Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və təhsilə dövlət qayğısı müstəqilliyimizin 20 ilində

 

Müstəqilliyin ilk illərində Azərbaycanda mövcud olan sosial-iqtisadi vəziyyət 

Hər bir ölkənin davamlı və sürətli inkişafı onun müstəqil və azad olması ilə səciyyələnir. Ölkəmiz müstəqilliyinə qovuşduğu tarixdən indiyədək keçən dövr, yəni son 20 il ərzində çox böyük və şərəfli yol keçmiş, hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Lakin müstəqilliyinin ilk illərində Azərbaycan çoxlu sayda iqtisadi, siyasi, sosial və digər problemlərlə üzləşmişdir. Belə ki, müstəqilliyin ilk illəri olan keçən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə sosial-iqtisadi xaos, qeyri-sabit siyasi vəziyyət üstünlük təşkil edirdi. Digər tərəfdən isə həmin dövrdə ölkədə yaranmış vəziyyətdən sui-istifadə edən mənfur qonşu Ermənistan Azərbaycana qarşı işğalçı siyasətini daha da genişləndirirdi.Həmin dövrlərdə mövcud olan bu və ya digər problemlər hətta ölkəmizin suverenliyini təhlükə altına almışdı. O illərdə yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda öz çıxışında demişdir: "...Müstəqilliyimizin ilk illərində ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Biz o illəri yaxşı xatırlayırıq və demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Total böhran hökm sürürdü - həm iqtisadi sahədə, həm siyasi böhran, hərbi böhran. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir. Yəni gənc ölkə üçün çox təhlükəli illər, təhlükəli anlar, çox böyük sınaq idi...".

Müstəqilliyimizin ilk illərində  bütün sahələrdə qeyri-sabit və xaotik vəziyyətlə, problemlərlə üzləşən xalqımız öz xilas yolunu, son ümidini  müdrik siyasətçi Heydər Əliyevdə görürdü və məhz xalqın təkidi ilə həmin dövrdə ümummilli liderimiz  Heydər  Əliyevin   hakimiyyətə qayıdışından  sonra  ölkədə  hökm sürən gərgin və xaotik vəziyyətin qarşısı alındı.

Beləliklə, dünya siyasətində xüsusi çəkiyə malik, dahi siyasətçi  Heydər Əliyev xalqın təkidi ilə ölkədə yaranmış  çətin vəziyyətdə taleyüklü və məsuliyyətli vəzifəni öz  üzərinə götürərək müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasının əsaslarını müəyyənləşdirdi və onun hüquqi bazasının təmin edilməsi istiqamətində mühüm addımlar atmağa başladı. Bundan əlavə, ölkədə liberal bazar iqtisadiyyatının bərqərar olmasını təmin edəcək hüquqi baza yaradıldı, bununla bağlı bir sıra mütərəqqi qanunlar və digər normativ-hüquqi sənədlər qəbul edildi. Nəticədə ölkəmizdə müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadi sistemə və bazar iqtisadiyyatına keçidin və gələcəkdə dünya iqtisadiyyatına inteqrasiyanın təməli qoyuldu.

Bundan sonra Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də  "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda neft strategiyasının əsası qoyuldu və Azərbaycan inkişaf etmiş dünya ölkələrinin investisiya qoyuluşu baxımından diqqətini çəkməyə başladı.

Eyni zamanda ölkənin maliyyə, pul-kredit, vergi, qiymət və gömrük sahələrində köklü islahatlara başlanıldı, dövlətin idarəetmə, nəzarət və tənzimləmə funksiyaları təkmilləşdirildi, 1995-ci ildən  başlayaraq inflyasiya minimuma endirildi.

Beləliklə, dahi şəxsiyyət, uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya nəticəsində müstəqilliyimizin ilk illərində ölkəmizdə bütün sahələrdə mövcud olan tənəzzülün qarşısı qısa müddət ərzində böyük uğurla alındı və 1995-ci ildən müstəqil Azərbaycanın tarixində yeni dinamik inkişaf mərhələsi başlandı. 

Dinamik inkişaf mərhələsi 

Ümummilli liderimiz Heydər Əliyevin apardığı uğurlu siyasət  və gərgin əməyi nəticəsində Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə   Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı saziş imzalandı və  beləliklə, Azərbaycan  təbii sərvəti olan neftin ixracından əldə etdiyi daxilolmalar hesabına büdcə gəlirlərinin artımına nail olmağa başladı. Bundan sonra ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmana əsasən neft satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Beləliklə, neft-qaz sektorunun inkişafı ölkəmizin iqtisadiyyatının digər sahələrinin tərəqqisində mühüm rol oynadı,  düzgün və son dərəcə dəqiqliklə düşünülmüş iqtisadi siyasət nəticəsində makro-iqtisadi sabitliyə nail olundu və hazırda şahidi olduğumuz  dayanıqlı və davamlı iqtisadi artımın əsası qoyularaq  iqtisadiyyatın bütün sahələrində islahatlara, həmçinin  qeyri-neft sektorunun inkişaf etdirilməsinə başlanıldı, əhalinin həyat və yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı və ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşması nəticəsində  daxili və xarici investisiyaların cəlb edilməsinə təkan verildi.

1995-ci ildən başlayaraq müstəqillik tarixində dinamik iqtisadi inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90%, büdcə gəlirləri 3 dəfə, orta aylıq real əməkhaqqı 5,6 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3%-dək endirilmişdir. Bu dövrdə ölkə iqtisadiyyatına yönəldilən bütün investisiyaların həcmi 20 milyard dollara çatmışdır.

Ümumilikdə 1993-2003-cü illərdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası nəticəsində görülən bütün işlər müstəqil Azərbaycanın tarixinə bütün sahələrdə milli dirçəliş, tərəqqi dövrü kimi daxil olmuşdur. Bununla əlaqədar ölkə başçısı İlham Əliyev demişdir: "1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir. Məhz o illərdə bazar iqtisadiyyatı prinsiplərinə müraciətimiz öz konkret nəticəsini verməyə başlamışdır. Bu gün Azərbaycan iqtisadiyyatı tam bazar iqtisadiyyatı prinsipləri əsasında idarə olunur. Ancaq 1993-cü ildə bu seçim o qədər də dəqiq deyildi. Yəni ki, bu seçimi etmək üçün heç bir əsas yox idi. Çünki o vaxt Azərbaycanda nə bazar iqtisadiyyatı meyilləri var idi, nə də ki, planlı iqtisadiyyatın qalıqları qalmışdı. Bütün iqtisadiyyat dağılmışdı, sənaye istehsalı iflic vəziyyətində idi. Neft istehsalı kəskin şəkildə aşağı düşmüşdü. Yəni yeni strateji seçimləri etmək üçün böyük peşəkarlığa, müdrikliyə, dünyagörüşünə malik olmaq lazım idi. Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, ölkəmiz üçün ən çətin, həlledici anlarda ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmiş və ölkəmizi bu ağır vəziyyətdən çıxara bilmişdir".   

İnkişafın yeni mərhələsi 

Böyük fərəh hissi ilə qeyd etməliyik ki, əsası vaxtilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilərək daha da təkmilləşdirilmiş, ölkədə iqtisadi, siyasi sabitlik daha möhkəmləndirilmiş və Azərbaycan inkişaf dinamikasına görə dünyada qabaqcıl ölkələr sırasına çıxmışdır.

Ölkəmizdə uğurla həyata keçirilən milli neft strategiyası nəticəsində neft gəlirlərinin ilbəil artması Dövlət Neft Fondunda toplanan vəsaitlərin səmərəli idarə olunması və istifadəsinə ciddi zərurət yaratmış və bununla əlaqədar olaraq ölkə başçısının 27 sentyabr 2004-cü il tarixli, 128 nömrəli Fərmanına əsasən 2005-2025-ci illəri əhatə edən "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya" təsdiq edilmişdir. Qeyd olunan strategiyaya əsasən neft və qaz gəlirləri  makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafına, infrastruktur sahələrin genişmiqyaslı inkişafına, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həllinə, iqtisadiyyatın intellektual və texnoloji bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılmasına, "insan kapitalı"nın inkişafına (yüksək ixtisaslı kadrların hazırlanmasına (o cümlədən xarici ölkələrdə), kadrların peşəkarlıq səviyyəsinin artırılmasına, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilir.

 Ölkə başçısı cənab İlham Əliyev tərəfindən davamlı və dinamik inkişaf strategiyasına uyğun uğurla həyata keçirilən siyasət nəticəsində ölkəmizdə siyasi və iqtisadi sabitlik daha da möhkəmləndirilmiş, qeyri-neft sektoru inkişaf etdirilmiş, regionların sosial-iqtisadi inkişafı istiqamətində ciddi addımlar atılmış, irimiqyaslı infrastruktur layihələri gerçəkləşdirilmiş, daha çevik və etibarlı  maliyyə-kredit, bank, vergi, gömrük sistemi təmin olunmuş, milli valyutanın sabitliyi artmış, sahibkarlığın inkişafına dövlətin dəstəyi gücləndirilmiş və əhalinin sosial rifahı ilbəil yaxşılaşdırılmışdır.

Ölkəmizdə hazırda iqtisadiyyatın bütün sahələri üzrə strateji məqsədlərin reallaşdırılması həmin sahələr üzrə ugurla həyata keçirilən müvafiq dövlət proqramlarının icrası ilə təmin olunur. Belə ki, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı", "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və hər bir sahəni əhatə etməklə xeyli sayda digər inkişaf proqramları təsdiq edilmişdir ki, bu gün həmin proqramlar qarşıya qoyulan konkret məqsədləri təmin etməklə böyük uğurla davam etdirilir.

 Əlbəttə, iqtisadi sferada ölkə rəhbərliyi tərəfindən həyata keçirilən son dərəcə dəqiqliklə düşünülmüş siyasətin nəticəsidir ki, əksər dünya ölkələrində mənfi təsirləri hələ də davam edən qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatı üçün demək olar ki, təsirsiz  ötüşmüş və böhran dövründə iqtisadi inkişaf tempini qoruyub saxlaya bilən, son illərdə ümumi daxili məhsulun əhəmiyyətli həcmdə artımını təmin edən, əhalisinin maddi gəlirlərinin artımına və beləliklə də ümumi rifah halının yüksəlməsinə nail olmuş  ölkələrdən biri olan Azərbaycan Respublikası hazırda iqtisadi inkişaf tempinə görə dünyada qabaqcıl ölkələrin sırasındadır. Bu da ölkəmizdə iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olması və reallıqlara əsaslanması, ən xırda detallarına qədər uzaqgörənliklə düşünülməsi ilə səciyyələnir. 

Ölkəmizin sosial-iqtisadi sferada əldə etdiyi uğurlar, bu istiqamətdə həyata keçirilən siyasət, onun mahiyyəti və əldə olunan nəticələr beynəlxalq miqyasda nüfuzlu təşkilatlar tərəfindən də vaxtaşırı olaraq müsbət şəkildə qiymətləndirilir. Belə ki, həmin təşkilatların dərc etdirdiyi müvafiq hesabatlarda Azərbaycanın bir sıra mühüm göstəricilər, indekslər üzrə MDB ölkələri arasında birinci yeri təmin etməklə ilbəil daha üstün mövqelərə yüksəldiyi açıqlanır.

Müstəqilliyinin 20 ili ərzində Azərbaycan böyük və şərəfli yol keçərək iqtisadiyyatın bütün sahələrində, həmçinin  təhsil, səhiyyə, mədəniyyət, turizm, kənd təsərrüfatı, ekologiya, energetika, elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı, yolların, məktəblərin və digər infrastruktur layihələrin inşası, yenidən qurulması, sənaye istehsalı, qeyri-neft sektoru, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi,  sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli biznes mühitinin yaradılması, istehsal proseslərində yeni texnologiyaların tətbiqi, idmanın inkişafı, əhalinin bütün təbəqələrinin sosial rifah halının yaxşılaşdırılması, ölkənin hərbi qüdrətinin yüksəldilməsi, milli təhlükəsizliyin təmin olunması, əhalinin asayişinin qorunması, maliyyə, bank, vergi, gömrük sistemlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və s. bu kimi sahə və istiqamətlər üzrə dünya səviyyəsində nəzərəçarpacaq dərəcədə böyük uğurlara imza atmışdır. Bütün bunlar isə təməli ümummilli liderimiz, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının yeni inkişaf modeli üzrə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə əyani sübutdur.  

Təhsil müstəqilliyin ilk illərində 

Danılmaz haldır ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə mövcud olan qeyri-stabil vəziyyət digər sahələr kimi  təhsilə də öz mənfi təsirini göstərmişdir.

Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə təhsil sahəsində tənəzzülün qarşısı alındı, milli təhsil sisteminin bərpası istiqamətində əməli addımların atılmasına başlanıldı və dövlətin təhsilə qayğısı təmin edildi.

Eyni zamanda respublikanın sosial-iqtisadi, ictimai-siyasi və dövlət quruluşunda baş verən köklü dəyişikliklər, həmçinin təhsilin azad, demokratik və çoxşaxəli formada qurulmasına yaranan tələbat həmin dövrlərdə təhsil sahəsində islahatların həyata keçirilməsini  zəruri edirdi. Məhz bu baxımdan 1998-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən təhsil naziri cənab Misir Mərdanovun sədrliyi ilə "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası" yaradıldı. Qeyd olunan komissiya tərəfindən 1 il müddətində "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" hazırlandı və 1999-cu ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olundu. İcrası 3 mərhələ üzrə nəzərdə tutulan və hazırda da davam etməkdə olan islahat proqramı çərçivəsində Dünya Bankının texniki və maliyyə dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkənin təhsil sisteminin strukturunda, idarə olunmasında, maddi-texniki bazasında, tədris, elmi-metodiki və informasiya təminatında, təlim və tərbiyənin məzmununda, kadr hazırlığı və təminatında, təhsilin iqtisadiyyatında çox əhəmiyyətli və müsbət nəticələr əldə olunmuşdur.       

Təhsildə yeni inkişaf strategiyası, təhsil xərclərinin dinamikası və təhsil sahəsi üzrə  dövlət proqramları 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının əsas istiqamətləri üzrə davamlı inkişaf dinamikası hazırda bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil sahəsində mühüm məzmun islahatları həyata keçirilir, genişmiqyaslı dövlət proqramları icra olunur və yeni inkişaf strategiyaları müəyyənləşdirilir.

Əlbəttə ki,  elm və təhsil sahəsində müvafiq strategiyalar üzrə aparılan islahatlar, icra edilən dövlət proqramları ölkəmizin dinamik iqtisadi inkişafı   və  geniş maliyyə imkanlarına malik olması ilə  sıx bağlıdır.

Ümumilikdə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi kurs nəticəsində son 20 il ərzində dövlət büdcəsinin gəlirləri 74,5 min dəfə, dövlət büdcəsinin xərcləri 82,9 min dəfə, dövlət büdcəsində təhsil xərcləri isə 37,7 min dəfə artmışdır. 

1991-2011-ci illər ərzində dövlət büdcəsindən  təhsilə ayrılan xərclər, milyon manatla

Son illərdə təhsil sahəsində əldə olunan uğurlardan söz açarkən bu istiqamətdə həyata keçirilən dövlət proqramları xüsusi qeyd olunmalıdır. Hazırda təhsil sahəsində ümumilikdə sayı 16-dan çox olan dövlət proqramları və xüsusi əhəmiyyətli tədbirlər həyata keçirilir. Belə  ki, təhsil sahəsi ölkədə digər sahələrdən fərqli olaraq  ən çox  sayda dövlət proqramları ilə əhatə olunan yeganə sahədir. Bu da bir daha ulu öndərimizin sözləri ilə desək, millətimizin gələcəyi olan təhsilə dövlətimizin son dərəcə diqqət və qayğı ilə yanaşmasına bariz nümunədir. Qeyd olunan dövlət proqramları və xüsusi əhəmiyyətli tədbirlər hazırda çox böyük uğurla həyata keçirilir, nəticədə ildən-ilə təhsilin məzmununda  bütün səviyyələrdə müsbət irəliləyişlər əldə edilir və təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmlənir.

Qeyd olunan dövlət proqramlarının, həmçinin bir sıra xüsusi əhəmiyyətli tədbirlərin adını və bu məqsədlə ayrılan vəsaitlərin həcmini aşağıdakı cədvəldən daha aydın görə bilərik:

Təhsil sahəsində icra edilən dövlət proqramları sayəsində bütövlükdə təhsil infrastrukturunun və təhsilin məzmununun  yeniləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatının əhatə dairəsi genişləndirilmiş, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanılmış və ölkəmizin təhsil tarixində digər yeniliklərə imza atılmışdır.  

Təhsil infrastrukturunun yeniləşdirilməsi məqsədilə  dövlət büdcəsindən təhsilə ayrılan investisiya xərcləri 

Təhsilə dövlətimizin qayğısından söz açılarkən son illərdə ölkəmizdə təhsil müəssisələrinin, xüsusən ümumi təhsil müəssisələrinin tikintisi, təmiri və bərpası, yenidən qurulması ilə bağlı vüsət alan işlər xüsusi qeyd olunmalıdır.Belə ki, son 8 il ərzində ölkədə tikilən, təmir və bərpa olunan, yenidən qurulan ümumi təhsil müəssisələrinin sayı  artıq 2000-i ötmüşdür.

 Əlbəttə ki, təhsil müəssisələrinin tikintisi, təmiri və bərpası, yenidən qurulması ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi kurs nəticəsində dövlət büdcəsinin gəlirlərinin artması fonunda təhsilə daha çox investisiya xərclərinin  yönəldilməsi ilə şərtlənir.  

Təhsilə ayrılan investisiya xərcləri, milyon manatla

Eyni zamanda ölkəmizdə sosial infrastrukturun, o cümlədən təhsil infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanmalıdır. Belə ki, son illərdə Fondun dəstəyi ilə 300-ə yaxın təhsil müəssisəsi tikilib istifadəyə verilmiş və müasir inventar və avadanlıqlarla təmin edilmişdir.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra  xaricdə təhsil ölkənin təhsil siyasətinin prioritet sahəsi kimi daim diqqət mərkəzində olmuş, elm və təhsil sahələrində tədqiqatçıların, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almağa başlamışdır. Bu istiqamətdə  azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası mühüm əhəmiyyət kəsb edir. Bu proqram çərçivəsində 2015-ci ilədək 5000 gəncin xaricdə təhsili planlaşdırılır və hazırda bu proqram çərçivəsində 800-dən  çox Azərbaycan vətəndaşı Avropa ölkələrinin əksəriyyətinin, habelə ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə edə bilmişdir və artıq onların arasında məzun olmuş tələbələrimiz də vardır ki, həmin gənclərin əksəriyyəti ölkəmizin dövlət və özəl sektorunun müxtəlif qurumlarında çalışırlar.Həmçinin bu proqram çərçivəsində gənclərin xarici ölkələrdə təhsilləri ilə bağlı bütün xərclər Dövlət Neft Fondunun vəsaitləri, yəni neftdən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin "Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" və ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin "Neft kapitalının insan kapitalına çevrilməsi bizim əsas prioritetimizdir" kəlamlarının təsdiqinə  bariz nümunədir.

Müstəqil ölkəmizin təhsil tarixində baş verən mühüm hadisələrdən biri də uzunmüddətli müzakirələrdən sonra "Təhsil haqqında" Qanunun qəbul edilməsi olmuşdur. Qeyd olunan Qanunun tətbiqi ilə əlaqədar ölkəmizdə təhsilin bütün pillələri üzrə demək olar ki, bütün normativ-hüquqi sənədlər yenilənmiş, müasir standartlara uyğun və beynəlxalq tələblərə cavab verən  hüquqi baza formalaşdırılmışdır.   

Hazırda ölkə rəhbərliyinin növbəti illər üçün qarşıya qoyduğu əsas hədəf Azərbaycanın gələcəkdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarılmasıdır.Bununla bağlı hazırda ölkəmizdə növbəti onilliklər üzrə yeni strategiyalar müəyyənləşdirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı 11 iyul 2011-ci il tarixli Sərəncamı informasiya cəmiyyətinin təşəkkülü və biliklərə əsaslanan iqtisadiyyata keçid şəraitində yeni təhsil modelinin qurulması nöqteyi-nəzərindən  ölkəmizin ictimai-siyasi və sosial həyatında  mühüm və əhəmiyyətli hadisədir.

Ümumilikdə müstəqilliyinin ilk 20 ilində Azərbaycanın nail olduğu sosial-iqtisadi inkişaf tempi və əldə etdiyi mühüm uğurlar ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil ölkəmizin hazırda ölkə başçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl inkişaf strategiyası nəticəsində daha böyük uğurlara imza atacağını inamla deməyə əsas verir. 

Şahrza ƏLİYEV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri,
 iqtisad elmləri üzrə fəlsəfə doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov