Dekabrın
5-də Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında "Səmərəli
dövlət idarəçiliyi: zamanın çağırışları" adlı
beynəlxalq elmi konfrans keçirildi. Konfransda
dövlət və hökumət nümayəndələri, Türkiyə, Rusiya,
Ukrayna, Qazaxıstan, Polşa, Litva, Estoniya,
Özbəkistan və Tacikistanın dövlət idarəçilik
akademiyaları, institutları və elmi
mərkəzlərinin rəhbərləri, ekspertlər,
beynəlxalq və qeyri -hökumət təşkilatlarının
nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə DİA-nın rektor əvəzi,
professor Əlikram Abdullayev açaraq bildirdi ki,
tədbiri keçirməkdə əsas məqsəd Azərbaycan
Respublikasında dövlət idarəçiliyi üzrə həyata
keçirilən islahatların elmi təhlili, əldə olunan
uğurlar və nəticələr, həmçinin xarici ölkələrin
təcrübəsinin tətbiqi imkanlarının
araşdırılmasından ibarətdir.
Dövlət himni səsləndirildikdən sonra çıxış üçün
ilk söz təhsil naziri Misir Mərdanova verildi.
Nazir ilk öncə tədbirdə iştirak edən
qonaqları salamladı. Sonra Azərbaycanın dövlət
müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü
münasibətilə keçirilən konfransın çox böyük
əhəmiyyət daşıdığını bildirdi. Təhsil naziri
Azərbaycan hökumətinin dəvətini qəbul edib
konfransda iştirak edən xarici qonaqlara öz
təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycanın
müstəqilliyinin bərpasının 20 ili ərzində
ölkəmizdə çox böyük tarixi hadisələr baş
vermişdir. Misir Mərdanov vurğuladı ki, bütün
bu nailiyyətlərin qazanılmasında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
xidmətləri əvəzsizdir.
Nazir ölkə başçısının rəhbərliyi altında təhsil
sahəsində həyata keçirilən əsas qlobal
məsələlərdən də söz açdı. Qeyd etdi ki, ölkə
Prezidentinin siyasətində təhsil ən vacib sahə
olduğundan Azərbaycanda təhsil ocaqlarının maddi-texniki
bazası xeyli genişlənmiş və gənclərin yaxşı
oxumaları üçün hər cür şərait yaradılmışdır.
Misir Mərdanov 90 yaşı tamam olan DİA-nın
fəaliyyətindən də ətraflı danışdı və bu təhsil
ocağının Azərbaycanda yüksək səviyyəli
kadrların yetişməsində böyük rol oynadığını
qeyd etdi.
Azərbaycanda təhsil sahəsində gedən islahatlar
barədə də məlumat verən Misir Mərdanov
konfransın işinə uğurlar arzuladı.
Beynəlxalq konfransın əhəmiyyətindən danışan
Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia
bildirdi ki, hər bir dövlətin gücü onun dövlət
idarəçiliyindən asılıdır. Diplomat dedi ki,
dövlət demokratiya və insan haqlarını əsas
tutmalıdır. Azərbaycan da bu yolda çalışır.
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
sədri Bəhram Xəlilov, Türkiyə və Yaxın Şərq
Dövlət İdarəçiliyi İnstitutunun rektoru Eyyub
İsbir və başqaları da konfransın əhəmiyyətindən
danışaraq müxtəlif ölkələrdə dövlət idarəçiliyi
istiqamətində həyata keçirilən islahatların elmi
təhlili, əldə olunan uğurlar və nəticələr barədə
məlumatlar verdilər.
Sonda Azərbaycanın müstəqilliyini və inkişafını
əks etdirən videoçarx nümayiş etdirildi.
İkigünlük konfrans öz işini bölmələr üzrə davam
etdirərək başa çatıb.
Şakir CƏFƏROV |