Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Noyabr 2011 - 46

 

Müəllim Məhəmməd Cövdət İnancalp

 

Giriş yerinə 

1904-cü ildə Rusiya Yaponiya ilə apardığı savaşda böyük bir yenilgiyə uğradı və 1905-ci ildə ölkədə meydana gələn inqilab nəticəsində monarxiya topluma bəzi hüquqlar verilməsinə məcbur olaraq konstitusiya idarəsinə keçdi. Dövlətin təbəəsi olan qeyri-rus millətlərə də bu çərçivədə bəzi hüquqlar tanındı. Rusiyada yaşayan Türklərin türkcə gündəlik qəzet çıxarmaq və ana dillərində təhsil verəcək məktəblər açmaq təşəbbüsü uğurlu oldu.

Azərbaycanda bu işləri gerçəkləşdirmək üçün Bakıda "Nəşri-maarif" cəmiyyəti qurularaq, fəxri sədrliyə haqlı olaraq "millət atası" adlandırılan milyonçu Hacı Zeynalabdin Tağıyev gətirildi (bu cəmiyyətin tarixi hörmətli alim Nüşabə xanım Məmmədovanın 2005-ci ildə Bakıda "Elm" nəşriyyatında basılmış "Nəşri-maarif" cəmiyyətinin yaranması və fəaliyyəti" adlı dəyərli monoqrafiyasında genişliklə işıqlandırılmışdır). Məktəblər açılmazdan qabaq burada çalışacaq müəllimlərin yetişdirilməsi üçün öncəliklə bir müəllim məktəbi, yəni darülmüəllimin (o zaman kişi müəllimlər hazırlayan məktəb "darülmüəllimin", qadın müəllimlər hazırlayan məktəblərsə "darülmüəllimat" adlanırdı) yaradılması gərəkdi. Lazım olan vəsait hazırlandıqdan sonra Darülmüəlliminin başına Türkiyədən bir müdir seçmək üçün Bakıda ilk məktəblərdə müəllimlik etməkdə olan Axısqalı Hafiz Məhəmmədəmin Şeyxzadə İstanbula göndərildi. Şeyxzadənin adı XX yüzilin başlarında Azərbaycan mətbuatında din xadimi kimi sıx-sıx çəkilməkdədir. O və onun yerlisi Ömər Faiq Nemanzadə Şəki və  Şamaxı şəhərlərində ilk "üsuli-cədid" məktəbləri açmışlar. H.M.Şeyxzadənin qızı, sonralar görkəmli Azərbaycan aydını kimi ad qazanmış Şəfiqə xanım Əfəndizadə/Şeyxzadə və həyat yoldaşı Gövhər xanım 1898-ci ildə Azərbaycanda qızlara məxsus ilk məktəb yaratmışlar. İstanbuldakı "Bürhani-tərəqqi" məktəbi müdiri Haqqı bəy onunla birlikdə işləyən Müəllim Məhəmməd Cövdəti Darülmüəllimin müdiri kimi Hafiz Məhəmmədəmin Şeyxzadəyə tövsiyə etmişdir. Osmanlı Maarif Nazirliyi də icazə verəndən sonra tərəflər arasında ayda 172 manat maaş verilməsi haqqında anlaşma imzalanmışdır.   

Müəllim Cövdətin kimliyi haqqında 

Müəllim Məhəmməd Cövdət İnancalp (Müəllim Cövdət) (1883-1935) Azərbaycanda ya heç tanınmadığı, ya da çox az tanındığı üçün bu görkəmli şəxs haqqında bir qədər geniş bilgi vermək zorundayam. O, Türk fikir həyatında qısa sayıla biləcək ömrünü yalnız elmə həsr etmiş, 40-50 cild əsər təşkil edəcək qədər qeydlər və sənədlər, əsərlər qoyub getmiş görkəmli bir elm adamıdır.

Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir. Babası Səid əfəndi Niş qalasının bir az bərisində, Nişava çayı kənarında bulunan bir təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə hərbçidir. M.Cövdət ailəsinin 1876-cı ildə köçdüyü Boluda 1883-cü ildə dünyaya gəlmişdir. İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda oxumuşdur. 1901-ci ildə İstanbula gələrək İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə girmişdir. Bu məktəbdən qabaq bir il Hüquq Məktəbində oxumuş, atası rahatsız olduğuna görə şagirdinə tam bir sarı altın (qızıl) təqaüd verən Darülmüəlliminə keçmişdir. Bu məktəbdə ən çox fransız dili və pedaqogika üzərində çalışmış, ərəbcə öyrənmişdir. İlk müəllimliyini "Darüşşəfəqə" məktəbində edib (yeri gəlmişkən, bir çox Azərbaycan müəllimləri də burada təhsil alıb). Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə bağlı həmin məktəbdə türkcə və ərəbcə dərsləri gecə müzakirəçiliyinə və bir müddət sonra müəllimliyə təyin edilmişdir. Maaşıyla bağlı haqsızlığa görə iki il sonra bu məktəbdən ayrılmışdır. "Darüşşəfəqə" müəllimlərindən dağıstanlı Hacı Xalis əfəndidən xüsusi "Riyazi-şəhir"i, Gələnbəvi mərhumun "Bürhan"ını, islam fəlsəfəsi haqqında Qazı Adudun "Məvafıq"i ilə Mavərdinin "Hüququ idarə" adlı məşhur əsərlərini oxumuşdur. Rəsmi məktəblərdə iş tapa bilmədiyinə görə evlərdə özəl dərs vermiş, müəllimlərinə rəsmi məktəblərdən daha az maaş verən Şəmsülməkatip və Bürhani-tərəqqi kimi xüsusi məktəblərdə çalışmışdır. Sonrakı illərdə Robert Kollec, İstanbul Darülmüəllimini, İstanbul Kişi Liseyi, Gələnbəvi orta məktəbi, Çənbərlidaş orta məktəbi, Ərənköy Qız Liseyində müxtəlif fənlərdən dərs demişdir. 1926-1930-cu illərdə çalışdığı Robert Kollecdə Türk dili və tarixindən dərs demiş, eyni zamanda dini, ictimai, əxlaqi və tarixi konfranslar vermişdir. Müəllimlikdən başqa, İstanbul Kitabxanaları Təsnif Heyətinin rəisi olmuş, Başbakanlık Dövlət Arxivində təsnif çalışmalarında bulunmuşdur. 1931-ci ildə məsuliyyətsiz məmurların qəflətiylə Bolqarıstana havayı deyiləcək qədər ucuz qiymətə kilo ilə satılan bəzi arxiv materiallarının göndərilməsini bir qəzetdə verdiyi məqalə ilə dayandırmağı bacarmışdır. Bolqarlar aldıqları 200 bağlama sənəddən ancaq 51 bağlamasını qaytarmışlar (Bolqarıstanda kommunist rejimi sona yetdikdən sonra Başbakanlık Dövlət Arxivləri Genəl Müdirliyi bu ölkəyə satılan arxiv materiallarının surətini ala bilmişdir).

Müəllim Cövdətin yazdığı çoxlu əsərləri var: "Zamanımızda üsuli-inşa və Müabərə", "Müdərris Əhməd Nəim", "Tarixi sözlük", "Şahnamə Şərq İliadası", "Hərbi din dərsləri", "İbni Bətutəyə zeyl", "İdman ruhu". Basılmış məqalələrinin böyük bir qismi bir kitab həcmindədir. Bunlardan başqa, yazmağı nəzərdə tutduğu əsərlər də vardır: "Türkiyədə təlim və tərbiyə tarixinə mədxəl", "Səlçuqilər, Moğollar, Timurilər və Osmanlılar dövrlərində divani və siyaqət xətləri tarixinə mədxəl", "Aşıqpaşazadə tarixinə mədxəl", "İbni Xaldunun Müqəddiməsinə mədxəl", "Katib Çələbinin həyat və əsərlərinə mədxəl", "Misirdəki Türk alim və müvərrixləri", "Oğuznamə ilə İliada haqqında mütaliələr", "Oxmeydanı təkkəsi və oxçuluq tarixinə mədxəl"  və b. Yazdığı əsərlə islamiyyəti mənfi biçimdə tanıdan Cürci Zeydana zeyl (əlavə) yazacağını bildirmişdir.

Müəllim Məhəmməd Cövdətin İstanbul həyatında az sayda dostundan ibarət dar bir çevrəsi olmuşdur. Bu çevrənin mərkəzində təsəvvüf əhli Balıkəsirli Əbdüləziz Məcdi Tolun dururdu. İstanbul Universiteti tibb fakültəsi tibb tarixi institutunun başqanı Prof. Dr. Əhməd Süheyl Ünver, bələdiyyəçilik və Türk maarif tarixi haqqında ölməz əsərlərin müəllifi olan Osman Nuri Ergin, Ədirnə sarayı haqqında araşdırmalarıyla tanınan Dr. Osman Rifat, kitab sərrafı Raif Yelkənci bu çevrənin mənsublarıdır. Bu insanları bir-birinə bağlayan və həyatlarının sonunadək kəsintisiz davam edən səmimi münasibətlərinin mayasında dini, təsəvvüfi görüşləri dayanır. 

Təbabətlə yanaşı, Türkün tarix və sənətini də həyatının sonunadək araşdıran və 1800-dən artıq kitab və məqalə yazan Ünver eyni zamanda klassik Türk rəsm sənətiylə də məşğul olmuşdur. O, M.Cövdətdən çox şey öyrənmişdi. Məsələn, M.Cövdət kimsəyə öyrətmədiyi siyaqət xəttinin yazılış və oxunuş incəliklərini yalnız Ünverə mənimsətmişdi. Bu xətt Osmanlı dövlətinin rəsmi və xüsusən maliyyə yazışmalarında, vəqf dəftərlərində geniş işlədilirdi. Müəllim Cövdət bütün qeydlərini və əlyazma kitablarını vəsiyyətnaməylə Ə.S.Ünverə buraxmışdır. Cövdətin qədirbilən dostları (başda Osman Ergin olmaqla) onun adına bir kitabxana qurunca Ünver də M.Cövdətdən ona qalmış hər şeyi bu kitabxanaya bağışlamışdır. M.Cövdətin irsi 970-i əlyazma olmaqla 8753 kitabdır. İstanbulda 1929-cu ildə vali və bələdiyyə başqanı Muhiddin Üstündağın sədrliyi altında dönəmin önəmli ziyalılarının yer aldığı bir heyət tərəfindən Şişli "Atatürk Evi"ndə toplanmağa başlanan bu qiymətli kolleksiya 1931-ci ildə II Bayəzid Mədrəsəsinə daşındı və 1939-cu ildə Bələdiyyə Muzeyi və Kitabxanası olaraq xalqın üzünə açıldı. Sonralar satın alınmış və bağışlanılmış kitablar sayəsində çox genişlənən kitabxana üçün 1981-ci ildə Təqsimdə ayrıca bina tikildi və o, bugünədək Atatürk Kitabxanası adı altında xalqa xidmət etməkdədir. İndi həmin xəzinədə 200 mindən artıq kitab var.

Müəllim Cövdətin kolleksiyasında kitablardan başqa çox dəyərli sənədlər də bulunmaqdadır. Bu vəsiqələr ən çox tarixə və Türk dilinə aiddir. Bunların arasında çox məşhur xəttatların yazıları ilə hər növ xətlə yazılmış bir çox lövhələr var. O, qəzet və dərgilərdə ədəbi, tarixi və dilçilik dəyəri olan nə oxumuş, nə görmüşsə toplamışdır.

Cövdət bəy 3 dekabr 1935-ci ildə vəfat etmişdir. Yaxın dostu Ünver onun yarımçıq qalmış bəzi məqalələrini tamamlayaraq nəşr etdirmişdir.

Ünver M.Cövdətdən topladığı tarixi bilgiləri içinə alan bir silsilə dəftəri onun vəfatından sonra hazırladığı "Cövdət arxivi"ndə topladı. Cövdətin Azərbaycandakı çalışmaları ilə bağlı bu dəftərlərdə olan qeydlərinin ortaya çıxarılması öz araşdırıcısını gözləməkdədir.

Azərbaycan oxucusunda mövzunun önəmi haqqında təsəvvür yaratmaq məqsədiylə qələmə aldığımız bu kiçik yazıdan da görüləcəyi kimi, Müəllim Cövdətin qardaş ölkədəki fəaliyyəti həm Türkiyə, həm Azərbaycan təhsil tarixinin, həm də bütövlükdə Türkiyə - Azərbaycan qardaşlığının çox dəyərli bir səhifəsidir. Açığı, şərəf duyuram ki, Azərbaycan mətbuatında bu haqda ilk yazı Cövdət bəyin öz əlyazmalarına və Türkiyənin ən çeşidli arxivlərindən əldə etdiyim bəlgələrə dayanaraq hazırladığım bu məqalədir, ancaq bu qiymətli səhifənin tarixini daha da incələyərək ortaya çıxarmaq indiki nəslin boynuna düşən mühüm vəzifədir. 

Azərbaycanda 

Anlaşma imzalandığına və 1907-ci il oktyabr ayının başlanğıcında Hacı Zeynalabdin Tağıyevdən teleqram alındığına görə, Müəllim Cövdət pasport çıxarmış, Maarif Nazirliyindən gərəkli izni aldıqdan sonra İstanbuldan Qafqaza yetişmək üçün Batuma gedən bir alman vapuruna (paroxoda) minmişdir. Batumda iki gün qaldıqdan sonra o, qatarla Tiflisdən keçərək Bakıya çatmış və Tağıyevin evində onun qonağı olmuşdur. Hacının evinin çox dəbdəbəli bir saray olduğunu, İstanbuldakı Bəyoğlunun ən böyük otellərinin belə süslülük və mükəmməllikdə ondan geri qaldığını anasına yazdığı məktubda bildirmişdir.

Görüləcək işləri dərindən müzakirə etmişlər və müəllimin keçici olaraq "İslamiyyə" mehmanxanasında (həmin binanı 1918-ci ilin martında ermənilər yandırıb) qalması qərarlaşdırılmış və bütün məsrəflərin Tağıyev tərəfindən ödəniləcəyi bildirilmişdir.

Cövdət bəy 16 oktyabr 1907-ci il tarixində anasına yazdığı məktubda deyir: "Şəhər çox gözəldir. İstanbulda belə təmiz, geniş küçələr yoxdur. Şəhərin xalqı dörddə üç islam, bir qismi rusdur. Dil Anadolu türkcəsi kimidir. Əlhəmdülillah, islam mərkəzindəyəm, firəng içində bulunmuram".

Darülmüəllimin üçün "Məzarlıq" caddəsində (Türkiyə qaynaqlarında belə göstərilib, rusca qaynaqlarda küçənin adı eyni anlamlı "Kladbişşenski"dir) Axundovun evi ayrılıb. Prof. Dr. Əhməd Cəfəroğlu isə bu məktəbin Çəmbərəkənddə açıldığını yazır. Bakıda olduğum zaman öyrəndim ki, Məzarlıq küçəsi elə keçmiş Çəmbərəkənddə yerləşirmiş.

Müəllim Cövdət yeni vətəninə tez isinişmişdir. O, boynuna götürdüyü bütün vəzifələri artıqlamasıyla yerinə yetirmişdir. Əskidən tələskən təbiətli olmasına baxmayaraq böyük səbrlə bütün çətinlikləri yenmiş, daim ciddi, ağırbaşlı və sakit davranışıyla ətrafındakıların dərin məhəbbətini qazanmışdır. Yerlilərin vəsaitindən yararlanmağı bacarmış, ona qarşı çıxanlarla öcəşməmiş, tam əksinə, onları oxşayaraq özünü sevdirmişdir. Mürəbbiliyin sirrinə vaqifliyi onun Darülmüəllimində də uğur qazanmasını təmin etmişdir.

"Füyuzat" adı verilmiş Darülmüəllimini-islamın proqramını M.Cövdət hazırlamışdır. O, İstanbuldan özünə yardımcı olaraq Bəha Səid və "Darüşşəfəqə"ni bitirmiş Beşikdaşlı Kiçik Fuad kimi dəyərli yoldaşlar gətirmişdi. Görkəmli Azərbaycan aydınları Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadə (Turan) də ona yardımçı olmuşlar. "Nəşri-maarif" cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev və üzvlər: Axund Mirzə Əbutürab, Axund Molla Ağa (Məhəmmədəmin Rəsulzadənin atası), Ağahüseyn Tağıyev, Əliağa Həsənzadə, İsgəndər bəy Məlikov, Məhəmmədhəsən Əfəndiyev və Məhəmmədcavad Sadıqovdan ibarət məclisində M.Cövdətin oxuduğu təlim proqramındakı hesab, tarix, coğrafiya, kimya, fizika dərslərinin adından sonra "Türkcə sərf və nəhv" ("sərf" - morfologiya, "nəhv" - sintaksis deməkdir) sözlərini eşitcək, yuxulamaqda olan Axund Əbutürab hirslənərək: "Sus, cahil! Ərəbcədən başqa heç bir dilin sərf və nəhvi ola bilməz" deyərək şiddətlə etiraz etmişdir. Məclisdə bulunan Əhməd Ağaoğlu bu iddiaya cavab vermək istədikdə ətrafdakılar qaş-göz işarəsiylə onu susdurmuşlar. Axundun etirazı üzündən türkçə sərf və nəhv proqramdan çıxarılsa da, məktəb açıldıqdan sonra müntəzəm öyrədilmişdir.

"Füyuzat" Darülmüəllimini-islamı öncə yatılı və gündüzlü olaraq açılmışdı. Proqram altıaylıq kurs mahiyyətində hazırlanmışdı. Kursun ilk müəllimləri Türk kənd məktəblərində dərs keçənlərdi. Bunlar əski üsulla Türk uşaqlarına Quran surələrini ehtiva edən "çərəkə" adlı kitabçalar oxudurdular. Bu yeni məktəbsə müəllimləri yeni tədris üsuluna alışdıraraq onlar vasitəsilə Türk kəndlərinə yeni ruh və yeni bilgilər aşılamalıydı. Bu baxımdan ona çox böyük vəzifə və önəm verilmişdi. Müəllim Cövdət bu çətin işdən qaçmayaraq Bakıdakı irəliçi müəllimləri hərəkətə gətirərək bunlardan bir təlim komandası yaratmağı bacardı. Bir müddət sonra öz şagirdləri arasından ən zəkalıları seçərək öz nəzarəti altında onlara dərs verdirmişdir. Yeni məktəbin ehtiyac duyduğu kitabları onun istəyinə əsasən cəmiyyət yetərli sayda İstanbuldan gətirərək müəllim və şagirdlərə paylamışdır. Onun təklifiylə İstanbuldan gətirilən kitablar dəfələrlə Bakıda yenidən nəşr edilərək Azərbaycan məktəblərinin onlara ehtiyacı ödənilmişdir.

Müəllim Cövdət həm özünün, həm də Azərbaycan Türkünün bilgisindən istifadə etmişdir. Əlyazısı ilə hazırladığı tərcümeyi-halında ərəbcə və farsca bilgisinin artmasında ona yardımçı olan mühitlər arasında Bakını da saymış, burada təmas etdiyi axundların və bir neçə Dağıstan müdərrisinin onun üzərində təsiri olduğunu göstərmişdir. Bunlarla ərəbcə və farsca danışmağa və ara-sıra xəbərləşməyə məcbur olduğunu, İstanbul müdərrislərinin əksəriyyətlə ərəbcə və farsca danışmağı və yazmağı bacarmadığını qeyd etmişdir. O, daha çox Azərbaycanın xalqı, dili və tarixi üzərində çalışdığını, ərəbcə bir çox tarixi əsərlər oxuduğunu əlavə etmişdir. Bakıda ruscanı da öyrənmişdi, ancaq sonrakı illərdə işlətmədiyi üçün onu unutmuşdur. Əhməd bəy Ağaoğlunun çıxardığı qəzetdə (bu, yəqin ki, "İrşad"dır) məqalələr dərc etdirmiş, konfranslar vermişdir. "Nəşri-maarif" cəmiyyətinin tarix və ədəbiyyat şöbələrinə başçılığı öz üzərinə götürmüş və onların işini yürütmüşdür. "Nəşri-maarif"də birlikdə çalışdığı, sonralar görkəmli ictimai-siyasi xadim kimi tanınmış Abbasqulu Kazımzadənin bildirdiyinə görə, Cövdət bəy qarşısındakı məqsədə çatmaq üçün hər kəslə xoş davranmağa çalışmışdır.

Onun çalışmaları nəticəsində Darülmüəllimində: 1) gənclər və xüsusən uşaqlar Osmanlıca danışmağa başlamış, iki Türk ləhcəsi arasındakı fərq, demək olar ki, qalmamışdır, 2) Azərbaycanda təliq pozması olan xətlər öz yerini bütünlüklə rüqəyə vermişdir, 3) məzhəb ayrılığı üzündən bir-birinə əl verməyən xalqın uşaqları bir yerdə oxumağa başlamışlar.

Cövdətin təhsil sahəsində qazandığı uğurlar, Türk dilini yayacaq və yaşadacaq işlər görməsi rus hökumətinin diqqətini çəkmiş və onun Bakıdan uzaqlaşdırılması "Nəşri-maarif" cəmiyyəti mənsublarına "tövsiyə" edilmişdir. Rejimin bu basqısı qarşısında cəmiyyət  Məhəmməd Cövdət bəyin üçaylıq maaşını artıqlamasıyla vermək şərtiylə imzalanmış anlaşmanı pozmaq məcburiyyətində qalmış, şagird azlığı gərəkcə (səbəb) göstərilərək cəmiyyətin möhürü basılmış, məclis üzvlərinin imzaları çəkilmiş 3 noyabr 1908 tarixli bir yazı ilə durum özünə çatdırılmışdır. Həmin bəlgədə oxuyuruq: "Qafqasyada ən parlaq bir mərkəzi-müslimin olan Bakıda keçən il bir Darülmüəllimini-islam açmaq təşəbbüsündə bulunmuş və bunun üçün İstanbula vəkil göndərərək Darülmüəllimini-Osmani məzunlarından ibn Sədi Məhəmməd Cövdət bəy cənablarını şəhərə yüz yetmiş iki rublə müdirlik maaşı ilə dəvət etmişdik. Bu müəssisəyi açmaqdan məqsədimiz əlan Qafqasya, bilxassə Bakıda mərəzi-sari kimi müntəşir olan cəhalət və səfahətin təzayüdünü mən etmək və yaxşı ibtidai müəllimlər yetişdirərək, cabəca usuli-cədidə üzrə məktəblər küşadilə tərbiyeyi-övladi-vətən eyləməkdi. Ancaq hər şeyin bir şərti-münasibi olmaq qaidəsincə məzkur Darülmüəllimin əvvəlcə iki-üç il tərbiyə görmüş və  müsəlmanca məlumatı artmış şagirdlər bulduqdan sonra açılmaq lazım idi. Lakin bir xəta əsəri olaraq vaxtsız küşad edildi. Mücərrəd bu səbəbdəndir ki, küşadında lazım olduğu qədər qabiliyyətli, savadlı şagirdan tədarük edilmədi. Darülmüəlliminin mövcud iki ehtiyat şöbəsindəki az şagirdlə dari-məzkurun birinci sinfini açmaq mümkün olmadı. Buna binaən məclis son ictimaında bu iki şöbənin ayda yüz yetmiş iki rublə alır bir müdirlə idarəsi qabil olmadığına görə müdirliyinin ləğviylə cənab ibn Sədi Məhəmməd Cövdət bəyin İstanbula övdətinə və özünə üç aylıq fəzlə məvacib ətasıyla tərziyəsinə qərar verdi. Mumileyh Cövdət bəy cənablarının məktəb namına səy və qeyrətindən məclis umumən razı və şu iftiraqi- zərurisindən naşi mütəəssifdir".

M.Cövdət Azərbaycanda ikən məktəblərin tətil zamanındamı, yoxsa işinə son verildikdən sonramı qəti bilinməyən bir zamanda Xəzər dənizindən qarşıya keçərək Orta Asiyaya getmək, oradakı Türklərlə təmas etmək istədiyində dərhal yaxalanmış, dörd-beş saat tutuqlu qaldıqdan sonra geriyə göndərilmişdir.

Şamaxılı olan, sonradan Türkiyədə təhsil alaraq orada çalışan Məhəmmədşərif Əfəndizadə əmisi oğlu Əbdürrəhman Tofiqin Cövdət bəyin müdir olduğu Darülmüəllimində müdir yardımçısı olması səbəbindən məktəbə etdiyi ziyarətlər sırasında müdirlə tanış olmuş, ilk vaxtlar onun əsəbi təbiətindən dolayı çox yaxınlaşa bilmədiklərini, sonra dost olduqlarını, onun başında fəslə yola çıxdığında bir çoxlarının Türkiyədən bir Türk görə bilmək üçün ona baxmağa çıxdıqlarını deyir. M.Əfəndizadə M.Cövdətin Bakıda müəllimlik və qəzetçilik edən Əli bəy Hüseynzadə və Əhməd Kamal Akünal qədər Azərbaycan maarifinə xidmətdə buluna bilməməsini inqilabçı xasiyyətinin yoxluğuna bağlayır.

Onun Azərbaycandakı xidmət müddəti iki tərəfin də arzu etdiyi qədər olmamaqla bərabər, əldə etdiyi pul Avropaya pedaqoji sahəsində incələmə gəzintisinə çıxmasına yardımçı olmuşdur. Bu səyahətə Azərbaycanda işə başladığı birinci ilin yay tətilində də çıxmışdır. Avropa və Rusiyanı dolaşmış, Moskvada İsgəndər bəy Məlikov vasitəsilə Lev Tolstoyu ziyarət etmişdir. Bir yazısında Bakıda bulunduğu vaxtlar bir səyahətində məşhur şərqşünas Bartoldla da görüşdüyünü qeyd etmişdir.

Müəllim Cövdət bəyin arxivi diqqətlə incələnərsə, orada Azərbaycanın təhsil tarixiylə bağlı başqa çoxlu yeni bilgilərin də ortaya çıxacağına əminik.  

Ömər ÖZCAN,
Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi
Təlim və Tərbiyə Kurulu üzvü

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov