Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Yuxarı sinif şagirdlərinin kütləvi şəkildə repetitor xidmətinə meyilliliyi normal hal deyil

 

Artıq on üç ildir ki, Azərbaycan təhsilində köklü islahatlar və yeniliklər həyata keçirilir. Bu proses öz ahəngi, dinamikası və məntiqi axarı ilə dönməz xarakter almışdır. Əminliklə deyə bilərik ki, artıq geriyə yol yoxdur, Avropa və dünya təhsil məkanına inteqrasiya prosesləri, ali təhsilimizin Boloniya  sisteminə sürətli keçidi ictimai şüurumuza əhəmiyyətli dərəcədə sirayət edib. Həm ali, həm də orta təhsil pillələrində çalışan təhsil işçisi kimi onu deyə bilərəm ki, dövlətimiz, ölkə rəhbərliyi, xüsusilə də Heydər Əliyev Fondu orta təhsilimizə böyük diqqət göstərir. Təhsil Nazirliyi icra orqanı kimi çox gərgin əmək sərf edir. Dərsliklərin yazılması, nəşri, bu məsələdə alternativliyin gözlənilməsi, tədris vəsaitlərinin tərtibi və məktəblilərə çatdırılması, məktəblərin, xüsusən də yeni tipli qabaqcıl orta təhsil müəssisələrinin maddi-texniki bazasının yenidən qurulması, İKT-dən istifadənin dünya standartları səviyyəsinə qaldırılması, yaradıcı müəllimlərin və aparıcı orta təhsil müəssisələrinin rəğbətləndirilməsi mexanizminin mövcudluğu, kadrların seçilməsi və yerləşdirlməsi tədbirləri, ümumi orta və tam orta təhsil pillələrində qiymətləndirmə və monitorinqin cəsarətli tətbiqi, təhsil sisteminin inkişafı və gələcək perspektivləri ilə bağlı strateji təhlil və planlaşdırmanın ardıcıllıq və varislik, sadədən mürəkkəbə keçid, elmi-metodiki tədqiqatlara və ictimai rəyə əsaslanma və s. prinsipləri əsasında qurulması köklü dəyişikliklərə gətirib çıxarır. Müəllim nüfuzu bərpa olunur. Müəllim əməyi, müəllim peşəsi (söhbət orta məktəb müəllimindən gedir)  tələb və arzu edilən peşəyə çevrilir. Gənclərin pedaqoji işə həvəsi artır, məktəbə maraq güclənir. Valideyn-müəllim assosiasiyaları şəbəkəsi genişlənir, qabaqcıl məktəblərimizin idarəçiliyində  şagird parlamentlərinin, şagird elmi cəmiyyətlərinin (kiçik akademiyaların) rolu güclənir.

Milli Kurikulumun tətbiqi ilə gələn məzmun və forma dəyişiklikləri, şagird biliyinin qiymətləndirilməsi və monitorinqində yeni meyar və formaların gəlişi, kurikulumun tələblərinə uyğun dərsliklərin, müəllim üçün vəsaitlərin hazırlanması, müəllimlərin attestasiyası və ixtisasartırmasının təşkili, onların qabaqcıl texnologiyalara yiyələnməsinə nail olunması, şagirdlərə yaradıcılıq və təşkilatçılıq vərdişlərinin aşılanması və s. məsələlərin ağıllı şəkildə reallaşdırılması bütov bir orqanizm və ya harmonik kompozisiya təşkil edən müstəqil Azərbaycan təhsilinin kulminasiya nöqtəsinə doğru inamlı yüksəlişi  üçün gözəl şərait yaradır. Konkret olaraq bir daha vurğulamaq istəyirəm ki, təhsilimizin inkişafı, xüsusən orta təhsil pilləsinin ağıllı şəkildə idarə olunması üçün lazımi qanunvericilik bazası, icra mexanizmləri, səriştəli təhsil işçiləri var. Son illərdə qəbul olunmuş bir sıra qanun və qanunvericilik aktlarının adlarını qısaca olaraq xatırlatmaq istəyirəm. 2008-2013-cü illərdə ali təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi, istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı Prezident sərəncamları, Təhsil qanunu, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş orta ümumtəhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi, təhsil nazirinin sərəncamı ilə birbaşa nazirlik tabeliyində olan bir sıra məktəb və liseylərdə şagirdlərin təmayül və maraqlarının  düzgün istiqamətləndirilməsi ilə bağlı pilot layihəsinə start verilməsi, ən nəhayət, elə bu istiqamətdə fərdi tədris planı ilə işləmək arzusunda olan məktəb və liseylərə fərdi tədris planının tətbiqi, fənn müəllimlərinin, bütövlükdə məktəbin potensialının reallaşdırılması, şagirdlərin, onların valideynlərinin arzu və təkliflərinin nəzərə alınması üçün şəraitin yaradılması və s.

Görülən işlər, qazanılan uğurlar fonunda bəzi çətinliklər də nəzərdən qaçmır. Bu mənada orta məktəblərin yuxarı siniflərindəki tədris mühiti ilə bağlı narahatlığı xüsusi vurğulamaq istərdim. Belə ki, yuxarı sinif şagirdləri arasında geniş yayılmış və hətta kütləvi psixoz halına çevrilmiş, artıq cəmiyyətdə yalançı ictimai rəy formalaşdırmış repetitor xidməti normal tədris prosesinə ciddi maneələr yaratmaqdadır. Ortada qəribə bir paradoks var: hər şeyin düşünülmüş, planlaşdırılmış şəkildə və ardıcıllıqla həyata keçirilməsi fonunda ciddi bir xaosla, psixoloji baryerlə üz-üzə qalmışıq. Söhbət orta təhsil pilləsini hörümçək toru kimi cənginə almış repetitor xidmətindən gedir. Açığını desək, yuxarı sinif şagirdləri   arasında repetitor xidmətinin kütləvi hal almasında və yalançı ictimai rəyin formalaşmasında obyektiv səbəblərlə yanaşı subyektiv səbəblər də var. Bəzi müəllimlər öz fənninin keyfiyyətli tədrisinə  görə birbaşa cavabdehlik daşımağa borclu olduqları halda, günahı dərsliklərin qəliz şəkildə və çətin anlaşılan dildə tərtib edilməsində, qəbul və mərkəzləşdirilmiş test imtahanlarına düşən tapşırıqlar arasında ciddi uyğunsuzluğun olmasında, ildən-ilə qəbula düşən testlərin çətinləşdirilməsində görür, şagird və valideynləri, hətta bəzən məktəb rəhbərliyini də buna inandırmağa müvəffəq olurlar. Halbuki yuxarı siniflərdə dərs deyən fənn müəllimləri üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında hər həftə seminarlar keçirilir, məktəb və qəbul proqramlarında, test banklarındakı uyğunsuzluqlar, materialların adaptasiyası problemi ciddi şəkildə təhlil edilir, fənn müəllimlərinə konkret tövsiyələr verilir.  Əgər fənn müəllimi "bunker" müəllimi, seminar iştirakçısı kimi bu situasiyada abituriyentlərə lazımi tövsiyələr verib, şagirdləri istiqamətləndirmək və dərslərini bu səpgidə qurmaq əvəzinə, onları və onların valideynlərini qorxuya salırsa, deməli, şagirdlərin kütləvi şəkildə repetitorluğa cəlb olunmasının səbəbini elə məktəbin və valideynlərin özündə axtarmaq lazımdır. Mən zərurətdən doğan, yetirməyən və ya müəyyən proqram üzrə təşkil olunan repetitorluğun əleyhinə deyiləm, yuxarı sinif şagirdlərinin gündəlik tədris materiallarından yayınmasına, sinifdə verilən dərslərin arxa plana keçməsinə görə narahatam. 

Valideynlərə reallığı başa salmaq, məktəbin pedaqoji kollektivinin buraxılış siniflərinin şagirdlərini seçdikləri ixtisas fənləri və mərkəzləşdirilmiş test imtahanları üzrə hazırlaşdırmaq iqtidarında olduğuna  onları inandırmaq müşkülə çevrilib. Təbii ki, söhbət tədris planında seçmə fənlərə və fakültativ məşğələlərə ayrılmış saatlardan bacarıqla istifadə edən məktəblərdən gedir. Bizim Məktəb-Lisey Kompleksində universitetimizin rektorunun təşəbbüsü, Elmi şurasının qərarı ilə həm məktəb, həm də lisey şöbəsində oxuyan yuxarı sinif şagirdləri üçün dərsdənkənar vaxtda hazırlıq kurslarının təşkilini də bura əlavə etsək, orta təhsil müəssisələrinin kütləvi repetitorluqla mübarizə imkanlarının mövcudluğunu görmüş olarıq. Lakin bu mübarizəni təkcə məktəbin, ölkənin təhsil sistemində çalışan insanların gücü ilə aparmaq mümkünsüzdür. Birincisi, burada sinif və məktəb valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının işinin düşünülmüş şəkildə qurulması vacibdir. İkincisi, geniş ictimaiyyətin, o cümlədən pedaqoji ictimaiyyətin, mətbuat orqanlarının, radio və televiziyaların, sosial şəbəkələrin davamlı olaraq bu problemi işıqlandırmasına, xalqı kütləvi psixoza, sosial gərginliyə sürükləyən ziyanlı repetitorluq hərəkatının qarşısının alınmasına ciddi ehtiyac var. Üçüncüsü, bu işin içində olan məktəb müəllimləri, məktəbdənkənar yerlərdə, o cümlədən öz evində "məktəb" və "sinif" təşkil edən pedaqoq-repetitorlar orta məktəb sisteminə vurduqları ziyanı anlamağa çalışmalı, heç olmasa, məşğələlərini dərs vaxtı yox, dərsdənkənar vaxtlarda təşkil etməlidirlər. Biz, məktəb rəhbərləri, illər boyu ünsiyyətdə olduğumuz valideynlərlə münasibətimizi korlamaq, işbaz repetitorların sıx iş qrafiki ucbatından on birinci sinif şagirdləri ilə gərgin və əsəbi şəraitdə işləmək, bəzən də valideynin yerinə yetiriləsi mümkün olmayan arzuları, "bunker" müəllimlərinin onlara təyin etdikləri cədvəllər səbəbindən istedadlı şagirdin məktəbdən çıxmasına razılıq vermək zorunda qalırıq. Qoy hörmətli valideynlər, istedadlı və qabiliyyətli uşaqlarla işləyən səriştəli və hazırlıqlı müəllim və mütəxəssislər məni düzgün başa düşsünlər. Repetitorluq Sovet məktəbi dövründə də, müstəqilliyimizin ilk onilliyində də, beş il bundan əvvəl də var idi. Xarici ölkələrdə də müxtəlif təhsil proqram və layihələrinə baş vurmaq istəyən məktəbyaşlı uşaqlar repetitor xidmətindən istifadə edirlər. Açığını deyim ki, hələ 3-4 il bundan əvvəl bizim lisey siniflərinə uşaq gətirən valideynlər məhz repetitorluqdan qurtulmaq və yuxarı siniflərdə normal dərs şəraiti, bolluca tədbirlər,  yaradıcılıq mühiti olduğu üçün buraya gəldiklərini bildirirdilər. Ən nəhayət, qəbul imtahanlarına və sınaq yoxlamalarına düşən test tapşırıqlarının açarının onların əlində olması barədə şayiələr yayıb, "bunker" qrupları yaradaraq, onbirincilər, onların müəllim və valideynləri arasında çaşqınlıq yaradan şəxslərin ictimai qınağa tuş gələcəyinə inanırıq.  Gizlətmək lazım deyil ki, bəzən hətta imkansız valideynlər belə bu şayiələrə aldanaraq, bank kreditləri, borc hesabına bir fənn müəlliminə hər aya görə 100-300 manat ödəməyə məcbur qalırlar. İnsaf naminə deyək ki, son vaxtlar digər repetitorlar da bu məsələdə "bunker" əhlindən geri qalmırlar. Məktəbdə elə bir ağır psixoloji-pedaqoji mühit yaranıb ki, onbirinci sinif şagirdi (qabağı alınmazsa, bu məsələ geniş diskussiyaların predmetinə çevrilməzsə, onuncuları və doqquzuncuları da bu aqibət gözləyir) sinif  otağında ona verilən dərsi, izah olunan tədris materialını qulaqardına vurur, bu şeyləri ancaq və ancaq müəllimin repetitora çevrildiyi şəraitdə (bəzən darısqal, lap belə iyirmi-otuz nəfərlə bir qrupda olsa belə) öyrənə biləcəyini iddia edir. Təbliğat maşınının öz işini bacarıqla qurması səbəbindən belə iddiaçıların sayı günbəgün, lap həndəsi silsilə ilə artır.

Əziz və hörmətli həmkarlarım arasında mənim fikirlərimlə razılaşmayanlar da tapılacaq. Nə səbəbdən narahatlıq keçirdiyimi anlamayanlar da olacaq. İlk baxışdan müəllimlərin sosial şəraitinin yaxşılaşmasına xidmət edən repetitorluğa  qarşı çıxdığıma görə məni qınayacaqlar. Amma söhbət kütləvi və nizamsız hala çevrilmiş, təhsildə gedən islahatların xeyrinə deyil, ziyanına işləyən repetitorluqdan gedir. İnanın, bu düşüncələr çoxlarının ürəyindən keçir, istər Təhsil Nazirliyində, istər yerli təhsili idarəetmə orqanlarında, istərsə də respublikamızın tanınmış lisey və gimnaziyalarında, qabaqcıl məktəblərində, təhsil problemləri ilə məşğul olan elmi-tədqiqat mərkəzlərində kütləvi repetitorluq deyilən bəlanın bizə vurduğu maddi və mənəvi ziyandan qurtulmağın çarəsi axtarılır. Gizlətmək lazım deyil ki, kütləvi repetitorluq problemi hətta respublikamızda uğurla fəaliyyət göstərən və əsasən tam təhsil pilləsini əhatə edən türk liseylərinin, respublika əhəmiyyətli yeni tipli orta təhsil müəssisələrinin rəhbərliyi üçün də ciddi başağrısına çevrilmişdir.

Yuxarı sinif şagirdlərinin sistemsiz şəkildə məşğulluğu həm də valideynin tələbi ilə onların fiziki tərbiyə və çağırışaqədərki hazırlıq dərslərindən yayınmasına, gündəlik dərslərə hazırlaşma, mütaliə və yazı vərdişlərinin korşalmasına və itirilməsinə, sonda isə pis tələbə, pis əsgər və pis işçi kimi formalaşmasına səbəb olur. Digər tərəfdən, məktəbdə keçirilənlərə biganə yanaşan, gündəlik dərsə hazırlaşma vərdişi olmayan, doqquz il səbirsizliklə onuncu sinifdən repetitorluğa başlamağı gözləyən abituriyet, qısa müddətdə tədris proqramını mənimsəməklə imtahandan  sonra tez bir zamanda (bəzən elə imtahanın özünədək) hər şeyi unudur. Onun əzbərləmə yolu ilə əldə etdiyi biliklər heç də vərdiş və bacarıqlar formalaşdırmağa xidmət etmir. Repetitorlar hazırlığı aşağı siniflərdən başladığından çox vaxt yuxarı siniflərdə keçirilən materiallar normal şəkildə əhatə olunmur. Onsuz da repetitor yanına gedəcək deyə, 10-11-ci siniflərdə keçilən dərs materialına sinif otağında məhəl qoymayan abituriyent, bazası olmadığından çox itirir və kifayət qədər bal toplaya bilmir.

Tətbiq edilməkdə olan mərkəzləşdirilmiş test imtahanlarının əhatə etdiyi fənləri yuxarı sinif şagirdləri pis-yaxşı öyrənmək məcburiyyətində qalsalar da, imtahan verilməyən fənlərə elə də maraq göstərmirlər. Fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, informatika, insan və cəmiyyət, iqtisadiyyatın əsasları və s. şəxsiyyətyönümlü və inkişafetdirici fənlərin yuxarı siniflərdə tədrisi vəziyyəti, şagirdlərin və onların valideynlərinin göstərilən fənlərə münasibəti də ciddi narahatlıq doğurur.   

Mən hələ ailələrimizin büdcəsinə, məktəbin bacarıqlı fənn müəllimlərinin imicinə, bütövlükdə məktəbin nüfuzuna dəyən maddi və mənəvi ziyanı demirəm. Bu vəziyyət toylarımızdakı israfçılıq və narahatlıqla müqayisəyə gəlir. Hamı narazıdır. Hamı da köhnə qayda ilə durub oturur. 

On minlərlə abituriyent yaşadığı rayonda və oxuduğu məktəbdə "bunker" müəllimi tapa bilmədiyindən təklif olunmuş qrafiklərə uyğun, şəhərin o başından bu başına, Bakı və Abşeron kəndlərindən şəhərin mərkəzinə axışırlar. Uşaqların və ailələrin istirahətinə, asudə vaxtına, insanların davranışına, həyat tərzinə ciddi ziyan yetirilir. Bu kütləvi psixoz halı mətbuat orqanlarını, sosial tədqiqat mərkəzləri və institutlarını narahat etməlidir. Bu cür ciddi və düşündürücü məsələləri televiziya ekranlarında məqsədli və sistemli şəkildə işıqlandırmağa ehtiyac var. Axı televiziyanın gördüyü işi heç bir təbliğat maşını görə bilmir.

Bununla belə, kütləvi repetitorluqdan qurtulmaq, yuxarı sinif şagirdləri arasındakı çaşqınlığı aradan qaldırmaqdan ötrü bir sıra tədbirlərin həyata keçirilməsini vacib sayırıq:

1. Ümumtəhsil məktəblərinin yuxarı sinifləri üçün təhsil standartlarına və tədris planlarına müvafiq olaraq, məktəb rəhbərləri məcburi və seçmə fənlərə, eləcə də fakültativ məşğələlərə ayrılmış saatları hazırkı şəraitə və tədris situasiyasına uyğun səmərəli şəkildə istifadə etməlidirlər.

2. Yuxarı siniflərdə şagirdlərin repetitor xidmətinə meyilliliyi hazırkı vəziyyətdə seçmə fənlərə və fakültativ məşğələlərə ayrılmış saatların onların seçdikləri ixtisaslara uyğun paylanmasını zəruri etdiyindən 10-11-ci siniflər üçün fərqli tədris planlarının tətbiqi üçün zəmin yaranır. Seçilən ixtisas qrupuna və təmayülə müvafiq olaraq həm də fərqli dərsliklər yazılması məsələsi ortaya çıxır. 

3. Təhsil qanunu, orta ümumtəhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi və digər yeni təhsil qanunvericilik aktları təhsilin struktur və məzmununa yeniliklər gətirdiyindən Milli Kurikuluma keçid mərhələsində ümumi orta və tam orta təhsil pillələrinə aid tədris standartları, proqram və dərsliklər harmonik şəkildə bir-birini tamamlamalı, Milli Kurikulumun mərhələli şəkildə həyata keçirilməsi rejimi məktəb rəhbərlərinin, fənn müəllimlərinin, orta məktəblərin müvafiq sinifləri üçün proqram və dərslik müəlliflərinin, təhsil təşkilatçılarının bu prosesə yaradıcı münasibətilə şərtlənməlidir.

Mərkəzləşdirilmiş test imtahanları və qəbul imtahanları üçün təklif olunan test bankları şagirdlərdə lazımi şifahi və yazılı nitq vərdişlərinin,  digər bilik və bacarıqların formalaşmasına istiqamətlənmiş məzmun standartları və alt-standartların tələbinə tədricən uyğunlaşdırılmalıdır. 

4. Kütləvi repetitorluğu doğuran səbəblər araşdırılmalı, bununla bağlı ictimai rəydə stereotipə çevrilmiş fikirləri təftiş etməli, yuxarı siniflərdə yeniyetmələrin sosial, fiziki və psixoloji durumuna ciddi ziyan vuran rejimsizlik mühitinin törədəcəyi fəsadları valideyn komitələrinin, geniş ictimaiyyətin müzakirəsinə çıxarmağa nail olunmalıdır.

Zənn edirəm ki, göstərilən məqamların nəzərə alınması tədris müəssisələrinin işini xeyli yüngülləşdirə, repetitorluğun kütləvi hala çevrilməsinə mane ola bilər.  

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd etdiyimiz bir zamanda ürəklərimizdə qürur hissləri yaşanır, beyinlərimizdə işıqlı fikirlər dolaşır. Moskvada çıxan "Literaturnaya qazeta"ya verdiyim müsahibədə (2011, 28 sentyabr) qeyd etdiyim kimi, müstəqillik müstəqil olmaq deməkdir, yəni davamlı və köklü təhsil islahatları nəticəsində əldə etdiklərimizi ümummilli mənafe, dövlət maraqları, perspektivdə qazana biləcəklərimizin işığında qoruyub saxlamalı və inkişaf etdirməliyik. Ölkə Prezidenti möhtərəm İlham Əliyevin 10-11 oktyabrda respublikamızda keçirilən Beynəlxalq Humanitar Forumdakı nitqində səsləndiyi kimi, Azərbaycanın xüsusi coğrafi və geosiyasi mövqeyi, sürətli inkişafı onu dünyanın diqqət mərkəzlərindən birinə çevirmişdir. Formalaşmaqda olan geniş və sərhədsiz humanitar məkanın, Avrasiya mədəni-tarixi arealının əvəzsiz həlqəsinə çevrilməkdə olan müstəqil Azərbaycanda təhsilin istənilən problemi müzakirə meydanlarına çıxarılmalı, ictimai rəydə həzm edilməli və ölkənin hər bir vətəndaşına bu və ya digər formada dəxli olan təhsil problemlərinin qabardılmasına görə heç kəs heç kəsi qınamamalı, əksinə, ölkəmizdə dönməz xarakter almış təhsil islahatlarına maneə yaradan istənilən hala adekvat münasibət bəsləməlidir.   

Telman CƏFƏROV,
filologiya elmləri doktoru,
professor, Bakı Slavyan
Universiteti Məktəb-Lisey Kompleksinin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov