Noyabrın 4-də Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) İnformasiya Texnologiyaları
İnstitutunda (İTİ) Azərbaycan Müəllimlər
İnstitutunun təşəbbüsü ilə "Təhsildə informasiya
texnologiyalarının tətbiqi" mövzusunda seminar
keçirilmişdir.
İTİ-dən AzərTAc-a bildirmişlər ki, institutun
direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim
Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin
fəaliyyəti, ölkəmizdə İKT-nin, informatika
elminin inkişafı istiqamətində həyata keçirilən
tədbir və layihələr, qəbul edilən dövlət
proqramları haqqında məlumat vermişdir.
Müasir dövrdə informasiya təhlükəsizliyi
məsələlərinin qlobal problemlərdən olduğunu qeyd
edən R.Əliquliyev institutda İnternetin
elmi-nəzəri əsaslarının tədqiqi ilə bağlı mühüm
işlərin aparıldığını diqqətə çatdırmışdır. O,
İTİ-də aparılan elmi-tədqiqat işlərinin, əldə
edilən elmi nəticələrin Thomson Reuter
Agency-nin istinad indeksli jurnallarında əksini
tapmasının mühüm göstərici olduğunu
vurğulamışdır. İTİ-də "İnformasiya cəmiyyəti
problemləri" şöbəsinin fəaliyyət göstərdiyini
bildirən alim institutun bu sahədə həyata
keçirdiyi layihələrdən bəhs etmişdir.
İnformasiya cəmiyyətində hər kəsin informasiya
və bilik əldə etmək, mübadilə aparmaq imkanına
malik olduğunu qeyd edən R.Əliquliyev bütün
bunlara nail olmaq üçün təhsil sisteminin
qarşısında insanlarda informasiya mədəniyyətini
formalaşdırmaq və inkişaf etdirmək, elektron
vətəndaş yetişdirmək kimi mühüm vəzifələrin
dayandığını bildirmişdir. Alim qlobal dünyada
cəmiyyətin informasiyalaşdırılması prosesinin
getdiyini, dünya təhsil məkanında layiqli yer
tutmaq üçün təhsil sistemində müasir informasiya
texnologiyalarının tətbiqinin zəruriliyini
vurğulamışdır. O, "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın
təhsilin qabaqcıl texnologiyalar əsasında
inkişaf etdirilməsi, keyfiyyətinin
yüksəldilməsi, vahid elm-təhsil məkanının
formalaşdırılması, Azərbaycanın təhsil
sisteminin dünyanın təhsil sisteminə
inteqrasiyası məqsədlərinə xidmət etdiyini qeyd
etmişdir.
Bu gün təhsil sistemində müasir informasiya
texnologiyalarının geniş tətbiqinə böyük önəm
verildiyi diqqətə çatdırılmışdır. Təhsilin
informasiyalaşdırılması problemləri ilə bağlı
AMEA İTİ-də aparılan elmi tədqiqatlardan danışan
institutun direktoru araşdırmaların müxtəlif
elmi istiqamətləri əhatə etdiyini bildirmişdir.
Sonda R.Əliquliyev müəllimləri maraqlandıran
sualları cavablandırmışdır. |