Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Cənubi Koreya səfərindən təəssüratlar

 

İstanbuldan ləngərlə buludları dələn aerobus bizi - məni və səfər yoldaşım, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti coğraf Oqtay Alxasovu 10 saatdan sonra Cənubi Koreyaya çatdırdı. Uzun yoldan sonra Seulun İnçon aeroportunun çıxışında qarabəniz, ucaboy, məhrəm baxışlı oğlanın "xoş gəlmisiniz" deyə doğma dili bütün yorğunluğumuza son qoydu. Tanış olduq. Şəhərə gedən yolda maraqlı olduğumuz bəzi sualları cavablandırdı: Dedi ki, adı Eroldur. Gəncədə doğulub. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis-Koreya dilləri üzrə Tərcümə fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bir müddət həmin universitetdə Koreya dilinin qrammatikasını tədris edib.  

2008-ci ilin sentyabrında Cənubi Koreya Respublikasının dövlət təqaüdü ilə Koreyanın ən aparıcı universitetlərindən birində - Yonsei Universitetində birillik təlim proqramından sonra 2009-cu ilin sentyabrından dünyanın 50 ən yaxşı universitetindən biri hesab olunan Seul Dövlət Universitetinin Beynəlxalq əlaqələr və Siyasi elmlər fakültəsinin magistr şöbəsində təhsil almışdır. 2011-ci ildə ABŞ-ın "Midwest Political Science Association Conference"-MPSA-nın illik konfransının bu təşkilatın Elmi Metodoloji sahədə yazılan ən yaxşı elmi iş mükafatını (The Best paper on Research Methodology) alaraq Çikaqo Universitetinin tədqiqat təqaüdünə layiq görülmüşdür. 2011-ci ilin sentyabrından Seul Dövlət Universitetində Beynəlxalq əlaqələr fakültəsinin tədqiqat mərkəzində proyekt üzərində işləyir. Arzusu təhsilini ABŞ-ın aparıcı müəssisələrindən birində siyasi elmlər üzrə doktoranturada davam etdirməkdir.

Erol danışdıqca fərəh hissi keçirirdim. 26 yaşlı bir gəncin həyat eşqi, arzularının reallaşması üçün inadkarlığı və əzmkarlığı məni valeh edirdi. Sevinirdim ki, Azərbaycan təhsilinin simasını belə gənclər uzaq və inkişaf etmiş ölkələrdə layiqincə göstərə bilir. Bəli, bu, Azərbaycan təhsilinin uğurudur. Bu gün məhz son illərdə ölkəmizdən kənarda - dünyanın məşhur universitetlərində təhsil alan gənclərimizin artımlı sayı Azərbaycan dövlətinin təhsil siyasətinin danılmayan, danıla bilinməyən qazancı və nəticəsidir. Bəzən uğurlarımızı, sadəcə görmək istəməyən və repetitorluğun ayağına yazanlar bilməlidir ki, repetitor müəllimlər də bizim təhsilimizin yetişdirdikləridir və bunların çoxu müstəqillik illərində təhsil alanlardır... 

Bizi Seula Şimal - Şərq Asiya Tarix Fondu dəvət etmişdi. Fondun prezidenti cənab Conq Ceconq bizi eynən bizim kimi qonaqpərvərliklə qarşıladı. Ölkə barədə, səfərlə bağlı təəssüratımızı dinlədi və Azərbaycan haqqında, onun problemləri barədə məlumatlı olduğunu bildirdi. Qlobusu fırladıb Xəzəri tapdı və barmağını Bakının üzərində saxladı. Söhbətimizdə eyni dil ailəsinə - Altay dilləri ailəsinə mənsubluğumuzdan, hər iki dövlətin - Azərbaycan və Koreyanın ikiyə - şimala və cənuba bölünməsindən, Azərbaycanın Qarabağ və Koreyanın Dokdo adaları problemlərindən, nəhayət, hər iki dövlətin müasir inkişaf yolundan, təhsilindən  söhbət açdıq. Bizi müşayiət edən Erolun Koreya dilində təmiz danışığı fondun prezidentinin diqqətindən yayınmadı və o bunu xüsusi qeyd edərək Erola təşəkkürünü bildirdi.

Yeri gəlmişkən deyim ki, Dokdo adalarında yaşayış yoxdur, iki çılpaq adadır. Bu adalar vaxtilə Cənubi Koreya ilə birgə Yaponiyanın idarəçiliyində olmuşdur. İndi Cənubi Koreyanın nəzarətində olsa da, müəyyən problemləri var. Bununla belə, bu adalara sahibliyi öyrənən ayrıca Dokdo İnstitutu fəaliyyət göstərir. Dokdoya mahnılar qoşulub. Xalqın canında bir Dokdo məhəbbəti var...

Səfər müddətində Cənubi Koreyanın Təhsil və Elm Nazirliyində Milli Kurikulum bölməsinin və Dərslik və nəşr şöbəsinin işi ilə tanış olmaq arzumuzu bildirdik. Məmnuniyyətlə bizi təhsil sistemi və dərslik hazırlığı ilə tanış etdilər. Burada ümumtəhsil məktəbləri üçpilləlidir: I-VI siniflər ibtidai, VII-IX siniflər orta təhsilin birinci, X-XII siniflər isə ikinci pilləsidir. IX sinfə qədər icbaridir və dövlət icbari təhsilə aid olan I-IX sinif dərsliklərini pulsuz verir. X - XII sinif dərslikləri isə pulludur. Dərsliklərin yaranması qaydaları və 80 ballıq qiymətləndirmə sistemi var. Qiymətləndirməni nazirlik aparır.

Qeyd edim ki, xırda özəllikləri istisna olmaqla dərslik hazırlığında bizdəkindən xüsusi fərqlənən cəhətlər, demək olar ki, yoxdur.

Cənubi Koreya xalqı çox zəhmətkeş, keçmişinə hörmətlə yanaşan, ona heykəl qoyan, onu heykəlləşdirən xalqdır. 100 hektar ərazidə çox təbii yaradılmış Koreya Folklor kəndinə ekskursiyanın xoş təsirindən vəcdə gəlməmək olmur. Bura daim turistlərlə doludur. XVI əsrin məktəb modelini, məişətini, həyat tərzini əks etdirən mikromühit adamı bir an "indi"dən alıb uzaq keçmişə aparır...

Cənubi Koreyanın Azərbaycandakı səfirliyi bizə çox rəngarəng proqram hazırlamışdı. Proqramda nəzərdə tutulduğu kimi, 26 oktyabrda Seuldakı Kyonqbok oğlan məktəbində olduq. Qeyd edim ki, məktəbdəki sakitlik adət etdiyimiz "stereotip"lərdən kənara çıxırdı. Bu, bəlkə də məktəbdə yuxarı sinif şagirdlərindən və yalnız oğlanlardan ibarət olması ilə bağlıdır. Foyedə məktəbin kollektivi bizi gözləyirdi. Divarda Azərbaycanla bağlı yaradılmış guşədə bayrağımız, Qız qalası, Şirvanşahlar sarayı və digər görüntülər asılmışdı.

X sinfin coğrafiya dərsini dinlədik. Qeyd edim ki, bütün şagirdlər uniformada idilər. Mövzu "Dokdo adaları" idi. Şagirdlər çox fəal idilər. Sonda müəllimin bir sualı bizim üçün Qarabağ sualı kimi çox düşündürücü idi: Dokdo adalarını kim qorumalıdır? Cavab: "Biz - Koreya gəncləri". Əlbəttə, vətənpərvərlik, vətəndaşlıq hissləri aşılamaq müəllimdən çox asılıdır.

Şagirdlər bizə, sözün əsl mənasında, sürpriz də hazırlamışdılar. Müəllim bir şagirdi önə çağırdı. O, kompüterə yaxınlaşdı və az sonra lövhədə Azərbaycan Bayrağı dalğalanırdı. Şagirdlər ayağa qalxdı - Himnimiz səslənirdi və mən sirli bir fərəh içindəydim. Sonra bayrağımız, onun rəngləri, vətənimizin sərvətləri, neft səltənəti Bakı və onun  abidələri barədə koreyalı şagirdin dilindən olduğu üçün daha qiymətli səslənən bir təqdimat oldu. Biz çox məmnun halda məktəbdən ayrıldıq.

Koreyaşünaslıq Akademiyası, bu akademiyanın zəngin kitabxanası, burada  dünyanın ayrı-ayrı ölkələrinin, o cümlədən  Azərbaycanın dərsliklərindən nümunələr, yazılı mənbələrlə bağlı hazırlanan sərgi, beynəlxalq konfransın təşkili - hər şey koreyalıların həssaslığından, elmilikdən və vətənə məhəbbətdən xəbər verirdi. 

Bizi müşayiət edən Şin xanım çox nəzakətli və diqqətli idi. Çalışırdı ki, Cənubi Koreya barədə çox məlumat alaq. Onunla indi muzey kimi fəaliyyət göstərən keçmiş kral sarayını da gəzdik.

İki il bundan qabaq Bakıda səfirlikdə, indi isə Cənubi Koreyanın Xarici İşlər Nazirliyində çalışan dostum Si Hon Pakla görüşümüz, onun Azərbaycan haqqında nostalji təəssüratlarını dinləmək də çox xoş idi. Seulda qaldığımız bir həftə müddətində bir an da bizi diqqətdən kənarda qoymadı, ta İstanbula uçacaq təyyarəyə minənədək.  İstanbul isə Vətənə açılan qapıdır.

Cənubi Koreyanın Bakıdakı səfirliyinə, onun bütün əməkdaşlarına bu maraqlı səfərə görə dərin  təşəkkürümüzü bildirməklə "Yenə də Vətən yaxşı"... 

Faiq  ŞAHBAZLI,
Təhsil Nazirliyinin  Dərslik və nəşriyyat şöbəsinin müdiri,
 filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim

Bakı - Seul - Bakı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov