Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Həyatını kosmosa həsr etmiş azərbaycanlı general

 

Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimov bütün həyatını sovet kosmonavtikasına, kosmosa və raket texnikasına həsr etmişdi. Sovet kosmik elmini azərbaycanlı general Kərim Kərimovsuz təsəvvür etmək çox çətindir. 50 il ərzində sovet kosmik aparatlarının və raket texnikasının yaradılması ilə məşğul olmuş Kərim Kərimov bu sahənin pionerlərindən hesab olunur. Kərim Kərimovun raket texnikası sahəsində işləri hələ "soyuq müharibə" dönəmində Amerika tərəfdə də ciddi maraq doğururdu. General Dövlət Komissiyasının sədri kimi öz həyatında Yuri Qaqarinin kosmosu fəthi, Makarovun faciəli ölümü kimi hadisələri yaşamışdı...  Həyatının son günlərinə qədər sovet və Rusiya kosmik gəmilərinin uçuşları ilə bağlı ən problemli məsələlər onun yaxından iştirakı ilə həll olunub.   O, öz əməyinin bəhrəsini görməyi sevərdi. Bütövlükdə isə onun bütün həyatı işə tabe idi.  Generalın sonadək Vətənə sədaqət nümunəsi olan həyatı olduqca gözəl və təəccüb doğuracaq dərəcədə maraqlıdır.  

Bakıdan Baykonura uzanan yol 

Kərim Kərimov  1917-ci il noyabrın 14-də Bakıda neftçi-texnoloq Abbasəli Kərimovun ailəsində dünyaya göz açıb. Onun atası Sankt-Peterburq Texnologiya İnstitutunu bitirərək Bakıya dönüb və Sürəyya xanımla ailə qurub. Yüksək ixtisaslı neftçi-mühəndis olan Abbasəli tezliklə öz karyerasında irəliləyib. Onun xanımı, Bakıdakı elitar gimnaziyanın məzunu isə ev qayğıları ilə əhatə olunub. Ailədə 3 oğlan uşağı doğulub - Kərim, Süleyman və Mustafa. Lakin tezliklə bədbəxtlik baş verib. 1925-ci ildə Sürəyya xanım qəfil xəstəlik keçirib və tez bir vaxtda dünyasını dəyişib. Abbasəli ikinci dəfə evlənməyib və uşaqların tərbiyəsi ilə məşğul olub. Ona bu işdə mərhum xanımının valideynləri  də kömək ediblər. Bəlkə də ailədə hökm sürən ümumi xeyirxah münasibət  və bir çox cəhətdən qarşılıqlı anlaşma və qarşılıqlı yardım gənc Kərimin  xarakterini müəyyən etmişdi. O, artıq yuxarı siniflərdən işləməyə başlamışdı. Hələ 4-cü sinifdə oxuyarkən o dövrdə həddən artıq sirli və maraqlı hesab olunan  radiotexnika ilə maraqlanır, çoxsaylı kitablar oxuyur, radioqəbuledicilər yaradır  və hətta zavod istehsalı olan radio avadanlıqlarını təmir edirdi. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna qəbul olunur. Oxumaqla yanaşı, K.Kərimov ailəsini dolandırmaq üçün həm də işləyirdi.

Birinci kursda ailə qurmuş,  1937-ci ildə doğulmuş qızına mərhum anası Sürəyyanın adını qoymuşdu. 

Kərim Kərimov Yuri Qaqarin və Sergey Korolyovla birlikdəSonra isə... Uzun illər K.Kərimovun başı üzərində qalın məxfilik pərdəsi asılıb... Müharibə başlayan zaman bir çoxları kimi o da ön cəbhəyə can atıb, lakin onu cəbhəyə yaxın buraxmayıblar. O dövr üçün K.Kərimovun seçdiyi ixtisas olduqca nadir və qapalı idi.

1941-ci ildə kiçik qardaşı, müharibəyə könüllü yollanmış Süleyman  həlak olub. Digər qardaşı Mustafa isə döyüş yollarında itkin düşüb.

Əfsanəvi general  

1942-ci ildə ali məktəbi bitirən K.Kərimov döyüşən orduya yox, artilleriya akademiyasına göndərilir.  K.Kərimov sonuncu kursa qəbul olunur. Bir il sonra akademiyanın rəhbərliyi kursantların təhsil müddətini bir il uzadır. 1943-cü ildə K.Kərimov minaların istehsalı üzrə diplom işini "əla" qiymətlərlə müdafiə edir.Və texnik-leytenant rütbəsində o, Baş İdarənin sərəncamına göndərilir. Məhz burada müharibənin taleyini həll etmiş  məşhur "katyuşa"lar istehsal olunurdu. Qeyd olunmalıdır ki, "katyuşa" istehsalı heç də asan başa gəlməmişdi. "Katyuşa"ların vaxtından əvvəl partlayışlar törətməsi onun kütləvi istehsalına başlanmasına imkan vermirdi. Bu problemin həlli çoxlu qurbanlar hesabına başa gəlmişdi. Lakin Kərim Kərimov və onun əməkdaşlarının gərgin əməyi nəticəsində bu problem həll olunmuş, almanların Şərqə doğru irəliləməsinin qarşısı alınmışdı. Bir fakt da qeyd olunmalıdır ki, "katyuşa"   istehsalına Lavrenti Beriyanın idarəsi nəzarət edirdi. K.Kərimovun bu sahədə xidmətləri onunla nəticələnmişdi ki, müharibə qurtaran kimi onun növbədənkənar hərbi rütbəsi artırılmış  və "Qızıl ulduz" ordeni ilə təltif olunmuşdu. Bundan əlavə, sovet hərb sənayesi üçün perspektiv vəd edən K.Kərimov müharibədən dərhal sonra SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatına göndərilmişdi. Onun bioqrafiyasında əsaslı dönüşün başlanğıcı 1946-cı ildə qoyulub.  Stalinin göstərişi ilə K.Kərimov bir qrup mütəxəssislə alman raket texnikasını öyrənmək üçün Almaniyaya - Nordxauzen şəhərinə ezam olunub. K.Kərimov burada "Fau-2" ballistik raketlər üzərində işləyib. Müharibədən sonra dağıdılmış alman raket texnikasının qalıqları  SSRİ-yə gətirilib və  burada yoxlanılıb.  Lakin Almaniyanın hərbi arsenalında olan raket texnikasını tədqiq etmək üçün xüsusi vasitələr tələb olunurdu. Məhz bu məqamda Kərim Kərimovun uşaqlıqdan maraq göstərdiyi sahə - radiotexnika köməyə gəldi. Heç  30 yaşı belə tamam olmayan, lakin SSRİ  Müdafiə Nazirliyinin ən məsuliyyətli şöbələrindən birinin rəisi olan K.Kərimov tabeliyində olan mütəxəssislərlə birlikdə Kərim Kərimov Dövlət Komissiyasının iclasındao zaman üçün unikal radioteleölçü - "Don" sistemini yaratdı. Bu sistem uzun illər sovet raket texnikasına müvəffəqiyyətlə xidmət etmişdir. Və tezliklə K.Kərimovun zəhməti sovet rəhbərliyi tərəfindən  yüksək qiymətləndirilib, o, 1950-ci ildə  Stalin mükafatına layiq görülüb. 1960-cı ilin sentyabrında K.Kərimov Raket Qoşunları Baş İdarəsinin rəisi təyin olunub. 60-cı illərin ortalarına kimi o, qitələrarası ballistik raketlərin yaradılması üzərində isləyir, günlərlə vaxtını strateji təyinatlı raketlərin sınaq poliqonunda keçirirdi. Tezliklə  general K.Kərimov  strateji təyinatlı raket qüvvələrində ən aparıcı fiqura çevrilib. General "Zenit" kəşfiyyat peyklərinin buraxılmasına şəxsən nəzarət edib. "Zenit" raket-kosmik kompleksinin tətbiqinə görə K.Kərimov Lenin mükafatına layiq görülüb. Daha sonra ona kosmos sahəsində işləməyi təklif  edirlər. "Bu təkliflə az qala xətrimə dəydilər. Yüksəkməxfi qitələrarası raketlərlə məşğul olurdum və birdən mənə tanış olmayan kosmos barədə təklif aldım"-deyə general sonralar xatırlayırdı. Lakin bir qədər sonra K.Kərimov kosmosun fəthində ilk pionerlərdən biri olmasına görə taleyinə minnətdarlıq edirdi. 1964-cü ildə yenicə yaradılmış kosmik vasitələrin Mərkəzi İdarəsinə, 1965-ci ildən isə raket və kosmik texnikanın yaradılması ilə məşğul olan SSRİ Maşınqayırma Nazirliyi Baş Kosmik İdarəyə rəhbərlik edib.  Bu vəzifədə fəaliyyətini davam etdirməklə yanaşı, K.Kərimov  pilotlu uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının sədri təyin olunub və bu vəzifədə fasiləsiz olaraq tam 25 il çalışıb. 1975-ci ildə "Soyuz-Apollon" Sovet-Amerika birgə gəmisinin uçuşunu hazırlayıb. 1979-cu ildə pilotlu orbital stansiyanın uğurlu uçuşlarını təşkil etdiyinə görə Dövlət mükafatı alıb, 1987-ci ildə "Mir" çoxmodullu orbital  stansiyanın yaradılmasına görə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib. 1991-ci ildə 74 yaşında K.Kərimov istefaya çıxıb, lakin son günlərinə qədər uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının elmi məsləhətçisi işləyib.  General həftədə 2-3-dəfə mərkəzə baş çəkər, orbital stansiyada baş verənlərlə bağlı məlumatları qəbul edib, onları təhlil və sistemləşdirər, əməkdaşlarına dəyərli tövsiyələrini verərdi.  

K.Kərimovun fəaliyyətində planetlərarası stansiyalar, Mars, Venera və kometaların öyrənilməsi kimi xüsusi layihələr də var.  Bütün bunlar sovet kosmonavtikasının 50 illik tarixini əks etdirir və bütün bu layihələr Kərim Kərimovla sıx bağlıdır.          

"Yoldaş Dövlət Komissiyasının Sədri!" 

On illər ərzində general-leytenant Kərim Kərimovu bu cür adlandırıblar. 

 "Uçuşa icazə verirəm". Bu əmri verən şəxsin  çiyinlərinə son dərəcə ağır məsuliyyət yükü düşürdü. Yalnız və yalnız o, son qərar qəbul edirdi. Onun iki kəlmə sözü onlarla, yüz minlərlə insanın üzunillik zəhmətinə yekun vurur. İnsan düşüncəsinin taleyi, ağlasığmaz maddı xərclər və hətta insan həyatı  məhz ondan  asılı idi.   

Baxmayaraq ki, o, kino-televiziya ekranlarının qəhrəmanı idi, onu çox az adam tanıyırdı. Onu yalnız arxa plandan çəkməyə icazə verirdilər. Onun səsini isə yalnız məşhur Levitanın səsi ilə müqayisə etmək olardı. Sovet dövründə Baykonurdan  kosmonavtların üçüşundan hazırlanan bütün birbaşa yayımlarda bir azdan kosmosa yollanacaq gəmi heyətinə üz tutan, lakin üzü görünməyən bu general "Sizə uğurlu uçuş proqramı həyata keçirməyi və sağ-salamat doğma Yerə qayıtmağı arzulayıram" deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planetlərarası və pilotlu uçuşlar üzrə xüsusi Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb.               

Həyatda olduqca səmimi olan general Kərimovu  "gizli oyunlar"  çox üzürdü. Onlardan biri Aya ilk pilotlu proqram üzrə uçuşun təşkili ilə bağlıdır. O, bu layihənin həyata keçirilməsinə uzun illər bilik, enerji, var-qüvvəsini sərf etmişdi. K.Kərimovun layihəsi uğurlu sonluğunu gözləyirdi. Lakin... Bu barədə K.Kərimov sonralar öz xatirələrində bildirirdi:

-1961-ci ildə  mənim rəhbərlik etdiyim Maşınqayırma Nazirliyinin Baş İdarəsi qarşısında olduqca mürəkkəb və böyükhəcmli vəzifə qoyulmuşdu. Başlıca vəzifə Günəş sistemi planetinə və Aya avtomat və  pilot göndərmək idi.  O vaxt Sergey Korolyovun  rəhbərlik etdiyi konstruktor bürosu digər sifarişlərdən azad olunmuşdu və yalnız raket və kosmik tədqiqatlar üçün gəmilərin yaradılması ilə məşğul olurdu.  Ay və planetlərin  öyrənilməsi üçün ağırlığı 2 min ton  olan güclü N-1 raketinin yaradılmasına çalışırdıq. Lakin Nikita Xruşşov kosmik tədqiqatlar üçün nəzərdə tutulmuş vəsaitləri digər istiqamətlərə xərclədi. Nəticədə bu layihə baş tutmadı...        

50 il dövlət sirri altında  

Əfsanəvi şəxsiyyət, sovet kosmik proqramlarının əsas yaradıcılarından biri, general Kərim Kərimovun bütün həyatı kosmosla bağlı olub. 1966-cı ildən 1991-ci ilə kimi Baykonurdan kosmonavtların uçuşlarına şəxsən xeyir-dua vermiş və onları qarşılamışdır. Kosmonavtlar məhz ona tapşırıqların yerinə yetirilməsi barədə məruzə etmişlər, lakin televiziya verilişlərində, kinoxronikalarda biz onun üzünü görməmişdik. Yalnız 1987-ci ildən sonra Moskvada nəşr olunan "Pravda" və "Sovetskaya Rossiya" qəzetləri general K.Kərimovun şəxsiyyəti barədə ictimaiyyətə açıqlama vermişdi.  Kərim Kərimov özü məxfilik şəraitində fəaliyyətini belə şərh etmişdi: "Özümü çox pis hiss edirdim. Mən hətta məşğul olduğum işin adını belə söyləyə bilməzdim. Lap gülünc idi. Makinaçı mətni yığırdı, mətndəki "reaktiv" sözünü isə buraxırdı, bu sözü sonradan qələmlə mətnə daxil edirdilər. Çox vaxt lazım olan sənədi əldə etmək üçün nə qədər səy göstərmək tələb olunurdu! Mən hətta bu barədə sakitliklə də danışa bilmirəm. Əminəm ki, bizim məxfilik sistemimiz texnika sahəsində ABŞ-dan geridə qalmağımızın əsas faktorlarından biri idi" ("Novaya qazeta"). 

Kərim Kərimovun işləri okeanın o tayında - Amerikada da diqqətlə izlənilirdi. Generalın əməyinin bəhrəsi olan "Mir" stansiyası istifadəyə verildikdən sonra Amerika mətbuatı yazırdı ki, ruslar amerikalıları 10 il qabaqladılar və indi kosmosa nəzarət edirlər.     

Kərim Kərimovun haqqında "Novıye izvestiya" qəzeti 12 aprel 2005-ci il sayında yazırdı: "Azərbaycanlı general Kərim Kərimovun adı tam 25 il ərzində mətbuat üçün qapalı idi, onu üzdən yalnız keçmiş SSRİ-nin rəhbərliyi tanıyırdı. Bu insanın fəaliyyəti Amerikanın NASA kosmik agentliyinin də diqqət mərkəzində idi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi K.Kərimovla əlaqə qurmağa uğursuz cəhdlər edirdi".  

Kərim Kərimovun sevincli anları 

Kərim Kərimovun həyatında bir çox xoşbəxt və sevincli anlar olub. Bunlar təkcə kosmosla bağlı olmayıb. General Kərimov zahirən, ola bilsin, olduqca az diqqət cəlb edirdi, lakin  çox səmərəli ictimai iş aparırdı. O, istedadlı azərbaycanlı gənclərin Rusiyanın ali məktəblərində təhsil almalarına, Azərbaycanda kosmik elmin yaradılmasına kömək edirdi, azərbaycanlıların Rusiyadakı "Azerros" federal milli-mədəni muxtariyyətinin fəal iştirakçısı idi.

...K.Kərimov öz arxivindəki şəkillərə baxmağı sevərdi. Bu şəkillər arasında onun üçün ən qiymətlisi generalın xeyir-duası ilə kosmosu ilk dəfə fəth etmiş Yuri Qaqarindən aldığı "kosmosun atasına" yazılı avtoqrafdır.

2001-ci ildə Rusiya prezidenti Vladimir Putin  Rusiya kosmonavtikasının inkişafındakı şəxsi xidmətlərinə görə Kərim Kərimovu "Vətən qarşısında xidmətlərinə görə" 4-cü dərəcəli ordenlə təltif edib. Adı sovet və dünya kosmonavtika tarixində şanlı iz buraxmış, hər bir azərbaycanlının fəxr etdiyi general Kərim Kərimov 2003-cü il martın 29-da vəfat edib.    Moskvada azərbaycanlıların da təhsil aldığı 157 nömrəli orta ümumtəhsil məktəbinə əfsanəvi generalın adı verilib.     

Hazırladı:  Oruc MUSTAFAYEV 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov