Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

Yusif ƏLİYEV - 60

Pedaqoji jurnalistikanın fədailərindən biri

 

Mənə belə gəlir ki, cəmiyyətdə fəal mövqe tutmuş, əməlləri ilə hörmət və ehtiram qazanmış insanlar haqqında söz demək o qədər də asan məsələ deyil. Çünki barəsində söz açacağın insanın bütün həyat yoluna, problemlərinə, uğurlarına gərək bələd olasan. Bu bələdliyi isə kiminsə söhbəti, kiminsə yazısı, hətta yazacağın insanın tərcümeyi-hal məlumatları da mükəmməl şəkildə verə bilmir. Bunun üçün gərək o insanın həyatının, ömür yolunun şahidi olasan. Bu baxımdan mənim üçün Yusif Əliyev haqqında yazmaq, onun 60 illik ömür yoluna nəzər salmaq çətin deyil. Çünki mən onu lap kiçik yaşlarından tanıyıram.

Həsənəli kişinin ailəsi Salyan rayonunun Qırmızıkənd kəndində yaşayırdı. Atası Həsən kişi Şərq ədəbiyyatına bələd, Quran oxuyan maarifçi bir insan idi. O, öz biliyini övladlarına, nəvələrinə, tanıdığı, bildiyi gənclərə ötürməyə çalışardı. Həsənəli kişi də atasının verdiyi təhsili yaşadan, Qurani-Kərimə bələd bir insan kimi tanınırdı. O, 1941-1945-ci illər Böyük Vətən müharibəsində ağır bir döyüş yolu keçmişdi. Cibinə sığışan kiçik bir Quran kitabını həmişə öz yanında gəzdirmişdi. Bəlkə elə buna görə də ağır döyüşlərdə ağır itkilərdən salamat çıxmışdır. Onun övladları da babadan, atadan qalma zəhmətsevərliyi, maarifçiliyi, halallığı, səbrliliyi, şərəf və ləyaqətini qorumağı özlərinə amal seçmişlər. Yusif Əliyev babasını görməsə də, atasından çox şeyləri - zəhmətsevərliyi, dostlara sədaqətli olmağı, sadəliyi, təvazökarlığı, davranışda, ünsiyyətdə mədəniyyət nümayiş etdirməyi əxz etmişdir. Bəlkə elə buna görə də o, Qırmızıkənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra müəllimlik peşəsinə yiyələnməyi qərarlaşdırdı. Onun bu istəyində məktəbin direktoru, bacarıqlı ədəbiyyat müəllimi Abuzər Ağayevin və əmisi, ibtidai sinif müəllimi Səfərəli Məmmədovun da payları olmamış deyildir.

Yusif sənədlərini Əli Bayramlı Pedaqoji Texnikumuna təhvil verəndə qəbul komissiyasında onu xüsusi qayğı və diqqətlə qarşıladılar. Çünki 8 illik məktəbi "əla" qiymətlərlə bitirmişdi. Tələbəlik illərinin 1967-1971-ci zaman kəsiyi bu təhsil ocağında keçdi. O, ilk kursdan başlayaraq, təhsil əlaçısı kimi tanındı, ictimai işlərdəki fəallığı ilə seçildi. Ona görə də şəkli şərəf lövhəsini bəzədi, təşkilatçılığı ilə həyata keçirilən tələbə tədbirləri məzmunca və formaca zənginliyi ilə bütün iştirakçıların marağına səbəb oldu. O, bu illərdə mükəmməl təhsil və pedaqoji təcrübə keçərək, ibtidai sinif müəllimi ixtisasına yiyələndi, fərqlənmə diplomuna layiq bilindi.

Texnikumda keçən qaynar tələbə həyatı onu insanlarla, cəmiyyətlə ünsiyyətə hazırlamışdı. Rayon qəzetində və texnikumun divar qəzetində dərc etdirdiyi məqalələr maraqla oxunurdu. Yusif təhsilini davam etdirmək qərarına gəldi. Amma bu dəfə müəllimlik ixtisasını deyil, jurnalist olmağı seçdi.

Texnikumda olduğu kimi, Bakı Dövlət Universitetində də Yusif Əliyevin sənədlərini həvəslə qəbul etdilər. Ona bildirdilər ki, texnikumu fərqlənmə diplomu ilə bitirdiyi üçün yalnız bir fəndən - ədəbiyyatdan yazılı imtahan verməlisən. O, tərəddüd etmədən bu sınağa qatıldı. Bircə imtahandan "əla" qiymət alaraq, jurnalistika ixtisasına yiyələnmək üçün şans qazandı. Beşillik universitet həyatı, ali məktəbdə tələbəlik illəri Yusifin şəxsiyyət və mütəxəssis kimi yetişməsində mühüm rol oynadı. Görkəmli jurnalist kimi tanınmış və jurnalistika elminin tədqiqi ilə məşğul olan dəyərli müəllimləri onun jurnalist peşəsinə mükəmməl yiyələnməsinə xeyli əmək sərf etdilər. 1976-cı ildə o, universiteti bitirdi. Harada işləmək sualı yarananda o, pedaqoji mətbuatda çalışmaq istədiyini bildirdi. Mən o zaman "Azərbaycan məktəbi" jurnalının baş redaktoru vəzifəsində çalışırdım. Gənc jurnalist Yusif Əliyevin pedaqoji mətbuata maraq göstərdiyini eşitdim və bunu təbii saydım. Çünki o, ilkin olaraq pedaqoji biliklərə yiyələnmiş, müəllimlik ixtisasına sahib olmuşdur. Mənim belə bir jurnalist, kadr olaraq diqqətimi çəkdi. Ona görə də Yusif Əliyevi universitet məzunları sırasından "Azərbaycan məktəbi" jurnalının redaksiyasında işləməyə dəvət etdim. Lakin məsələ asanlıqla həll olunmadı. O zamankı Azərbaycan KP MK-nın Elm və Təbliğat şöbələrindən bildirdilər ki, Yusif Əliyevin təyinat alması üçün MK-ya tələbnamə göndərmək lazımdır. O zamanlar jurnalistlərin işlə təminatında Azərbaycan KP MK-nın müvafiq şöbələri əsas rol oynayırdı. Belə olduqda mən MK-ya tələbnamə göndərərək, pedaqoji və jurnalist təhsilli Yusif Əliyevin "Azərbaycan məktəbi" jurnalı redaksiyasına göndərilməsini xahiş etdim. Xahişimizə əməl olundu. Fikirləşdim ki, Yusif Əliyev nə qədər istedadlı və pedaqoji mətbuata uyğun kadr olsa da, hələ bu sahədə mükəmməl praktik bacarıqlara malik deyil. Ona görə də onu korrektor vəzifəsinə işə qəbul etdim. İki il mətbəədəki korrektor otağında əyləşərək, jurnalın korrektəsini həyata keçirdi, eyni zamanda texniki redaktor bacarığına da yiyələndi. Bundan sonra onu redaksiyada şöbə müdiri vəzifəsinə irəli çəkdim. Sonrakı illərdə o, məsul katib, baş redaktor müavini vəzifələrində çalışdı. Bu zaman jurnalın baş redaktoru Zəhra xanım Əliyeva idi. 1976-cı ildən 1992-ci ilə qədər "Azərbaycan məktəbi" jurnalındakı fəaliyyəti Yusifi tanınmış qələm sahibinə çevirdi. O, pedaqoji mövzuda yazdığı sanballı məqalələri ilə həm jurnalist həmkarları, həm də pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.

Yusif Əliyev kollektivdə sevilən, böyük hörmətə layiq əməkdaş kimi tanınırdı. O, özünün sadəliyi, qayğıkeşliyi, müəlliflərlə yüksək mədəni münasibəti ilə çoxlarından seçilirdi. Seçdiyi oçerk qəhrəmanlarının problemlərini özü həll edirdi. Onun sağlam mənəviyyatlı, ləyaqətli olması, olduqca zəhmətkeş və halallığa tapınan amalı ona hamıda inam və etibar yaratmışdır. İndiki kimi yadımdadır: Ordubad rayonunun Bist kəndindən Sadıq Xanəliyev adlı bir müəllim məktublaşdığı, Rusiyada yaşayan Böyük Vətən müharibəsi qəhrəmanını redaksiyaya gətirmişdi. Onların dostluğu haqqında məqalə hazırlamaq lazım idi. Yusif Əliyev məqaləni hazırladı, mən yazıda onların şəklinin də yerləşdirilməsini təklif etdim. Səhəri gün S.Xanəliyev istənilən şəkli mənə təqdim etdi. Dedi ki, sizin nə qədər təvazökar, qayğıkeş əməkdaşınız var. O, bizi fotoatelyeyə apardı, şəklimizi çəkdirdi, pulunu ödədi, hələ bizi günorta yeməyinə də qonaq etdi. Soruşdum: "Kimdir o?". Cavab verdi: "Yusif Əliyev".

O, belə insandır, - dedim. Heç kəsdən minnət və təmənna götürməz. Amma özü faydalı olmağa can atar.

Təsadüfi deyildir ki, 1981-ci ildən baş redaktor vəzifəsində işləyən Zəhra xanım Əliyeva onu əvvəlcə məsul katib, bir neçə il sonra isə baş redaktor müavini vəzifəsinə irəli çəkmişdi.

1990-cı illər təlatümlü oldu. Jurnal və qəzetlər ya fasilələrlə nəşr olunur, ya da nəşrini dayandırırdı. Jurnalistlər redaksiyalardan digər sahələrdə işləməyə üz tuturdular. Yusif Əliyevin problemi asanlıqla həll olundu. Çünki onun müəllimlik peşəsi də vardı. 1992-ci ildən 1995-ci ilə qədər Bakıdakı 264 nömrəli orta ümumtəhsil məktəbində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərdi. Bu müddətdə də o, özünün səbri və təmkini, şagirdlərlə və valideynlərlə yüksək mədəni davranışı, metodik ustalığı ilə böyük hörmət qazandı.

1993-cü ilin sentyabrından "Azərbaycan müəllimi" qəzeti nəşrini bərpa etdi. Yeni baş redaktor, vaxtilə "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib olmuş, tanınmış jurnalist-publisist Məhəmməd Baharlı Y.Əliyevi qəzetə şöbə redaktoru vəzifəsinə dəvət etdi. Bu dəvət, bəlkə də M.Baharlının Yusif Əliyevə verdiyi qabiliyyətli, bacarıqlı jurnalist dəyərindən daha çox, onun insanlığına, həmkar, dost fədakarlığına hörmət və ehtiramından irəli gəlmişdi.

Məhəmməd Baharlı "Azərbaycan məktəbi" jurnalının məsul katibliyindən o zaman yeni nəşrə başlayan "Gənclik" jurnalına məsul katib vəzifəsinə dəvət edilmişdi. Bu gediş nəticəsində Y.Əliyev məsul katib vəzifəsinə irəli çəkilmişdi. İki il işlədikdən sonra M.Baharlı yenidən "Azərbaycan məktəbi" jurnalına qayıtmalı oldu. Belə alındıqda Y.Əliyev baş redaktordan xahiş etdi ki, onu şöbə müdiri vəzifəsinə keçirsin, M.Baharlının isə məsul katib kimi işləməsinə şərait yaratsın. Baş redaktor bu təklifə etiraz etsə də, Y.Əliyev sözündə israrlı olduğunu bildirdi. Beləliklə, bir çoxlarının etmədikləri və ya edə bilməyəcəkləri humanizmi Yusif Əliyev nümayiş etdirdi. Nəticədə iki jurnalist həmkarın dostluğu daha da möhkəmləndi.

Yusif Əliyev "Azərbaycan məktəbi", "Azərbaycan müəllimi", "Təhsil və zaman" jurnal və qəzetlərində, eləcə də digər mətbuat orqanlarında minə qədər müxtəlif səpgili yazılarla çıxış edib. Bunların arasında operativ xəbərlər, reportajlar, qeydlər, oçerklər və digər irihəcmli publisist yazılar vardır. O, bir sıra rubrikaların yaradıcısı və daimi aparıcısı olmuşdur. Onun jurnalist müşahidəsi ölkənin qabaqcıl təhsil ocaqlarından, maarif xadimlərindən yan keçmir. Onlarla nümunə olan insanların, pedaqoji kollektivlərin örnək iş üslubunu, nailiyyətlərini, uğurlarını qələmə alıb, oxucularına təqdim edib. Onun rəngarəng mövzuları həm məzmunca, həm də təqdimat formasına görə oxucularının marağını, rəğbətini qazanır. Qeyd etdiyim kimi, müəllim-jurnalist Yusif Əliyev təhsilin bütün növləri, sahələri, pillələri, mərhələləri haqqında məharətlə yaza bilən qələm sahibidir. Onun "Müəllim ömrü" rubrikasında qabaqcıl müəllimlər haqqında yazdığı məqalələrdə sanki haqqında bəhs edilən insanların qəlbi döyünür, gördüyü işlər göz önündə canlanır. "Müəllim təcrübəsi" rubrikasında təqdim etdiyi dərslərdən, təlim prosesindən, onun metod və texnologiyalarından, müasirləşməsindən yazılar sadəcə informasiya xarakteri daşımır, müasirləşmə yollarını oxucusuna öyrədir, onu inkişaf etdirir. Y.Əliyevin görkəmli təhsil xadimləri ilə müsahibələri yalnız ölkə daxili ilə məhdudlaşmır, yaxın qonşu ölkələrdəki görkəmli təhsil təşkilatçılarının iş təcrübəsi, fikir və ideyaları ilə təkcə jurnalistikanı deyil, pedaqoji axtarışları zənginləşdirir. Ayrı-ayrı tədbirlərdən - təqdimatlardan, görüşlərdən, müşavirələrdən, konfranslardan, kollegiya iclaslarından və s. yazdığı informasiyalar həmişə dolğunluğu, məzmunu çatdıra bilməsi və oxunaqlığı ilə diqqəti cəlb edir. Onun müsahibləri sadə təhsil işçisindən təhsil nazirinə qədər, adi tələbədən rektora qədər hər bir fəal insan, lider şəxsiyyət ola bilir.

Yusif Əliyev o jurnalistlərdəndir ki, qəzet səhifələrində imzası görünən kimi diqqəti cəlb edir. Yazdığı məqalə təkcə maraqla deyil, müəllifə məhəbbətlə oxunur. O, işlədiyi redaksiyada və jurnalistlər arasında ən təcrübəli yazar, ən mehriban, xeyirxah insan, heç vaxt qeybət və şikayətin nə olduğunu bilməyən sadə vətəndaş kimi yüksək dəyərləndirilir. Onun sevinci də, kədəri də ümumxalq sevinci və kədərindən doğur. Qələmini torpaqlarımızı işğal edənlərə qarşı mübarizədə şəhid olmuşların, köçkün və didərgin düşmüşlərin, qaçqınlığa məcbur edilmişlərin həyatından bəhs edən yazılar üzərində işlədəndə sanki özü də onlara qoşulur, onların faciəsini yaşayır. Bəlkə elə buna görə də ürək əməliyyatına məruz qalan jurnalist digərlərinin qəlb arzularını, ürək çırpıntılarını həssaslıqla duyur, xoş duyğular oyadan sözləri ilə onlara məlhəm olmağa çalışır...

Yusif Əliyev oxucuları tərəfindən sevildiyi qədər də dövlətimiz, hökumətimiz tərəfindən qiymətləndirilir. 2007-ci ildə ölkə başçısı Prezident İlham Əliyevin sərəncamı ilə o, "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq bilinmişdir. Buna qədər isə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər nüfuzlu qurumların fəxri fərmanları, diplomları, pul mükafatları ilə əməyi dəyərləndirilən Yusif Əliyev, eyni zamanda "Kamil sənətkar" diplomu təqdim edilməklə, "Qızıl qələm" mükafatının laureatı olmuşdur.

Yusif Əliyev vəfalı, sədaqətli həyat yoldaşı, qayğıkeş ata kimi də ailəsində böyük nüfuz sahibidir. Onun bir oğlan, iki qız övladı vardır. Hər üçü yüksək ixtisaslı, ali təhsilli mütəxəssisdir. Elin-obanın xeyir-şər işlərində heç vaxt geridə qalmayan jurnalist, yurduna, soy-kökünə bağlılığı ilə də örnəkdir.

 Pedaqoji jurnalistikada öz dəst-xətti, izi olan bu zəhmətkeş insanın 60 yaşı tamam olur. Düz deyiblər ki, illər qanadlı quş kimi uçur. 1951-ci ilin noyabr ayının 20-də dünyaya gələn Yusifin doğum gününü ap-aydın xatırlayıram. O gün Qırmızıkənd kəndində  hamı ata Həsənəli kişini, ana Sayad xanımı təbrik edirdi. Uşağın adını Yusif qoymuşdular. "Yusif peyğəmbər kimi gözəl olsun, hörmətli, nüfuzlu olsun, tanınan, məşhur olsun", - deyirdilər. Elin arzusu çin olub. Yusif Əliyev 60 illik ömür zamanında bitib-tükənməyən mənəvi sərvət qazanıb, Azərbaycan jurnalistikasının fəxri ad daşıyan, şöhrətli insanı kimi tanınır. Hər şeydən əvvəl, ən gözəl keyfiyyətləri özündə cəmləşdirən insanlıq mücəssəməsinə çevrilib. Biz onu yubileyi münasibətilə böyük səmimiyyətlə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.  

Əjdər AĞAYEV,
Təhsil Şurasının sədri, pedaqoji
elmlər doktoru, professor,
Azərbaycan  Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov