Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - 43

 

Dünya təhsili

 

Avstraliyanın təhsil sistemi

 
 

Avstraliya İttifaqı

 
   
Ərazisi: 

7692024 km2

Əhalisi: 22612343 nəfər
Paytaxtı: Kanberra şəhəri
Dövlət dili: ingilis dili
Pul vahidi:  Avstraliya dolları
 

 

Təhsil sistemi 

Konstitusiyalı monarxiya olan Avstraliya İttifaqı 6 ştatdan ibarət federativ dövlətdir.

Təhsil və elmi-tədqiqat sahəsinə xüsusi diqqət ayıran Avstraliyada mövcud olan məktəblərin tarixi 200 il əvvələ gedib çıxır. İlk məktəblər Yeni Cənubi Uelsdə təşəkkül tapıb. XIX əsrin ortalarından ilk universitetlər fəaliyyətə başlayıb. Erkən uşaqlıq təhsili və ilkin məktəbəqədər təhsil müəssisələri isə daha gec inkişaf edib.

XIX əsrin sonlarında Avropa səyyahlarının və ictimai-siyasi baxımdan fəal şəxslərin təşəbbüsü ilə dünya təhsilində baş verən yeniliklər Avstraliyada tətbiq olunmağa başlandı. Bu məqsədlə müvafiq komissiya yaradıldı.

Müasir dövrdə ölkənin təhsil siyasəti daha güclü və ədalətli Avstraliyanın qurulmasına xidmət edir. Bu siyasət iqtisadi inkişafa, səmərəliliyə və yüksək səviyyəli cəmiyyət quruculuğuna təkan verir və regionda Avstraliyanın lider rolunu daha da artırır.

Məktəbəqədər təhsil müəssisələri, əsasən dövlət və ərazi hökumətləri tərəfindən idarə olunur. Viktoriya, Cənubi Avstraliya və Yeni Cənubi Uelsdə isə yerli şuralar, özəl təşkilatların icma qrupları məktəbəqədər təhsil müəssisələrini idarə edirlər. Məktəbəqədər təhsil müəssisələrinə 3-5 yaşlı uşaqlar cəlb edilir. Ştatlardan asılı olaraq məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlb olunma faizi fərqli olsa da, bu göstərici təxminən 85,7 faizə bərabərdir.

2008-ci ilin statistik məlumatlarına görə, ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində, ibtidai və orta təhsil pillələrində təhsil alanların ümumi sayı 3,7 milyon nəfərdən çox olub.

Avstraliya hökuməti təhsil islahatlarını həyata keçirərkən insanların bilik və bacarıqlarının inkişafı, innovasiyalara əsaslanan iqtisadiyyatın tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi məsələlərini prioritet istiqamətlər kimi önə çəkir. Bu baxımdan xalqın müəyyən bir qismi üçün deyil, hamı üçün bərabər təhsil imkanlarının yaradılması təhsil sisteminin əsas hədəfidir.

Ölkədə ali təhsil, əsasən, Böyük Britaniya təhsil sisteminə əsaslanır. Ali məktəblər yüksək təhsil keyfiyyəti ilə seçilir, tələbələrin müstəqilliyi və elmi-tədqiqatlara istiqamətləndirilməsi ilə xarakterizə edilir.

Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Avstraliyada da yaşlıların təhsilinə xüsusi önəm verilir. Təhsil, Elm və Təlim Departamenti, dövlət, eləcə də özəl müəssisələr tərəfindən maliyyələşən təhsil kursları vasitəsilə yaşlıların bilik və bacarıqlarını inkişaf etdirməsinə şərait yaradılır. 

Məktəbəqədər təhsil 

Avstraliyanın bir sıra ştatlarında məktəbəqədər təhsil icbari xarakter daşımır. Uşaqlar, əsasən qayğı mərkəzləri və yaxud da valideynlərin təşkil etdiyi oyun qruplarında təhsil alırlar. Bu, rəsmi məktəbəqədər təhsil hesab olunmur.

Ölkənin bəzi ərazilərində məktəbəqədər təhsil ibtidai təhsildən ayrıdır. Qərbi Avstraliya və Kvinslend ştatlarında isə məktəbəqədər təhsil ibtidai təhsilin bir hissəsidir.

Avstraliyada erkən uşaqlıq dövründə uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Odur ki, məktəbəqədər təhsilin icbari olmadığı ştatlarda da uşaqların qayğı mərkəzlərinə verilməsi geniş yayılıb. Bütün bunlar məktəbəqədər təhsil əsasnaməsi ilə tənzimlənir.

Məktəbəqədər təhsil kurikulumlarında uşaqların hərtərəfli formalaşması, onların düzgün inkişafı üçün müxtəlif oyunlar zəruri vasitə kimi istifadə edilir. Tədqiqat vasitəsilə öyrənmə, məşğuliyyət, sorğu-sual, araşdırma, praktik həyat təcrübələri və problemi həll etmə imkanlarının yaradılması kimi məsələlər də məktəbəqədər təhsilin əsas istiqamətlərindəndir.

Erkən uşaqlıq dövrünə dair kurikulumlarda uşaqların oxu və riyazi bacarıqlarının inkişafı xüsusi yer tutur. Bu, yalnız uşaqların məktəbə hazırlıq dövrü üçün çərçivə sənədi hesab olunur. 

İbtidai təhsil 

Avstraliyada ibtidai təhsil icbaridir. Ştatların və ərazinin qanunvericiliyinə uyğun olaraq ibtidai təhsil 5-6 yaşdan 15-17 yaşa qədər olan dövrü əhatə edir. Şagirdlərin təxminən 65 faizi dövlət məktəblərində, 34 faizi isə katolik və  ya müstəqil məktəblərdə  təhsil alır.

Ölkədə icbari təhsilin təşəkkülü XIX əsrin ikinci yarısına təsadüf edir. Avstraliya vətəndaşları üçün dövlət məktəbləri pulsuzdur. Katolik və müstəqil məktəblərdə isə təhsil pulludur. Bu təhsil müəssisələrində dərs ləvazimatları, məktəbli formaları, məktəb düşərgələri üçün və digər xərclər valideynlərin üzərinə düşür. Katolik və müstəqil məktəblərdə birillik təhsil xərci təxminən 300-350 Avstraliya dolları arasında dəyişir.

Tipindən asılı olmayaraq bütün məktəblərdə eyni kurikuluma əməl olunması tələb oluna bilər. Tədris proqramlarında dünyəvi fənlər əsas yer tutsa da, bununla belə, dini fənlərin də tədrisi mümkündür. Məktəblərin əksəriyyətində vahid məktəbli formasından istifadə olunur. 

Orta təhsil 

Avstraliyada müxtəlif orta məktəblərdə müəyyən seçmə fənlər tədris edilir. İbtidai və orta təhsil dövrü birlikdə 12 il davam edir. Orta təhsil pilləsini başa vuran məzunlara dövlət tərəfindən attestat verilir. Bu sənəd Avstraliyanın bütün universitetləri, peşə və təlim məktəbləri tərəfindən tanınmaqla bərabər, xarici ölkələrin bir sıra universitetləri tərəfindən də qəbul olunur.

Orta təhsil müəssisəsinin 90 faizində standart orta məktəb kurikulumundan əlavə olaraq, peşə təhsili də verilir. Orta təhsil səviyyəsində tədris olunan əsas fənlərə ingilis dili, riyaziyyat, cəmiyyət və ətraf mühit, təbiət elmləri, texnologiya, tibb və fiziki tərbiyə fənləri daxildir. Orta məktəblər beşgünlük dərs həftəsi ilə işləyir və birnövbəlidir.

Bir sıra orta məktəblər kollec adlandırılır. Belə kolleclərdə tədris olunan proqramlar vasitəsilə məzunlar universitetlərə daxil ola və dərəcəli ixtisas ala bilərlər.  

Ali təhsil 

Avstraliyada 40 universitet və 350 kollec fəaliyyət göstərir. Universitet və kolleclərdə verilmiş diplomlar bütün dünyada tanınır.

Qeyd etdiyimiz kimi, ölkənin ali təhsil sistemi Böyük Britaniyanın ali təhsil sistemi ilə oxşardır. Tələbələrə tədris prosesində tam müstəqillik verilir və onların elmi-tədqiqatlara qoşulması üçün hər cür şərait yaradılır. Avstraliyada elmi-tədqiqatlara hər il böyük məbləğdə dövlət vəsaiti ayrılır.

Ali məktəblər Dövlət Təhsil, Elm və Təlim Departamentinin nəzarəti altında fəaliyyət göstərirlər. Tədris proqramlarının müddəti 3-4, tibb təhsili 6 ildir. Ölkədə məşhur universitetlərə daha çox tələbat duyulur. Ölkə vətəndaşları üçün birillik təhsil xərci 14-21 min Avstraliya dolları arasında dəyişir.

Avstraliya universitetlərinə qəbul zamanı son iki ili ingilisdilli ölkələrdə təhsil alanlara üstünlük verilir. Əks halda, universitetlərin nəzdindəki kollecdə müvafiq proqram üzrə xüsusi kurs keçmək lazımdır.

Öz ölkəsində universitetin birinci və ya ikinci kursunu bitirən, 18 yaşı bitmiş tələbələr də IELTS imtahanında 6,5 bal toplayaraq Avstraliya universitetlərinin müvafiq kursunda oxuya bilərlər. Digər ölkələrdə ali məktəbi bitirən şəxslər isə Avstraliyada təhsil almaq üçün diplomunu təqdim etməli və IELTS imtahanında ən azı 6,5 bal toplamalıdırlar. Bir çox hallarda MBA proqramı üzrə daxil olmaq istəyənlərdən 3 illik iş təcrübəsi tələb edilir. Əcnəbilər üçün təhsil haqqı 9-36 min dollar civarındadır. Onu da qeyd edək ki, Avstraliya ali məktəblərində təhsil haqqı bir çox inkişaf etmiş ölkələrdən xeyli aşağıdır.

Tələbələr həftədə 20 saatdan çox olmayaraq işləyə bilərlər. Ölkədə iki il yaşayan tələbə ilyarımlıq iş vizası, 5 il yaşayan isə daimi yaşayış vizası almaq imkanı qazanır.

Ali təhsilə yanaşmada hamı üçün bərabər imkanların yaradılması, təhsil haqqını ödəmə qabiliyyətinə görə deyil, bacarıq və biliyə əsasən universitetə qəbul, akademik muxtariyyət, elmi-tədqiqat sahələrinin genişləndirilməsi kimi prinsiplərə üstünlük verilir. Ali təhsildə adambaşına maliyyələşdirmə sistemi tətbiq olunur. Hökumət dörd ildən bir ali təhsil və tədqiqat sektoruna 5,4 milyon dollar məbləğində əlavə maliyyə vəsaiti ayırır.

Ölkənin daha xoşbəxt gələcəyinin təmin oluması baxımından ali təhsilin qarşısında bir sıra mühüm məqsədlər dayanır. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, çoxsaylı iş yerləri, ümumi inkişaf səviyyəsinin yüksəldilməsi bu baxımdan qəbul olunmuş əsas prinsiplərdir.

Ali məktəblər geniş ixtisas seçimi təklif edir. Avstraliyada 38 dövlət və 2 özəl universitet fəaliyyət göstərir. Bütün ölkə üzrə 180-dən çox universitet kampusu var. 340000 əcnəbi tələbə hər il təhsil almaq üçün Avstraliyaya gəlir.

Avstraliyada mühüm akademik müvəffəqiyyət göstərmiş məzunlara fərqlənmə ilə bakalavr dərəcəsi verilir. Bunun üçün daha bir il əlavə təhsil almaq lazımdır. Bu dərəcəyə sahib olan məzunlar növbəti təhsil proqramına daxil olarkən və ya işə düzələrkən bir sıra üstünlüklərdən istifadə edə bilərlər.

Magistratura proqramı üzrə təhsilin müddəti bakalavrlar üçün 2 il və bakalavriatura pilləsini fərqlənmə ilə bitirənlər üçün isə 1 il nəzərdə tutulub. Avstraliyada peşəkar ixtisaslaşdırma, dissertasiya müdafiəsi və dissertasiya müdafiəsi ilə birgə tədqiqat işini əhatə edən magistratura proqramları təklif olunur.

Ali təhsil piramidasının zirvəsində doktorantura proqramları durur. Doktorantura proqramları tədqiqat və kurs işindən ibarətdir. 3 illik tədqiqat işini müdafiə edən şəxs fəlsəfə doktoru (PhD) dərəcəsi alır. Kurs işi isə tətbiqi xarakter daşıyır və daha çox araşdırmanın nəticələrinin həyata keçirilməsi ilə əlaqəlidir.

Ali təhsilin keyfiyyətinə nəzarət edən Ali Təhsilin Keyfiyyəti və Standartlar Agentliyi 2010-cu ildə yaradılıb. Bu qurumun 2013-cü ildən etibarən texniki peşə təhsili və təlim təşkilatlarının da fəaliyyətinə nəzarət etməsi planlaşdırılır. Ali Təhsilin Keyfiyyəti və Standartlar Agentliyinin dördillik büdcəsi 57 milyard dollardır.

Hökumətin ali təhsil üzrə perspektiv inkişaf strategiyasına əsasən, 2025-ci ilə qədər 25-40 yaşında olan bütün əhalinin 40 faizi bakalavr və daha yuxarı dərəcəyə malik olacaq. Bir qayda olaraq, ali təhsil müəssisələri ödənişli əsaslarla fəaliyyət göstərir. Buna baxmayaraq, əksər tələbələrin maliyyə xərcləri dövlət tərəfindən ödənilir. Ali Təhsil Kredit Proqramına (HELP) Dövlət Təhsil, Elm və Təlim Departamenti, eləcə də Vergi İdarəsi (ATO) rəhbərlik edir.

Bundan əlavə, xüsusi istedadlı tələbələr Gənclərə Yardım və Avstraliya Təhsil Ödənişi Xidmətinin imkanlarından istifadə edə bilərlər. Tələbələrə köməklik məqsədilə müvafiq təqaüdlər də ayrılır.

Avstraliyanın kolleclərində əsasən əmək bazarında tələb olunan peşə təhsili ilə bağlı proqramlar tədris olunur. Avstraliya kolleclərinin çox az bir qismində müəyyən elmi dərəcələr verilir.

Kollec adı altında bir sıra ali təhsil müəssisələri də fəaliyyət göstərir. Belə kolleclərə tibb və incəsənət məktəblərini misal göstərmək olar.

Əcnəbi tələbələr yalnız ödənişli təhsil ala bilərlər. Onlar dövlətdən hər hansı bir təhsil krediti götürə bilməzlər. Bununla belə əcnəbi tələbələr üçün bir sıra beynəlxalq təqaüd proqramları nəzərdə tutulur. 

Texniki peşə təhsili 

Ölkənin texniki peşə təhsili zəngin və tarixi ənənələrə malikdir. Texniki peşə təhsilinin təşəkkül tarixi XIX əsrin sonlarına təsadüf edir.

Peşə təhsili və təlimi (VET) istənilən yaşda olan ölkə vətəndaşlarını iş həyatına hazırlamaq, çalışan insanların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədlərinə xidmət edir. Texniki peşə təhsili orta və ali məktəblərdə oxuyanlara, eləcə də istehsalat sahələrində çalışanlara əlavə imkanların yaradılması baxımından olduqca əhəmiyyətlidir.

Son 20 ildə ölkədə peşə təhsili və təlimi üzrə iki milli strategiya həyata keçirilib. Bu isə dünya əmək bazarında Avstraliyanın fəallığının artırılması, texniki peşə təhsili sahəsində uğurlu nəticələrin əldə edilməsi, təlim sahəsində dövlət investisiya qoyuluşunun stimullaşdırılması üçün əlverişli zəmin yaradıb.

Texniki ali məktəblərdə biznes və idarəetmə, dizayn və qrafika, ünsiyyət, istirahət, icma xidmətləri, sağlamlıq, turizm və turizm xidmətləri, bağçılıq və torpaqların idarə edilməsi, kompüter sahəsində müxtəlif peşələr verilir.

Texniki peşə məktəblərində təhsil 4 aydan 36 aya qədər davam edir. Məzunlar I dərəcəli sertifikatı 4-6, II dərəcəli sertifikatı 6-8, III dərəcəli sertifikatı 12, IV dərəcəli sertifikatı isə 12-18 aya ala bilərlər. Xüsusi diplomun alınması üçün 24-36 ay müddətində peşə tədris kursunda hazırlıq keçmək tələb olunur.

Qeyd etdiyimiz kimi, Avstraliyanın əksər orta məktəblərində (təxminən 90 faiz) standart məktəb kurikulumuna uyğun peşə təhsili proqramları təklif edilir. Bu proqramlar çərçivəsində şagirdlərə müvafiq bilik və bacarıqlar aşılanır. 

Elmi-tədqiqatlar 

Avstraliyada elmi-tədqiqat sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Universitetlərin və digər müvafiq müəssisələrin elmi-tədqiqat fəaliyyətinə investisiya qoyuluşu prioritet məsələlərdən biri kimi qəbul olunub.

Ölkənin təhsil konsepsiyasının əsas komponentindən biri olan Təhsil İnvestisiya Fondunun əsas vəzifəsi Avstraliya iqtisadiyyatının inkişaf etdirilməsi üçün ali təhsildə tədqiqatı dərinləşdirməkdən, strateji cəhətdən kapital infrastrukturuna dəstək olacaq müasir, məhsuldar, rəqabətədavamlı və elmi əsaslar üzərində qurulmuş iqtisadiyyatın yaradılmasından ibarətdir. Təhsil İnvestisiya Fondu məqsədyönlü investisiyalar vasitəsilə gənc nəslin bilik və tədris bacarıqlarını artırmaq, ölkənin yüksək elmi potensialı olan mütəxəssislərə tələbatını ödəmək, həmçinin Avstraliyanın innovasiya imkanlarını gücləndirmək baxımından ciddi uğurlara imza atıb.

Təhsil İnvestisiya Fondunun fəaliyyətinin səmərəliliyini artırmaq üçün 650 milyard dollar Davamlı İnkişafla bağlı vəsaitin ayrılması nəzərdə tutulub. Bu, ali təhsil mühitinin əsaslı şəkildə canlanmasına və yeni texnologiyaların tətbiqinə imkan verəcəkdir.

2009-cu ildə ölkə hökuməti Dördillik Milli Texnologiyaya İmkan yaradan Strategiyanı (NETS) qəbul edib. Bu strategiya nanotexnologiya və yeni texnologiyaların Avstraliyada daha geniş tətbiqi məsələlərinə təkan verəcəkdir.

Təsadüfi deyil ki, elm sahəsində Nobel mükafatçıları sırasında bir sıra avstraliyalı elm xadimlərinin də adlarını çəkmək olar. Fizika üzrə Vilyam Lorens Braq (1915), fiziologiya və tibb sahəsində Frank Makfarlan Burnet (1960), kimya üzrə Con Kornfors (1975), fiziologiya və tibb sahəsində Peter Doherti (1996), fiziologiya və tibb üzrə Beri Marşal və Robin Varren (2005) Nobel mükafatına layiq görülüblər. 

Beynəlxalq əməkdaşlıq 

Ölkənin təhsil üzrə xarici yardım proqramları Avstraliya Beynəlxalq İnkişaf Agentliyi (AusAİD) tərəfindən idarə olunur. Beynəlxalq əməkdaşlıq sahəsinə xüsusi diqqət ayıran Avstraliya İttifaqı Dünya Bankı və Avstraliya Beynəlxalq İnkişaf Agentliyi ilə birgə müxtəlif tədqiqat layihələrini maliyyələşdirir.

Avstraliyanın səkkiz universiteti (G08) və Almaniya Akademik Mübadilə Xidməti (DAAD) arasında səmərəli əməkdaşlıq yaranıb. İmzalanmış müqaviləyə əsasən, Avstraliyanın səkkiz universitetindən olan tədqiqatçılar Almaniyanın tərəfdaş institutlarında tədqiqat işləri aparırlar. Hər iki ölkə 2012-2013-cü illərdə reallaşdırılacaq elmi-tədqiqat layihələrini birgə maliyyələşdirəcək.

Avstraliya təhsil sisteminin dünya arenasındakı nüfuzunun nəticəsidir ki, ilbəil bu ölkənin ali məktəblərini seçən əcnəbi tələbələrin sayı artmaqdadır. Statistik məlumatlara əsasən, 2007-ci ildə Avstraliya İttifaqında təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyəti Çin (107071), Hindistan (63604), Koreya (34674), Tailand (19987), Malayziya (19874), Honq-Konq (19742), Yaponiya (16077), İndoneziya (14919), Braziliya (12545) və ABŞ (11822) vətandaşlarından ibarət olub.

Son illər Avstraliya İttifaqı və Azərbaycan arasında da təhsil sahəsində əlaqələrin uğurlu inkişafı müşahidə olunmaqdadır. "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na 21 qabaqcıl Avstraliya universiteti daxil edilib. 

Bəşarət MƏMMƏDOV,

Dilrubə BAYRAMOVA 

Yazının hazırlanmasında Avstraliya Dövlət Təhsil, Elm və Təlim Departamentinin rəsmi məlumatlarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov