Bu, elm, texnika və avtomatlaşdırılmış istehsalatın intensiv inkişafı ilə şərtlənir. 

İşəgötürənlərin tələblərinin nəzərə alınması prinsipi  

Yeni şəraitdə respublikamızda çoxlu müəssisələr özəlləşdirilib və sahibkarlıq inkişaf etdirilir. Özəl müəssisə və şirkətlərdə istehsal sistemi yeniləşdirilir, əmək məhsuldarlığının artırılması üçün yeni üsullar axtarılır. Bu baxımdan işəgötürən təşkilatlar məzunları işə qəbul edərkən onlar fəhlələrin peşəkarlığına, səriştəliliyinə, mədəni səviyyəsinə xüsusi tələblər göstərirlər. Bunu əsas götürərək işçilərin müəssisədə iş əməliyyatlarının yeninə yetirilməsi üçün zəruri bilik, bacarıq və vərdişlər kompleksi baxımından işəgötürənlərin tələbləri nəzərə alınaraq təhsilin məzmununa daxil edilir.

 Əmək bazarının tələblərinin nəzərə alınması prinsipi  

İxtisaslı fəhlə kadrları hazırlığında əmək bazarının öyrənilməsi və ayrı-ayrı peşələrə olan tələblərin müəyyən olunması indi daha böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə aparılan tədqiqatlar da peşə hazırlığında əmək bazarının əsas meyarlarından biri olmasını göstərmişdir. Peşə təhsili ilə əmək bazarı bir-birinin "çağırışına" daha çevik diqqət yetirdikdə iş axtaran peşə məktəb (lisey) məzununun ixtisas hazırlığı səviyyəsi əmək bazarındakı boş iş yerinə olan tələblərlə üst-üstə düşür.

Müasir texnikanın tətbiqi ilə çoxlu sayda işçilərin ixtisara düşməsinə baxmayaraq, eyni zamanda yüksək ixtisaslı fəhləyə olan tələbat artmaqda davam edir. Belə fəhlələrə əmək bazarında göstərilən əsas tələblərdən biri öz işini müstəqil planlaşdırmağı bacarmaq, standartlara dəqiq əməl etmək, iqtisadi düşüncəyə malikolma, geniş profillilik qərar qəbul etmək bacarığı və s. ibarətdir. 

İstehsalat qabaqcıllarının təcrübəsinə istinad edilməsi prinsipi  

Peşə təhsili sistemində uzunillik təcrübələr göstərir ki, məzunların istehsalata adaptasiya prosesi çətin olur, onlar əmək məhsuldarlığını yerinə yetirə, yeni texnologiyanın öhdəsindən gələ bilmirlər. Bu mənada tədris proqramının ayrı-ayrı mövzularında qabaqcılların iş təcrübəsi öz əksini tapmalıdır. İstehsalat təlimi prosesində alət və avadanlıqların istismarında, işin planlaşdırılmasında, iş sahəsinə qulluq edilməsində, işin daha səmərəli təşkilində buraxılan nöqsanların aradan daha çevik qaldırılması və s. kimi metodlar vaxtında daxil edilməlidir. 

Kamil AĞAMALIYEV,
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin baş məsləhətçisi,

Alik ALLAHVERDİYEV,
4 nömrəli Bakı Peşə Liseyinin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov