Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - 43

 

Dünya universitetləri

 

Münhen Lüdviq-Maksimilian Universiteti

 
  Yerləşir:   Almaniya Federativ Respublikası, Münhen şəhəri  
Yaranma tarixi: 1472-ci il
Tipi: Dövlət
İşçi heyəti: 14000 nəfər
Tələbələrin ümumi sayı: 48857 nəfər
Ümumi büdcəsi: 482,4 milyon avro
Rəsmi saytı: www.uni-muenchen.de
 

Münhen Lüdviq-Maksimilian Universiteti (Ludwig-Maximilians-Universitat (LMU) München) Almaniyanın Münhen şəhərində yerləşir. 500 ildən artıq tarixə malik bu universitet tələbələrinin sayına görə ölkənin ən böyük ikinci ali təhsil ocağı hesab edilir.

Münhen Lüdviq-Maksimilian Universiteti dünya universitetləri arasında özünəməxsus yer tutur. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Münhen Lüdviq-Maksimilian Universiteti 100 ən yaxşı ali məktəb arasında 98-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-2011-ci illər üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Münhen Lüdviq-Maksimilian Universiteti 61-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 66-cı yerdə qərarlaşıb. "Times Higher Education World University Rankings"in 2011-2012-ci tədris ili üzrə açıqladığı reytinq cədvəlinə əsasən universitet 45-ci, "QS World University Rankings"in reytinqində isə 62-ci yerdə dayanır.

Münhen Lüdviq-Maksimilian Universiteti Avropa Tədqiqat Universitetləri Liqasının, Vyana Beynəlxalq Universitetinin, Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) və Bavariya Beynəlxalq Akademik Mərkəzinin təsisçi üzvüdür. Universitet, həmçinin Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus Mundus proqramında fəal iştirak edir.   

Tarixi  

Münhen Lüdviq-Maksimilian Universiteti 1472-ci ildə İnqolştadt şəhərində Roma Papasının dəstəyi ilə bavariyalı Hersoq Lüdviq tərəfindən təsis edilib. İlk olaraq təhsil ocağının tərkibində dörd fakültə - İncəsənət (hazırkı Fəlsəfə fakültəsi), Tibb, Hüquq və İlahiyyat fakültələri  fəaliyyət göstərib. Universitet islahatlar dövründə Martin Lüter və onun tərəfdarlarına qarşı mübarizədə böyük rol oynayıb. Sonralar universitet 200 ildən çox Yezuitlər ordeninin təsiri altında olub.

1800-cü ildə Kral I Maksimilianın qərarı ilə ali məktəb Almaniyanın Landshut şəhərinə köçürülüb. Universitetin köçürülməsində əsas məqsəd ali məktəbi yezuitlərin təsirindən azad etmək və yezuitlərə meyilli müəllim heyətini digərləri ilə əvəzləmək olub. 1802-ci ildən universitet bavariyalı Hersoq Lüdviq və Kral I Maksimilianın şərəfinə Lüdviq-Maksimilian Universiteti kimi tanınıb. 1825-1826-cı illərdə universitetin tələbələrinin sayı artaraq təxminən min nəfərə çatıb.

1826-cı ildə Kral I Lüdviqin əmri ilə bu ali təhsil müəssisəsi Münhen şəhərinə köçürülüb. XIX əsrin ikinci yarısında ali məktəbin həyatında dəyişikliklər baş verir. Universitetdə keçirilən məşğələlərin sayı artırılır və buraya yüksək ixtisaslı müəllimlər cəlb edilir. 1840-cı ildə universitet hazırda yerləşdiyi binaya köçürülür.

1900-cü ildə şotlandiyalı Mariya Qordon və Aqnes Kelli Münhen Lüdviq-Maksimilian Universitetinin doktorluq dərəcəsini alan ilk qadın alimləri olublar. Münhen Lüdviq-Maksimilian Universitetinin  aspirantı adını almış ilk alman qadını isə Adel Hartman olub.  

Büdcəsi və təhsil haqqı  

2010-2011-ci tədris  ilində Münhen Lüdviq-Maksimilian Universitetinin illik büdcəsi 482,4 milyon avro olub. Ali məktəbin gəlirlərinin 303,2 milyonu dövlət yardımlarının, 117,6 milyonu isə xarici maliyyə mənbələrinin payına düşüb. Universitetin xərclərinin 27,2 milyonunu təhsil haqqı, 21,1 milyonunu əməliyyat xərcləri, 12,3  milyonunu təmir və tikinti, qalan 1 milyonunu isə digər məsrəflər təşkil edib. 

Universitet bu gün 

 Münhen Lüdviq-Maksimilian Universiteti XX əsrdə əsaslı şəkildə genişlənməyə başlayır. Universitetin ərazisində yeni fakültələr (baytarlıq, pedaqoji və s.) yaradılır. Universitetdə Avropa ərazisində yeganə olan Biotexnologiya Mərkəzi, astronomiya və aqrofizika elmi-tədqiqat institutları və aynalı teleskopu olan rəsədxana fəaliyyət göstərir.

  Münhen Lüdviq-Maksimilian Universitetinin institutları və tədqiqat mərkəzləri Münhendə və ona yaxın qəsəbələrdə yerləşir. Universitetin əsas binaları əsasən Qeşvister-Şol-Plaç ərazisində yerləşir. Digər binalar - Hay-Tek Kampusu, Pedaqogika və Psixologiya fakültəsinin yerləşdiyi Şvaynxenbau binası, universitetin klinikaları, kimya və biotexnologiya kampusları və s. Qrosxarden rayonu ərazisində fəaliyyət göstərir. 

   Hazırda universitetdə 18 fakültə və 41 tədqiqat mərkəzi fəaliyyət göstərir.

Katolik İlahiyyat  fakültəsi universitetin ilk fakültələrindəndir. Fakültənin tərkibinə Martin Qrabman adına Orta Əsrlər İlahiyyatı və Fəlsəfəsi üzrə Elmi-Tədqiqat, Ekumenik Tədqiqatlar (əsasən müxtəlif xristian kilsələri arasında dialoqun təşkili məsələləri ilə məşğul olur) və Münhen Pravoslav institutları daxildir.

Protestant İlahiyyat fakültəsi 1968-ci ildə təsis edilib. Yarandığı gündən fakültə almandilli ölkələr arasında ilahiyyat elminin tədqiqi ilə məşğul olan ən güclü elmi tədqiqat fakültələrindən birinə çevrilib.

Hüquq fakültəsində xüsusi sahələr üzrə çoxlu sayda kurslar təklif edilir, həmçinin ilk dövlət imtahanını verənlərə beynəlxalq və Avropa biznes hüququ sahəsində təhsilini davam etdirmək imkanı yaradılır. Bundan əlavə, elmi dərəcəsi olan əcnəbi tələbələr alman hüququ üzrə dərəcə də ala bilər.

Biznesin İdarə olunması fakültəsi Münhen İdarəetmə Məktəbi kimi də tanınır. Fakültə Almaniyanın ən yaxşı biznes məktəblərindən biri hesab edilir. Fakültədə xeyli sayda milli və beynəlxalq idarəçilik (master) proqramları mövcuddur. 

İqtisadiyyat fakültəsi 2010-2011-ci tədris ilindən başlayaraq öz tələbələrinə  ingilis dilində ikiillik magistr proqramları təqdim edir. Bu proqramlar əsasən universitetin İqtisadi Tədqiqatlar Mərkəzinə dəvət edilmiş beynəlxalq tədqiqatçılar tərəfindən tədris edilir.

Tibb Fakültəsi tibb üzrə Almaniyanın cənub ərazisində mövcud olan ən böyük təhsil müəssisəsidir. Onun tərkibinə Münhen Hospital Universiteti daxildir.

Baytarlıq Tibb fakültəsi də Almaniyanın cənubunda yerləşir. Fakültə bu ərazidə mövcud olan yeganə baytarlıq təlimi və tədqiqatı mərkəzidir. Fakültənin tədris proqramında qida gigiyenası və baytarlıq səhiyyəsi ilə yanaşı, kliniki və parakliniki təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Tarix və Sənətşünaslıq fakültəsi cənubi Almaniya ərazisində incəsənət elmlərinin tədrisi üzrə təxminən  25 proqram təqdim edən yeganə təhsil ocağıdır. Onun tərkibinə İncəsənət Tarixi, İncəsənət Pedaqogikası, Musiqi Pedaqogikası, Musiqişünaslıq institutları və Münhen Teatr Akademiyası daxildir.   

Fəlsəfə, Elm Nəzəriyyəsi və Dinşünaslıq fakültəsində təhsil əsasən fəlsəfə ixtisası üzrə dərəcə proqramları istiqamətində aparılır. Burada həmçinin dini proqramların da tədrisi həyata keçirilir.

Psixologiya və Pedaqogika fakültəsi üç institutdan ibarətdir. Fakültədə pedaqogika, Təhsil və Sosiallaşma, Məktəb və Təlim üzrə Tədqiqat, Profilaktika, Reabilitasiya və İnteqrasiya üzrə Tədqiqat institutları fəaliyyət göstərir.   

Mədəniyyətşünaslıq fakültəsində Cənubi, Cənub-Şərqi Avropa və Asiya ölkələrinin mədəniyyətlərini öyrənmək üçün filoloji, arxeoloji, antropoloji və sosioloji vasitələri tətbiq edən fənlər tədris olunur.

Dilçilik və Ədəbiyyatşünaslıq fakültəsi tələbələrin sayına görə universitetin ən böyük fakültələrindəndir. Fakültə müxtəlif institutları və əlavə departamentləri özündə birləşdirən üç şöbədən ibarətdir. 

Birinci şöbə Alman Filologiyası, Müqayisəli Ədəbiyyat, Nordik Filologiyası və Alman Dili institutlarını əhatə edir. İkinci şöbə yunan və latın filologiyası, roman dilləri filologiyası, italyan filologiyası, slavyan filologiyası, dil və kommunikasiya və Albanologiya proqramlarını təqdim edir. Üçüncü şöbəyə İngilis filologiyası və Amerika institutları daxildir.    

İctimai Elmlər fakültəsi tələbələrinin sayına görə üçüncü yerdə dayanır. Fakültədə sosiologiya, politologiya, jurnalistika və kommunikasiya sahələri üzrə 10 əsas və ikinci dərəcəli proqramlar əsasında tədris aparılır.

Riyaziyyat, İnformatika və Statistika fakültəsi  bakalavr, magistr səviyyələri və diplom verilməsi üzrə proqramlar təklif edir. Fakültə riyaziyyat, informatika və statistika şöbələrindən ibarətdir. 

Fizika fakültəsi universitetin nüfuz qazanmasında xüsusi rol oynayan fakültələrdəndir. 2010-cu ildə "Times Higher Education World University Rankings"in reytinq cədvəlinə əsasən universitet fizika sahəsi üzrə Almaniyanın ən yaxşı ali təhsil müəssisəsi hesab edilib. Almaniya Tədqiqat Fondundan (DFG) maliyyə dəstəyi alan fakültənin xeyli sayda tədqiqat mərkəzləri var. 

Kimya və Əczaçılıq fakültəsinə Biokimya və Əczaçılıq şöbələri daxildir. Fakültə Hay-Tek kampusunda yerləşir.

Biologiya fakültəsi iki şöbədən ibarətdir. Şöbələrdən birində botanika elmi üzrə kurslar təklif edilir. Burada biologiya elminin prinsipləri, genetika, mikrobiologiya, sistematik zoologiya, həmçinin sistematik botanika və  mikologiya elmləri tədris olunur. Digər şöbə isə antropologiya, insan genetikası və zoologiya elmləri ilə məşğul olur.

Yer və Ətraf Mühit Elmi fakültəsi coğrafiya, yer və ətraf mühit elmləri bölmələrindən ibarətdir. Fakültənin devizi "Qlobal, regional  və  lokal  dəyişikliklərin  tədqiqi, anlaşılması və planlaşdırılması"dır.

Ali məktəbin tədqiqat mərkəzlərindən olan Reyçel Karson adına Ətraf  Mühit və Cəmiyyət Mərkəzi Münhen Universiteti ilə Alman Muzeyinin birgə təşəbbüsü əsasında yaradılıb. Mərkəz Almaniyanın Tədqiqat və Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Mərkəzin məqsədi ətraf mühitin qorunması üzrə aparılan siyasi və elmi debatlarda bəşəriyyətin rolunu gücləndirmək məqsədilə tədqiqat və müzakirələrin aparılmasıdır.

Digər əsas mərkəz kimi Tətbiqi Siyasi Tədqiqatlar Mərkəzinin  adını çəkmək olar. 1995-ci ildə yaradılan mərkəz Almaniyada Avropa və beynəlxalq məsələlər üzrə fəaliyyət göstərən siyasi tədqiqatlar institutlarındandır.

Universitetdə həmçinin Yaponiya, Beynəlxalq Səhiyyə, Nanoelmlər, Neyroelm-Beyin və İdrak mərkəzləri və s. fəaliyyət göstərir.

Münhen Lüdviq-Maksimilian Universitetində mükəmməl kitabxana sistemi mövcuddur. Məktəbin kitabxana sistemi əsas və 130-a qədər kiçik kitabxanaya bölünür. Burada ümumilikdə təxminən 6,5 milyon cild kitab mövcuddur. Universitetin əsas kitabxanasında 2,4 milyon cild kitab, 3 mindən çox qədim əlyazma və 1900-cü ilə məxsus 4 minə yaxın qədim şəkillər saxlanılır. Kitabların böyük əksəriyyətinin elektron versiyası yaradılıb. Bundan əlavə, ali məktəbin müəllim və tələbələri Bavariya Dövlət Kitabxanasından, Münhen Texniki Universitetinin kitabxanasından, həmçinin digər yerli və dövlət kitabxanalarından istifadə etmək imkanına malikdirlər.

2002-ci ildən etibarən universitetin prezidenti Bernd Huberdir. Universitetdə ümumilikdə 14 minə yaxın əməkdaş çalışır. Onların 714 nəfərini professor-müəllim heyəti təşkil edir.

Münhen Lüdviq-Maksimilian Universitetinin müəllimləri arasında 1918-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən kvant nəzəriyyəsinin banisi Maks Plankın adını çəkmək olar. Ümumilikdə universitetin fizika, tibb və kimya sahələri üzrə 13 Nobel mükafatı laureatı var.

2011-2012-ci tədris ili üzrə Münhen Lüdviq-Maksimilian Universitetində 48857 tələbə təhsil alır. Onlardan 6615 nəfəri əcnəbi tələbələrdir. Hər il təxminən 5 min gənc mütəxəssis Münhen Lüdviq-Maksimilian Universitetinin məzunu olur. Universitetdə təhsil almaq istəyən əcnəbi tələbələr üçün irəli sürülən ilk və əsas şərtlərdən biri alman dilini mükəmməl bilməkdir. Bu məqsədlə universitetin tərkibində əcnəbilər üçün alman dili kursu təşkil edilir. Məşğələlər əsas hazırlıqla paralel, həmçinin tətil vaxtları keçirilir. Alman dili kursu 6 səviyyəyə bölünür. İlk səviyyələrdə dərs yükü həftədə 13-20 saat, sonuncu səviyyələrdə isə 4-20 saat təşkil edir.

Təhsil ocağında tədris ili iki semestrə bölünür. Fakültələr üzrə qəbul müxtəlif vaxtlarda həyata keçirilir. Qış semestri oktyabrın ortalarında başlayır və fevralda başa çatır. Yay semestri apreldən iyul ayına qədər davam edir. Qış semestrində təhsil üçün ərizələr oktyabrın, yay semestrində isə aprelin əvvəlinə qədər qəbul edilir.

Münhen Lüdviq-Maksimilian Universitetində 1400 alim doktorluq dərəcəsi almaq və təxminən 100 nəfər isə universitetdə çalışmaq hüququ əldə etmək üçün dissertasiya müdafiə edib. Ali məktəbdə dərslər 150 istiqamət üzrə aparılır. Burada demək olar ki,  bütün humanitar fənlər, o cümlədən riyaziyyat və təbiət elmləri tədris olunur. Universitet hüquq, iqtisadiyyat, ilahiyyat, tibb, psixologiya, pedaqogika, sosiologiya, tarix və filologiya elmləri sahəsində mütəxəssis hazırlığı ilə məşğul olur. Eyni zamanda ali məktəbdə Albaniya və Misir tarixi, mədəniyyəti, Cənub-Şərqi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatı kimi nadir ixtisaslara da yer verilib. Bununla yanaşı, universitetdə  tibb üzrə elmi-tədqiqat işlərini həyata keçirən  klinika fəaliyyət göstərir.

Münhen şəhərində 42 tələbə yataqxanası var. Bu yataqxanalar  9 min tələbə üçün nəzərdə tutulub. Lakin şəhərdə 9 universitetin fəaliyyət göstərdiyini, ümumilikdə həmin universitetlərin 100 min tələbəsinin olduğunu nəzərə alsaq (bunun 48 mini Münhen Lüdviq-Maksimilian Universitetinin payına düşür), yataqxanaların yetərli sayda olmadığı aydın görünür. Məhz buna görə də tələbələrin əksəriyyəti əsasən mənzil kirayələyirlər. 

Bu gün Münhen Lüdviq-Maksimilian Universiteti Almaniyanın ən tanınmış elmi tədqiqat mərkəzlərindən biridir. Universitet öz fəaliyyətində şəffaflıq, yaradıcı yanaşma və novatorluq prinsiplərinə üstünlük verir. Ali məktəb apardığı elmi tədqiqat işləri ilə nəinki Almaniyada, eləcə də bütün Avropada böyük nüfuz qazanıb və  yüksək nailiyyətlərə imza atıb.

Universitetin məşhur məzunları 

  Teodor Henş fizika üzrə Nobel mükafatı laureatı  
  Qerd Binninq fizika üzrə Nobel mükafatı laureatı  
  Verner Qeyzenberq fizika üzrə Nobel mükafatı laureatı  
  Maks fon Lauz fizika üzrə Nobel mükafatı laureatı  
  Vilhelm Konrad Rentgen fizika üzrə Nobel mükafatı laureatı  
  Vilhelm Vin fizika üzrə Nobel mükafatı laureatı  
  Konrad Lorenz tibb üzrə Nobel mükafatı laureatı  
  Karl Ritten fon Friş tibb üzrə Nobel mükafatı laureatı  
  Feodor Linen tibb üzrə Nobel mükafatı laureatı  
  Adolg Butennadt kimya üzrə Nobel mükafatı laureatı  
  Henrix Viland kimya üzrə Nobel mükafatı laureatı  
  Rixard Vilştetter kimya üzrə Nobel mükafatı laureatı  
  Adolf fon Bayer kimya üzrə Nobel mükafatı laureatı  

                                                                        Hazırladı:
Leyla HEYDƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov