Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - 42

 

Dünya təhsili

 

Kanadanın təhsil sistemi

 
 

Kanada

 
   
Ərazisi:  9984670 km²   
Əhalisi: 34 mln. 213 min nəfər
Paytaxtı: Ottava şəhəri
Dövlət dili: ingilis və fransız dilləri      
Pul vahidi:  Kanada dolları
 

Təhsil sistemi 

Şimali Amerikada yerləşən Kanadanın təhsil sistemi dünyada mövcud olan ən mükəmməl təhsil sistemlərindən biri hesab edilir. Digər ölkələrlə müqayisədə Kanada təhsilin inkişafına daha çox maliyyə vəsaiti ayırır.

Ölkədə dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər də fəaliyyət göstərir. Təhsil müəssisələrinin böyük əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Tədris proqramlarının məzmunu əyalətlərdə fərqli olsa da, ümumilikdə ölkə konstitusiyasının müvafiq tələblərinə uyğun hazırlanır. Bütün əyalətlərdə təhsilin məzmununa və keyfiyyətinə ciddi dövlət nəzarəti mövcuddur. Ölkədə hər bir əyalətin ayrıca Təhsil Nazirliyi olsa da, federal Təhsil Nazirliyi və rəsmi akkreditasiya sistemi mövcud deyil.

Uşaqlar 1 və ya 2 il könüllülük prinsipi əsasında məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. 6 yaşı bitmiş uşaqlar isə I sinfə qəbul edilir. Dərs ili sentyabr ayında başlayır, iyun ayında başa çatır. Müəyyən hallarda isə uşaqların məktəbə qəbuluna yanvar ayında başlanılır. Ölkənin əyalətlərindən asılı olaraq orta məktəb təhsili 11 və ya 12 il davam edir. Abituriyentlər universitet, kollec və ya 3 illik peşə təhsili müəssisələrinə qəbul ola bilərlər.

Ölkədə yüksək nailiyyətləri ilə seçilən kifayət qədər çoxsaylı təhsil müəssisəsi fəaliyyət göstərir. Şagirdlərin oxu, təbiət elmləri və riyaziyyat fənləri üzrə beynəlxalq testlərdə yüksək nəticələr göstərməsi Kanada məktəblərindəki keyfiyyətli təhsilin əyani təzahürüdür.

Tədris proqramlarının təcrübə ilə sıx əlaqələndirilməsi Kanada təhsil modelinin üstün cəhətlərindəndir. Tədris planları işəgötürən müəssisələrin tövsiyələri nəzərə alınmaqla tərtib olunur.

Kanadada yüksək texnologiyalar, aerokosmik sənaye, mikro-elektronika, biotexnologiya və digər sahələrin inkişafı yalnız tədrisin keyfiyyəti sayəsində mümkün olub. Bütün bunlarla yanaşı, mühəndislik, biznes və təbiət elmləri sahəsində də ciddi nəticələr əldə edilib.

Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Ali məktəb tələbələri ingilis və ya fransız dilində təhsil ala bilərlər. Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq, tələbələrin hər iki dili yüksək səviyyədə bilməsi vacib deyil. 

Məktəbəqədər təhsil 

Kanadada məktəbəqədər təhsil 5 yaşdan başlayaraq icbari təhsil dövrünə qədər olan mərhələni əhatə edir. Bəzi əyalətlərdə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbul yaşı fərqlidir. Məktəbəqədər təhsil pulsuzdur. Kifayət qədər çox olan məktəbəqədər təhsil müəssisələrində uşaqların hərtərəfli formalaşması və məktəbə hazırlanması üçün hər cür şərait yaradılıb.

Valideynlər övladları üçün hansı məktəbəqədər tərbiyə müəssisəsini seçmək baxımından tam sərbəstdirlər. Məktəbəqədər təhsil müəssisələrinin işi, bir qayda olaraq, sentyabr ayında başlayır və iyul ayında başa çatır. Günüuzadılmış uşaq bağçaları isə demək olar ki, il ərzində fasiləsiz fəaliyyət göstərirlər. 

Orta təhsil 

Kanadada orta təhsil ingilis və ya fransız dillərində aparılır. Ölkədə dövlət, özəl, böyük, kiçik, sərbəst, pansion və ali təhsil müəssisələrinin nəzdində məktəblər fəaliyyət göstərir. İctimaiyyət tərəfindən maliyyələşən məktəblərə də tələbat duyulur.

Məktəblərdə təhsilin keyfiyyətinə əsasən iki assosiasiya-PELSA (Sakit Okean İngilis Dilli Ölkələrin Assosiasiyaları) və CAPLS (Peşəkar İngilis Dilli Məktəblərin Kanada Assosiasiyası) nəzarət edir. Şagirdlər üçün intensiv ingilis dili, inteqrasiya edilmiş akademik və ya ingilis dili proqramları mövcuddur. İngilis dili bacarıqları yüksək olan şagirdlərə, akademik proqramlar üzrə təhsil almış məzunlara müvafiq fərqləndirici diplom verilir.

Özəl orta məktəblər Kanadanın hər bir əyalətində mövcuddur. Özəl məktəblərə daxil olmaq üçün bəzən TOEFL imtahanının nəticələri də tələb olunur. Yuxarı siniflərə daxil olmaq istəyən şagirdlər isə Orta Məktəblərə Qəbul Testi (SSAT) verməlidirlər.

Kanadanın biznes və siyasət sahəsində aparıcı mövqe tutan simalarının əksəriyyəti özəl məktəblərin məzunlarıdır. Özəl məktəblər yerləşdikləri əyalətlər üzrə Təhsil Nazirliyində qeydiyyatdan keçməli, vahid kurikulum və digər standartlara cavab verməlidirlər. Valideynlər övladları üçün yalnız oğlanların və ya qızların, o cümlədən də qızlarla oğlanların birgə oxuduğu təhsil müəssisələrini seçə bilərlər. Bəzi özəl məktəblər dini etiqad məsələlərinə sadiq qalaraq daha çox mənəviyyat elmlərinin tədrisinə üstünlük verir, həmçinin ciddi elmi standartları tətbiq edirlər. Dini və dünyəvi təhsil verən orta məktəblərin təhsil proqramları əyalətlərə görə fərqlənir.

İctimai orta məktəblərdə əcnəbilər də oxuya bilərlər. Belə məktəblər seçilmiş məktəb şuraları tərəfindən idarə olunur. Bütün ictimai məktəblər yalnız gündüz şöbəsində təhsil proqramları təklif edir. İctimai məktəblərdə əcnəbilər üçün qəbul şərtləri və təhsil haqları fərqli ola bilər.

Xüsusi dil məktəblərində standart (ümumi ingilis dili, biznes ingilis dili, peşəkar proqramlar) və şagirdlərin tələblərinə uyğunlaşdırılmış ixtisaslaşmış kurslar təklif edilir. Demək olar ki, bütün məktəblərdə əcnəbi şagirdlər üçün nəzərdə tutulmuş "Akademik məqsədlər üçün ingilis dili" (EAP) kimi uzunmüddətli kurslar təşkil olunur. Əcnəbi şagirdlər üçün fransız dilini xarici dil kimi tədris edən mərkəzlər də vardır.

6 yaşında I sinfə daxil olan uşaqlar məktəbdən, eləcə də əyalətdən asılı olaraq 11 və ya 12 il təhsil alırlar. Yalnız bundan sonra universitetlərə daxil olmaq istəyən abituriyentlər kolleclərdə 2 illik hazırlıq bölməsində oxuyurlar. Məktəblərdə uşaqlara əsas (riyaziyyat, qrammatika, ədəbiyyat və düzgün yazılış, Kanadanın siyasi strukturunun əsaslarından ibarət fənlər) və təbiət elmlərinə dair (fizika, biologiya və bu qəbildən olan digər fənlər) fənlər qrupu tədris olunur. Qeyd edilən fənlərlə yanaşı, məktəblərdə kompüter vərdişləri, xarici musiqi kimi fənlər də keçirilir. Yuxarı siniflərdə isə qeyd edilən fənlər üzrə biliklərin möhkəmləndirilməsi davam etdirilir.

Eyni zamanda ölkə üzrə geniş yayılmış xüsusi pansion məktəblər də fəaliyyət göstərir. Əcnəbilərin təhsil aldığı belə tədris ocaqları, əsasən katolik məktəblər hesab olunur. 

Kolleclər

Kanadada təxminən 170 dövlət və xüsusi kollec fəaliyyət göstərir. Bunlar regional kolleclərə, texniki institutlara və CEGEP kolleclər sisteminə bölünür.

Regional kolleclərin əksəriyyəti uyğun assosiasiyalara (Kanada Kolleclər Birliyi Assosiasiyasına) daxildir. Kanada kolleclərinin əsas vəzifəsi sənaye və biznes sahəsi üzrə peşəkar kadrlar hazırlamaqdan ibarətdir. Bu kolleclərdə təhsil alan tələbələr qısa müddət ərzində müəyyən peşəyə yiyələnə bilirlər. Kolleclərdə tədris olunan birillik proqramların sonunda dinləyicilərə müvafiq sertifikat təqdim olunur. Bundan əlavə, kolleclərdə ikiillik proqramlar da tədris olunur ki, bu proqramların sonunda məzunlara diplom verilir.

Üçillik bakalavr proqramları mövcud olan kolleclər hər hansı bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Son illər eksperiment olaraq üçillik kollecləri bitirmiş məzunlara xüsusi bakalavr dərəcəsi verilir.

Kolleclərdə, əsasən informasiya, texnologiya, dizayn, mühasibatlıq, biznesin idarə olunması, mehmanxana və turizm idarəetməsi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Nəzəri biliklər ixtisas üzrə təcrübə məşğələləri ilə vəhdət təşkil edir. 

Ali təhsil 

Kanadanın ali təhsil sistemi öz nüfuzuna görə dünya arenasında ən üstün yerlərdən birini tutur. Kanada universitetlərində 1,5 milyondan çox tələbə təhsil alır. Onların 1,2 milyonu dərəcə proqramlarında, 275800-ü gündüz növbəsində oxuyur. Ali məktəblərdə tam ştatlı 42000 professor-müəllim çalışır.

Ölkə üzrə aparılan tədqiqat işlərinin 30 faizi universitetlər tərəfindən həyata keçirilir. Ali təhsil müəssisələrində dünya miqyasında tanınan elmi tədqiqatlara imkan yaradan yüksək keyfiyyətli infrastruktur və unikal laboratoriya avadanlıqları mövcuddur. Onu da qeyd edək ki, ölkədə həyat tərzinin yüksək olması məhz "insan kapitalının" inkişafı ilə əlaqədardır.

Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından fərqlənir. Universitetlər də daxil olmaqla, əyalət və ərazilər üzrə müvafiq dövlət orqanları təhsilin bütün səviyyələrinə cavabdehdir.

Kanadada təxminən 100 universitet və onların nəzdində fəaliyyət göstərən universitet kolleci fəaliyyət göstərir. Digər ingilisdilli ölkələrlə müqayisədə, açıq immiqrasiya siyasətinin mövcudluğu ali məktəbləri bitirən əcnəbilərin Kanadada qalıb işləməsi üçün geniş üfüqlər açır. Təsadüfi deyil ki, hər il 125 min əcnəbi tələbə Kanada ali məktəblərini seçir və gələcək həyatlarını bu ölkə ilə bağlayırlar.

Digər Qərb ölkələrində olduğu kimi, Kanada ali təhsil sistemi də üçmərhələlidir. 3 illik ilk ali təhsil proqramında bakalavr dərəcəsi verilir. 1 və ya 2 illik magistr proqramından sonra doktoranturaya qəbul olanlar isə fəlsəfə doktoru dərəcəsi (PhD) almaq üçün daha 4 il elmlə məşğul olmalıdırlar.

Bundan əlavə, universitetlər ixtisaslaşmış diplom və sertifikatların verilməsi ilə bağlı bir sıra proqramlar da təklif edirlər. Kanada ali məktəbləri tədris proqramlarına görə üç qrupa bölünür. Bakalavr təhsili verən ali məktəblər birinci, bakalavr və magistr proqramları tədris edilən universitetlər ikinci qrupa daxildir. Üçüncü qrupa isə doktor proqramları və tibb fakültələri olan ən nüfuzlu universitetlər aid edilir.

Universitetlərə sənəd qəbulu tədris ilindən bir il əvvəl başlayır. Qəbul üçün orta təhsil haqqında attestat və TOEFL imtahanının nəticələri və fransız dili üzrə universitetin xüsusi testindən keçmək tələb olunur. Magistr proqramlarına daxil olmaq üçün GRE, GMAT və LSAT (hüquqşünaslar üçün test) vermək lazımdır.

Əcnəbi tələbələrin universitetlərə daxil olmaları üçün akademik proqramlar əsasında (ESL) kurslar təşkil olunur. Əcnəbilərin qarşısında qoyulan tələblər onların seçdiyi ixtisaslardan asılı olaraq dəyişir. Bir qayda olaraq, onlar orta təhsil haqqında attestatı təqdim etməli və TOEFL imtahanı verməlidirlər.

Kanadada təhsil almaq istəyən əcnəbi tələbəyə il ərzində 15-20 min Kanada dolları civarında maliyyə vəsaiti lazımdır. Yaşayış və təhsil xərclərini ödəmək məqsədilə əcnəbi tələbələrə həftədə 20 saat və tətil günlərində isə tam ştatda işləmək imkanı yaradılır.

Kanadada 3 aylıq dil kursları üçün tələbə vizası almaq tələb olunmur. Lakin ölkədə uzunmüddətli təhsil almaq üçün tələbə vizası və "təhsil üçün icazə" sənədini almaq əsas şərtlərdəndir. Birillik tibbi sığortaya isə 700 Kanada dolları ödənilir.

Bütün bunlarla yanaşı, tələbələrə təqaüd almaq üçün ərizə ilə dövlətə müraciət etmək imkanı verilir. Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi tərəfindən reallaşdırılan üç dövlət təqaüdü yüksək tədris uğurları olan tələbələrə şamil edilir. Bu sıraya Kanada Hökumətinin Təqaüd Proqramı, Ali Məktəblərdə Elmi-Tədqiqat Proqramı və Ali Məktəblərin Təkmilləşdirilməsi Proqramı daxildir.

Kanadanın ali məktəblərinin dünya elminin inkişafına verdiyi xüsusi töhfələrdə Toronto Universiteti mühüm yer tutur. Bu təhsil ocağında ilk elektron kardiostimulyator, süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı vəzinin transplantasiyası əməliyyatı, bir çox digər mürəkkəb xəstəliklərin müalicəsi həyata keçirilib. 5000 aparıcı tədqiqatçı universitetdə hər il 1 milyard dollar dəyərində tibbi tədqiqatlar aparır. Tibb elmi tarixində önəmli hadisələrdən olan insulinin kəşfi 1921-ci ildə bu ali məktəbdə yerinə yetirilib. 1963-cü ildə beyin sümüyünün köçürülməsi əməliyyatının əsasını qoyan gövdə hüceyrələri aşkarlanıb. 1972-ci ildə tədqiqatlar nəticəsində atmosferdə qara dəliklərin olması sübuta yetirilib. Universitetin astronomları Uran planetinin peykləri olan Kaliban və Sikoraksanı, Andromeda I, II, III qalaktikalarını aşkar ediblər. Dünyada ilk operativ kompüterlərdən biri olan UTEC və ilk kommersiya kompüteri Toronto Universitetində hazırlanıb. Ali məktəbdə elmi-tədqiqat sahələri günbəgün genişləndirilir və bu istiqamətdə dünya liderliyini qazanmaq üçün səylər artırılır. 

Texniki peşə təhsili 

Kanadada texniki peşə təhsilinin tarixi XVII əsrin ikinci yarısına gedib çıxır. Texniki peşə təhsilinin əsası 1668-ci ildə Kvebek şəhərində Roma Katolik Kilsəsi tərəfindən yaradılmış sənət məktəblərinin fəaliyyətə başlaması ilə qoyulub. Bu məktəblərdə xarrat, çilingər, çəkməçi, dərzi, heykəltaraş, rəssam, bənna və digər peşələr öyrədilirdi.

XVIII əsrdə ilk peşə-ixtisas təhsili sahəsində təcrübə daha da genişləndi, məktəbdə tədris olunan nəzəri və praktiki fənlər arasında əlaqələr möhkəmləndi. Dövrün tələblərinə uyğun peşələrə maraq artdı, peşə təhsili müəssisələrinin şəbəkəsi formalaşdı.

Peşə təhsili ümumi orta təhsil və yaxud da orta məktəbdən sonrakı peşə hazırlığı çərçivəsində tədris olunur. Müasir dövrdə Kanadada peşə təhsili həmçinin orta məktəb təhsili çərçivəsində şagirdlərin ümumi biliklərinin zənginləşdirilməsini və çoxsaylı praktiki vərdişləri əhatə edir. Ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər də ödənişli şərtlərlə texniki peşə təhsili ala bilərlər. 

Elmi tədqiqatlar 

Kanada universitetlərində aparılan elmi tədqiqatlar ölkə tarixində, eləcə də bütün dünyada biznesin inkişafı, dövlət siyasətinin düzgün müəyyənləşdirilməsi, bəşəriyyətin tədqiqi, mədəniyyət və incəsənətin tərəqqisinə imkan yaratmaqla həyat səviyyəsinin yüksəldilməsini təmin edir.

Ölkədə mühüm elmi kəşfləri və ixtiraları, innovasiyaları həyata keçirən Kanada İnnovasiya Mərkəzi (CFİ) kimi müstəqil korporasiya fəaliyyət göstərir. Bu qurum elmi tədqiqat infrastrukturunu maliyyələşdirmək məqsədilə təsis edilib. Mərkəzin başlıca məqsədi universitetlərin, kolleclərin və tədqiqat hospitallarının fəaliyyətini stimullaşdırmaqdır. Bütün bunlar müsbət nəticə verib, səhiyyə, təbii resurslar, informasiya-kommunikasiya texnologiyaları, enerji və ətraf mühit kimi sahələrin sürətli inkişafı təmin olunub.

Universitetlər özəl sektordan sonra elmi tədqiqatları həyata keçirən ən böyük mərkəzlər hesab olunur. Universitetlərin həyata keçirdiyi elmi tədqiqatların 55-60 faizi hökumət tərəfindən maliyyələşdirilir.

Federal tədqiqat yönümlü qrant agentliklərindən maliyyələşən Kanadanın Sosial Elmlər və Bəşəriyyətin Tədqiqi Şurası və Kanada Səhiyyənin Tədqiqi İnstitutları bakalavr və magistr təqaüdlərini ödəməklə yanaşı, fakültə üzvlərinin tələbələrə tədqiqat işlərində köməklik göstərməsini də maliyyələşdirir.

Elmi tədqiqatlar sahəsində şöhrət qazanmış Kanada ali məktəbləri bir sıra elmi kəşflərə və innovasiyalara imza atıb. Məsələn, 1999-cu ildə dünyada ilk dəfə MakGil Universitetində klonlaşdırılmış keçilər təqdim edilib. Daha sonra Montreal Universitetində üç klon buzov yaradılıb.

Digər sahələrdə də Kanadanın payına düşən elmi ixtiraları sadalamaqla bitmir. Bütün bunlar isə dünya elminin və bəşəriyyətin inkişafına Kanadanın verdiyi töhfələrin aydın mənzərəsini yaradır. 

Beynəlxalq əməkdaşlıq 

Kanada təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verir. Ölkə üzrə tələbələrin 10 faizini əcnəbilər təşkil edir. Kanadanın beynəlxalq təhsil bazarındakı mövqeyini daha da möhkəmləndirmək üçün Xarici İşlər və Beynəlxalq Ticarət üzrə Federal Departament əyalətlər və təhsil müəssisələri ilə birgə müvafiq işlər aparır.

2011-ci ildə ikiillik Yeni Beynəlxalq Təhsil Strategiyasının işlənilib hazırlanması üçün Federal büdcədən təxminən 10 milyon dollar civarında vəsait ayrılıb. Bu strategiyada ən istedadlı əcnəbi tələbələrin Kanada universitetlərinə cəlb edilməsi məsələsi də öz əksini tapıb. Bu sənəddə, həmçinin tədqiqatçı tələbələrə, tədqiqatçı alimlərə əlverişli imkanların yaradılması və ölkə hüdudlarından kənarda yerli mütəxəssislərin fəaliyyətinə təkan verilməsi nəzərdə tutulub.

Kanada Universitetlər və Kolleclər Assosiasiyası universitet prezidentlərindən ibarət nümayəndə heyətlərini vaxtaşırı dünyanın müxtəlif ölkələrinə göndərir, əcnəbi tələbələrin təhsil və karyera sahəsində seçim zamanı Kanadaya üstünlük vermələri üçün təbliğat kampaniyaları təşkil edir. Məhz bunun nəticəsidir ki, Kanada universitetlərində ilbəil sayları artan əcnəbi tələbələr təhsillərini başa vurduqdan sonra bu ölkədə qalmağa çalışırlar.

Kanadanın Toronto, MakGil, Brandon, Vinnipeq, Viktoriya, Alberta, Manitoba, Akadiya, York, Saskaçevan, Qərbi Kanada, NyuFaundlend Memorial universitetləri artıq əsrlər boyunca zəngin təcrübə qazanmış ali məktəblərdən hesab olunur. Odur ki, bütün dünyada biznes, hökumət, həmçinin akademik dairələrdə Kanadada verilmiş dərəcə, diplom və sertifikatlar yüksək səviyyədə qəbul edilir. 

Bəşarət MƏMMƏDOV,

Dilrubə BAYRAMOVA 

Yazının hazırlanmasında Kanadanın müvafiq rəsmi saytlarının materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov