Oktyabrın
19-da T.İsmayılov adına "Uşaq dünyası" Rəsm
Qalereyasında Təhsil Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə həsr edilmiş "Çiçəklənən
Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin
şagirdləri arasında təşkil olunmuş rəsm
müsabiqəsi qaliblərinin mükafatlandırılması
mərasimi keçirildi. Tədbirdə təhsil nazirinin
müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi sədrinin
müavini Aynur Sofiyeva, gənclər və idman
nazirinin müavini İntiqam Babayev, Azərbaycan
Rəssamlıq Akademiyasının prorektoru Səlhab
Məmmədov və digər şəxslər iştirak edirdilər.
Qeyd edək ki, müsabiqə 3 mərhələdə - məktəb,
şəhər, rayon və respublika mərhələsində
keçirilib. Müsabiqənin şəhər, rayon mərhələsində
8 minə yaxın məktəbli iştirak edib. Müsabiqənin
respublika mərhələsinə 210 rəsm işi təqdim
edilmişdir. Azərbaycan Rəssamlıq Akademiyasının
peşəkar rəssamlarından ibarət münsiflər heyəti
tərəfindən aparılan seçimlərə görə 9 nəfər I
yerə, 9 nəfər II yerə, 9 nəfər III yerə layiq
görülmüş, 3 nəfər isə müsabiqədə fəal iştirak
etdiyinə görə diplomlarla mükafatlandırılmışdır.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin
müavini Qulu Novruzov müsabiqənin əhəmiyyətindən
danışdı. Bildirdi ki, müsabiqəni keçirməkdə
məqsəd uşaq və gəncləri dövlətçilik,
vətənpərvərlik, vətənə sədaqət ruhunda tərbiyə
etməkdir. Bölgələrdən olan şagirdlərin
müsabiqəyə xüsusi maraq göstərdiklərinin
sevindirici olduğunu bildirən nazir müavini Qulu
Novruzov məktəblilərin rəsm əsərlərində
yeniləşən, inkişaf edən Azərbaycanın geniş
təsvir olunduğunu iştirakçıların nəzərinə
çatdırdı. Q.Novruzov xalqımızın əldə etdiyi
müstəqilliyin böyük nemət olduğunu və daim
qorunub saxlanılması üçün var gücümüzlə
çalışmağın vacibliyini qeyd etdi.
Son illər təhsil sahəsində aparılan
islahatlardan danışan Q.Novruzov ölkə Prezidenti
cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət
və qayğıdan söz açdı. Belə tədbirlərin
keçirilməsini təqdirəlayiq hal kimi
qiymətləndirən nazir müavini müsabiqədə iştirak
edən, lakin qalib gəlməyən şagirdlərə ruhdan
düşməməyi və yaradıcılıq işlərini davam
etdirərək məqsədə doğru irəliləməyi tövsiyə etdi.
Qalib şagirdləri və onların valideynlərini
təbrik edən Q.Novruzov onlara gələcək işlərində
uğurlar arzuladı.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin
müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi sədrinin
müavini Aynur Sofiyeva və Azərbaycan Rəssamlıq
Akademiyasının prorektoru Səlhab Məmmədov
müsabiqənin əhəmiyyətindən danışaraq qalibləri
təbrik etdilər.
Sonda qaliblərə Təhsil Nazirliyinin diplomları
təqdim edildi.
Niyazi RƏHİMOV |