Oktyabrın 28-də Azərbaycan Dillər
Universitetində xalq yazıçısı Mövlud Süleymanlı
ilə görüş keçirildi. ADU-nun filologiya
fakültəsinin və Azərbaycan ədəbiyyatı
kafedrasının təşkilatçılığı ilə keçirilən
görüşdə çıxış edən fakültənin dekanı, professor
Fikrət Cahangirov ADU-da belə tədbirlərin
keçirilməsinin ənənə halı aldığını bildirdi. O,
ədəbiyyat sahəsində tanınmış şəxslərlə
görüşlərin keçirilməsinin əhəmiyyətindən
danışaraq belə tədbirlərin tələbələrin
dünyagörüşünün formalaşmasında önəmli rol
oynadığını qeyd etdi.
Görüşdə ADU-nun Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, dosent Fəridə Səfiyeva,
yazıçı, filologiya üzrə fəlsəfə doktoru Səyyad
Aran, Bakı Slavyan Universitetinin tərcümə
fakültəsinin dekan müavini, dosent Kamran
Hacıyev, ADU-nun tərcümə fakültəsinin dekanı,
dosent Vilayət Hacıyev M.Süleymanlının
Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən,
yazıçının geniş düşüncə, çoxşaxəli fəaliyyət
istiqamətlərindən və ədibin yazı üslubunun digər
yazarlardan fərqləndiyindən söz açdılar.
Görüşdə ədibin həyat və yaradıcılığını əks
etdirən slayd da nümayiş olundu. Tələbələr
ədibin şeirlərindən parçalar səsləndirdilər.
Tədbirdə iştirakçıları maraqlandıran çoxsaylı
suallar da cavablandırıldı.
Sonda xalq yazıçısı M.Süleymanlı ona göstərilən
diqqəti yüksək qiymətləndirdi və "Məndən
sonralar" şeirini söylədi.
Şakir CƏFƏROV |