Ədəbiyyatımızda
elə yaradıcı şəxsiyyətlər, ictimai-siyasi
xadimlər olub ki, onların keçdiyi ömür yolu,
həyat tərzi, yaradıcılığı haqqında dəfələrlə
yazılsa belə azdır. Çünki onlar bütün varlığı
ilə vətəninə, millətinə, onun azadlığına bağlı
idilər. Belə söz sahiblərindən biri də
vətənpərvər, millətsevər, azadlıq şairi olan
Əhməd Cavaddır.
Dəhşətli 37-nin qurbanı olmuş, uzun illər
yaradıcılığına qadağalar qoyulmuş Əhməd Cavadın
yalnız Azərbaycanın deyil, böyük türk dünyasının,
Turan elinin şairi olduğunu zaman təsdiq etdi.
Qaranlıqlar işıqlandı, sular duruldu, zaman
axarına düşdü. Əhməd Cavad poeziyası, lirikası
yenidən ədəbiyyatımızda bərq vurdu. Əsərlər
yazıldı, kitablar çap olundu. Belə kitabların
biri də "Əhməd Cavadın yaradıcılıq yolu" adlanır.
Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru
Rəhman Salmanlıdır. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə "istiqlal şairi" adı qazanmış Əhməd
Cavad yaradıcılığına, poeziyasına həsr olunan bu
sanballı əsər ilk sözündən son sözünə kimi
şairin söz-sənət dünyasından oxucunu hali edir.
Nadir istedada, fitri zəkaya malik olan Ə.Cavad
poeziyasının sənətkarlıq xüsusiyyətləri,
rəngarəngliyi müəllif tərəfindən ustalıqla
açılır, təhlil edilir. Hər sözündə, kəlamında
böyük Turan ellərinə sonsuz sevgisi, sayqısı
olan Əhməd Cavadın uşaqlıq illərindən ömrünün
son günlərinə kimi keçdiyi həyat və yaradıcılıq
yolu geniş şəkildə əks etdirilib.
2011-ci ildə "Ozan" nəşriyyatı tərəfindən işıq
üzü görən, cavadşünaslıq irsinə ən qiymətli
töhfə olan bu əsərin elmi redaktoru
mətbuatımızın tanınmış tədqiqatçısı, filologiya
elmləri doktoru, professor Şamil Vəliyevdir. Ön
sözün müəllifi AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, əməkdar elm xadimi,
akademik Bəkir Nəbiyevdir. Əsərə yüksək qiymət
verən hörmətli Bəkir müəllim yazır: "Müəllif
Əhməd Cavad yaradıcılığındakı orijinallıqdan,
təkraredilməz poetik sənətkarlıqdan müqayisəli
şəkildə geniş söhbət açır. Hər şeydən öncə
əsərin elmi dəyərini qeyd etməklə yanaşı, onun
praktik əhəmiyyətini də yüksək qiymətləndirirəm".
Doğrudan da əsəri oxuyarkən hiss olunur ki,
tədqiqatçı alim R.Salmanlı Əhməd Cavad
yaradıcılığına böyük bir məsuliyyətlə yanaşıb.
Əhməd Cavad yaradıcılığı, poeziyası, həyatı ilə
bağlı kiçik bir detala da həssaslıqla, alim
təmkini ilə yanaşaraq əsərin ərsəyə gəlməsi üçün
uzun illər gərgin axtarışlar aparıb. Hiss olunur
ki, R.Salmanlı şair haqqında yetərincə
informasiyaya malikdir. Bu heç də təsadüfi deyil.
Çünki o, "Əhməd Cavad", "Kür üstündə bir şəhər
varE" və "Cümhuriyyət şairi" adlı əsərlərində
artıq şairin çoxcəhətli yaradıcılıq və
keşməkeşli həyat yolu ilə tanış idi. Elə ona
görə də əsəri bir çox tədqiqatçı alimlərimiz
cavadşünaslıq irsinin ən sanballı əsəri kimi
qiymətləndirmişlər.
1991-ci ildə dövlət müstəqilliyimizi yenidən
elan etdikdən sonra cavadşünaslıq irsinə aid çox
əsərlər, məqalələr, monoqrafiyalar yazılıb.
Lakin R.Salmanlının "Əhməd Cavadın yaradıcılıq
yolu" adlandırdığı bu monoqrafiya bir çox
yenilikləri ilə də diqqəti cəlb edir. İlk
növbədə onu qeyd edək ki, əsər kifayət dərəcədə
bitkin şəkildə işlənmişdir. Əhməd Cavad
poeziyasının yüksək sənətkarlığı, təkrarolunmaz
orijinallığı yetərincə geniş şəkildə təhlil
edilib. Tədqiqatçı alim arxiv sənədlərindən,
mətbuat materiallarından yerli-yerində istifadə
edib. Bununla da əsərində bir daha sübut edib ki,
Əhməd Cavad XX əsr Azərbaycan ədəbiyyatının,
poeziyasının təkrarolunmaz sənətkarlarındandır.
Müəllif həmçinin bu fikri söyləmək üçün Əhməd
Cavad yaradıcılığına yüksək qiymət verən
M.Ə.Rəsulzadə, H.Baykara, Ə.Səfəroğlu,
M.B.Məhəmmədzadə kimi tədqiqatçıların əsərlərinə,
fikirlərinə istinad edib.
Azərbaycan ədəbiyyatının, poeziyasının say-seçmə
söz, sənət sahiblərindən olan Əhməd Cavad
yaradıcılığa tarixin həm ziddiyyətli, həm də
mürəkkəb dövründə gəlib. Lakin yaradıcılığının
ən məhsuldar, çiçəkləndiyi dövr Azərbaycan Xalq
Cümhuriyyəti dövrünə təsadüf edir. Bu illərdə
şair bütün varlığı ilə yazıb-yaratmış,
cümhuriyyətin ideyalarını tərənnüm etmişdir. Ona
görə də bu illər onun yaradıcılığında çox böyük
və müstəsna əhəmiyyətə malikdir. Heç də təsadüfi
deyil ki, cavadşünaslar bu illəri "Əhməd Cavad
yaradıcılığının zirvəsi, kulminasiya nöqtəsi"
adlandırırlar. Bütün varlığı ilə azadlığa can
atan, türk dünyasının təəssübkeşi olan şair
istiqlal mübarizəsini son ana kimi davam
etdirmiş, bu yolda olmazın əzablara, əziyyətlərə,
məşəqqətlərə məruz qalsa da, amalından
dönməmişdir.
Bütün bunları müəllif əsərində geniş şəkildə əks
etdirə bilmişdir. Əsərdə Əhməd Cavadın
yaradıcılıq uğurları ilə yanaşı, Azərbaycan Xalq
Cümhuriyyətinin süqutundan sonra millətçi,
pantürkist, müsavatçı damğası ilə zindanlarda,
həbslərdə çəkdiyi dəhşətli işgəncələr də oxucuya
geniş şəkildə çatdırılır.
Qərənfil DÜNYAMİNQIZI,
BDU-nun jurnalistika fakültəsinin müəllimi
|
|