29-30
noyabr tarixlərində Təhsil Nazirliyinin
təşkilatçılığı ilə Bakı Slavyan Universitetində
ali məktəb tələbələrinin XXII Respublika elmi
konfransı və konfrans çərçivəsində "Müstəqilliyimiz
əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə
keçirildi.
Konfransın noyabrın 29-da keçirilən açılış
mərasimində iştirakçılar öncə Azərbaycan
Respublikasının Dövlət himnini oxudular.
Tədbiri açan təhsil naziri Misir Mərdanov
tələbələrin respublika elmi konfransının
ölkəmizin ali təhsil ocaqlarında təhsil alan
gənclərin elmi tədqiqat işinə maraqlarının
artırılmasına, onlara elmi araşdırmalarının
nəticələrini məruzə etməyə, elmi fikir
mübadiləsi aparmağa imkan və şərait yaratdığını,
son nəticədə ali təhsilli mütəxəssis
hazırlığının keyfiyyətinin yüksəlməsinə xidmət
etdiyini bildirdi.
Təhsil naziri konfransın əlamətdar bir vaxta -
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci ildönümünün
qeyd olunduğu dövrə təsadüf etdiyini deyərək bu
il həmin tarixi hadisənin ölkəmizdə dövlət
səviyyəsində, həmçinin respublikamızın
hüdudlarından kənarda təntənəli şəkildə qeyd
edildiyini vurğuladı. Nazir Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı
tədbirlərin hələ də davam etdiyini söylədi.
Tələbələrin XXII Respublika elmi konfransının
özünəməxsusluğu ilə daha yaddaqalan olacağını
qeyd edən nazir Misir Mərdanov konfrans
çərçivəsində "Müstəqilliyimiz əbədidir, daimidir,
dönməzdir" adlı müsabiqənin də keçirilməsinin
qərara alındığını bildirdi.
Təhsil
naziri müstəqilliyimizin 20 ili ərzində
ölkəmizin keçdiyi inkişaf yolundan danışaraq bu
illərdə bütün sahələrdə olduğu kimi elm və
təhsildə də əsaslı dəyişikliklərin aparıldığını,
bir sıra yeniliklərin tətbiq olunduğunu və
uğurların əldə edildiyini konfrans
iştirakçılarının diqqətinə çatdırdı. Nazir
xüsusi vurğuladı ki, məhz ulu öndər, dahi
şəxsiyyət Heydər Əliyevin Azərbaycanda xalqın
təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə
qayıdışından sonra ölkədə siyasi stabillik
bərqərar oldu, respublikamızın iqtisadi inkişafı
istiqamətində mühüm işlər görüldü. Qeyd olundu
ki, bu illərdə milli təhsil quruculuğu sahəsində
əhəmiyyətli addımlar atılmışdır.
Ümummilli lider Heydər Əliyevin təhsilin və
elmin inkişafına, Azərbaycanın istedadlı uşaq
və gənclərinə hər zaman diqqət və qayğı
göstərdiyini qeyd edən nazir Misir Mərdanov
hazırda ulu öndərin layiqli davamçısı, ölkə
başçısı cənab İlham Əliyev tərəfindən bu işlərin
uğurla davam etdirildiyini bildirdi. Respublika
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan təhsili və elminin inkişafı
istiqamətində görülən məqsədyönlü işlərdən,
ölkəmizdə gənclərin yüksək bilik və təhsil
almaları üçün yaradılan şəraitdən söz açan nazir
daha sonra "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində görülən işlərə də toxundu.
Qeyd olundu ki, hazırda Azərbaycandan kənarda
təhsil alan azərbaycanlıların sayı 10000- i
keçib. Bu gün xarici ölkələrdən Azərbaycanın ali
məktəblərində təhsil alan gənclərin sayı isə 7
mindir.
Respublika Prezidenti cənab İlham Əliyev
tərəfindən ölkəmizdə təhsillə, elmlə və
gənclərlə bağlı çoxsaylı sərəncam və
fərmanların imzalandığını, Dövlət Proqramlarının
qəbul edildiyini söyləyən təhsil naziri bütün
bunların Azərbaycan təhsilinin inkişafına,
gənclərə göstərilən diqqət və qayğının bariz
nümunəsi olduğunu bildirdi.
Sonra nazir Misir Mərdanov tələbələrin XXII
Respublika elmi konfransı haqqında məlmat
verərək bildirdi ki, ildən-ilə tələbələrin
konfransa marağı artmaqdadır. Bununla bağlı
statistik rəqəmləri diqqətə çatdıran təhsil
naziri ötən il konfransa 360 məruzənin təqdim
olunduğunu, bu il isə 21 dövlət və 4 qeyri-dövlət
ali təhsil müəssisəsindən 454 məruzənin
konfransın proqramına daxil edildiyini söylədi.
Bildirildi ki, konfrans öz işini 2 gün ərzində
17 bölmədə davam etdirəcəkdir. Konfrans
çərçivəsində təşkil olunan "Müstəqilliyimiz
əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə
barəsində də ətraflı danışan nazir qeyd etdi ki,
müsabiqənin keçirilməsi üçün xüsusi bölmə
yaradılıb. Həmin bölmədə müsabiqənin birinci
mərhələsindən keçən 28 məruzənin dinlənilməsi və
qiymətləndirilməsi nəzərdə tutulur.
Nazir elmi konfransda bölmələrə respublikanın
tanınmış alim və pedaqoqlarının rəhbərlik
etdiyini deyərək bütövlükdə tədbirin
keçirilməsində əməyi olanlara təşəkkürünü
bildirdi. Çıxışının sonunda nazir Misir Mərdanov
tələbələrə bir sıra dəyərli tövsiyələr verərək
onlara uğurlar arzuladı.
Mərasimdə çıxış edən Bakı Slavyan
Universitetinin rektoru, professor Kamal
Abdullayev belə bir elmi konfransa ev sahibliyi
etdiklərindən məmnunluğunu ifadə edərək bu
tədbirə professor-müəllim heyətinin və
tələbələrin böyük önəm verdiyini, məsuliyyətlə
yanaşdıqlarını bildirdi və konfrans
iştirakçılarına müvəffəqiyyətlər dilədi.
Onu da qeyd edək ki, iki gün davam edən elmi
konfransda 454 məruzə dinlənildi və sonda
konfrans çərçivəsində "Müstəqilliyimz əbədidir,
daimidir, dönməzdir" adlı müsabiqəyə təqdim
olunan 28 məruzədən münsiflər heyətinin müvafiq
yerlərə layiq gördüyü 6 qalibə Təhsil
Nazirliyinin diplom və pul mükafatları, elmi
tədqiqat işinin aktuallığı, yeniliyi ilə
fərqlənən məruzəçi tələbələrə isə sertifikatlar
təqdim olundu.
Samirə KƏRİMOVA |