Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Təhsil Nazirliyinin kollegiya iclasında

 

Ümumi  təhsilin bir sıra problemləri ilə bağlı məsələlər müzakirə olunub 

Dekabrın 3-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. İclasda ümumi təhsilin bir sıra problemləri ilə bağlı məsələlər müzakirə olunub.

Kollegiya üzvlərinin, Təhsil Nazirliyinin struktur-bölmə rəhbərlərinin, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları təmsilçilərinin, rayon, şəhər təhsil şöbə müdirlərinin, Təhsil Nazirliyinə tabe olan orta ümumtəhsil müəssisələrinin və Bakı şəhərinin bəzi məktəblərinin direktorlarının iştirak etdikləri kollegiya iclasını  təhsil naziri Misir Mərdanov açaraq zala toplaşanları salamladı və iclasın iş qaydası, gündəliyində duran məsələlər haqqında qısa məlumat verdi.

Giriş sözündə başa çatmaqda olan 2011-ci ilin ölkəmiz üçün uğurlu olduğunu qeyd edən təhsil naziri Misir Mərdanov Azərbaycanın "Eurovision - 2011" mahnı müsabiqəsində birinci yeri tutmasını və ölkəmizin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini ilin ən mühüm hadisələri kimi dəyərləndirdi, hər bir vətəndaşımızda qürur hissi doğuran hər iki hadisənin Azərbaycanın dünyada tanınmasında, nüfuzunun yüksəlməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Nazir diqqətə çatdırdı ki, bunlarla yanaşı, dövlətimizin başçısı tərəfindən çox uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində əvvəlki illərdə olduğu kimi, bu il də dünyanın əksər ölkələrindən fərqli olaraq ölkəmizdə siyasi durum stabil olaraq qalmış, iqtisadiyyat sahəsində uğurlu, dinamik inkişaf davam etmişdir. Bu yaxınlarda parlamentdə Azərbaycanın gələn il üçün dövlət büdcəsinin layihəsinin müzakirəsi bunu bir daha sübut etdi. Nazir təhsil sisteminə ayrılan vəsaitin ilbəil artmasının hər bir təhsil işçisini sevindirdiyini söylədi.

Sonra təhsil naziri Misir Mərdanov kollegiya iclasında ölkədə ümumi təhsil sahəsində vacib hesab olunan bir sıra problemlərin həlli istiqamətində görülmüş işlər, icrası başa çatmış bəzi dövlət proqramlarının nəticələri haqqında geniş təqdimatlarla çıxış etdi.

Təqdimatında öncə cəmiyyət və təhsil məsələsinə toxunan nazir təhsilin cəmiyyətin inkişafında mühüm rol oynayan amil olduğunu, Dünya Bankı ekspertlərinin son dövrlər dünyada, xüsusən də ərəb ölkələrində gedən proseslərin təhlili əsasında gəldikləri qənaətə görə, əhalisinin savadlılıq səviyyəsi yüksək olan, təhsilə daha çox diqqət yetirən ölkələrdə təlatümlü hadisələrin baş vermədiyini, bütün inqilabların əsasən savadı az olan kütlələrin müəyyən adamların başına yığılması ilə baş verdiyini, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda  cərəyan edən hadisələrin də həmin qənaətin doğruluğunu təsdiq etdiyini diqqətə çatdırdı.

Bildirildi ki, təhsilli vətəndaşlar hər bir ölkənin milli sərvətinin mühüm hissəsidir. Təhsilə, təhsilli insanlara ciddi önəm verilən ölkələrdə bütün sahələr üzrə, o cümlədən iqtisadiyyatda davamlı inkişafa nail olunur, təhsil insan həyatının keyfiyyətini yaxşılaşdırır, ona daha sağlam, məhsuldar, xoşbəxt həyat qurmağa imkan verir. İnkişafa, lider mövqeyə önəm verən ölkələr dövlət büdcəsində təhsilə ayrılan xərcləri prioritet kimi nəzərdə tuturlar. Tədqiqatlar göstərir ki, büdcədə təhsil xərcləri 1 faiz artırıldıqda bu, son nəticədə ÜDM-in 0,35 faiz artımına gətirib çıxarır.

Nazir diqqətə çatdırdı ki, məhz bütün bunlara görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin əsas prioritetlərindən biri "qara qızıl"dan gələn gəliri insan kapitalının inkişafına yönəltmək təşkil edir.

Təqdimatında təhsilin cəmiyyətdəki yeri və rolu haqqında fikirlərini davam etdirən nazir qeyd etdi ki, daha yüksək təhsilli olmaq daha çox işə qəbul imkanı deməkdir. Yüksək təhsilli insanlar cəmiyyətdə nüfuzlu şəxslər kimi qəbul olunduğundan, onların digərlərinə təsir imkanları da böyük olur. Belə insanlar ətrafdakılar üçün təhsillənməyə, sağlam həyat tərzi keçirməyə, mənəvi dəyərlərə yiyələnməyə, bir sözlə, inkişafa yönəlmək baxımından nümunə rolunu oynayırlar.

PİSA və TİMSS nəticələri ilə iqtisadi artım arasında yüksək asılılıq mövcuddur. PİSA üzrə nəticənin 15 faiz yüksəlməsi iqtisadi artım tempinin (ÜDM-in) iki faiz artmasını şərtləndirir.

Dünya ölkələri üzrə PİSA və TİMSS nəticələrinin təhlili göstərir ki, ölkələr arasında təhsilin keyfiyyəti ilə bağlı böyük fərqlər mövcuddur. PİSA və TİMSS üzrə yüksək nəticə əldə edən ölkələr ən çox texnoloji yenilikləri sürətlə tətbiq edən, mürəkkəb texnoloji məhsulları istehsal və ixrac etməyə başlayan və bununla yüksək iqtisadi artım tempi əldə etmiş ölkələrdir. Bu sıraya daxil olan ölkələrə misal kimi Çin, Sinqapur, Hon-Konq, Koreya, Finlandiya, Çilini göstərmək olar.

Nazir təqdimatının əvvəlində təhsilimizin inkişafına əngəl törədən bəzi məsələləri də diqqətə çatdıraraq şagirdlərin yerdəyişməsinin belə məsələlərdən biri olduğunu bildirdi. Qeyd  etdi ki, 2011-ci ilin iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları ərzində şagirdlərin yerdəyişməsi ilə əlaqədar Təhsil Nazirliyinə 1432 ərizə daxil olmuşdur. Bu məsələnin onu çox narahat etdiyini deyən nazir şagirdlərin yerdəyişməsinin ümumi orta təhsilin keyfiyyətinə mənfi təsir edən amillərdən biri saydığını, belə halların qarşısının mümkün qədər alınmasına çalışdıqların, onların sayının minimum olması üçün hər yerdə iş aparılmasının zəruri olduğunu söylədi.

Nazir təqdimatında ciddi məsələlərdən biri kimi ümumtəhsil məktəblərinin istiliklə təminatının vəziyyətindən də söz açdı və qısa  müddət ərzində bu sahədə aparılan araşdırmaların nəticələrini kollegiya iştirakçılarına təqdim etdi. Qeyd olundu ki, Naxçıvan MR istisna olmaqla ölkədəki 4256 məktəbdən 1005-i mərkəzləşdirilmiş istilik sistemi və fərdi qazanxana vasitəsi ilə, 735-i dizel yanacağı, 27-si qaz sobaları, 2112-si odunla, 377-si isə elektrik cihazları ilə qızdırılır.

Göstərilən vasitələrlə qızdırılan məktəblərin şəhər və rayonlar üzrə yerləşməsini əks etdirən cədvəl iclas iştirakçılarının diqqətinə çatdırıldı. 

Ölkədəki bütün ümumtəhsil məktəblərinin istiliklə təmin olunduğunu, lakin odunla, digər vasitələrlə qızdırılan məktəblərin üstünlük təşkil etdiyini qeyd edən nazir nazirliyin əsas məqsədinin məktəblərin mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılmasına nail olunması təşkil etdiyini və bu istiqamətdə müvafiq iş aparıldığını söylədi.

Təhsil naziri Misir Mərdanov ölkənin təhsil ictimaiyyətinin maraq dairəsində olan yaş senzi ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında da təqdimatının cari məsələlər hissəsində geniş məlumat verdi.

Qeyd olundu ki, yaş senzinin gələn ilin yanvarından tətbiq olunması nəzərdə tutulmuş Bakı şəhər məktəblərinin direktorları istisna olunmaqla indiyədək Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən ölkə üzrə yaş həddi 65-ə çatmış 295 məktəb direktoru, 72 uşaq bağçası müdiri, 31 nəfər məktəbdənkənar təhsil müəssisəsi direktoru və 10106 müəllim işdən azad olunmuşdur.

Yaş senzi ilə əlaqədar həyata keçirilmiş tədbirlərin şəhər və rayonlar üzrə vəziyyətini əks etdirən cədvəl kollegiya iştirakçılarının diqqətinə çatdırıldı.Təhsil naziri yaş senzi ilə əlaqədar tədbirlər həyata keçirilərkən verilmiş kvotanın nəzərə alındığını, bölgədə nüfuz sahibi olan adamların 70 yaşına qədər işdə saxlanmasına çalışıldığını bildirdi.

Ciddi narahatlıq doğuran digər bir məsələnin pedaqoji işçilərin maksimum dərs yükünün 24 saat müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyən nazir "Təhsil haqqında" Qanunla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ötən il noyabrın 24-də "Təhsil müəssisələrinin  pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" qərar qəbul etdiyini, 215 nömrəli həmin qərarla müəllimlərin dərs yükünün 24 saat müəyyənləşdirildiyini bildirdi.

Qeyd etdi ki, bu məsələ ümumtəhsil məktəblərində ciddi problemlər yaratdığından Təhsil Nazirliyinin təlimati məktubu hazırlanmış və 24 saat dərs yükü taarifləşməklə yanaşı, müəllimlərə əlavə olaraq 12 saat əvəzçilik və ya saathesabı qaydasında dərs aparılmasına razılıq verilmişdir.

Təqdimatda tam orta təhsil səviyyəsində siniflərdə şagird sayının 20 nəfər müəyyənləşdirilməsi məsələsinə də toxunuldu. Qeyd olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında" 13 yanvar 2011-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən ümumtəhsil məktəblərində şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilmişdir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Bu sənəd təsdiq edilməzdən əvvəl isə tam orta təhsil səviyyəsində siniflər 15 nəfər şagirdlə komplektləşdirilirdi. Digər amillərlə yanaşı, tam orta təhsil pilləsində şagird sayı normasının dəyişdirilməsi ümumtəhsil məktəblərində sinif komplektlərinin sayının 2000-dən çox azalmasına gətirib çıxarmışdır.

Təhsil naziri çıxışında həmişə narahatlıq doğuran məsələlərdən biri olan dərslik hazırlığı üzərində də dayandı. Bildirdi ki, uzun illər bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Təsdiq olunmuş qaydalara görə hər 4  ildən bir bütün dərsliklər şagird kontingentinin 105 faizi həcmində çap olunur. 4 ildir ki, I-IV sinif dərslikləri yeni qaydalara, kurikuluma uyğun çap edilir.

2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin şagird kontingentinin 105 faizi həcmində dərslik və müəllim üçün metodik vəsaitlər, o cümlədən I siniflər üçün 12 adda dərslik, 20 adda müəllim üçün metodik vəsait, V siniflər üçünsə 23 adda dərslik, 25 adda müəllim üçün metodik vəsait, şagirdlər üçün iş dəftəri çap olunacaq. Nazir dərsliklərin məzmun və keyfiyyət baxımından yerlərdə fasiləsiz olaraq müzakirə edilməsini, bu barədə nazirliyə məlumat verilməsini tövsiyə edərək bütün bunların növbəti ilə dərsliklər hazırlanarkən əvvəlki illərdə buraxılmış qüsurların aradan qaldırılması üçün vacib olduğunu vurğuladı.

Təhsil naziri Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə də məlumat verərək bildirdi ki, layihə çərçivəsində 500 məktəb kitabxanasının fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bu məqsədlə məktəb kitabxanalarının fiziki şəraitinin yaxşılaşdırılması, fondlarının yeni təlim və oxu materialları ilə zənginləşdirilməsi, məktəb kitabxanaçılarının peşə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərində işlər görülməkdədir.

500 məktəb kitabxanası arasından resurs mərkəzinə çevrilməsi məqsədi ilə seçilmiş 5 məktəbin təmirinə başlanılmış, onların kitabxanalarının sahəsi xeyli genişləndirilmişdir. Bunlar Bakı şəhərindəki 164 nömrəli məktəb, Sumqayıt şəhər təbiət fənləri təmayüllü gimnaziyası, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyi, Ağdaş şəhər 1, Şirvan şəhər 16 nömrəli orta məktəblərdir.

Qalan 495 məktəbin kitabxanalarında da eyni işlərin R(Ş)TŞ-lər tərəfindən aparılması nəzərdə tutulur. Nazir nəzərə çatdırdı ki, 500 məktəb kitabxanasının 1098 adda 549000 nüsxə təlim və oxu materialları ilə təchiz edilməsi nəzərdə tutulur və həmin təlim materialları xüsusi olaraq seçilib, onların siyahısı dəfələrlə müzakirə olunub. Onların çapı Dünya Bankının II layihə çərçivəsində ayırdığı vəsait hesabına həyata keçiriləcək. Sonra 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün şagird kontingentinin 105 faizi həcmində çap ediləcək dərslik və müəllim üçün metodik vəsaitlərin siyahısı iclas iştirakçılarının diqqətinə təqdim olundu.

Təhsil naziri təqdimatında hamı üçün, xüsusən də jurnalistlər üçün maraqlı olan məsələ - respublikanın ümumtəhsil məktəblərində işləyən müəllimlərin təhsil sənədlərinin ekspertizasının nəticələri ilə iclas iştirakçılarını tanış etdi. Qeyd olundu ki, 58970 müəllimin, yəni ölkə müəllimlərinin təxminən üçdə bir hissəsindən bir qədər çoxunun sənədləri ekspertizadan keçirilmiş, onlardan 455 nəfərinin diplomlarının saxta olduğu müəyyənləşmişdir. Saxta təhsil sənədləri ilə işləyən müəllimlər, əsasən, işdən azad edilmişdir.

Bununla yanaşı, aparılan ekspertiza nəticəsində lisenziyası olmayan müəssisələrin diplomu ilə işləyən 260, leqallaşdırılmamış (nostrifikasiyadan keçməyən) diplomla işləyən 468, özəl təhsil müəssisələrinin arayışı ilə işləyən 11, müxtəlif kursların vəsiqələri ilə işləyən 54 müəllimin aşkar olunduğu da bildirildi və saxta təhsil sənədləri ilə işləyən müəllimlər haqqında məlumatı əks etdirən cədvəl nümayiş olundu.

Nazir həm də bu istiqamətdə çox böyük iş aparıldığını və bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğuladı.

Təhsil naziri Misir Mərdanov təqdimatında tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsinə də toxundu. Bildirdi ki, "Təhsil haqqında" Qanuna və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən tam orta təhsilin təmayüllər üzrə təşkilinin səmərəli həyata keçirilməsinə zəmin yaratmaq və ictimai rəyi formalaşdırmaq məqsədi ilə Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli, 1199 nömrəli əmri ilə Bakı Avropa Liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü lisey,"Elitar" gimnaziya, akademik Zərifə Əliyeva adına məktəb, 6 nömrəli məktəb və "XXI əsr məktəbi" pilot müəssisələri seçilmişlər.

Təmayülləşmə üçün riyaziyyat-texniki, riyaziyyat-iqtisadi, humanitar fənlər və təbiət fənləri olmaqla dörd istiqamət seçildiyini söyləyən nazir həmin müəssisələrin X-XI sinifləri üçün tədris planlarının təsdiq edildiyini, tədris planlarında fənlərin sayının azaldıldığını, müvafiq istiqamətlər üzrə təmayül fənlərinin tədrisinə ayrılan saatların isə artırıldığını bildirdi. Qeyd etdi ki, cari dərs ilindən təhsilin təmayüllər üzrə təşkilinə başlanmış və o, hazırda uğurla davam etdirilir. Dərs ilinin I yarımilinin sonunda pilot müəssisələrində monitorinqlər aparılacaq və nəticələr təhlil olunacaqdır. Növbəti dərs ilində həmin müəssisələrin şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

Təhsil naziri Misir Mərdanov kollegiya iclasında daha sonra tətbiqi tədqiqatlarla bağlı görülən işlərdən danışdı. Bu məsələnin onları çoxdan narahat etdiyini deyən nazir Dünya Bankının ekspertlərinin təklifi və yaxından iştirakı ilə aparılmış müzakirələrdən sonra Təhsil Problemləri İnstitutunun rəhbərliyi ilə sifarişlə elmi-tədqiqat işlərinin aparılmasının qərara alındığını bildirdi və yerinə yetiriləcək tədqiqat mövzuları ilə kollegiya iştirakçılarını tanış etdi.

Təhsil naziri təqdimatında daha bir cari məsələnin üzərində dayanaraq elektron xidmətlərin göstərilməsi üçün görülmüş və görüləcək işlərə diqqəti cəlb etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elektron hökumət, elektron xidmətlərin göstərilməsi ilə bağlı sərəncamları olub. Həmin sənədlərin icrası ilə bağlı ölkədə sistemli işlər aparılır. Elektron xidmətlərin göstərilməsində əsas məqsəd insanların bu və ya digər məsələləri həll edərkən bir-biri ilə şəxsən təmasda olmasının, bununla da korrupsiyanın qarşısının alınmasıdır. Eyni zamanda bir çox xidmətlərin elektron vasitələrlə həyata keçirilməsi həmin işin səmərəliliyinin yüksəlməsinə imkan verir. Bununla bağlı yaxın vaxtlarda hökumətin qərar qəbul etdiyini, 24 noyabr 2011-ci il tarixli həmin qərarla "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edildiyini bildirən təhsil naziri Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmət növlərinin siyahısını iclas iştirakçılarının diqqətinə çatdırdı, onların bir çoxu üzrə xidmətlərin artıq həyata keçirildiyini vurğuladı. 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri 

Cari məsələlər başa çatdıqdan sonra iclasın gündəliyində duran əsas məsələlərin müzakirəsi başlandı. Onlardan birincisi "2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri" barədə idi. Təqdimatında bu məsələnin çox vacib olduğunu deyən təhsil naziri 2009-2010-cu tədris ilindən müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə başlandığını bildirdi və yeni qaydaların tətbiqini zəruri edən səbəbləri diqqətə çatdırdı.

Qeyd olundu ki, Təhsil Nazirliyi ilə "Ultra" şirkəti arasında bağlanmış müqaviləyə əsasən müəllimlərin işə qəbulunun proqram təminatı hazırlanmış və 2010-cu ilin avqust-sentyabr aylarında işə qəbul yeni qaydalar əsasında, nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində keçirilmişdir. 2011-ci ildə Qaydalar və proqram təminatı daha da təkmilləşdirilmiş və iyun-avqust aylarında müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilmişdir.

Proqram təminatı işə qəbul üzrə müsabiqədə iştirak edən namizədə dörd müxtəlif vakant yer seçmək imkanı yaradır. Proqram təminatı 7 moduldan ibarətdir. Modulların hər biri mükəmməl funksiyalara malik olmaqla yanaşı, vahid bir sistem şəklində imtahan prosesinin idarəolunmasının avtomatlaşdırılmasını, dəqiqliyin maksimuma çatdırılmasını təmin edir.

Müəllimlərin işə qəbulu üzrə yeni qaydaların üstünlükləri haqqında danışan təhsil naziri onları (elekron vasitələr tətbiq edilir; şəffaflıq və obyektivlik təmin edilir; imtahanın sonunda hər bir müəllim öz nəticəsini bilir; qiymətləndirmə insan amili olmadan aparılır; vakant yerlərə yerləşdirilmə proqram təminatı vasitəsilə aparılır və həmin anda müsabiqənin nəticələri barədə məlumat hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir) iclas iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra məruzəçi müəllimlərin işə qəbulu ilə bağlı nazirliyin saytında yerləşdirilmiş sənədlər və müəllimlərin işə qəbulu üzrə müsabiqə prosesində obyektivlik və şəffaflığın təmin olunması məqsədilə həyata keçirilən zəruri tədbirlər haqqında məlumat verdi.

Müsabiqənin 3 mərhələdə təşkil edildiyini bildirən Misir Mərdanov qeyd etdi ki, I mərhələdə elektron ərizələr qəbul olunur və namizədin göstəriciləri əsasında ilkin qiymətləndirmə aparılır.  II mərhələdə namizəd kompüter qarşısında elektron imtahan verir. III mərhələdə isə müsabiqədən keçərək işə qəbul olunmuş müəllimlərlə müsahibə aparılır.

Təqdimatdan aydın oldu ki, ölkənin ümumtəhsil məktəblərindəki 2177 vakant yerə işə qəbul üçün 9342 nəfər elektron ərizə vermiş və 2011-ci ilin 26 iyul - 29 avqust tarixlərində keçirilmiş imtahanlarda 8658 nəfər iştirak etmişdir.

Müsabiqədə iştirak edən namizədlərin böyük əksəriyyətinin kompüterdən istifadə bacarığına malik olduğu üçün imtahan prosesində texniki baxımdan heç bir çətinlik çəkmədiyini təqdirəlayiq fakt kimi dəyərləndirən təhsil naziri bildirdi ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin III mərhələsinə buraxılmış 1216 nəfərdən 1038 nəfərinin işə qəbul edilməsi barədə müsabiqə komissiyası qərar qəbul etmişdir. Müsabiqədə 10 min nəfərədək müəllimin iştirak etməsinə, onların yalnız 11 faizinin işə qəbul olunmasına baxmayaraq, nəticələrdən şikayət edən olmamışdır.

Müsabiqədən sonra vakant qalan yerlər 2011-ci ilin sentyabr ayında nazirliyin saytında yerləşdirilmiş və keçid balını toplayan, lakin işə qəbul olunmayan müsabiqə iştirakçıları həmin yerlərə ərizə vermişlər. Vakant yerlərə işə qəbul üçün ümumilikdə 630 ərizə daxil olmuş, müsabiqə komissiyasında ərizələrə baxılmış, eyni ixtisasdan ən yüksək bal toplayandan başlayaraq müvafiq seçimə uyğun vakant yerlərə yerləşdirmə aparılmışdır. Bu mərhələdə müsabiqə komissiyası 193 nəfərin işə qəbul edilməsi barədə qərar qəbul etmişdir.

Misir Mərdanov qeyd etdi ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən cari dərs ilində siniflərdə şagird sayı normasının artırılması və digər səbəblərlə əlaqədar sinif komplektlərinin bağlanması və ötən dərs ilinə nisbətən şagirdlərin sayının azalması səbəbindən müəyyən vakansiyalar ləğv olunmuşdur. Eyni zamanda, yerli təhsili idarəetmə orqanlarına ehtiyac olan məktəblərə kadr sıxlığı olan məktəblərdən daxili yerdəyişmə vasitəsilə müəllimlərin keçirilməsi səlahiyyəti verilmişdir.

2011-2012-ci tədris ili başlandıqdan sonra isə ümumtəhsil məktəblərində yeni vakant yerlərin yarandığını deyən nazir bunun əsas səbəbləri kimi Əmək Məcəlləsində edilən dəyişikliklər əsasında 65 yaşı tamam olmuş müəllimlərin işdən azad edilməsi və "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli qərarına əsasən maksimum dərs yükünün 24 saat müəyyənləşdirilməsini göstərdi.

Təhsil naziri diqqətə çatdırdı ki, təhlillərə görə ötən  dərs ili ilə müqayisədə ölkənin ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071 nəfər, müəllimlərin sayı 10 min nəfərədək azalmışdır.

Müəllimlərin sayında azalma müəllim-şagird nisbətinə də müsbət təsir etmiş, bu nisbət ötən dərs ilindəki 8,3-dən 8,5-ə qədər artmışdır. Son 10 ildə ilk dəfə olaraq müəllim-şagird nisbətinin artma tendensiyası müşahidə edilmişdir. Ötən dərs ilinə nisbətən gündüz ümumtəhsil məktəblərində şagirdlərin orta sıxlığı 16,6-dan 16,8-ə qədər yüksəlmişdir.

Daha sonra təqdimatda gənc mütəxəssislər üçün tətbiq olunan həvəsləndirmə tədbirlərindən bəhs olundu. Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli qərarına əsasən pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün müəyyən edilmiş əlavə güzəştlər və stimullaşdırıcı tədbirləri diqqətə çatdıran nazir bildirdi ki, 2011-2012-ci tədris ilində həvəsləndirmə tədbirləri tətbiq olunmaqla ucqar kənd məktəblərinə 800 nəfər pedaqoji kadr göndərilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan 800 yerdən 100-ü Naxçıvan Muxtar Respublikasına ayrılmışdır.

Yerli təhsili idarəetmə orqanlarının təqdim etdiyi vakant yerlərin təhlili əsasında cari dərs ilində kənd məktəblərində vakant olan müəllim yerlərindən 309-u H1, yəni rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən məktəblərdə, 391 yer isə H2, yəni rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə olmuşdur.

Sonra müsabiqə prosesini tənzimləyən komissiya və işçi qrupunun  fəaliyyəti haqqında danışan təhsil naziri qeyd etdi ki, işə qəbul üzrə müsabiqənin tərkibinə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları daxil edilmiş, onlar üzərlərinə düşən təşkilati və sənədləşdirmə məsələlərini məsuliyyətlə yerinə yetirmişlər.

Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində işə qəbul prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, zəruri texniki işlərin yerinə yetirilməsində idarənin rəhbərliyi və əməkdaşları yaxından köməklik göstərmişlər.

Təhsil Nazirliyi ilə bağlanmış müqavilə əsasında "Ultra" şirkəti tərəfindən imtahan prosesinə mütəxəssis və texniki kömək məqsədilə işçi qrupu yaradılmış və onlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmişlər.

Müsabiqə prosesində meydana çıxan və müəllimlərin işə qəbulu ilə bağlı mövcud problemlərdən söz açan Misir Mərdanov bu sahədə qarşıda duran vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırdı:

- müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr təminatı və təlim Mərkəzi"nin yaradılması;

- Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün məqsədli yenidənhazırlanma təhsilinin təşkili;

- ali məktəblərdə qoşaixtisaslı müəllim kadrlarının hazırlanması işinin təşkili;

- orta ixtisas təhsili bazasında pedaqoji kadr hazırlığının dayandırılması;

 - dərs ili ərzində yaşı 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin müddətinin dərs ilinin sonunadək uzadılması ilə bağlı təlimati sənədin hazırlanması;

- müəllimlərin işə qəbulu üzrə Qaydaların Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi;

- əsassız yerdəyişmələrin qarşısının alınması məqsədilə Qaydalarda işə qəbul olunmuş müəllimlər üçün məcburi çalışma müddətinin (3 il) müəyyənləşdirilməsi;

- müəllimlərin işə qəbulunun proqram təminatının təkmilləşdirilməsi. 

Fənn kurikulumları ilə işləyəcək müəllimlər üçün təlimlərin təşkili 

Kollegiya iclasında daha sonra "2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərin təşkili" məsələsi müzakirə olundu.

Misir Mərdanov məlumat verdi ki, ümumi təhsil sistemində həyata keçirilməkdə olan məzmun islahatları - yeni fənn kurikulumlarının qiymətləndirilmə sisteminin tətbiqi, müasir təlim metodlarının təlim prosesində istifadəsi pedaqoji kadrların ixtisasının artırılmasını zəruri edir. Bununla əlaqədar respublikanın bütün ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi üzrə ixtisasartırma təhsilinə cəlb olunmuş, ixtisasartırma təhsili prosesinin keyfiyyət parametrlərinin xüsusi meyarlar vasitəsilə qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılmışdır.

2010-cu ildən başlayaraq ixtisasartırma təhsili sahəsində yeni modelin tətbiqi və modul-kredit sisteminə keçidlə əlaqədar tədbirlər həyata keçirilməkdədir.

Yeni ixtisasartırma modelinin üstünlükləri haqqında danışan nazir müqayisə apararaq ənənəvi modeldən fərqli cəhətləri iştirakçıların diqqətinə çatdırdı. Misir Mərdanov məlumat verdi ki, Təhsil Nazirliyi tərəfindən 2010-2011-ci dərs ilində I siniflərdə  dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili məqsədilə TSİİL çərçivəsində keçirilmiş tenderə əsasən təlimlərin respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə 12 lot üzrə həyata keçirilməsi nəzərdə tutulmuşdu.

2010-cu ilin iyun-sentyabr aylarında 112 təlim mərkəzində yaradılmış 355 qrupda 109 təlimçi tərəfindən 7778 nəfər ibtidai sinif müəllimi 6 günlük (36 saat) təlim kursundan keçmiş və əldə etdikləri bilik və bacarıqların səviyyəsinə uyğun olaraq onlara sertifikatlar verilmişdir.

6 günlük təlim kursunun müəllimlərə müvafiq bacarıqların aşılanması üçün kifayət etmədiyi nəzərə alınaraq 60 saatlıq (10 günlük) tədris planı və proqramı hazırlanıb təsdiq edilmişdir.

2011-2012-ci dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək üçün təlim kurslarını təşkil edəcək qurumları müəyyənləşdirmək məqsədilə 2011-ci ilin yanvar-may aylarında tender keçirilmişdir.

Tender komissiyasının qərarına əsasən respublikanın bütün rayon və şəhərləri əhatə edilməklə 9 iqtisadi zonada təlimləri keçirmək hüququnu 5 qeyri-hökumət təşkilatı qazanmışdır.

Verilən məlumata görə, 2011-ci ilin iyul-avqust aylarında 9 iqtisadi zona üzrə 79 təlim mərkəzində 444 qrupda 10417 ibtidai sinif müəllimi təlim kursundan keçirilmiş, kursu müvəffəqiyyətlə bitirən 10391 nəfərə sertifikat verilmişdir.

Naxçıvan Muxtar Respublikasında ibtidai sinif müəllimləri üçün təlimlər TPİ-nin Kurikulum Mərkəzi tərəfindən təşkil edilmiş, 358 ibtidai sinif müəllimi müvafiq təlim kurslarından keçərək sertifikat almışdır.

Son 4 ildə ümumilikdə 35 mindən çox ibtidai sinif müəllimi fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçərək müvafiq bilik və bacarıqlara yiyələnmiş, bununla da I-IV siniflərdə işləyən müəllimlər üçün təlimlər başa çatdırılmışdır.

Təhsil naziri daha sonra fənn kurikulumlarının tətbiqi üzrə təlimlərin monitorinqinin nəticələrindən söz açdı. Qeyd olundu ki, 2011-ci ilin iyul-avqust aylarında VMA tərəfindən aparılan monitorinq 18 regionda 24 təlim mərkəzini əhatə etmişdir. Monitorinq zamanı təlimlərin təşkili vəziyyəti, davamiyyət, təlimlərin proqrama uyğun keçirilməsi, İKT-dən istifadə, təlimçilərin bacarıqları, təlim iştirakçılarının fəallığı və əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilmiş, sorğular aparılmışdır.

Monitorinqin nəticələrinə dair Təhsil Nazirliyinə təqdim olunmuş hesabata görə, ümumilikdə təlim kursları yaxşı təşkil edilmiş, təlimlər proqrama uyğun aparılmış, təlimçilər peşəkarlıq, səriştəlilik nümayiş etdirmiş, iştirakçılar kurslarda fəal olmuşlar. Bununla yanaşı, monitorinq zamanı bir sıra problemlərin də aşkar edildiyini vurğulayan təhsil naziri bu işdə yol verilmiş neqativ halları iclas iştirakçılarının diqqətinə çatdırdı.

Təqdimatda daha sonra Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2012-2013-cü tədris ilində ümumtəhsil müəssisələrinin V siniflərində dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə aparılan müvafiq hazırlıq işlərindən bəhs olundu. Misir Mərdanov bildirdi ki, təlim kurslarının düzgün planlaşdırılması və təşkili məqsədilə yerli təhsili idarəetmə orqanlarına Təhsil Nazirliyinin 31 oktyabr 2011-ci il tarixli məktubu çatdırılmış, onun icrasına 20 gün vaxt verilmişdir.

Məktubda ümumtəhsil məktəblərinin rəhbərləri tərəfindən V siniflərdə dərs deyəcək müəllimlərin sayının optimal müəyyənləşdirilməsi üzrə bir sıra tələblər müəyyən edilmişdir.

Yeni fənn kurikulumlarının tətbiqinə keçidin ciddi məsuliyyət tələb edən proses olduğu nəzərə alınaraq V siniflərdə kifayət qədər səriştəli və yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin dərs aparması, paralel siniflər olduqda belə, imkan daxilində dərslərin həmin müəllimlərə verilməsi tövsiyə olunmuşdur.

Nəzərdə tutulan müəllimlər təlim kursunu müvəffəqiyyətlə bitirdikdən sonra ehtiyac yaranarsa, V siniflərdə uyğun ixtisas üzrə işləyəcək digər müəllimlərə fənn kurikulumunun tətbiqinə dair zəruri bilik və bacarıqların çatdırılması məqsədilə dərs ilinin əvvəlində, eləcə də ilboyu seminarlar, nümunəvi dərslər, digər metodik tədbirlər təşkil etməlidirlər. Təlim kursları rayon və şəhərlərdə müəllimlərə yaxın olan mərkəzlərdə təşkil ediləcəkdir. Bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin V siniflərində dərs deyəcək fənn müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin müəllimləri isə məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunacaqlar.

Sonra təqdimatda iqtisadi zonalar üzrə təlimlərə cəlb olunacaq fənn müəllimlərinin proqnozlaşdırılan sayı haqqında ətraflı məlumat verildi. Aydın oldu ki, Təhsil Nazirliyi tərəfindən müvafiq təhlillər aparılmış və 2012-2013-cü illərdə V siniflərdə işləyəcək və təlimlərə cəlb ediləcək müəllimlərin təxmini sayı müəyyənləşdirilmişdir. 5 iqtisadi zona üzrə keçiriləcək təlimlərə, ilkin hesablamalara görə, 61611 nəfər müəllim cəlb ediləcəkdir.

Təlimlərin təşkili ilə əlaqədar yerli təhsili idarəetmə orqanları ciddi məsuliyyət daşıyırlar, ilk növbədə, V siniflərdə işləyəcək müəllimlərin dəqiq müəyyənləşdirilməsi, təlimə cəlb edilənlərin siyahısının hazırlanması və vaxtında nazirliyə təqdim olunması əsas vəzifələrdəndir. Təlimləri aparmaq üçün 2008-ci ildə 50 nəfər təlimçi olmuşdusa, 2011-ci ildə təlimçilərin sayı 200 nəfərə çatdırılmışdır.

2012-ci ildə təlimlərdə iştirak edəcək müəllimlərin sayının xeyli artması ilə əlaqədar daha 560 nəfər təlimçinin hazırlanması üçün Təhsil Nazirliyi YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinə müraciət etmiş və hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Bu məsələ ilə bağlı fikirlərini yekunlaşdıran təhsil naziri sonda modul-kredit əsaslı ixtisasartırma təhsilinə keçidlə əlaqədar qarşıda duran vəzifələrdən söz açdı. 

"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələri 

Kollegiya iclasında "2008-2011-ci illərdə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələri haqqında" da təqdimatla çıxış edən nazir bu məsələ barədə ictimaiyyətin kifayət qədər məlumatlı olduğunu bildirdi. Xatırlatdı ki, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi cənab Prezidentin sərəncamı ilə 10 min manat alır və həmin vəsait məktəbdə təhsilin inkişafına yönələn avadanlığın alınmasına sərf olunur. "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi isə 5 min manat alır.

Sonra nazir diqqəti müsabiqələrin keçirilməsi üçün hüquqi əsaslara cəlb edərək onların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamına əsasən keçirildiyini bildirdi. Qeyd etdi ki, sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyində bir sıra təşkilati tədbirlər həyata keçirilmiş, qısa müddət ərzində "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri", "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları" hazırlanaraq cənab Prezidentin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanı ilə təsdiq olunmuşdur. Müsabiqələrin mütəşəkkil keçirilməsi və kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədi ilə 2008, 2010 və 2011-ci illərdə nazirlik üzrə müvafiq əmrlərlə ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin tərkibi 2008-2009-cu illərdə 25 nəfər, 2010-cu ildə 26 nəfər, 2011-ci ildə isə 28 nəfər müəyyənləşdirilmişdir.

Müsabiqələrin mərhələləri  və qiymətləndirilməsi haqqında söz açan nazir bildirdi ki, "Ən yaxşı ümumtəhsil məktəbi" üzrə müsabiqə sənədlərin qəbulu və ekspertizası, iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin sınaq yoxlama imtahanlarında göstərdikləri nəticələrin qiymətləndirilməsi və məktəb direktorlarının Təşkilat Komitəsində təqdimatı, "Ən yaxşı müəllim" müsabiqəsi üzrə isə sənədlərin qəbulu və ekspertizası, iştirakçı müəllimlərin sınaq dərslərinin dinlənilməsi və qiymətləndirilməsi, iştirakçı müəllimlərin Təşkilat Komitəsində təqdimatı mərhələlərindən ibarətdir. Müsabiqələrə təqdim olunmuş sənədlərin təhlili və qiymətləndirilməsi üçün hər il Təhsil Nazirliyinin əməkdaşlarından ibarət ekspert qrupu yaradılır. Müsabiqənin hər bir mərhələsində iştirakçıların nəticələri maksimum 10 balla qiymətləndirilir.

Sonra nazir müsabiqələrin gedişi ilə bağlı bəzi rəqəmləri diqqətə çatdırdı. Qeyd olundu ki, "Ən yaxşı ümumtəhsil məktəbi" üzrə müsabiqədə 2008-ci ildə 126, 2009-cu ildə 139, 2010-cu ildə 123 və 2011-ci ildə 145 olmaqla cəmi 533 məktəb sənəd vermiş, onlardan II tura keçənlərin sayı müvafiq şəkildə 102, 105, 94, 108 olmaqla yekunda 409 təşkil etmişdir.

2008-2011-ci illərdə sənəd verməyən və ən az sənəd verən rayonların adlarının əks olunduğu cədvəl yığıncaq iştirakçılarına təqdim olundu. Cədvəldən aydın oldu ki, Naftalan, Daşkəsən və Gədəbəy rayonlarından indiyədək heç bir  məktəb müsabiqəyə sənəd verməyib. Lerik rayonundan 1, Oğuz, Qobustan, Tərtər rayonlarının hərəsindən 2 məktəb sənəd verib. Nazir bunu təəssüfləndirici hal saydı.

Daha sonra məktəbləri II tura keçə bilməyən rayonların adları açıqlandı. Məlum oldu ki, 4 il ərzində Lerik rayonundan 1, Astara, Siyəzən rayonlarının hər birindən 3 məktəb, Ağsu rayonundan isə 13 məktəb müsabiqəyə sənəd versə də onların heç biri II tura keçə bilməyib. Goranboy, Samux, Şabran, Xaçmaz, Göygöl rayonlarının isə hərəsindən 1 məktəb II tura keçib.

Nazir bu göstəricilərin digər rayonlara nisbətən əhalisinin, eyni zamanda da məktəblərinin sayı çox olan Goranboy, Xaçmaz kimi rayonlar üçün çox aşağı olmasını ciddi nöqsan saydı.

Sonra təqdimatda müsabiqələrdə daha çox məktəbi II tura keçən rayon və şəhərlərin adlarını əks etdirən cədvəl nümayiş olundu. Cədvəldən aydın oldu ki, 2008-2011-ci illərdə Bakı şəhərindən müsabiqəyə 171  məktəb sənəd vermiş, onlardan 157-si II tura keçmişdir. Quba rayonu üzrə sənəd vermiş 15 məktəbdən 15-i, İsmayıllı rayonu üzrə 14 məktəbdən 14-ü, Şirvan şəhərindən 14 məktəbdən 14-ü müsabiqənin II turuna vəsiqə qazanmışdır.

Sumqayıt şəhəri, nazirliyin tabeliyindəki ümumtəhsil müəssisələri, Ağdaş, Tovuz, Yevlax, Ucar, Gəncə, Masallı və bir sıra digər rayon və şəhərlər üzrə də həmin göstəricinin qənaətbəxş olduğu qeyd edildi. Nazir İsmayıllı, Ucar rayonları və Şirvan şəhəri üzrə göstəricilərin yüksək olmasını, onun fikrincə, həmin bölgələrin pilot rayonlar olaraq seçilməsi və bu çərçivədə aparılan işlərlə əlaqədar olduğunu söylədi.

Təqdimatda 2008-2011-ci illərdə IX və XI siniflər üzrə sınaq imtahanında şagirdləri zəif nəticə göstərən məktəblər də diqqətə çatdırıldı, onların keyfiyyət faizinin çox aşağı olması qeyd edildi. Eyni zamanda şagirdləri sınaq imtahanında yüksək nəticələr göstərən məktəblərin adları açıqlandı. Məlum oldu ki, Bakıdakı 6 nömrəli məktəb-lisey yüksək keyfiyyət faizi ilə (85%) belə məktəblərin siyahısına başçılıq edir. Zaqataladakı humanitar fənlər gimnaziyasının (84,6%), Sumqayıtdakı təbiət elmləri təmayüllü gimnaziyanın (84,1%), Bakıdakı 160 nömrəli "Klassik" gimnaziyanın (80,1%) göstəricilərinin də yüksək olması təqdir edildi.

Daha sonra 2008-2011-ci illərdə müsabiqənin III mərhələsində təqdimatları Təşkilat Komitəsi tərəfindən aşağı və yüksək balla qiymətləndirilən məktəblər və onların aldıqları ballar haqqında məlumat verildi. Bakı məktəbləri ilə yanaşı, İsmayıllı rayonunun 3 məktəbinin də ən yüksək bal toplayan təhsil müəssisələrinin ilk onluğuna düşməsi xüsusi qeyd olundu.

Təhsil naziri təqdimatında 2008-2011-ci illərdə iştirakçı məktəblərindən qalibi olmayan rayonlar haqqında məlumat verərək 15 rayondan indiyədək heç bir məktəbin müsabiqə qalibi olmadığını qeyd etdi, bunu çox pis hal saydığını bildirdi. Daha sonra qalib məktəbləri ən çox olan rayon və şəhərlərin adlarını əks etdirən cədvəl nümayiş olundu. Aydın oldu ki, bu sırada da öncül yerləri Bakı, Sumqayıt, Şirvan şəhərləri, İsmayıllı, Tovuz, Bərdə, Qax, Zaqatala, Salyan rayonları tutur. Müsabiqədə ən çox bal toplayan məktəblərin sırasına isə 28,5 balla Bakıdakı 6 nömrəli məktəb-lisey başçılıq edir. Bu göstəriciyə görə ilk 20 məktəb sırasına Bakı şəhərinin ümumtəhsil müəssisələri ilə yanaşı, bölgələrdən də xeyli məktəbin olması, o cümlədən İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin 27,84 balla ikinci nəticə göstərməsi müsbət hal kimi dəyərləndirildi.

Müsabiqədə ən aşağı bal toplayan məktəblərin adları da yığıncaq iştirakçılarına təqdim olundu, onların müsabiqədən keçmədiyi bildirildi.

Sonra təqdimatda "Ən yaxşı müəllim" müsabiqəsi üzrə 2008-2011-ci illərin göstəriciləri təhlil olundu. Qeyd edildi ki, 2008-ci ildə 362, 2009-cu ildə 446, 2010-cu ildə 451 və 2011-ci ildə 415 nəfər olmaqla cəmi 1674 müəllimin müsabiqədə iştirak üçün sənədi qəbul olunmuş, onlardan orta hesabla təxminən 50 faizi, yəni 845-i II mərhələyə keçmişdir. Nazir müəllimlərin sayında artım olduğunu qeyd etdi. Nümayiş olunan cədvəllərdən aydın oldu ki, Naftalan, Kəlbəcər, Xocavənd rayonlarından heç bir müəllim 4 il ərzində müsabiqəyə sənəd verməyib, bir sıra rayonlar üzrə isə belələrinin sayı minimum - 1-2 nəfər təşkil edir. 5 rayondan isə sənəd verənlərin heç biri II tura keçə bilməyib. Müəllimləri II tura ən az keçən rayonların adları açıqlandı və məlum oldu ki, Ağstafa, Ağdaş, Balakən rayonlarının hər birindən 10-12 iştirakçı olsa da, hərəsindən 1 müəllim II tura keçə bilib.

Bu müsabiqə üzrə daha çox müəllimi II tura keçən və qalib olan, iştirakçı müəllimlərindən qalib olmayan şəhər və rayonların, müsabiqədə ən az və ən yüksək bal toplayan, dərsdə aşağı, təqdimatda isə yüksək və əksinə, təqdimatda aşağı, dərsdə isə yüksək balla qiymətləndirilən müəllimlərin sayını, sınaq dərslərinin təşkil olunduğu məktəbləri, sınaq dərslərinin qiymətləndirilməsi meyarlarını, II mərhələyə keçən müəllimlərin fənlər üzrə və cinsə görə təsnifatını əks etdirən cədvəllər yığıncaq iştirakçılarına təqdim edildi, müvafiq müqayisə və təhlillər aparıldı. Qeyd olundu ki, müsabiqə üzrə 20 müəllim ən yüksək nəticə göstərib. Onların içərisində Bakı şəhəri ilə yanaşı, bölgələrdən olan xeyli müəllim də var.

Təhsil naziri 2008-2011-ci illərdə "Ən yaxşı müəllim" müsabiqəsi qaliblərinin fənlər üzrə təsnifatı ilə iclas iştirakçılarını tanış edərək, ibtidai sinif müəllimlərinin I (96 nəfər), ingilis dili müəllimlərinin II (78 nəfər), Azərbaycan dili və ədəbiyyat müəllimlərinin III (33 nəfər), tarix müəllimlərinin isə IV (32 nəfər) yerdə olduqlarını qeyd etdi.

Təhsil naziri Misir Mərdanov təqdimatında Təşkilat Komitəsinin tərkibində, müsabiqələrin şərtlərində edilmiş dəyişikliklərlə yığıncaq iştirakçılarını tanış etdi.  

İstedadlı uşaqlarla iş 

Kollegiya iclasında daha sonra "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)". Görülən işlər və perspektivlər" məsələsi müzakirə olundu. Mövzu ilə bağlı təqdimatda ilk öncə Dövlət Proqramı icra edilənədək Azərbaycan Respublikası Prezidentinin fərmanları və Təhsil Nazirliyinin əmrlərinə əsasən ölkəmizdə bu istiqamətdə atılan mühüm addımlar diqqətə çatdırıldı.

Sonra Misir Mərdanov proqramın icrası ilə bağlı görülən təşkilati işlər, həyata keçirilən ixtisasartırma və yenidənhazırlanma tədbirləri, aparılan tədqiqatlar, təcrübə mübadiləsi və nəşrlər haqqında ətraflı məlumat verdi.

Nazir bildirdi ki, təsdiq olunmuş geniş Fəaliyyət Planına uyğun olaraq Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına maarifləndirmə tədbirləri ilə başlanılmış, bu dövrdə ölkənin ümumtəhsil məktəblərindəki fundamental fənlər üzrə istedadı ilə fərqlənən 3 mindən artıq şagird haqqında məlumat bankı yaradılmış, sonrakı illərdə bu siyahı təkmilləşdirilmişdir.

İstedadlı uşaq və gənclərlə aparılan işin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına kömək göstərmək, onlarda tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etmək məqsədi ilə yerlərdə "Kiçik Akademiya"ların təşkilinə başlanmışdır.

2008-2009-cu illərdə respublikanın müxtəlif bölgələrindən seçilmiş 95 nəfər istedadlı şagird üçün Şüvəlan qəsəbəsində təlim-istirahət düşərgəsi təşkil edilmişdir.

2008-ci ildən istedadlı uşaq və gənclərin nailiyyətlərini və onlarla aparılan işləri əks etdirən "İstedad" adlı jurnal nəşr olunur. 2007-2010-cu illərdə AMİ tərəfindən təsdiq olunmuş 4 illik qrafikə uyğun olaraq ölkənin müxtəlif bölgələrini əhatə edən 6370 müəllim istedadlı uşaq və gənclərlə işin xarakterik xüsusiyyətlərinə həsr edilmiş ixtisasartırma kurslarından keçirilmişdir.

Dövlət Proqramının icrası müddətində AMİ-də, onun Naxçıvan və Quba filiallarında 100 nəfərdən artıq pedaqoji işçinin məktəb psixoloqu ixtisası üzrə yenidənhazırlanma təhsili alması təmin olunmuşdur.

İstedadlı uşaq və gənclərin aşkara çıxarılması prosesinin elmi-psixoloji problemlərinə həsr edilmiş tədqiqatların aparılması üçün praktik baza yaratmaq və nəticələri sınaqdan keçirmək məqsədi ilə ölkənin 21 bölgəsində 32 pilot məktəbi müəyyənləşdirilmişdir.

İstedadlı uşaq və gənclərlə iş sahəsində Qazaxıstan və Belarusun təcrübəsi öyrənilmişdir.

Həmin uşaq və gənclər üçün nəzərdə tutulmuş "Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant" ("Təhsil", 2008), "Kimyadan olimpiada məsələləri" ("Təhsil", 2009), "Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar" ("Təhsil", 2009, 2010), "Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi" ("Təhsil", 2008) kitabları nəşr edilmişdir.

Sonra təqdimatda son iki beşillikdə keçirilmiş fənn olimpiadalarından bəhs olundu. Monitorda olimpiadaların respublika turuna dair məlumatların əks olunduğu slaydlar nümayiş etdirildi, ayrı-ayrı illər və fənlər üzrə iştirakçıların və qaliblərin sayının müqayisəli təhlili aparıldı, 2007-2011-ci illər üzrə mükafatçıların sayına görə fərqlənən rayon və şəhərlər diqqətə çatdırıldı.

İstedadlı gənclərimizin beynəlxalq bilik yarışlarındakı nailiyyətlərindən söz açan nazir bildirdi ki, 1998-2011-ci illərdə dünya fənn olimpiadalarında riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə 10 qızıl, 27 gümüş və 53 bürünc olmaqla 90 medal qazanılmışdır. Həmin illərdə beynəlxalq Mendeleyev olimpiadasında isə iştirakçılarımız nümayiş etdirdikləri bilik və bacarıq sayəsində 32 medal qazanmışlar (4 qızıl, 10 gümüş, 18 bürünc). Bu olimpiadanın mükafatçılarından 1 nəfəri  Almaniya, 2 nəfəri  Türkiyənin ali məktəblərinə, 16 nəfəri isə M.V.Lomonosov adına MDU-ya imtahansız qəbul olunub.

Qeyd olundu ki, dünya fənn olimpiadalarına namizəd iştirakçılar hər ilin aprel-may aylarında dərs məşğələlərindən, respublika fənn olimpiadalarında I yeri tutmuş XI sinif şagirdləri isə buraxılış imtahanlarından azad olunurlar.

Təqdimatda daha sonra   müəyyən edilmiş istedadlı şagirdlər arasından ən istedadlılarını seçmək məqsədi ilə 2008-2010-cu illərdə Bakı şəhərində Təhsil Nazirliyinin müvafiq əmrləri ilə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş yekun seçim turlarından bəhs olundu.

Təhsil naziri bu seçimlərdə iştirak edənlərin, qaliblərin və mükafatçıların illər üzrə ümumi sayı, qalib və mükafatçıların rayon, şəhər və məktəblər üzrə təsnifatı, qaliblərin Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbulu, onların arasından Prezident  təqaüdünə layiq görülənlər və s. haqqında ətraflı məlumat verdi.

Eyni zamanda iştirakçılarından qalibi olmayan şəhər və rayonlar, şagirdləri zəif nəticə göstərən və 0 bal toplayan məktəblərin də adları açıqlandı.

Son tədris illərində ölkənin ümumtəhsil məktəblərinin nəzdində açılan lisey sinifləri və onların  təmayüllər üzrə təsnifatı haqqında danışan məruzəçi qeyd etdi ki, istedadlı şagirdlər üçün səmərəli və keyfiyyətli təhsil şəraiti yaratmaq və onların davamlı inkişafını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin 22 iyun 2010-cu il tarixli əmrinə əsasən respublikanın 8 bölgəsində xüsusi istedada malik uşaqlar üçün bir V lisey sinfi açılmış, həmin sinfin fərdi tədris planı təsdiq olunmuşdur. Hazırda həmin müəssisələrdə V və VI siniflər fəaliyyət göstərir.

Təqdimatın növbəti slaydlarında 2007-2010-cu illərdə açılmış yeni tipli təhsil müəssisələri, bu müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və məzunlarının ali məktəblərə qəbuluna dair ətraflı məlumat verildi.

Təhsil naziri Misir Mərdanov bu məsələ ilə bağlı təqdimatın sonunda perspektiv vəzifələri diqqətə çatdırdı.  

Şagird nailiyyətlərinin qiymətləndirilməsi, milli qiymətləndirmə 

Kollegiya iclasında "2010-2011-ci dərs ilində şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində həyata keçirilən tədbirlər" mövzusunda məsələ də müzakirə olundu. Təhsil naziri Misir Mərdanov həmin məsələyə həsr olunmuş təqdimatında öncə 2010-2011-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinin IX və XI siniflərində yoxlama və buraxılış imtahanlarının nəticələri barədə geniş məlumat verdi. Nazir bildirdi ki, 2010-2011-ci dərs ilində respublikanın bütün rayonlarını əhatə edən (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə təhsil almış 133059 şagirddən 125649-u (94,43%) buraxılış imtahanlarında iştirak etmiş və onlardan 110907-si (80,53%) yoxlama və buraxılış imtahanlarının yekun nəticələrinə görə şəhadətnamə almışdır. Ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında tam orta təhsil səviyyəsi üzrə təhsil almış 90833 şagirddən 87586-sı (96,43%) buraxılış imtahanlarında iştirak etmiş və onlardan 71848-i (82,03%) yoxlama və buraxılış imtahanlarının nəticələrinə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 87586 şagirddən 48319-u oğlanlar, 39267-si isə qızlar olmuşdur. Şagirdlərin 79266-sı Azərbaycan, 8320-si isə rus bölmələrində təhsil almışdır. 667 şagird bütün fənlərdən "5", 1091 şagird isə bütün fənlərdən "2" qiymət almışdır.

Qeyd olunan statistik məlumatları verdikdən sonra təhsil naziri iclas iştirakçılarının diqqətinə imtahanların nəticələrinə əsasən hazırlanmış  2010-2011-ci dərs ilinin müvəffəqiyyət, reytinq və keyfiyyət cədvəllərini təqdim etdi. Qeyd olundu ki, müvəffəqiyyət cədvəli buraxılış imtahanlarında müsbət qiymət alan şagirdlərin sayına, reytinq cədvəli rayon üzrə imtahanlarda iştirak edən şagirdlərin və düzgün cavablandırılan sualların sayına (orta statistik şagird), keyfiyyət cədvəli isə bütün fənlərdən yalnız "4" və "5" qiymətlər alan şagirdlərin sayına görə formalaşır.

Aparılan təhlillər göstərir ki, müvəffəqiyyət cədvəlində yüksək yeri tutan rayonlar reytinq və keyfiyyət cədvəllərində uyğun yerləri tuturlar. Lakin bəzi rayonlarda bu müvafiqlik pozulur, yəni müvəffəqiyyət faizi yüksək olan rayonlar reytinq və keyfiyyət cədvəllərində aşağı yerləri tuturlar, yaxud əksinə.

2010-2011-ci dərs ilində tam orta təhsil səviyyəsinin ekranda nümayiş etdirilən müvəffəqiyyət cədvəlindən aydın oldu ki, məktəblərinin və şagirdlərinin sayı az olan Naftalan şəhəri 100 faizlik nəticə ilə birinci yerdədir. Sonrakı yerləri 99,28 faizlik nəticə ilə özəl məktəblər və 98,4 faizlik nəticə ilə nazirliyə tabe məktəblər və i.a. tuturlar. 78 rayonun yer aldığı cədvəlin sonunda isə Sabirabad və Astara rayonları yerləşir. Nazir cədvəlin sonunda yer almış rayonların özləri üçün nəticə çıxarmalı olduqlarını vurğuladı və RTŞ müdirlərinə yerlərə qayıtdıqdan sonra bu işi təhlil etməyi tapşırdı.

Sonra 2010-2011-ci dərs ilində tam orta təhsil səviyyəsinin reytinq və keyfiyyət cədvəlləri nümayiş etdirilərək hər üç cədvəldəki bəzi fərqlər diqqətə çatdırıldı, müvəffəqiyyət və reytinq cədvəllərində sonuncu yerlərdə olan Sabirabad rayonunun keyfiyyət cədvəlində bir qədər yüksək yer tutması qeyd edildi.

2010-2011-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsini bitirən oğlan və qızların 8 fənn üzrə göstəricilərinin müqayisəsini əks etdirən diaqramların nümayişi göstərdi ki, bütün fənlər üzrə qızların göstəriciləri oğlanların göstəricilərindən orta hesabla 3-6 faiz yüksəkdir. 8 fənn üzrə Azərbaycan və rus bölmələri şagirdlərinin göstəricilərinin müqayisəsindən isə aydın oldu ki, rus bölməsinin şagirdləri imtahanlarda daha yüksək nəticə nümayiş etdirmişlər. Bütün hallarda onların göstəriciləri Azərbaycan bölməsində təhsil alanların göstəricilərindən yüksək olmuşdur. Bu fərqin ana dilindən və xarici dildən daha çox olub, təxminən 11-12 faiz təşkil etdiyi diqqətə çatdırıldı. Nazir bunu gözlənilən hal sayıb təlim rus dilində aparılan məktəblərin müəllimlərinin öz işlərinə daha məsuliyyətlə yanaşmaları ilə əlaqələndirdi və bu işdə valideynlərin də rolunun az olmadığını bildirdi.

Son 3 ildə respublikanın ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsini bitirən şagirdlərin ana dili və ədəbiyyat, riyaziyyat fənlərindən düzgün cavablarının, həmin fənlərdən qiymətlərinin histoqramları da kollegiya iştirakçılarına təqdim olunaraq müvafiq müqayisə və təhlillər aparıldı. Son 3 dərs ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlilini göstərən xəritənin nümayişi isə iclas iştirakçılarında maraq doğurdu. Müqayisələrdən aydın oldu ki, 0-20 və 20-40 faiz nəticə göstərən rayonların sayı ilbəil azalmış, əksinə 60-80 və 80-100 faiz nəticə göstərənlərin sayı isə artmışdır. Belə ki, əgər 2008-2009-cu dərs ilində təkcə Ağsu rayonu üzrə 0-20%-lik, 12 rayonda isə 20-40%-lik nəticə göstərilmişsə, 2010-2011-ci ildə ümumiyyətlə belə nəticələrə malik rayon olmamış, təkcə Sabirabad rayonunda 40-60 faizlik nəticə qeydə alınmış, digər rayonların nəticələri isə 60-80 və 80-100 faiz arasında olmuşdur. Təhsil naziri bunu ötən dərs ilində imtahanların keçirilməsinə məsuliyyətlə yanaşılması ilə əlaqələndirdi.

Təqdimatda daha sonra iclas iştirakçılarının diqqəti 2010-2011-ci dərs ilində medal alan məzunların qəbul imtahanlarında göstərdikləri nəticələrə yönəldilərək bildirildi ki, tam orta məktəbi respublika üzrə 37 nəfər məzun qızıl, 16 nəfər məzun isə gümüş medalla bitirmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında bu məzunlardan 39 nəfəri 600-700, 9 nəfəri 500-600, 1 nəfər isə 490 bal toplayaraq ali məktəblərə qəbul olunub, 4 məzun isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunub.

Təhsil naziri 2004, 2010 və 2011-ci illər üzrə əlaçı məzunların tələbə qəbulundakı nəticələrinin müqayisəli təhlilinə diqqəti cəlb edərək bildirdi ki, 2004-cü ildə, yəni buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada deyil, məktəblər tərəfindən aparıldığı vaxtlar  əlaçı  məzunların 10,6 %-i 0-100 bal toplayırdısa, 2010-cu ildə bu rəqəm 0,6 %-ə, 2011-ci ildə isə 0,5%-ə enib. 2004-cü ildə əlaçı məzunların 19,5 %-i 500-700 arası bal toplayırdısa, 2010 və 2011-ci illərdə bu rəqəmlər müvafiq olaraq 63,6 və 73,4 %-ə qədər yüksəlib. Təhsil Nazirliyinin təşəbbüsü ilə aparılan bu işə təhsil işçilərinin böyük kömək göstərdiyini deyən Misir Mərdanov ötən dərs ilində respublikanın ümumtəhsil məktəblərinin ümumi və tam orta təhsil səviyyələrində keçirilmiş yoxlama və buraxılış imtahanlarında fəaliyyətləri ilə fərqlənən imtahan rəhbərləri və nəzarətçilərin adlarını iclas iştirakçılarının diqqətinə çatdırdı və onlara və nazirliyin əməkdaşlarına öz təşəkkürünü bildirdi.

Təhsil naziri təqdimatında 2011-2012-ci dərs ilində yoxlama və buraxılış imtahanlarının keçirilməsi ilə bağlı məlumat verərək bildirdi ki, hazırda yoxlama və buraxılış imtahanlarında istifadə ediləcək və daha çox tətbiqi bacarıqları yoxlayacaq qiymətləndirmə vasitələrinin hazırlanması və ekspertizası həyata keçirilir. Buraxılış sinif şagirdlərinin imtahanlara səmərəli hazırlaşmaları üçün qiymətləndirmə vasitələri bankı təkmilləşdirilərək istifadəyə verilib.

Təhsil naziri artıq 4 ildir ki, həyata keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanları sahəsində xeyli təcrübə qazanılsa da, bir sıra rayonların təhsil şöbələrinin bu işə hələ də məsuliyyətlə yanaşmamasını, rayon (şəhər) təhsil şöbələrinə 2010-2011-ci il tarixindən gec olmayaraq buraxılış sinif şagirdlərinin adlı və şəkilli siyahısını Təhsil Nazirliyinə təqdim etmələri ilə bağlı göstəriş verilsə də, bir sıra rayonların RTŞ-lərinin bu işi hələ də görməməsini təəssüfləndirici hal sayaraq, bütün bunların nəticədə ölkədə imtahanların keçirilməsi üçün hazırlıq işində süni problemlər yaratdığını bildirdi.

Təhsil naziri Misir Mərdanov şagird nailiyyətlərinin qiymətləndirilməsinin mühüm bir istiqaməti olan milli qiymətləndirmə üzərində də dayandı və təqdimatında bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, həm milli qiymətləndirmə, həm beynəlxalq qiymətləndirmə, həm də məktəbdaxili qiymətləndirmə qiymətləndirmə konsepsiyasının üç tərkib hissəsidir.  Bizim üçün daha yeni məsələ olan milli qiymətləndirmə etibarlı məlumatların toplanması, nəticəyönümlü təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi məqsədi ilə aparılan sistemli bir tədqiqatdır. Milli qiymətləndirmənin ümumi məqsədləri ayrı-ayrı şagirdlərin imtahan nəticələrini öyrənmək deyil, ümumilikdə təhsilə qiymət vermək, ölkədə təhsilin vəziyyəti haqqında məlumat toplamaqla perspektivləri müəyyənləşdirmək, təhsilə kənar amillərin təsirini öyrənmək, keyfiyyətə nəzarət və onun idarəolunması sistemini yaratmaq, tədqiqata cəlb edilmiş hədəflərin (şəhər və kənd məktəbləri, dövlət və özəl məktəbləri, müxtəlif məktəb tipləri, oğlanlar və qızlar və s.) seçilmiş fənlər üzrə nailiyyət səviyyələrinin müqayisəsi üçün məlumat bazası yaratmaqdır.

Milli qiymətləndirmənin ümumi məqsədləri ilə yanaşı, xüsusi məqsədləri də vardır. Hər bir milli qiymətləndirmənin ümumi məqsədi eyni olsa da müxtəlif illərdə aparılan qiymətləndirmənin hər birinin xüsusi tədqiqat məqsədi də vardır. Milli qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri tədqiqatın xüsusi məqsədi ilə uyğunluq təşkil edir. Əgər milli  qiymətləndirmənin xüsusi məqsədi təhsilə təsir edən konkret bir faktı öyrənməkdirsə, qiymətləndirmə vasitələri də bu məqsədin təhlilinə uyğunlaşdırılacaq. Məsələn, xüsusi məqsəd şagirdlərin sosial bilik və bacarıqlarını yoxlamaqdırsa, qiymətləndirmə vasitələrində gündəlik fəaliyyətə dair tapşırıqlara daha geniş yer ayrılır.

Sonra nazir milli qiymətləndirmə ilə digər qiymətləndirmələrin fərqinə diqqəti cəlb edərək dedi ki, buraxılış imtahanları ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlərin bilik və bacarıqlarının rəsmi qiymətləndirilməsidir və şagirdlərin nailiyyətləri fərdi qiymətləndirilir. Milli qiymətləndirmə ayrı-ayrı şagirdlərin rəsmi qiymətləndirməsi deyil, tədqiqatdır.

Qəbul imtahanları tələbələrin seçimidir və yalnız müraciət edən abituriyentlərin bilik və bacarıqlarını ölçür, onlar arasında ən yaxşılarının seçimini aparır. Milli qiymətləndirmə fərdləri deyil, müəyyən olunmuş hədəfləri qiymətləndirməklə təhsili və ona təsir edən amilləri öyrənir.

Buraxılış və qəbul imtahanlarında istifadə olunan vasitələr fərdin yalnız bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə hazırlanır. Milli qiymətləndirmənin vasitələri hədəfin bilik və bacarıqları ilə yanaşı, onu əhatə edən mühiti qiymətləndirmək məqsədilə hazırlanır.

Nazir attestat imtahanları ilə milli qiymətləndirmə tədqiqatında istifadə olunan qiymətləndirmə vasitələrinin müqayisəli təhlilini apararaq əgər attestat imtahanında fənlər üzrə bilik və bacarıqları yoxlayan suallar qoyulursa, milli qiymətləndirmədə Azərbaycan dili, riyaziyyat və informatika fənləri üzrə bilik və bacarıqları yoxlayan suallarla yanaşı şagirdlər, müəllimlər, məktəb rəhbərləri, valideynlərlə sorğuların da aparıldığını diqqətə çatdırdı.

Nazir təqdimatında milli qiymətləndirmə tədqiqatının tarixinə də qısa nəzər salaraq ilk dəfə 1969-cu ildə ABŞ-da təhsilin milli qiymətləndirilməsi tədqiqatının aparıldığını və hər 3 ildən bir müxtəlif siniflərdə ana dili, riyaziyyat əsas götürülməklə müxtəlif fənlər üzrə araşdırmaların davam etdirildiyini, 1970-ci illərdə Avropada, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən isə MDB (Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan), Avstraliya, Yeni Zelandiya, Afrika, Cənubi Amerika ölkələrində keçirildiyini söylədi. Diqqətə çatdırıldı ki, Azərbaycanda bu işə 2003-də başlanıb. Həmin il ölkənin 20 orta məktəbinin V siniflərində, 2006-cı ildə 70 orta məktəbin IV-IX siniflərində, 2009-cu ildə 216 məktəbin IV-IX siniflərində Azərbaycan dili və riyaziyyat fənlərindən milli qiymətləndirmə aparılıb. 2011-ci ildə isə milli qiymətləndirmə 200 orta məktəbin IX siniflərində Azərbaycan dili, riyaziyyat və informatika fənləri üzrə həyata keçirilib.

2003-cü ildə milli qiymətləndirmə tədqiqatının xüsusi məqsədi fənn kurikulumlarının, o cümlədən məzmun və qiymətləndirmə standartlarının, yeni təlim strategiyalarının yaradılması üçün təkliflər hazırlamaq olub. Tədqiqatın nəticələri fənn kurikulumlarının yazılması, müəllim hazırlığının planlaşdırılmasında nəzərə alınmaq və istifadə edilmək məqsədilə Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən müvafiq işçi qruplarına təqdim edilib.

2006-cı il milli qiymətləndirmə tədqiqatının da xüsusi məqsədi kurikulumların tətbiqi ilə bağlı olub. Məqsəd şagirdlərin nailiyyətlərini məzmun standartlarında nəzərdə tutulan bacarıqlar əsasında ölçmək idi. Bununla yanaşı, kənar amillərin və ailə şəraitinin təhsilin inkişafına təsirini öyrənmək də məqsəd kimi qarşıya qoyulub.

Birinci məqsədə görə tədqiqatın nəticələri fənn kurikulumlarını hazırlayan işçi qruplarının nəzərinə çatdırılıb və standartlara daxil edilən bacarıqlara yenidən baxılıb.

İkinci məqsədə görə tədqiqatın nəticəsi kimi ailə-məktəb əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Məhz elə bu illərdə Valideyn-Müəllim Assosiasiyası yaradılıb.

2009-cu ildə tədqiqatın xüsusi məqsədləri ənənəvi fənn proqramları əsasında təhsil alan IV sinif şagirdlərinin nəticələrinin 2012-ci ildə kurikuluma əsaslanan təhsil səviyyəsini bitirəcək şagirdlərin nəticələri ilə müqayisə edilməsi üçün məlumat bazasının yaradılması, 2012-ci ildən başlayaraq Dünya Bankı tərəfindən kitabxanaları təkmilləşdiriləcək məktəblərin şagirdlərinin 2015-2016-cı dərs ilindəki təlim nəticələrini ötən illərlə (2008-2009-cu dərs ili) müqayisə edə bilmək üçün məlumatların toplanması, müasir təlim strategiyalarının, fəal təlim metodlarının tətbiqinin təhsilin keyfiyyətinə təsirinin öyrənilməsi, kənar amillərin və ailə şəraitinin təsirinin öyrənilməsindən ibarət olub.

I və II məqsədlərə görə tədqiqatın nəticələri ümumi orta təhsil səviyyəsi üzrə (V-IX siniflər) fənn kurikulumlarının hazırlanmasında nəzərə alınıb. Dərslikləri Qiymətləndirmə Şurası müəyyən qiymətləndirmə meyarlarını öz əsasnaməsinə daxil edib. III məqsədə görə 1000 nəfərə qədər kurikulum üzrə təlimçi müəllim hazırlanıb.

IV məqsədə görə bugünədək ölkədə 1300-dən çox məktəbdə Valideyn-Müəllim Assosiasiyası yaradıldığını deyən təhsil naziri Misir Mərdanov həmin assosiasiya tərəfindən həyata keçirilən layihələri də iclas iştirakçılarının diqqətinə çatdırdı.

Təhsil naziri 2011-ci il milli qiymətləndirmə tədqiqatının nəticələri üzərində xüsusi dayandı. Bildirdi ki, həmin tədqiqatın xüsusi məqsədləri IX sinif şagirdlərinin sosial savadının, yəni həyati bacarıqlarının yoxlanılması, ölkədə informatika fənninin tədrisi vəziyyətinin öyrənilməsi, şagirdlərin İKT üzrə bacarıqlarının müəyyən edilməsi və gələcəkdə müqayisəli təhlillər üçün bazanın yaradılması, Dünya Bankının layihəsi üzrə kitabxanası təkmilləşdirmək üçün seçilmiş hədəf və nəzarət məktəblərinin şagirdləri ilə ölkənin digər məktəb şagirdlərinin nailiyyətlərinin müqayisəsi olub. Tədqiqata cəlb edilmiş 200 məktəb üç istiqamətdə seçilib: 60 məktəb - Dünya Bankının layihəsi üzrə kitabxanaları müasirləşdirmək üçün təsadüfi seçilmiş hədəf məktəblər; 60 məktəb - Dünya Bankının layihəsi üzrə kitabxanaları müasirləşdiriləcək məktəblərlə layihə boyu müqayisə edilmək üçün təsadüfi seçilmiş nəzarət məktəbləri və 80 məktəb - respublikanın digər məktəbləri arasından təsadüfi seçim üsulu ilə müəyyənləşdirilən məktəblər.

Sonra 2011-ci il tədqiqatının nəticələrinə görə şagirdlərin Azərbaycan dili, riyaziyyat və informatika fənləri üzrə göstəricilərini əks etdirən diaqramlar kollegiya iştirakçılarına təqdim olundu. Diaqramlardan aydın oldu ki, Azərbaycan dilindən şagirdlərin 4 faizi 0-20%, 26 faizi 20-50%, 64 faizi 50-80 %, 6 faizi isə 80-100 % arasında nəticə göstərib. Riyaziyyat fənni üzrə müvafiq göstəricilər belə olub: 0-20 % - şagirdlərin 23 faizi, 20-50 % şagirdlərin 41 faizi, 50-80 % - şagirdlərin 32 faizi; 80-100 %-lik nəticə - şagirdlərin 4 faizi. İnformatika fənni üzrə isə aşağıdakı nəticələr qeydə alınıb. 0-20 % - şagirdlərin 14 faizi; 20-50 % - şagirdlərin 46 faizi, 50-80 % - şagirdlərin 36 faizi və 80-100 % arasında nəticə - şagirdlərin 4 faizi.

Daha sonra şagirdlərin Azərbaycan dili, riyaziyyat və informatika fənlərinin hər biri üzrə bilik və bacarıqlarının meyarlara əsasən nəticələri oğlan və qızlar, Bakı məktəbləri, digər şəhər məktəbləri, kənd məktəbləri, yekun nəticə olmaq üzrə cədvəllər şəklində kollegiya üzvlərinin diqqətinə çatdırıldı, müvafiq müqayisələr, təhlillər aparıldı.

Eyni zamanda, 2009-2011-ci illər üzrə tədqiqatların nəticələrinə görə oğlan və qızların Azərbaycan dili və riyaziyyatdan, 2011-ci il tədqiqatının nəticələrinə görə məktəbli oğlan və qızların informatika fənnindən müqayisəli göstəricilərini əks etdirən diaqramlar nümayiş olundu.

Təqdimatında təhsil naziri Misir Mərdanov habelə 2011-ci il milli qiymətləndirmə tədqiqatında sorğu anketinin suallarına verilmiş cavablara əsasən şagirdlərin nəticələrinin hədəf məktəbləri, nəzarət məktəbləri və digər məktəblər üzrə təhlili ilə kollegiya üzvlərini tanış etdi.

Təqdimatının sonunda nazir 2011-ci il milli qiymətləndirmə tədqiqatının nəticələri və həmin nəticələr əsasında hazırlanmış təklifləri diqqətə çatdırdı. Qeyd etdi ki, 2011-ci il milli qiymətləndirmə tədqiqatının nəticələrinin göstərdiyinə görə, Azərbaycan dili, riyaziyyat və informatika fənləri üzrə şagirdlərin sosial savadı (həyati bacarıqları) qənaətbəxşdir. Bununla belə Azərbaycan dilindən mətni oxuyub müqayisə və qarşılaşdırma əsasında təhlil etmək, riyaziyyatdan müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə etmək və araşdırmaq, informatikadan öyrəndiyi proqramlaşdırma mühitində işləmək bacarıqlarının təkmilləşdirilməsi və inkişafı istiqamətində iş aparılmalıdır. Azərbaycan dili fənnindən əksər bacarıqlar üzrə qızlar irəlidirsə, riyaziyyat və informatika fənləri üzrə bu göstəricilər dəyişir. Valideynlərin, xüsusən atanın tam orta və ali təhsilli olması şagirdlərin nəticələrinə müsbət təsir edir. Rayon (şəhər) təhsil şöbələri, xüsusilə kənd rayonları təhsilin keyfiyyətinə təsir edən amilləri nəzərə almaqla müvafiq tədbirlər planı hazırlayıb Təhsil Nazirliyinə təqdim etməlidir.

2011-ci il milli qiymətləndirmə tədqiqatının nəticələri əsasında hazırlanmış təkliflərdə ixtisaslı kadrların olmaması səbəbindən informatika fənninin zəif tədris olunduğu məktəblərin ixtisaslı müəllim kadrları ilə təmin olunması, informatika fənn müəllimlərinin ixtisasartırma kurslarına cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi, riyaziyyat dərsliklərində və fənn üzrə digər vəsaitlərdə sosial savadı artıran tapşırıqlara geniş yer verilməsi, oxu və qavrama bacarıqlarını inkişaf etdirmək üçün Azərbaycan dili dərslərində şagirdlərə tanış olmayan mətnlər üzrə iş aparılmasına üstünlük verilməsi və s. məqsədəuyğun sayıldı.

Təhsil nazirinin təqdimatları başa çatdıqdan sonra çıxışlar oldu. İclasda söz alan Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılova, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, Bakıdakı 177 nömrəli tam orta məktəbin direktoru Həqiqə Məmmədova təhsil naziri Misir Mərdanovun təqdimatlarını yüksək qiymətləndirib onun geniş və dərin təhlillər əsasında qurulduğunu, orta təhsil pilləsinin bir çox aktual probleminin, bu sahədə son illər görülmüş işlərin tam mənzərəsini canlandırdığını vurğuladılar, müzakirə olunan məsələlərə öz münasibətlərini bildirib, bəzi təkliflərini səsləndirdilər. 

Yusif ƏLİYEV,

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov