Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

Ən yaxşı məktəb

"Gənc istedadlar" liseyi

 

 Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz.

Heydər ƏLİYEV 

Haqqında 

Ümummilli lider Heydər Əliyev gənclərin hərtərəfli, ahəngdar inkişafında təhsilin imkanlarını yüksək qiymətləndirir, millətin, müstəqil dövlətin təməli olan təhsilə xüsusi qayğı göstərirdi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərdə vətəndaşlıq mövqeyinin formalaşmasına, xüsusi istedada malik olan gənclərin üzə çıxarılmasına önəm verir. Bunun təsdiqidir ki, 17 aprel 2006-cı il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" qəbul edilmişdir. Bu proqrama uyğun olaraq, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü və təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə 2007-ci ildə BDU-nun nəzdində "Gənc istedadlar" liseyi fəaliyyətə başladı.

Azərbaycan təhsilində özünün xüsusi dəst-xətti ilə seçilən, yaranmasından az müddət keçməsinə baxmayaraq bir çox uğurlar əldə edən liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, potensiallarını düzgün istiqamətləndirmək, dərin biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirmək, Azərbaycan Respublikasının  inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir.

Liseydə təlim-tərbiyə prosesinin ahəngdarlığını və səmərəliliyini artırmağa, pedaqoji kollektivin normal  fəaliyyətinə, müəllimlərin yaradıcılıq, işgüzarlıq fəallığının yüksəlməsinə nail olmaq məqsədilə təhsilin idarəedilməsinin metodlarından düzgün istifadə olunur.

İstedadlı şagirdlər, onların inkişafı liseyin əsas tədqiqat obyekti, ən başlıca məqsədidir. Onlar lisey tərəfindən böyük qayğı və diqqətlə əhatə olunur, hüquqları qorunur. 

Maddi-texniki baza 

Lisey BDU-nun balansında olan beşmərtəbəli binanın bir hissəsində yerləşir. Liseydə geniş sinif otaqları, fənn kabinetləri, informatika otağı, kimya laboratoriyası, idman və akt zalları mövcuddur. Lisey müasir avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, liseyin zəngin kitabxanası və qiraət zalı müəllim və şagirdlərin ixtiyarına verilib. Şagirdlərin sağlam böyüməsi üçün nəzərdə tutulan yeməkxana gigiyenik cəhətdən standartlara cavab verir. Liseyin tərkibində tibb kabineti fəaliyyət göstərir ki, bu da müəllim və şagirdlərin  sağlamlığını təmin etmək üçün nəzərdə tutulmuşdur. Liseydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən və kitablardan ibarət "Heydər Əliyev guşəsi" yaradılmışdır ki, bu da ulu öndərin  siyasi kursunu dərindən mənimsəməkdə şagirdlərə kömək edir. 

Tədris və təlim-tərbiyənin təşkili 

Lisey birnövbəlidir. Burada tədris Azərbaycan və rus dillərində aparılır. Liseyin strukturu V-XI siniflərdən ibarətdir. Qiymətləndirmə 5 ballıq sistemlə aparılır. Tədris ili iki yarımilə bölünür. I və II yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Şagirdlərin liseyə qəbulu V sinifdən, test üsulu və müsabiqə yolu ilə həyata keçirilir. Liseyə qəbul BDU-nun rektoru, akademik A.Məhərrəmovun müvafiq əmri ilə yaradılmış qəbul komissiyası tərəfindən aparılır. Qəbul zamanı ayrı-ayrı fənlərdən imtahan suallarının hazırlanmasında BDU-nun müəllimləri yaxından iştirak edirlər.

Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi liseydaxili yoxlamalar, Təhsil Nazirliyinin və TQDK-nın sınaq imtahanları, həmçinin digər qurumların keçirdikləri bilik yarışları vasitəsilə həyata keçirilir. Lisey pedaqoji şurasının qərarı, valideynlərin razılığı ilə riyaziyyat, fizika və kimya fənlərindən şagirdlərin biliyi yazılı, digər fənlərdən isə şifahi yoxlamalar yolu ilə qiymətləndirilir. V, VI, VII siniflərdə şagirdlərin ifadə, yuxarı siniflərdə isə inşa yazılarına xüsusi diqqət yetirilir. Bu da onların təfəkkürünün, nitq mədəniyyətinin inkişafına və öz fikirlərini lazımi şəkildə ifadə etmələrinə kömək edir.

Dərslərdə müasir təlim metodlarından səmərəli istifadə edilməklə şagirdlərə bilikləri müstəqil əldə etmək öyrədilir. Şagird-müəllim münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq zəminində qurulmuş liseydə təlimin tərbiyəedici funksiyasından geniş istifadə edilir.

Təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək, qabaqcıl pedaqoji təcrübənin nailiyyətlərini tətbiq etmək, iş planlarını müzakirə və təsdiq etmək, hesabatları dinləmək, kollegial rəhbərlik prinsipini həyata keçirmək üçün liseydə Pedaqoji Şura fəaliyyət göstərir. Tədris işinin bəzi məsələlərini operativ həll etmək məqsədilə lisey direktorunun yanındakı müşavirənin imkanlarından istifadə olunur. Fənlərin tədrisinin vəziyyəti müvafiq komissiya tərəfindən öyrənilir və liseyin Pedaqoji Şurasında müzakirə olunur. Təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması sahəsində işlər tədris planları və proqramlarının hazırlanması, pedaqoji kollektivlə, şagird və valideynlərlə, həmçinin ictimai qurumlarla iş istiqamətlərində aparılır.

Lisey öz fəaliyyətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş tədris planlarını əsas götürməklə yanaşı, BDU-nun Elmi Şurasının tövsiyələrini də nəzərə alır, təhsil və tərbiyə haqqında müasir pedaqogikanın son nailiyyətlərindən faydalanır. 2008-ci ildə lisey Pedaqoji Şurasının iclasında rektor Abel Məhərrəmovun tövsiyələrinə əsasən yeni tədris planı hazırlanmış və bu tədris planı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların öz hüquq və vəzifələrini dərk etmələri, liseyçilərdə ekoloji şüurun və mədəniyyətin formalaşdırılması məqsədilə müxtəlif tədbirlər keçirilir. Liseydə mütəmadi olaraq əlamətdar və tarixi günlərə dair tədbirlər, "açıq dərs"lər təşkil olunur.

2009-cu ilin aprel ayında BDU-nun yaradılmasının 90 illik yubileyi münasibətilə liseyin bazasında "Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda I Respublika elmi-praktik konfransı keçirilmişdir. Konfransı keçirməkdə başlıca məqsəd müasir dövrün xüsusiyyətləri, şərtləri nəzərə alınmaq, qabaqcıl təcrübəni öyrənmək və təcrübə mübadiləsi etməklə orta ümumtəhsil  məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə təsir edən amilləri müəyyənləşdirməkdən ibarət idi. Konfransda Bakı şəhərindən, eləcə də  respublikamızın müxtəlif bölgələrindən olan iştirakçıların 91 məruzəsi dinlənilmişdir. Üç bölmədə (humanitar elmlər, təbiət elmləri, riyaziyyat və informatika elmləri) aparılan iclaslara BDU-nun  professorları rəhbərlik etmişlər. Yekun iclasda iştirakçılar konfransın işini, konfransda  irəli sürülən təklifləri yüksək qiymətləndirmişlər. Liseydə cari ilin noyabr ayında II Respublika konfransının keçirilməsi nəzərdə tutulub.   

Pedaqoji kollektiv 

Liseyin fəaliyyətində əsas aparıcı qüvvə müəllimlərdir. Liseydə 71 nəfər müəllim fəaliyyət göstərir ki, onlardan 1 nəfəri - liseyin direktoru Qasım Hüseynov elmlər doktoru, professor, 17 nəfər elmlər namizədi, 2 nəfər respublikanın əməkdar müəllimi, 18 nəfəri isə dissertantdır. Bununla yanaşı, liseydə ali kateqoriyalı və "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş müəllimlər də var. Liseyə müəllimlər müsabiqə yolu ilə seçilir, əmək müqaviləsi ilə fəaliyyət göstərirlər. Müsabiqədə orta və ali məktəblərin müəllimləri, elmi tədqiqat institutlarının əməkdaşları iştirak edirlər. Liseyə pedaqoji işçilər təyin edilərkən onların elmi-nəzəri, metodik hazırlığı, peşə ustalığı, uşaqlarla işləmək qabiliyyəti, intizamı və məsuliyyəti təkcə liseyin müdiriyyəti tərəfindən deyil, BDU-nun müvafiq kafedraları və universitetin rəhbərliyi tərəfindən də ciddi surətdə nəzərə alınır. Müəllimlərin fəaliyyəti liseyin Pedaqoji Şurası tərəfindən öyrənilib, qiymətləndirilir.

Hazırda müstəqillik yolu ilə zəfərlərlə irəliləyən respublikamız üçün müxtəlif ixtisaslar üzrə dərin biliyə malik, vətənpərvər, informasiya və kommunikasiya texnologiyalarını mükəmməl bilib, onu tətbiq etməyi bacaran mütəxəssislər tələb olunur. Belə mütəxəssislərin biliyinin təməli isə  ümumtəhsil məktəblərində qoyulur.

2009-cu ildə liseyin müəllimlərinin 1 dərs vəsaiti, 30 elmi və elmi-metodiki məqaləsi, 23 tezisi, 2010-cu ildə isə 3 dərs vəsaiti, 1 şeir kitabı, 32 məqaləsi, 25 tezisi çap olunmuşdur. Liseyin müəllimlərindən 5 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspertidir.

Liseyin pedaqoji kollektivi tərəfindən ibtidai sinif şagirdləri və fənn müəllimləri üçün tədris proqramı və dərsliklər əsasında Azərbaycan və rus dillərində vəsait hazırlanmışdır. Vəsaitdə ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə 935 test tapşırığı verilmişdir.Testlərin tərtibində məntiq və düşüncə tələb edən suallara üstünlük verilmişdir.

Lisey fəaliyyətə başladığı ilk tədris ili ilə müqayisədə müəllimlərin sayı 2 dəfə artıb, onların arasında daha savadlı və təcrübəli müəllimlər çoxluq təşkil edir.

Müəllimlərin pedaqoji və psixoloji ədəbiyyatı müntəzəm öyrənməklə onun nəticələrindən istifadə etmələri, peşə-ixtisas səviyyələrini daim yüksəltmələri, təlim-tərbiyə prosesini istedadlı şagirdlərin hərtərəfli inkişafının həllinə yönəltmələri həmişə  diqqət mərkəzindədir. Bununla belə, müəllimlər təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən və müasir tələblərə cavab verən metodik məqalələrin sayının artırılmasına çalışırlar.

Pedaqoji kollektiv təlim-tərbiyə prosesinin bütün mərhələlərində-şagirdlərin elmlərin əsaslarına yiyələnmələrində, onlarda yüksək mənəvi-əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində və s. valideynlərin köməyindən istifadə edir. 

BDU-lisey münasibətləri 

Liseyi digər təhsil müəssisələrindən fərqləndirən əsas amillərdən biri də BDU-nun nəzdində fəaliyyət göstərməsidir. Respublikamızın qədim və nüfuzlu universiteti ilə birgə fəaliyyəti liseyə əlavə üstünlüklər verir. Bu baxımdan təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək, müəllimlərin peşə ustalığını yüksəltmək sahəsində BDU-nun rəhbərliyinin, müvafiq kafedraların professor-müəllim heyətinin diqqət və qayğısını xüsusi qeyd etmək lazımdır. Lisey BDU-nun professor-müəllim heyətinin pedaqoji təcrübəsindən məharətlə istifadə edir. Belə ki, BDU-nun professor-müəllimləri müxtəlif vaxtlarda liseydə nümunəvi dərslər keçirlər. BDU-nun rektoru, akademik Abel Məhərrəmov 2008-ci il yanvar ayının   29-da  X  sinifdə  "Üzvi birləşmələrdə kimyəvi  rabitələrin  elektron təbiəti"  mövzusunda  nümunə dərsi  keçmişdir.  Akademik A.Məhərrəmovun qoyduğu bu ənənə bu gün də universitet müəllimləri tərəfindən davam etdirilir. Belə dərslər şagirdlərin yaradıcı təfəkkürü və müstəqilliyinin inkişafında xüsusi əhəmiyyət kəsb edir. BDU-nun müvafiq kafedralarının əməkdaşları mütəmadi olaraq dərslərdə iştirak edir, müəllimlərə elmi-metodiki məsləhətlər verir, şagirdlərin bilik səviyyələrinin yoxlanılmasında yaxından iştirak edirlər.

Rektor Abel Məhərrəmovun göstərişinə əsasən liseyin istedadlı şagirdlərindən 33 nəfəri, onların meyil və maraqları nəzərə alınmaqla, yaradıcı potensiallarının daha da inkişaf etdirilməsi məqsədilə müxtəlif  fənlər üzrə BDU-nun professor-müəllim heyəti tərəfindən nəzarətdə saxlanılır. Bu baxımdan "Sabahın alimləri" devizi altında elmin sirlərini öyrənən şagirdlərin cari tədris ilində elmi-praktiki konfranslarının keçirilməsi nəzərdə tutulub.

Qeyd olunanlarla yanaşı, liseydə şagirdlərin siyasi, ekoloji mədəniyyətinin formalaşdırılması, vətənpərvərlik, əxlaqi və estetik tərbiyəsinin təşkili, onlara mənəvi-iradi keyfiyyətlərin aşılanması məqsədi ilə keçirilən tədbirlərdə BDU-nun müəllimləri yaxından iştirak edirlər.

BDU-nun tələbələri də liseylə sıx əlaqə saxlayırlar. Artıq  dördüncü tədris ilidir ki, müvafiq fakültələrin tələbələri  pedaqoji təcrübəni liseydə keçirlər. Liseyin müəllimləri tələbələrə diqqət və qayğı ilə yanaşır, onlara metodiki məsləhətlər verir, müasir təlim metodlarını izah edirlər. Bir qayda olaraq, pedaqoji təcrübələr başa çatdıqdan sonra BDU-nun  müvafiq fakültə dekanları və  kafedra müdirlərinin, pedaqoji təcrübə rəhbərlərinin, metodistlərin və lisey müəllimlərinin iştirakı ilə yekun konfransı keçirilir, pedaqoji təcrübənin nəticələri təhlil olunur.

Təhsil sahəsində tərəflərin əlaqələrinin  inkişafı və möhkəmləndirilməsində, qabaqcıl təcrübənin öyrənilməsində maraqlarını nəzərə alaraq 2007-ci ilin dekabrında XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ilə, 2008-ci ildə isə "Bağça-məktəb-lisey" kompleksi ilə BDU arasında əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Müqavilələrə əsasən təhsil işçilərinin peşəkarlıq səviyyəsi və hazırlığının daha da yüksəldilməsi üzrə ikitərəfli konfrans və seminarların, təcrübi məşğələlərin və digər bu kimi tədbirlərin təşkili və həyata keçirilməsi, təhsil sahəsinə aid məlumatların mübadiləsi aparılır. Şagirdlərin bilik və dünyagörüşlərinin artırılması məqsədilə qeyd olunan tədris müəssisələri ilə müxtəlif fənlərdən nümunəvi dərslər, bilik yarışları və müxtəlif mövzuları əhatə edən konfranslar keçirilir. 

Qazanılan uğurlar 

Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, "Gənc istedadlar" liseyi qazandığı uğurlar və əldə etdiyi yüksək nəticələrə görə ictimaiyyət arasında böyük nüfuza malikdir. Bu nailiyyətlərin əsası tədris müəssisəsinin  Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisələrindən olan BDU-nun nəzdində fəaliyyət göstərməsi, onun imkanlarından geniş istifadə etməsi  və lisey kollektivinin  öz işinə məsuliyyətlə yanaşmasıdır.

Liseydə təhsil alan hər bir gəncin başlıca məqsədi orta məktəbi bitirdikdən sonra seçdiyi ixtisas üzrə ali məktəbə qəbul olmaqdır. Hazırda liseyi bitirən məzunlar respublikamızın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar. 

2009-cu ildə liseyi 24 nəfər bitirmiş və hər biri ali məktəbə daxil olmuşdur. Onlardan 4 nəfəri 600-dən, 12 nəfəri isə 500-dən çox bal toplamışdır. 2010-cu ildə liseyi bitirən 18 nəfərdən 5-i 600-dən, 7 nəfəri isə 500-dən çox bal toplamışdır.  2011-ci ilin nəticələrinə gəldikdə isə liseyi bu il 19 şagird bitirmiş, onlardan 7 nəfəri 600-dən, 12 nəfəri isə 500-dən çox bal toplayaraq respublikamızın və xarici ölkələrin nüfuzlu ali məktəblərinə daxil olub. Ümumiyyətlə 3 il ərzində liseyi bitirən 61 məzundan 16 nəfər 600-dən, 21 nəfəri isə 500-dən çox bal toplayıb. Məzunlardan Rəcəb Rəcəbov və Orxan Həsənli Prezident təqaüdünə layiq görülmüşdür. Hazırda liseyin məzunlarından 22 nəfəri BDU-da təhsillərini davam etdirir.

TQDK-nın açıqladığı statistik məlumata görə 2010-cu ildə lisey orta bala və müxtəlif fənlər üzrə cavabların faizinə görə respublikada ən yüksək nəticə göstərmişdir.

Pedaqoji kollektiv elmi-pedaqoji nailiyyətləri, yeni təlim metodları və texnologiyalarını  öyrənib  tədris prosesində tətbiq etməyə çalışır. Tədris prosesində şagirdlərin bilik və bacarıq səviyyəsinin daha da artması üçün test yoxlamaları və  olimpiadaların, inşa yazı müsabiqələrinin, əlavə məşğələlərin təşkilinə, mühüm tarixi gün və əlamətdar hadisələrin qeyd olunmasında şagirdlərin fəal iştirakına xüsusi diqqət yetirilir. Bütün bunların nəticəsidir ki, liseyin şagirdləri respublika fənn olimpiadalarında, müxtəlif bilik və idman yarışlarında bir sıra uğurlar qazanmışlar.

Şagirdlərdən Elvin Eyvazlı 2009-cu ildə tarix fənni, 2011-ci ildə Orxan Həsənli fizika fənni, Sona Quluzadə isə kimya fənni üzrə keçirilən respublika fənn olimpiadalarının qalibləri olmuşlar. Bununla yanaşı, Rəcəb Rəcəbov respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə 2008-ci ildə III, 2009-cu ildə isə II yerə, Aytac Bayramlı isə 2011-ci ildə kimya fənni üzrə III yerə layiq görülmüşlər.

Şagirdlər beynəlxalq müsabiqə və yarışlarda da liseyi şərəflə təmsil edirlər. Belə ki, 2011-ci ildə Bakıda keçirilmiş "Ətraf Mühitin Mühafizəsi" Beynəlxalq Layihə Olimpiadasında şagirdlərdən Fidan Qurbanova və Nicat İsazadənin təqdim etdikləri iş III yerə layiq görülmüşdür. 2011-ci ilin may ayında Türkiyənin İstanbul şəhərində keçirilən 20-ci Beynəlxalq Tədqiqatlar Layihələri sərgisində liseyin şagirdləri Aygül Həsənli və Teymur İsazadənin təqdim etdikləri layihə "orijinal və elmi yeniliyi olan layihə" kimi fərqləndirildi və kuboka layiq görüldü.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə 2008 və 2009-cu illərdə Müasir Təhsil Kompleksində 35 komandanın iştirakı ilə keçirilmiş intellekt yarışlarında liseyin şagirdləri I, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tədris müəssisəsində 2008-2010-cu illərdə keçirilmiş intellekt yarışlarında isə I-III yerləri tutmuşlar.

"Araz" kurslarının təşkil etdiyi məktəblilərarası ənənəvi bilik yarışlarında şagirdlərin əksəriyyəti  yüksək nəticələr göstərmiş, Bakı məktəbləri arasında lisey III yerə layiq görülmüşdür.

Liseyin şagirdləri idman yarışlarında da uğurla çıxış edirdlər. Pərizad Quliyeva idmanın akrobatika növü üzrə Azərbaycan çempionudur. Aqil Pirverdiyev isə 2010-cu ildə Yunanıstanda şahmat üzrə gənclər arasında keçirilən Avropa çempionatının qalibi olmuşdur.  Liseyin X-XI sinif şagirdlərindən ibarət komandası 2011-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən güllə atıcılığı yarışında I yeri tutmuşdur.

Liseyin pedaqoji kollektivi fəaliyyətlərini daha da genişləndirməyi və Azərbaycan Respublikasına layiqli vətəndaş yetişdirməyi qarşısına məqsəd qoyur və bunun üçün var gücü ilə çalışır.

 

* Liseyin  müəllimlərindən  1  nəfəri  elmlər doktoru, 17 nəfəri elmlər namizədi, 2 nəfəri respublikanın əməkdar müəllimi, 18 nəfəri isə dissertantdır.

* Liseyi bitirən 61 məzunun hər biri tələbə adını qazanıb. Onlardan 16 nəfəri 600-dən çox bal toplayıb.

* Liseyin məzunlarından Rəcəb Rəcəbov və Orxan Həsənli Prezident təqaüdçüsüdür.

* TQDK-nın açıqladığı statistik məlumata görə, 2010-cu ildə lisey orta bala və müxtəlif fənlər üzrə düzgün cavabların faizinə görə respublikada ən yüksək nəticə göstərmişdir.

* Liseyin şagirdləri Elvin Eyvazlı 2009-cu ildə tarix, Orxan Həsənli 2011-ci ildə fizika, Sona Quluzadə isə kimya fənni üzrə keçirilən respublika fənn olimpiadalarının qalibləri olmuşlar.

* Liseyin şagirdlərindən Fidan Qurbanova və Nicat İsazadənin "Ətraf Mühitin Mühafizəsi" Beynəlxalq Layihə Olimpiadasında təqdim etdikləri iş III yerə layiq görülmüşdür.

* Liseyin şagirdi Pərizad Quliyeva idmanın akrobatika növü üzrə Azərbaycan çempionudur.

* Liseyin şagirdi Aqil Pirverdiyev şahmat üzrə gənclər arasında keçirilən Avropa çempionatının qalibi olmuşdur. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov