Noyabrın
30-da T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının "Uşaq dünyası" rəsm qalereyasında ali
məktəb tələbələri arasında "Azərbaycan-çiçəklənən
diyar" mövzusunda təşkil olunmuş respublika rəsm
müsabiqəsi qaliblərinin mükafatlandırılması
mərasimi keçirildi. Tədbirdə təhsil nazirinin
müavini Qulu Novruzov, Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin
müdiri Ağababa İbrahimov, respublika rəsm
müsabiqəsinin münsiflər heyətinin sədri,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
prorektoru, xalq rəssamı Fuad Salayev və digər
şəxslər iştirak edirdilər.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas
məqsəd gənclərə dövlətçilik, vətənpərvərlik,
vətənə sədaqət ruhu aşılamaq, rəsm sahəsində
istedadlı gəncləri üzə çıxarmaqdır. Müsabiqə ali
məktəb və respublika mərhələləri olmaqla 2
mərhələdə keçirilib. Müsabiqənin respublika
mərhələsinə 100-ə yaxın rəsm işi təqdim edilib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
əməkdaşlarından ibarət münsiflər heyəti
tərəfindən seçim aparılıb və 12 qalib
müəyyənləşdirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin
müavini Qulu Novruzov qalibləri təbrik edərək
bildirdi ki, ali məktəb tələbələri arasında "Azərbaycan-çiçəklənən
diyar" mövzusunda ilk dəfə təşkil olunmuş rəsm
müsabiqəsi Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci ildönümü
münasibətilə keçirilən silsilə tədbirlərdəndir
və bu tədbirlər 2011-ci ilin sonuna qədər davam
etdiriləcək. Təhsil nazirinin müavini qeyd etdi
ki, müxtəlif ali məktəblərin tələbələrinin
iştirak etdiyi müsabiqədə məzmunlu və dolğun
əsərlər öz əksini tapmışdır. Müsabiqədə əməyi
keçən hər bir şəxsə minnətdarlığını bildirən
Q.Novruzov belə tədbirlərin keçirilməsini
təqdirəlayiq hal kimi qiymətləndirdi.
Digər çıxış edənlər müsabiqənin əhəmiyyətindən
danışdılar.
Müsabiqədə I, II və III yerləri tutan tələbələr
Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə
mükafatlandırıldılar. Qaliblərlə xatirə
şəkilləri çəkildi.
Niyazi RƏHİMOV |