"Çağ"
Öyrətim İşlətmələri Şirkətinin Qafqaz
Universiteti
Dünyanın onlarca ölkəsində yaratdığı tədris
müəssisələri vasitəsi ilə təhsil xidmətləri
göstərən qardaş Türkiyənin "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin Azərbaycana gəlişinin 20
ili tamam olur. Bu illər ərzində şirkət
ölkəmizdə də kifayət qədər geniş coğrafiyanı
əhatə edən təhsil ocaqları şəbəkəsi quraraq
Azərbaycan balalarının təhsillənməsi, ölkəmiz
üçün yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması yönündə böyük xidmətlər göstərmiş
və hazırda da göstərməkdədir. Şirkətin demək
olar ki, bütün tədris müəssisələri verdikləri
təhsilin yüksək keyfiyyətinə görə ölkə
ictimaiyyətinin dərin rəğbətini qazanmışdır. Bu
təhsil ocaqları arasında yeganə ali təhsil
müəssisəsi olan Qafqaz Universiteti isə
fəaliyyətə başladığı 1993-cü ildən bəri böyük
inkişaf yolu keçərək ölkənin ən yüksək reytinqli
ali məktəblərindən birinə çevrilmişdir.
18 il öncə cəmi bir neçə ixtisasla fəaliyyətə
başlayan universitetdə hazırda bakalavr
pilləsində 22, magistratura pilləsində 18,
doktorantura pilləsində isə 7 ixtisas üzrə
mütəxəssis hazırlığı aparılır. İlk vaxtlar
universitetə hər il 150-200 nəfər tələbə
gəlirdisə, bu il bakalavr səviyyəsi üzrə 600,
magistratura səviyyəsi üzrə isə 200 tələbə
qəbul olunub.
Ötən
müddət ərzində universitetə daxil olan
tələbələrin keyfiyyət baxımından tərkibi də
müsbətə doğru xeyli dəyişmişdir. Belə ki, əgər
əvvəllər qəbul imtahanlarında 400-500, bəzən isə
300 bal toplayan abituriyentlər Qafqaz
Universitetinə qəbul olunurdularsa, indi əsasən
500, 600-dən yüksək bal toplayanlar bura
gəlirlər. Təkcə onu göstərək ki, bu il qəbul
imtahanlarında ən yüksək - 700 bal toplamış 4
abituriyentin 4-ü də Qafqaz Universitetini
seçmişdir və hazırda universitetin kompüter
mühəndisliyi, informasiya texnologiyaları və
sistemləri mühəndisliyi, kimya mühəndisliyi
bölmələrində təhsil alırlar. 185 tələbə
universitetə 600-dən yuxarı balla qəbul
olunmuşdur. Bu il qəbul imtahanlarında yüksək
bal toplayaraq Prezident təqaüdünə layiq görülən
102 I kurs tələbəsinin 25-i Qafqaz
Universitetini seçmişdir. Ölkə üzrə ali
məktəblər arasında yüksək reytinqə malik olan
Qafqaz Universiteti "QS World University
Rankings-2011" reytinqinə görə dünyanın 700 ən
yaxşı universiteti siyahısına daxil olmuşdur.
Universitet bu siyahıda 601-ci yerdədir.
Bütün bunlar sadəcə fakt və rəqəmlər olmayıb,
Qafqaz Universitetinin təhsili yüksək səviyyədə
təşkil etməsindən, ölkə ictimaiyyəti arasında
nüfuzundan xəbər verir.
Ulu
öndər Heydər Əliyevin xeyir-duası ilə ölkəmizdə
fəaliyyətə başlayan və həmişə etimada yüksək
sədaqət göstərən Qafqaz Universitetinə ümummilli
liderimiz Heydər Əliyev, onun layiqli davamçısı,
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən hər zaman yüksək dəyər
verilmiş və lazımi dəstək göstərilmişdir. İlk
illər darısqal bir binada fəaliyyət göstərən
universitetə müasir universitet şəhərciyi
yaratmaq üçün şəhər kənarında geniş torpaq
sahəsinin ayrılmasını da məhz bu diqqət və
qayğının parlaq təzahürü kimi qiymətləndirmək
olar.
Hazırda universitet zəngin maddi-texniki bazaya
malikdir. Geniş, yaraşıqlı tədris korpusları və
yataqxanalar, ən müasir cihaz və avadanlıqlarla
təchiz olunmuş laboratoriyalar, İKT-nin geniş
tətbiqinə əsaslanan tədris sistemi, yüksək
ixtisaslı professor-müəllim heyətinin olması
universitetdə mütəxəssislər hazırlığını dünya
standartları səviyyəsində həyata keçirməyə imkan
verir.
Universitetin məzunları 46 ölkədə çalışır
Bəs
Azərbaycan ali təhsil məkanında xüsusi yeri olan
Qafqaz Universitetinin son illər əldə etdiyi
uğurların səbəbi nədir? Gənclər nə üçün bu ali
məktəbə daha çox üstünlük verir və bura daxil
olmağa can atırlar? Qafqaz Universitetini
Azərbaycanda çox iri universitet saymasa da,
yetkili bir universitet olduğunu düşünən bu ali
təhsil ocağının rektoru, professor Ahmet Saniçin
fikrincə, bunun səbəblərindən biri universitetin
ən mühüm, önəmli göstəricisi olan məzunlarıdır.
Bu gün Qafqaz Universitetinin məzunları 46
müxtəlif ölkədə ya çalışır, ya da magistratura
və doktoranturada təhsillərini davam etdirirlər.
Məzunlar arasında həm dövlət, həm də özəl
sektorda ən yüksək vəzifələrdə çalışan insanlar
vardır. Universitetə üz tutan ən yüksək ballı
abituriyentlər də məhz o məzunlara baxaraq
gəlirlər. Burada məzunlar universitetdən belə
bir tövsiyə ilə həyata pərvazlandırılırlar:
"Haraya gedirsinizsə gedin, olduğunuz o yeri
yüksəkliyə qaldırmağa çalışın". Bunun üçün lazım
olan bilik və bacarıqlar universitetdə məzun
olacaq tələbələrə dərindən aşılanır.
Avropa təhsil modeli və yüksək texnologiyalar
uğurların əsas təminatçısıdır
Qafqaz
Universitetində layihələrlə bağlı təhsilə
üstünlük verilir. Çünki özəl universitet
xərclərinin 20-30 faizini məhz qoşulduğu,
iştirakçısı olduğu layihələrdən əldə etmək
məcburiyyətindədir. Tələbələr də tələbəlik
dövründə bu layihələrlə işləməyə alışırlar. Bu
səbəbdən də həyatda çətinliklərlə qarşılaşanda
onları bacarıqları hesabına aradan qaldırmağa
nail olurlar. Müasir dövrdə işəgötürənlər də
məhz belə həyati bacarıqlara üstünlük
verdiklərindən universitetdə həmin bacarıqlara
yiyələnmiş məzunlar iş tapmaqda o qədər də
çətinlik çəkmirlər.
Rektorun qənaətinə görə, rəhbərlik etdiyi Qafqaz
Universitetinin qısa müddətdə ölkəmizin ən öndə
gedən ali məktəblərindən birinə çevrilməsinin
səbəblərindən biri də vaxtilə əksəriyyəti
Türkiyədən gəlmiş, indi isə azərbaycanlıların
təşkil etdiyi professor-müəllim heyətinin
Azərbaycan sevgisi ilə, ölkəmizi sevərək
çalışmaları, öz fəaliyyətlərində bu duyğu və
düşüncələri milli dəyərlər olaraq rəhbər
tutmalarıdır. Digər bir səbəb universitetdə türk,
Avropa təhsil modelinin tətbiq olunmasıdır. Ulu
öndər Heydər Əliyevin universiteti yaradanlara
verdiyi "Köhnə təhsil sistemi ilə davam etmək
olmaz, hökmən müasir təhsil sisteminə keçmək
gərəkdir" tövsiyəsini nəzərə alan universitet
1993-cü ildən güclü model hesab olunan Türkiyə
modeli ilə, kredit sistemi ilə işləyir. Ölkəmiz
Boloniya Bəyannaməsinə qoşulduqdan sonra isə
digər ali təhsil müəssisələrindən fərqli olaraq
Qafqaz Universiteti cəmi 6 ay ərzində Boloniya
sisteminə keçmişdir.
Uğurların
digər bir səbəbi isə universitetdə
texnologiyanın ən yeni modellərinin tətbiqi ilə
bağlıdır. Hələ kompüter Azərbaycanda yayılmadığı
dövrdə Qafqaz Universitetində onlardan geniş
istifadə olunurdu. İndi İKT hər yerdə geniş
tətbiq olunur və kifayət qədər kompüterə sahib
olmaq fəxredici durum sayılmır. Ona görə də indi
universitetin əsas qayğısı hələlik çoxları üçün
əlçatmaz olan ən yeni və yüksək texnologiyaların
əldə olunması və təhsildə tətbiqidir. Bu işdə iş
dünyası ilə əlaqələrinin universitetə böyük
köməyi dəyir. Məsələn, təkcə son bir il ərzində
"Azercell Telecom" Şirkətinin köməyi ilə
universitetdə 2G, 3G və 4G tipli ən müasir
telekommunikasiya laboratoriyaları qurulmuşdur.
BP şirkəti isə ötən il burada modern kimya
mühəndisliyi laboratoriyaları yaratmışdır. Yaxın
vaxtlarda BP universitetdə mexanika
laboratoriyaları açmağı da planlaşdırmışdır.
Universitetdə mənəvi cəhətdən köhnəlmiş
kompüterlər müntəzəm olaraq yeniləşdirilir,
tələbələr üçün innovasiya mərkəzləri açılır.
Qafqaz Universitetində təhsil Azərbaycan və
ingilis dillərində aparılır. Tədrisin ingilis
dilində aparıldığı ixtisaslar üzrə təhsil
müddəti dil hazırlığı daxil olmaqla 6 ildir.
Lakin tələb olunan səviyyədə dil hazırlığı
nümayiş etdirən tələbələr birbaşa bakalavr
təhsilinə başlaya bilərlər. Universitetə
azərbaycanlı tələbələr TQDK-nın keçirdiyi qəbul
imtahanları, xarici ölkələrdən gələn gənclər isə
universitetdə təşkil olunan ön testlər vasitəsi
ilə qəbul edilirlər. Müəllimlərin işə qəbulu da
ciddi seçim prosedurları vasitəsi ilə həyata
keçirilir. İlk illər Türkiyədən gələn
müəllimlərə üstünlük verilir və belələri
professor-müəllim heyətinin 80-90 faizini təşkil
edirdi. Zaman keçdikcə bu tendensiya da
dəyişmişdir. İndi əksinə, professor-müəllim
heyətinin 80-90 faizi azərbaycanlılardır. Bu
zaman Türkiyədə, xarici ölkələrdə doktorantura
təhsili almış azərbaycanlı mütəxəssislərə
üstünlük verilir. Universitet onlara qaneedici
əməkhaqqı təklif edir. İşə qəbul zamanı müraciət
edənin ingilis dilini bilməsi, İKT bacarıqları
əsas şərtlər kimi nəzərə alınır.
Maddi-texniki baza
Qafqaz Universitetində maddi-texniki və tədris
bazasının möhkəmləndirilməsi daim diqqət
mərkəzindədir və bu istiqamətdə müntəzəm iş
aparılır. Hazırda universitet şəhərciyində 2
tədris korpusu inşa olunur. Onların bu il
istifadəyə verilməsi nəzərdə tutulub. Yaxın
illərdə daha 2 korpusun tikilməsi və yataqxana
şəbəkəsinin genişləndirilməsi planlaşdırılıb.
Beləliklə, 5-6 il ərzində universitet şəhərciyi
tamamlanmış olacaqdır. Mövcud texnoloji
avadanlığın 5 ildə bir dəfə dəyişdirilməsi
həyata keçirilir. Nəticədə universitetdə daim ən
yeni texnologiyalardan, müasir kompüterlərdən
istifadə olunur. İnternet şəbəkəsi son dərəcə
yüksəkdir. Məhz bunun hesabına universitetdə
məsafədən (distant) təhsil formasından,
videokonfranslardan geniş istifadə olunur.
Türkiyə, İsveç, Amerika, eləcə də digər
ölkələrlə tez-tez videokonfranslar keçirilir.
Burada
bir neçə videokonfrans otağı yaradılmış və
müasir İKT vasitələri ilə təchiz olunmuşdur.
Bir zamanlar universitetin hədəfi ancaq təhsil
vermək idisə, indi elmi çalışmalara daha çox
üstünlük verilir. Universitet alimlərinin elmi
məqalələri dünyanın nüfuzlu elmi jurnallarında
dərc olunur, patent alacaq elmi tədqiqatlara
xüsusi önəm verilir. Universitetdə 10 elmi-tədqiqat
mərkəzi fəaliyyət göstərir.
Bu il universitetdə iki yeni ixtisas açılıb
Hazırda universitetdə bakalavriatura,
magistratura səviyyələrində bütövlükdə 26
ixtisas üzrə kadr hazırlığı aparılır. İxtisaslar
müəyyənləşdirilərkən onlara tələbat ciddi
surətdə öyrənilir və nəzərə alınır. Mövcud maddi-texniki
bazanın, texnologiyanın, professor-müəllim
heyətinin yüksək olması burada vaxtaşırı olaraq
yeni-yeni bölümlərin açılmasına imkan verir.
Ötən il mexanika mühəndisliyi və jurnalistika
ixtisasları açılıb. Bu il hər iki ixtisasa ilk
tələbə qəbul olub. Jurnalistika ixtisası
İstanbul Universiteti ilə birgə, onların
proqramına uyğun fəaliyyət göstərir. Müəllimlər
də İstanbul Universitetindən gəlir. Məqsəd
Türkiyə jurnalistikasının təcrübəsini buraya
gətirməkdir. Universitet rəhbərliyi faydalı
olacağına ümid etdiyi mühasibat uçotu, kimya-biologiya
müəllimliyi ixtisaslarının, BP-nin köməyi ilə ya
inşaat, ya da neft mühəndisliyi bölümünün
açılmasını da nəzərdə tutur.
İş dünyası ilə əlaqələr
Qafqaz Universitetinin uğurlarının əsas
səbəblərindən, bu ali məktəbi digərlərindən
fərqləndirən cəhətlərdən biri iş dünyası ilə
yaradılmış sıx əlaqələrdir. Rektorun fikrincə,
Harvard, Kembric kimi universitetlər hazırda
tamamilə sənaye ilə bərabər çalışır. Çünki
sənaye ilə, iş dünyası ilə birgə çalışmayan
universitet kitabların arasında boğulub qalır.
Bu səbəbdən Qafqaz Universiteti artıq çoxdan
universitet divarlarını aşıb, iş dünyası ilə sıx
əlaqələr yaratmışdır. Hazırda universitet "Azərsun
Holdinq", "Embavud Holdinq", "Azərkimya", "Azercell
Telecom" və b. şirkətlərlə sıx əməkdaşlıq edir.
Bu əməkdaşlıq həmin şirkətlərin universitetdə
laboratoriyaların qurulmasına və müasir
avadanlıqla təchiz olunmasına kömək göstərməsi,
şirkətlərdən gələn mütəxəssislərin universitetdə
kurslar yaradaraq yeni texnologiyalarla iş
prinsipləri və qaydalarını tələbələrə öyrətməsi,
tələbələrin həmin şirkətlərin müəssisələrində
təcrübə keçməsi, universitetin professorlarının
şirkətlərə gedib bəzi məsələlərdə, xüsusən də
elmi-tədqiqat işlərində onların mütəxəssislərinə
yardımçı olması, elmi məsləhətlər verməsi və s.
şəklində həyata keçirilir. Nəticədə hər iki
tərəf əməkdaşlıqdan böyük fayda götürür.
Əməkdaşlıq birgə layihələr işlənməsi formasında
da reallaşdırılır. Universitetlə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının arasında da sıx
əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr
çərçivəsində müəllimlik ixtisasları üzrə təhsil
alan tələbələrin akademiyada təcrübə keçmələri
təşkil olunur.
Beynəlxalq əlaqələr
Qafqaz Universitetini bir çox xarici ölkələrin
universitetləri ilə də sıx əməkdaşlıq əlaqələri
birləşdirir. Bu baxımdan Türkiyənin, Avropa və
Amerikanın ali təhsil müəssisələri ilə əlaqələr
daha sıxdır. Bunlarla yanaşı, universitet Koreya,
Qazaxıstanla da əlaqələr qurmuşdur. Hazırda
Rusiya ilə əlaqələrin qurulması istiqamətində
təşəbbüslər edilir. Universitetin tələbələrinin
təxminən üçdə iki hissəsi xaricdə, əsasən də
Türkiyədə, Almaniyada təcrübə keçirlər. Bir çox
xarici universitetlərlə imzalanmış anlaşmalara
əsasən Qafqaz Universitetinin tələbələri 1 il və
ya 6 ay ölkə xaricində təhsil ala bilirlər.
2006-2007-ci tədris ilindən etibarən Amerikanın
Troy Dövlət Universiteti ilə birlikdə məzunlara
ikili diplom vermək şərtilə 2 ixtisas üzrə MBA
proqramı açılmışdır. Bu təhsil ocağı beynəlxalq
layihələrdə də yaxından iştirak edir. Ötən il
universitetin iştirakçısı olduğu Avropa
İttifaqının bir TEMPUS layihəsi başa çatıb.
Beynəlxalq əlaqələrin artırılması məqsədini
daşıyan layihə Qafqaz Universitetinə bir çox
xarici universitetlə anlaşma yaratmasına imkan
verib. Bu il isə universitet 3 TEMPUS layihəsini
və tələbə mobilliyini saxlayan 1 Erazmus Mundus
layihəsini udub. Hər iki layihə, şübhəsiz,
universitetin xarici ölkələrlə əlaqələrini daha
ciddi şəkildə gerçəkləşdirmək imkanı verəcəkdir.
Qafqaz Universitetində məzunlarla sıx əlaqə
saxlanılır. Burada fəaliyyət göstərən "Karyera
Planlama Mərkəzi" iş dünyası ilə əlaqələr
qurulmasına səy edərək məzunların işlə təmin
olunmasına yardım göstərir. Bu əlaqələr
nəticəsində böyük holdinqlərin nümayəndələri
universitetə gəlib tələbələrlə görüşür,
məsləhətlər verirlər. Bu zaman onlar həm də
tələbənin necə olduğunu öyrənmiş olurlar.
Nəticədə özlərinə lazım olan işçiləri tələbələr
arasından seçirlər. Məzunlarla elektron poçt
vasitəsi ilə əlaqə saxlanılır, universitetdə
onlarla görüşlər keçirilir, məzunlar tədbirlərə
dəvət olunurlar. Bu qayda ilə məzunların
fəaliyyəti, karyera inkişafı davamlı olaraq
izlənilir.
Tələbə dərnəkləri
Tələbələrin dünyagörüşünün genişlənməsi, mənəvi
tələbatlarının ödənməsi, ideal düşüncələrə sahib
olması da Qafqaz Universitetində ən önəmli
məsələlərdəndir. Burada hesab edirlər ki, həyata
atılacaq mütəxəssis insana təkcə ixtisas
biliklərini öyrətmək kifayət deyil. Həyata
uğurlu adaptasiya üçün məzun olacaq tələbələrə
geniş dünyagörüşü, mənəvi dəyərlər də
aşılanmalıdır. Bu istiqamətdə iş universitetdə
tələbə dərnəkləri vasitəsi ilə həyata keçirilir.
Hazırda universitetdə 26 tələbə dərnəyi
fəaliyyət göstərir. Tələbələrin 60 faizi bu
dərnəklərin işində iştirak edir. Dərnəklər milli
bayramlarımızın, acılı günlərimizin qeyd
olunması üçün rəngarəng proqramlar həyata
keçirirlər. Universitetdə xarici ölkələrdən
tələbələrin də oxuduğu nəzərə alınaraq ayrı-ayrı
ölkələrin milli bayramlarına həsr olunmuş
tədbirlər düzənlənir. Bütün bu tədbirlər
tələbələrin özlərinin təşəbbüsü və
təşkilatçılığı ilə baş tutduğundan onlarda
təşkilatçılıq bacarıq və vərdişlərinin
formalaşmasına da müsbət təsir göstərir.
Universitetdə tələbələrin dünyagörüşünün
genişləndirilməsinə, iş dünyasına
inteqrasiyasına hesablanmış aylıq seminarların,
dövlət və hökumət rəsmiləri, tanınmış elm və
mədəniyyət xadimləri, iş adamları ilə görüşlərin
keçirilməsi də ənənə halını alıb. Belə tədbirlər
tələbələrin dəvət olunmuş tanınmış adamların
həyat və fəaliyyəti ilə tanışlığında, onların
nümunəsində tərbiyəsində mühüm rol oynayır.
Tələbələr sevdikləri, maraqlandıqları idman
növləri ilə də bu dərnəklərdə məşğul ola
bilirlər.
Gələcək hədəflər
Yarandığı ilk illərdə ölkənin ən yaxşı ali
məktəblərindən birinə çevrilməyi hədəfə almış
Qafqaz Universitetinin yaxın və uzaq perspektiv
üçün də maraqlı planları vardır: universitet
kampuslarından kənara çıxmaq, universitet
xaricində filiallar açmaq. Universitet
rəhbərliyinin fikrincə, bu, Azərbaycanın içində
olduğu kimi, ölkənin xaricində də olmalıdır. Bu
baxımdan universitetin niyə də Amerikada bir
filialı olmasın. Bu, hələlik arzu da olsa,
universitetdə onu yaxın gələcəkdə reallaşdırmaq
üzərində düşünürlər.
Universitetin rektorunun sözlərinə görə, Qafqaz
Universiteti hazırda Harvard, Kembric və s. kimi
dünyanın ən nüfuzlu universitetlərinə tələbə
göndərməsi ilə fəxr edir. Həmin
universitetlərdən tələbə almaq isə gələcək
hədəflərdəndir. Universitet məzunları arasında
hazırda dünyanın ən nüfuzlu ödüllərinə layiq
görülənlər var. Lakin universitetin bir hədəfi
də Nobellik insanlardır.
Yusif ƏLİYEV |