Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

"Atam əmək fəaliyyətinə müəllim kimi başlayıb". Xalq şairi Vaqif Səmədoğlu ilə söhbət

 

"Demə Səməd Vurğun gəldi-gedərdi"... Yazımızı Azərbaycan xalqının dahi və unudulmaz şairi Səməd Vurgunun  özünün misrası ilə başlamağımız heç də təsadüfi deyil. Ona görə ki, o, sözün həqiqi mənasında gəldi-gedər yox, xalqının sevimli, unudulmaz şairi olaraq qəlblərdə əbədiyaşarlıq tapıb. Ötsə də neçə illər, qərinələr, əsrlər yenə də "Şairin andı" , "Mən tələsmirəm", "Azərbaycan" şeirləri, "Bəsti", "26-lar", "Bakının dastanı", "Muğan", "Zəncinin arzuları", "Talıstan", "Komsomol poeması", "Aygün" poemaları, "Vaqif" dramı və s. dillər əzbəri olan əsərləri ilə xalqının yaddaşında əbədi yaşayacaq və böyük məhəbbətlə xatırlanacaq... Ulu öndər Heydər Əliyev sevimli şair haqqında demişdir: "Səməd Vurğunu biz təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda böyük bir ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və o, xatirəmizə belə daxil olub". Bəli, Azərbaycanın ilk xalq şairi olan Səməd Vurğunun keçdiyi şanlı ömür yoluna işıq salmaq üçün elə bu günlərdə şairin oğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu (Vəkilov Vaqif Səməd oğlu) ilə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında görüşdük... Tanınmış  xalq şairi Vaqif Səmədoğlu Azərbaycan oxucusuna unikal şeirləri, komediyaları, publisistik məqalələri ilə yaxşı tanışdır. Söhbət əsnasında onun atası haqqında danışdığı unudulmaz xatirələri  oxucularımızın da diqqətinə çatdırmaq istəyirik. 

- Vaqif müəllim, istərdik ki, əvvəlcə atanızın keçdiyi həyat yolu və müəllimlik fəaliyyəti barədə oxucularımıza qısaca məlumat verəsiniz.

- Atamın atası Yusif ağa şöhrətli bir nəslə mənsub olsa da, ömrünün axırlarında yoxsullaşıb. Anası Məhbubə xanım isə şair təbiətli bir qadın olub. Atam altı yaşında anasını, on altı yaşında isə atasını itirib.

İlk təhsilini doğulduğu kənddə beş sinifli "rus-tatar" məktəbində alıb. 1918-ci ildə ailələri ilə birlikdə kənddən Qazaxa köçüblər. 1920-ci ildə atam Qazax seminariyasına qəbul olub və 1924-cü ildə Qazax Müəllimlər Seminariyasını bitirib. Elə əmək fəaliyyətinə də müəllim kimi başlayıb. O, həm riyaziyyatdan, ədəbiyyatdan dərs deyib, həm də coğrafiyadan. Qazaxın Köçəskər kəndində riyaziyyatdan, Qubada isə coğrafiya dərsi deyib. Qazax Müəllimlər Seminariyası, məşhur Qori Seminariyasının tatar - Azərbaycan şöbəsi o vaxt Firudin bəy Köçərli tərəfindən Qazaxa köçürülmüşdü. Mən bu seminariyanın müəllimlərinin əksəriyyətinə əmi deyirdim. Bu Qazax Seminariyası, vallah şişirtmək olmasın, bəlkə də Oksford, Kembric, Harvard universitetləri verən savadı o dövr üçün verib. Həmin seminariyanı bitirmiş və ömrünü riyaziyyatçı kimi başa vurmuş bir insan, atamın yaxın dostu Mirqasım Əfəndiyev Tofiq Fikrəti də, Sabiri də əzbər bilirdi. O zaman osmanlı ədəbiyyatı ilə bizim ədəbiyyat arasında heç bir ayrı-seçkilik yox idi. Onu da deyim ki, Səməd Vurğun bu seminariyada skripka, tar, saz, tütək çalmağı da öyrənib.

Atam 1929-cu ildə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsinə daxil olaraq təhsilini davam etdirir. Amma Moskvadakı təhsilini axıradək davam etdirmək ona müyəssər olmur. 1931-ci ildə Bakıya qayıdır, burada Azərbaycan Pedaqoji İnstitutunda ali təhsilini davam etdirir və institutun aspiranturasında oxuyur...

- Atanızın Abdulla Şaiqlə qohumluğu olub. Bu barədə nəyisə xatırlayırsınızmı?

- Bəli, Abdulla Şaiq atamla bacanaq olub. Atam Bakıya gələndən sonra Abdulla Şaiqin evinə tez-tez gedib-gəlib. Onlarda keçirilən bir məclisdə anamı -  Xavəri görüb bəyənib. Atam bu barədə Hüseyn Cavidə danışıb. Birlikdə elçi gediblər, sonra da ki, ailə qurublar...

Onu da yaxşı xatırlayıram ki, Abdulla Şaiqin məşhur "Tıq-tıq xanım", "Tülkü həccə gedir" və s. nağıllarını mən çənəmi dizimin üstünə dayayıb onun öz ağzından eşitmişəm... O, əsl ziyalı bir insan idi. Özü də çox qəribə, alicənab, mehriban xasiyyəti vardı. Milçəyi əli ilə tutardı, öldürməzdi, nəfəsliyi açıb oradan bayıra buraxardı...

- Bildiyimizə görə siz konservatoriyada təhsil almısınız...

- Atam 1946-cı ildə mənim əlimdən tutub apardı Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta musiqi məktəbinə. O zaman məktəbin direktoru professor Kövkəb xanım Səfərəlibəyova idi. O, çox məşhur adam idi. SSRİ Ali Sovetinin deputatı da olmuşdu... Həmin məktəbdə məni yoxlayıb birinci sinfə qəbul etdilər. Orada oxudum, ali təhsil də aldım. Əsas sənətim də pianoçudur...

- Səməd Vurğunun övladlarına verdiyi tərbiyə barədə nə deyə bilərsiniz?

- Onun övladlarına verdiyi tərbiyə yalnız öz nümunəsi idi. O, bizimlə təkcə valideyn kimi yox, həm də yaxın bir dost kimi davranırdı. Hər hansı bir problemimiz olanda onu yalnız əmin-amanlıq şəraitində yoluna qoyardı. Arzu və istəklərimiz olanda, onu öz dəyərli tövsiyələri ilə başa salar, həll edərdi. Bizi düşündürən məsələlər barədə onunla məsləhətləşər və xeyirini də görərdik.

- Yəni deyirsiniz ki, atanız sizi heç cəzalandırmayıb?

- Dərs oxumaq üstündə yox, amma bir dəfə mənə bir şillə vurub. On yaşım tamam olandan sonra atam məni özü ilə ova aparırdı. Mənə bir tüfəng də almışdı. Tapşırmışdı ki, adam, mal-qara olan səmtə heç bir vaxt güllə atma. Tüfəngin gülləsinin gücünü, barıtın yanmaq, pistonun alışmaq prinsipini mənə çox dəqikliklə başa salmışdı. Mən artıq bilirdim ki, patronda olan hansı qırmanın öldürməyə qadir olan qüvvəsi neçə metrdir. Bir dəfə kəklik ovuna getmişdik. Mənim də tüfəngimdə beş nömrə qırma vardı. Onun da maksimum öldürmək qabiliyyəti 50-60 metrdir. Həmin vaxt biz Ağsu tərəfdə ovda idik. Mən ən azı bizdən bir kilometr aralı olan insanları görürdüm. Bu anda bizim "Reks" adlı tulamız kəkliyi qaldırdı, mən də atdım. Bax, onda atam mənə bir şillə vurdu. Dedi ki, axı sənə demişəm ki, adam olan səmtə güllə atma. Mən də dedim ki, axı onlar çox uzaqdadır. Dedi ki, dəxli yoxdur...

Bax belə, yenə də təkrar edirəm ki, o, bizə xüsusi tərbiyə vermirdi, yalnız öz nümunəsi ilə bizi tərbiyə edirdi.

Bilirsiniz ki, yazıçıların arasında müəyyən anlaşılmazlıqlar, intriqalar olurdu. Amma həmin söhbətlərin heç biri bizim evdə danışılmazdı. Mən yaşa dolandan sonra bilmişəm ki. Səməd Vurğunun filankəslə münasibəti pisdir, yaxşıdır...

- Müəllimlərinizi xatırlayırsınızmı?

- Əlbəttə, xatırlayıram. Mənim fizika müəllimim Əziz müəllimlə atamın dostluq əlaqəsi var idi. İxtisas müəllimim var idi. Anna Yakovlevna fortepianodan mənə dərs deyirdi. Onu atam öz qızı kimi çox istəyirdi.

Bizim müəllimlərimizin məişət problemləri o zaman da çox idi. Onların məişət problemlərinin həllində atam çox aktiv iştirak edirdi. O, həm SSRİ Ali Sovetinin deputatı kimi, həm də öz adından, nüfuzundan istifadə edib ev və başqa məişət məsələlərində onlara çox böyük kömək edirdi. Bax, bütün bunlar dərs zamanı mənə verilən, Yusifə verilən, Aybənizə verilən qiymətlərə təsir eləməzdi. O zaman bu, bizim dövrün müəllimlərinin qüruruydu. Əksinə, atam məni imtahandan kəsən müəllimə ev məsələsində kömək edirdi.

- Səməd Vurğunu bir valideyn kimi övladlarının dəcəlliyinə, yaxud da hansısa bir probleminə görə məktəbə çağırırdılarmı?

- Əlbəttə, çağırırdılar. Bəzən biz özümüzü məktəbdə müəllimlərlə antipedaqoji apardığımıza görə çağırırdılar.

Bir dəfə atam ovda nəhəng bir erkək qaban vurmuşdu. Erkək qabanın da böyük alt dişləri olur. Həmin dişlərdən birini gətirib rəhmətlik qardaşım Yusifə vermişdi. Yusif də məktəbdə dalaşır. Sən demə həmin dişi özü ilə məktəbə aparıbmış. Dalaşdığı oğlanı yerə yıxıb həmin dişlə də onun bədəninə vurub... Məktəbin direktoru Kövkəb xanım da bu hadisəni görüb, Yazıçılar Birliyinə-atama zəng vurub, Yusifdən ona şikayət edib.

- Vaqif müəllim, deyəsən bir dəfə də atanızı bacınız Aybəniz xanıma görə məktəbə çağırıblar?

- Aybəniz musiqi məktəbində 7 il oxuduqdan sonra artıq qət etmişdi ki, o, musiqiçi olmayacaq. Atam onu 132 nömrəli məktəbə keçirmişdi. Burada oxuyan zaman bir gün gəlib atama deyir ki, səni məktəbə çağırırlar. Atam o dəqiqə soruşur ki, məktəbdə neynəmisən? Aybəniz də cavab verir ki, heç bir pis iş görməmişəm, yalnız dərslərimlə bağlı məsələdir.

Atam səhərisi gün gedir məktəbə, onun riyaziyyat müəllimi Sadiq Sadiqovla söhbət edir. Məlum olur ki, o, riyaziyyat, fizika, kimya fənlərindən zəif oxuyur. Əgər belə getsə, sinifdə qala bilər. Nə isə, ona evdə müəllim tuturlar, gündə iki saat əlavə məşğul olur. Həmin fənlərdən qiymətlərini düzəldir...

Gördüyünüz kimi, təhsilə münasibət o qədər ciddi idi ki, valideynlərin kimliyinə heç bir fərq qoyulmurdu. Heç kəs təsəvvürünə belə gətirmirdi ki, Aybəniz Vəkilova, yaxud Vaqif Vəkilov adlı şagirdə Səməd Vurğunun qızı, oğlu olduğuna görə layiq olmadığı yüksək qiymət yazılsın. Bunu heç kim ağlına belə gətirməzdi. O vaxt yalnız müəllim və şagird münasibətləri var idi...

Onu da qeyd edim ki, biz oxuyan məktəbin bir çox problemləri - təmiri, yeni lazımi avadanlıqların alınması və s. məsələlərdə valideynlərin çox böyük köməyi olurdu. Bu məsələlərin həllində xüsusilə də Səməd Vurğun, Mirzə İbrahimov... daha çox fəallıq göstərirdi.

- Sizin sinifdə tanınmış insanlardan kimlərin övladları oxuyurdu?

- Bizim sinifdə Mirzə İbrahimovun qızı, Cəfər Xəndanın oğlu, Osman Sarıvəllinin oğlu, Sabit Rəhmanın qızı oxuyurdu. Bu uşaqlarla yay istirahətimiz də bir yerdə keçirdi. Biz əsasən Kislovodskidə, Şuşada, Hacıkənddə istirahət edirdik.

- Bu istirahət zonalarına atanız da sizinlə gedirdimi?

- Gedirdi, amma o, bizə, məsələn, Kislovodskidə ev tuturdu. Özü isə Yesentuki sanatoriyasında dincəlirdi. Mən Üzeyir bəyi də elə ilk dəfə Yesentukidə mədə-bağırsaq sanatoriyasında gördüm. O vaxt atam bizi Kislovodskidən Yesentukiyə gəzməyə gətirmişdi. Özü dincəldiyi sanatoriyada qarğıdan hörülüb düzəldilmiş bir kresloda Üzeyir bəy əyləşmişdi. Ona yaxınlaşanda atam dedi ki, Üzeyir bəyin əlindən öpün. Biz ona yaxınlaşdıq, Yusif öpdü, Aybəniz öpdü, mən öpəndə Üzeyir bəy başımı sığalladı...

- Sizin evdə olmuş tanınmış insanlardan, yazıçı və şairlərdən kimləri xatırlayırsınız?

- O zaman Azərbaycana gələn qonaqlar, təkcə ədəbiyyat sahəsində yox, məsələn, Şimal qütbünü fəth edənlərdən biri Otto Yuriyeviç Şmit Papaninlə birlikdə -ilk Sovet İttifaqı Qəhrəmanları Bakıya gəlmişdilər. Onda mənim 4-5 yaşım olardı, müharibə vaxtı idi.

Sonra İran şahının bacısı, Fadeyev, Konstantin Simonov da bizim evdə qonaq olub. Bunlarla bərabər həm də Qazaxın, Ağstafanın, Borçalının, Sadaxlının çobanları olurdu...

Süleyman Rüstəm çox zarafatcıl bir insan idi. O, bizim evin çox  qonaq-qaralı olduğunu görüb ad qoymuşdu "kolxoz  kostinsası"...

- Siz atanızla rayonlarda, kəndlərdə görüşlərdə olurdunuzmu?

- Çox görüşlərdə olmuşuq. Özü də bu görüşlərə ancaq mənimlə birlikdə gedirdi. Quba, Qusar rayonlarında lap çox olmuşuq. Ona görə ki, Səməd Vurğun SSRİ Ali Sovetinə həmin bölgədən deputat seçilirdi. O zaman müharibədən yenicə çıxmış camaatın əsas  neftə, çaya, şəkərə, qaloşa çox böyük ehtiyacı var idi. Atam hər iki aydan bir sudabekir maşını öz hesabına aldığı ərzaq və başqa mallarla doldurub o rayonların əhalisinə göndərərdi.

Biz  Kəlbəcərdə, İstisuda da görüşlərdə olurduq. Orada atam Aşıq Şəmşirlə görüşərdi. Həmin ərazidə yaşayan insanlar da Səməd Vurğunun adını eşidib onunla görüşə gəlir, maraqlı söhbətlər edir, birlikdə şəkillər çəkdirirdilər.

Eyni zamanda biz bir çox rayon məktəblərində-Ağdaşda, Göyçayda, Şamaxıda, Cəlilabadda, Qubada olurduq. Atam bu məktəblərin şagirdləri ilə  görüşürdü, söhbətlər edirdi, şeirlərini söyləyirdi...

- Atanız təkcə şair kimi deyil, həm də ictimai-siyasi xadim və alim kimi, xeyirxah bir insan kimi geniş şöhrət qazanmışdı...

- Bəli, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarananda ilk akademiklərdən biri atam olub. Ömrünün son illərində isə akademiyanın vitse-prezidenti vəzifəsində çalışırdı.

Həmin vaxt Püstəxanım Əzizbəyovanın, Sara Aşurbəyovanın Elmlər Akademiyasına gəlib çalışmaları Səməd Vurğunun adı ilə bağlıdır. Eyni zamanda dilçi alimlərdən Vaqif Aslanov, Türkan Əfəndiyeva, tarixçi Mahal Məmmədov və bir çoxlarının elmə gəlməsi də atamın təklifi ilə olub. O, həqiqətən çox  xeyirxah, əliaçıq adam idi. Başqa ölkələrə oxumağa göndərilənlərə, imkansız ailələrə yardım edərdi.

Yaxşı yadımdadır, xaricə oxumağa göndərilən bir gənc oğlan bizə gəlmişdi. O, maddi vəziyyətinin ağır olduğunu, buna görə də oxumağa gedə bilməyəcəyini atama danışdı. Atam ona: "Sən narahat olma, get təhsilini davam elə. Sənə hər ay pul göndərərəm", - dedi. Sonra stolun daxılından bir qundaq pul götürüb gəncə verib "Üç aylıq təhsil haqqının puludur, bir aylıq pulla özünə əyin-baş, kostyum alarsan. İki aydan sonra sənə yenə pul göndərəcəyəm"-dedi və hər ay yardım etdiyi adamların siyahısını oğlana göstərdi. Onda gələcəyə böyük inam yaradaraq hörmətlə yola saldı, yaxşı təhsil alıb vətənə  dönməyi tövsiyə etdi.

- Qobustan qayalarının tarixi abidə kimi qorunub saxlanılmasında Səməd Vurğunun misilsiz xidməti olub. Həmin hadisənin şahidi kimi siz nə deyə bilərsiniz?

- 1954-cü ildə mən akademiyada atamın kabinetində əyləşmişdim. Bu ara atama zəng oldu. O zaman Respublika Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov idi. Mirzə müəllim nə isə dedi, hər ikisi yüksək səslə, əsəbi halda danışdılar. Atam "tez maşını göndər" dedi. Mirzə müəllimin də boz rəngdə ZİM maşını var idi. Maşın gəldi, biz mindik. Respublika prokuroru da bizimlə Qobustana getdi. Gördük ki, qayaları buldozerlə uçururlar. Biz ora çatanda, atam prokurorun tapançasını alıb maşından yerə düşən kimi havaya dalbadal iki dəfə atəş açdı. Sonra da əsəbi halda "ayə... neyləyirsiniz" deyib onların üstünə qışqırdı. Buldozerdən düşməyi tələb etdi... Əraziyə baxdılar, məlum oldu ki, artıq üzərində qədim rəsmlər olan bir neçə qaya uçurulub. Atam bu vəziyyətə çox təəssüfləndi... Ondan sonra dəqiq inventarlaşma getdi. Rəsmli qayalar qoruq, rəsmsiz qayalar isə daş karxanası oldu.

Beləliklə, atam xalqın bu qədim tarixi abidəsini dağıtmaga imkan vermədi. Bu hadisədən sonra da atam arxeoloqlarla tez-tez ora getdi və Qobustanın tarixi qoruq kimi qorunub saxlanılmasında əlindən gələni əsirgəmədi. Həqiqətən, əgər Səməd Vurğun belə etməsəydi, bu gün Qobustan olmayacaqdı...

- Bacınız Aybəniz xanımın bir xatirəsində oxumuşam ki, hardasa bir çinarı kəsmək istəyiblər, ondan sonra Səməd Vurgun "Çinarın şikayəti" adlı şeirini yazıb...

- Hə, o da yadımdadır. Bir dəfə atama xəbər verirlər ki, bəs Gəncədə böyük bir çinar ağacını kəsmək istəyirlər. Atam da təcili ora gedib bu işin qarşısını alıb. Bax, elə ondan sonra ürəkağrısı ilə həmin "Çinarın şikayəti" adlı şeirini yazıb. Belə hadisələr çox olub. Məsələn, müharibə vaxtı Qazaxda olan "Hacı Mahmud əfəndi" türbəsini də dağıtmaq istəyiblər. Atam böyük cəsarətlə, qorxmadan onun da qarşısını alıb. Yeri gəlmişkən onu da deyim ki, Neftçilər prospektində, indiki Neft Şirkətinin böyründəki beş çinar ağacını atam əkmişdi...

- Deyirlər, Səməd Vurğunun şeirlərində həyat eşqi, gurlayan dağ çayının səsi var. Sizcə, onun şeirlərinin ən üstün keyfiyyəti nədə idi?

- Səməd Vurğunun şeirlərinin ən üstün keyfiyyəti dilidir. Çox axıcı, səlist dildə yazırdı. Mikayıl Rəfili bir dəfə ona deyir ki, sənin dilin məndə olsaydı, bu saat Azərbaycan yox, dünya şairi idim. Səməd Vurğun da cavab verir ki, elə olanım budur, ondan başqa nəyim var ki?..

- Bildiyimiz kimi, Səməd Vurğun təzyiqlərə də məruz qalırdı...

- Onu deyim ki, o dövrdə kimlərə təzyiqlər olmurdu ki? Tanınmış insanları bir-birinə qarşı qoyurdular ki, başları özlərinə qarışsın. Başqaları kimi atam da otuzuncu illərdə təqib olunur, millətçilikdə ittiham edilirdi. Xalqın keçmişi ilə bağlı yazdığı əsərləri ona baha otururdu. Həmin illər DTK-da atam üçün xüsusi qovluq açılıb və haqqında olan yalan məlumatları o qovluğa yığaraq onu "vurmaq" üçün məqam axtarıblar.

O dövrdə belə haqsızlıqlar çox olub. Amma görünür elə atamın etdiyi xeyirxahlıqlar, yaxşılıqlar onu belə bəlalardan qoruyub... 

- Səməd Vurğunun "Xalq şairi" adını aldığı günü xatırlayırsınızmı?

- Yaxşı xatırlayıram. Atamın 50 illiyi münasibəti ilə "Xalq şairi" fəxri ad təsis edildi və bu ad ilk olaraq atama verildi. Bu ada çox sevinsə də, ölüm yatağında olduğu üçün bu adın ləzzətini və şöhrətini duymaq ona nəsib olmadı. O, dünyadan vaxtsız köçsə də, bu gün xalqın qəlbində yaşayır...

- Bəli, Vaqif müəllim, özü də əbədi yaşayır. Atanızın özünün bir şeirində yazdığı kimi:

Demə Səməd Vurğun gəldi-gedərdi,

Unutmaz bu oba, bu mahal məni...

- Eşitmişik ki, atanız haqqında xatirələr yazırsınız.

- Yazırdım, xəstələndim. Ürəyimdən əməliyyat olundum. Ona görə bu iş bir qədər ləngidi.

- Taleyinizdən razısınızmı?

- Razı olsam, bir dənə də misra yaza bilmərəm.

- Vaqif müəllim, çox sağ olun ki, gəlib bizim sualları cavablandırdınız. Atanız, dahi şairimiz Səməd Vurğunu birlikdə xatırladıq... Sizə bundan sonra da möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

- Siz də sağ olun! 

Söhbətləşdi:
Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov