Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

Dünya universitetləri

 

Rays Universiteti

 
  Yerləşir: ABŞ,  Texas ştatı,  Hyuston şəhəri  
Yaranma tarixi: 1912-ci il
Tipi: Özəl
İşçi heyətinin ümumi sayı: 2802 nəfər
Tələbələrin ümumi sayı: 6100 nəfər
İllik gəlirləri: 52640800 ABŞ dolları
İllik xərcləri: 525442000 ABŞ dolları 
Rəsmi saytı: www.rice.edu
 

Rays Universiteti (Rice University) ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən özəl elmi-tədqiqat müəssisəsidir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Rays Universiteti 100 ən yaxşı ali məktəb arasında 100-cü yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Rays Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 47-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 115-ci yerdə qərarlaşıb. 2011-2012-ci tədris ilində Rays Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 72-ci yerdə dayanır.  

Tarixi 

Rays Universitetinin tarixi Massaçusets ştatından olan biznesmen Uilyam Marş Raysın adı ilə bağlıdır. Texas ştatında pambıq satışı ilə məşğul olan Rays yüksək məbləğdə vəsait əldə edir. 1891-ci ildə Rays Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir. 1900-cü il sentyabrın 23-də Rays qəflətən vəfat edir və ölümündən sonra onun vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır. Sonradan Raysın vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.

1907-ci ildə yeni yaradılacaq ali təhsil müəssisəsinin Qəyyumlar Şurası Prinston Universitetində Riyaziyyat və astronomiya kafedrasının müdiri olan Edqar Odell Lovetti Rays İnstitutuna rəhbər təyin etmək qərarına gəlir. 1908-ci ildə Lovett təklifi qəbul edir və 1912-ci il oktyabrın 12-də rəsmi olaraq Rays İnstitutun prezidenti təyin olunur. Bu vəzifənin icrasına başlayan E.O.Lovett 1908-1909-cu illər ərzində dünyanın 78 ali təhsil müəssisəsinə baş çəkir və tədqiqatlar aparır. Səfərləri zamanı Pensilvaniya Universitetinin estetik gözəlliyini, Kembric Universitetinin yataqxana kolleclərini bəyənən Lovett gördüklərini rəhbərlik etdiyi ali məktəbdə tətbiq etmək qərarına gəlir. Lovett yüksək səviyyəli, liberal və texniki təhsil verən ali məktəb yaratmaq niyyətində olur. 1911-ci ildə Rays İnstitutunun hazırda Lovett Holl kimi tanınan inzibati binası tikilir. 1912-ci il sentyabrın 23-də, Raysın ölümünün ildönümündə universitetin Uilyam Marş Rays adına Ədəbiyyat, Dəqiq və Humanitar Elmlərin İnkişafı İnstitutu fəaliyyətə başlayır. İnstitutda 48 oğlan, 29 qız tələbə təhsil alır və yarandığı gündən institutda qızlarla oğlanların birgə təhsil almalarına icazə verilir. 3 həftə sonra həmin institutda dünyanın diqqətini çəkəcək beynəlxalq akademik festival təşkil olunur. 1916-cı ildə institutun 35 nəfər tələbəsinə bakalavr, 1 nəfərə isə magistr dərəcəsi verilir. Onu da qeyd edək ki, universitetdə ilk doktorluq dərəcəsi 1918-ci ildə verilib. 

1930-cu ildə Lovett Hollun yaxınlığında Uilyam Marş Raysın əyləşmiş şəkildə böyük  tunc heykəli qoyulur. İkinci Dünya müharibəsi dövründə Rays İnstitutu "Milli V-12 Donanma Kollec Tədris Proqramı"nda iştirak edən 131 ali məktəbdən biri olur. İnstitutun prezidenti Lovettin təklif etdiyi yataqxana kolleclərinə uyğun olaraq 1958-ci ildə buradakı İst Holl Beyker, Sout Holl Uill Rays, Uest Holl Hanszen, Uiess Holl isə Uiess kolleci adlandırılır.

1960-cı ildə Rays İnstitutu rəsmi olaraq Uilyam Marş Rays Universiteti adlandırılır. 1962-ci ildə ABŞ prezidenti Con Kennedi Rays stadionunda çıxış edərək 60-cı illərin sonunadək ABŞ-ın Aya kosmik gəmi göndərəcəyini və dünyanın ən nəhəng kosmik dövlətə çevriləcəyini bəyan edir. 1960-cı  ildən  Rays  Universiteti  NASA  ilə  əməkdaşlığa  başlayır və bu  günədək  həmin  əlaqələr  davam etməkdədir.

1974-cü ildə Rays Universitetində Cess Cons İdarəetmə Ali Məktəbi və Şeferd Musiqi Məktəbi yaradılır. 1979-cu ildə universitetin Rays Sosial Elmlər Məktəbi fəaliyyətə başlayır.  

Büdcəsi və təhsil haqqı 

2011-ci ildə Rays Universitetinin əməliyyat gəlirləri ümumilikdə 526408000 ABŞ dolları olub. Bu vəsaitin 111339000 ABŞ dollarını federal qrant və sazişlər, 107145000 ABŞ dollarını təhsil haqqı və təhsil sazişləri, 24623000 ABŞ dollarını yardım və hədiyyələr, 39817000 ABŞ dollarını köməkçi müəssisələr, qalanlarını isə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib.

Həmin tədris ilində ali məktəbin ümumi xərcləri 525442000 ABŞ dolları olub. Bu vəsaitin əsas hissəsini əməkdaşların əməkhaqqı, amortizasiya xərcləri, tələbələrin təqaüdü və yardımlar, eləcə də digər əməliyyat xərcləri təşkil edib. 2011-ci ildə Rays Universitetinin İanə fondunun gəlirləri təxminən 4500000000 ABŞ dolları olub.

2011-2012-ci tədris ilində Rays Universitetində tələbələrin təhsil haqqı 34900 ABŞ dolları təşkil edir.

Rays Universitetində tələbələrə əlavə olaraq yataqxana və qidalanmaq üçün 12270,  kitab və digər dərs ləvazimatları üçün 800, şəxsi xərclər üçün isə 1550 ABŞ dolları lazım gəlir.  

Universitet bu gün 

Rays Universitetinin kampusu meşəlikdən ibarətdir və Hyuston şəhərində 1,15 km2 (285 akr) ərazini əhatə edir. Kampus 5 küçədən (Qrinbraye, Rays Bulvar, Sanset Bulvar, Universitet Bulvar və Meyn Strit) ibarətdir. Son illər kampus yaxınlığında yeni-yeni binalar tikilsə də, universitetin inzibati və akademik binaları əsas kampusda yerləşir. Magistr və doktorantlar üçün yataqxanalar, Qrinbraye, Uiess binaları universitet şəhərciyindən kənarda yerləşir. Rays Universitetinin kampusu gözoxşayan yaşıllığı ilə diqqəti cəlb edir, şəhərcikdə 4000 ağac və kolluq, eləcə də digər bitki növləri mövcuddur. Universitetin ilk prezidenti Edqar Odell Lovett bu təhsil müəssisəsinin memarlıq üslubuna və estetik gözəlliyinə xüsusi diqqət ayırdığından kampus gözəlliyi ilə seçilir. Şəhərciyin binaları əsasən Bizans üslubunda, qum və çəhrayı kərpicdən inşa edilib. Kampusun ərazisindəki ən möhtəşəm bina Lovett Holldur. Kampusdakı binalar dördbucaq formasında tikilib.

Rays Universitetində aşağıdakı məktəb və fakültələr fəaliyyət göstərir:

Memarlıq Məktəbində Memarlığın tarixi, Şəhərsalma və regional planlaşdırma, Memarlıq və dizayn, Təsviri incəsənət proqramları təklif olunur. Məktəb 1912-ci ildə yaradılıb. 

Syuzanna Qlasskok Fasiləsiz Təhsil Məktəbi Liberal tədqiqatlar, İngilis dili ikinci dil kimi departamentlərindən ibarətdir.

Corc Braun Texniki Məktəbində Biomühəndislik, Kimya və biomolekulyar mühəndislik, Vətəndaş və ekologiya mühəndisliyi, Hesablama və tətbiqi riyaziyyat, Kompüter elmləri, Elektrotexnika və hesablama texnikası, Maşınqayırma və materialşünaslıq, Statistika məktəbləri mövcuddur.

Humanitar Elmlər Məktəbi nəzdində Qədim Aralıq dənizi sivilizasiyası, İncəsənətin tarixi, Xarici dillər, Qadın, gender və cinsi fərqlilik, Klassik tədqiqatlar, İngilis, Fransız, Alman, İspan tədqiqatları, Tarix, Humanitar tədqiqatlar, Kineziologiya, Dilçilik, Fəlsəfə, İlahiyyat, Vizual və dramatik incəsənət departament və mərkəzləri fəaliyyət göstərir.

Cess Cons Ali Biznes Məktəbi Rays sahibkarlıq, Rays icraedici təhsil, MBA, Rəhbər işçilər üçün MBA, Peşəkarlar üçün MBA, Biznes üzrə PhD proqramları təklif edir. 

Şeferd Musiqi Məktəbi 1974-cü ildə yaradılıb və ölkənin ən böyük musiqi məktəblərindən biridir. Məktəbdə orkestr və opera musiqisinin oyrənilməsinə xüsusi diqqət ayrılır. 

Uiess Təbiət Elmləri Məktəbinə Biokimya və hüceyrə biologiyası, Kimya, Ekologiya və təkamül biologiyası, Yer Elmləri, Riyaziyyat, Fizika və astronomiya departamentləri daxildir.

Sosial Elmlər Məktəbi Antropologiya, Koqnitiv elmlər, İqtisadiyyat, İdarəetmə tədqiqatları, Siyasət tədqiqatları, Siyasi elmlər, Psixologiya, Şell sabit inkişaf, Sosiologiya departamentlərindən, Kinder Şəhər Tədqiqatları, İctimai Elmlər Elmi-Tədqiqat institutlarından, Hobbi Texasın Öyrənilməsi Mərkəzindən ibarətdir. 

Rays Universiteti yuxarıda sadalanan ixtisaslardan əlavə, Hərbi-hava qüvvələri elmləri, Tətbiqi fizika, Koqnitiv elmlər, Hesablama elmi və texnikası, Təhsilin sertifikatlaşması, Ekologiya, Rays Liderlik, Hərbi, Hərbi-dəniz elmləri və s. proqramlar təklif edir.    

Rays Universitetinin məşhur məzunları arasında 101 Fulbrayt, 20 Marşall, 12 Rodos elmi mükafatçıları, minlərlə alim, iş adamı və digər nüfuzlu şəxslər vardır. 2004-cü ildən bu günədək professor Devid Libron universitetin prezidentidir. Ali məktəbin rektoru isə professor Corc Maklendondur. Universitetdə 650 akademik, 2152 inzibati işçi çalışır. Universitetdə ümumilikdə 6100-ə qədər tələbə təhsil alır. Tələbələrin 4000-ə qədəri bakalavr, qalanları isə magistr və doktorantlardır. Tələbələrin 48 faizini qızlar təşkil edir.

Rays Universitetində 11 yataqxana fəaliyyət göstərir. Bunlar Beyker, Braun, Dunkan, Hanszen, Cons, Lovett, Martel, MakMartri, Uill Rays, Sid Riçardson, Uiess yataqxana-kollecləridir. ABŞ-ın digər universitetlərində olduğu kimi, Rays Universitetində də idmanın bütün növlərinə xüsusi diqqət ayrılır və bu sahədə Rays Universitetinin əsas rəqibi Hyuston Universitetidir.

Rays Universiteti beynəlxalq şöhrətə malik olan özəl təhsil ocağıdır. Burada dünyanın 83 ölkəsindən əcnəbi tələbələr təhsil alır. Digər ölkələrdən olan tələbələrin oxumasına üstünlük verən universitet, eyni zamanda istedadlı və savadlı müəllimlərin cəlb edilməsinə də xüsusi diqqət ayırır. Şüarı "Yazı, elm, incəsənət" olan Rays Universiteti gənclərin arzuladıqları təhsili ala biləcək ən mükəmməl elm ocaqlarından biridir. 

Universitetin məşhur məzunları 

  Ceyms Beyker   ABŞ-ın sabiq dövlət katibi  
  Alberto Qonzales ABŞ-ın sabiq baş prokuroru  
  Ennis Parker Hyuston şəhərinin sabiq meri  
  Roy Hofhaynz Hyuston şəhərinin sabiq meri  
  Robert Vudro Vilson fizika üzrə Nobel mükafatı laureatı, kosmik mikrodalğalı fon şüalanmasının yaradıcısı  
  Riçard Smolli  kimya üzrə Nobel mükafatı laureatı  
  Herman Cozef Meller tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Larri MakMertri Pulitser və Oskar mükafatları laureatları  
  Peqqi Uitson NASA-nın astronavtı  
  Con Bull NASA-nın astronavtı  
  Hovard Hages  ABŞ aviatoru, mühəndis və film prodüseri  

                                                                                       Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov