Noyabrın
29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Rəyasət Heyətinin akt zalında tanınmış
ədəbiyyatşünas alim, filologiya elmləri doktoru,
əməkdar elm xadimi, professor Abbas Zamanovun
anadan olmasının 100 illiyinə həsr olunmuş
yubiley mərasimi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Təhsil
Nazirliyi ilə birgə təşkil etdiyi tədbiri giriş
sözü ilə AMEA-nın prezidenti Mahmud Kərimov
açaraq bildirib ki, zəngin elmi fəaliyyəti ilə
Abbas Zamanov milli ədəbiyyatşünaslığın bir
məktəb kimi formalaşması və inkişaf etdirilməsi
sahəsində təqdirəlayiq xidmətlər göstərib.
Təhsil naziri Misir Mərdanov Abbas Zamanovun
Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli
simalarından biri olduğunu nəzərə çatdırıb, onun
yüksək ixtisaslı kadrların azərbaycançılıq
məfkurəsinə sədaqət ruhunda yetişdirilməsində
böyük xidmətləri olduğunu vurğulayıb. Nazir
deyib ki, Abbas Zamanovun Azərbaycan elminin,
ədəbiyyatının, mədəniyyətinin inkişafındakı
xidmətləri
danılmazdır. Təhsil naziri daha sonra Abbas
Zamanovun Bakı Dövlət Universitetindəki
fəaliyyətindən, onun tələbələr və professor-müəllim
heyəti arasında yüksək nüfuz qazanmasından
söhbət açıb.
Sonra Abbas Zamanovun 100 illiyinə həsr olunmuş
film nümayiş olunub.
Filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov,
filologiya üzrə fəlsəfə doktoru Akif Azalp,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
rəisi Ataxan Paşayev, professor Pənah Xəlilov,
AMEA-nın müxbir üzvü Vəli Əliyev, AMEA-nın
müxbir üzvü, millət vəkili Nizami Cəfərov
görkəmli alim Abbas Zamanov haqqında
xatirələrini söyləyib, onun bir insan, bir alim
kimi vətən və xalq qarşısındakı xidmətlərindən
söhbət açıblar.
Tədbirin sonunda professor Abbas Zamanovun
nəvəsi Gülgün Rzayeva babasının xatirəsinə
göstərilən yüksək hörmət və ehtirama görə ölkə
Prezidenti cənab İlham Əliyevə dərin
minnətdarlığını bildirib.
Ədalət DAŞDƏMİRLİ |