Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 Dekabr 2011 - 48

 

Mixail Lomonosov - 300

Zamanı qabaqlayan alim

 

Elm yanğısı onun qəlbinin ehtirası idi 

Rusiyada 300 illiyi böyük təntənə ilə qeyd olunan dünya səviyyəli birinci rus alim-təbiətşünası, ensiklopediyaçı, kimyaçı, fizik Mixail Vasilyeviç Lomonosov vaxtilə fiziki-kimyaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş proqramını işləyib. Lomonosov həmçinin astronomiya, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam, tarixçi olub, müasir rus dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb. 

Kəndli balası 

Mixail Lomonosov 1711-ci il noyabrın 19-da  Rusiya imperiyasının şimalında, Arxengelsk vilayətində  o dövrün elm və ədəbiyyat mərkəzləri sayılan Moskva və Sankt-Peterburqdan uzaqda şimali Dvina çayının mənsəbində yerləşən Mişanin kəndində (indiki Lomonosov kəndi) balıqçı ailəsində doğulub. Lomonosovun doğulduğu və boya-başa çatdığı bölgədə elm və tədris müəssisələri yox idi, yerli əhali əsasən heyvandarlıq, balıqçılıq, ovçuluqla məşğul idi. Balaca Mixaili də bu cür həyat gözləyirdi... Lakin Mixail Lomonosovun uşaqlıqdan təbiət qanunlarının  dərk edilməsinə dərindən diqqət kəsilməsi, yaradıcılığa hədsiz maraq göstərməsi onun gələcək həyat yolunun xeyli fərqli məcrada davam etməsinə yol açdı. Lomonosovun doğulduğu sərt iqlimli ərazidə  güclülər qalib gəlir, zəiflər geri çəkilirdi. Həyat şəraiti Mixail Lomonosovu da qaçılmazlıqla üz-üzə qoymuşdu. O, kiçik yaşlardan iribədənli, güclü və inadkar təsiri bağışlayırdı. Kiçik yaşlarından anası Yelena İvanovnaya  kömək etməli oldu, sonra isə ailə təsərrüfatının idarə olunmasında atasının ən yaxın köməkçisi idi.  Tale onun üzünə gülmədi. Hələ 9 yaşında ikən anası vəfat etmişdi. Atası ikinci dəfə evləndi. Ögey ana Mişanı sevmirdi. Ola bilsin ki, balaca Mişanın inadkarlığı və sərbəstliyi onu qıcıqlandırırdı.    Lakin atası Vasili Dorofeyeviç təsərrüfat işlərinin idarə olunmasında  Mixailə ciddi yanaşırdı. O,  fərasətli oğlunun savad dalınca getməsinə çox çalışırdı.    Lomonosov oxumağı tez öyrəndi. Onun səsi çox güclü, tələffüzü çox aydın idi. Kənddəki ruhani ata dəfələrlə Mixailə yerli kilsədə ayinləri oxumağı  tapşırmışdı. Özündən yaşlı olan yeniyetmələr Lomonosova layiq olmadığı yeri tutan adam kimi baxır və ona həsəd aparardılar. Mixailin xətti çox kobud idi, dərhal hiss olunurdu ki, bu əllər balta və avara daha çox öyrəşib. Smotritskinin "Slavyan qrammatikası" və Maqnitskinin "Hesab" kitabları onun ilk oxuduğu kitablar olub. Bir dəfə oxuduğu bu dərslikləri Lomonosov əzbərdən bilirdi və bütün həyatı boyu yaddaşına həkk etmişdi. Sonralar qeyd edirdi ki, bu kitablar onun "alimliyinin darvazası" olublar. Yaşına görə iri cüssəli və hündürboy olan Mixaili valideynləri tezliklə evləndirmək qərarına gəlirlər. 

Taleyüklü qaçış... 

Lakin Mixailin öz planları vardı. O, Moskva kimi böyük bir şəhərin varlığından xəbərdar idi. Və burada elm, savada yiyələnmək olardı. Onu evdən xoşluqla buraxmadılar. Qaçmaq lazım gəldi. Qaçmaq üçün ən əlverişli zaman seçdi ki, onu olduqca sərt, şaxtalı gündə axtarıb tapmaq və evə qaytarmaq tamamilə mümkünsüz olsun. Yolda donmaq riski çox böyük idi. O, ən ağlagəlməz addım atmalı oldu. Özünü Moskvaya balıq daşıyan xizəkçi arabasına çatdırdı. Və bir neçə həftədən sonra Lomonosov artıq Moskvada idi. Lakin pulsuz və tanışsız, Moskva kimi yad bir şəhərdə yer tapmaq asandırmı? Nə qədər iradə, cəsarət, özünə inam və canatma lazımdır ki,  qarşıya qoyduğun məqsədə çatasan...

Birinci gecə Mixail balıqçı dükanında gecələdi. İkinci gün səhərdən onu ümidsizlik bürüdü. O, dizi üstə düşərək ağlayır və dualar edirdi, bundan sonra nə etmək və haraya üz tutmağı aydınlaşdıra bilmirdi. Bu an təsadüfən Lomonosov mağazaya balıq almağa gələn yerlilərindən biri ilə rastlaşır. Mixailin Moskvaya gəlişinin səbəbini  öyrənən bu adam tanışları vasitəsi ilə onu Rusiyada yeganə ali məktəb olan Slavyan-yunan-latın Akademiyasına qəbul etdirir.  Onu yalnız ona görə qəbul edirlər ki, Mixail özünü keşiş oğlu kimi qələmə vermişdi. Kəndlilərə və sənətkarlara bu təhsil müəssisəsində oxumaq qadağan idi. Lakin bu yalanın üstü açılır və  yalnız Mixailin biliklərinə və fərasətinə  heyran olan  arxiepiskop Feofan Prokopoviçin dəstəyi nəticəsində o, akademiyada təhsilini davam etdirə bilib.   

Yaşamaq isə xeyli çətin idi. Akademiyanın tələbələri ildə 10 rubl alırdı. Sonralar Lomonosov bu barədə yazırdı:"...danışılması mümkün olmayan kasıbçılıq: gündə 3 qəpik pul xərcləyirdim. Bu yalnız çörəklə kvas içməyə çatırdı, bundan əlavə, yeməyə, kağıza, geyim şeylərinə və s. böyük ehtiyacım olsa da buna heç cür imkan yox idi. Bu ehtiyaclar içərisində 5 il yaşadım, hər çətinliyə dözdüm, lakin elm öyrənməyi dayandırmadım".

Lomonosov daim aclıqdan əziyyət çəkirdi. Qənaət etdiyi pulları yalnız kitablara xərcləyərdi. O, səyləri və əldə etdiyi uğurları ilə müəllimlərini  təəccübləndirməkdə davam edirdi. O, təkcə Moskvada deyil, Kiyevdə, Sankt-Peterburqda təhsil almışdı. Bir neçə müddətdən sonra ən istedadlı tələbələri kimya və dağ-mədən işini öyrənmək üçün Almaniyaya göndərdilər. Onların arasında Lomonosov da vardı. Rus elmində terminologiyanın əsasını qoyan Lomonosov hazırda işlənən bir çox elmi sözlərin çoxunu  ədəbiyyata daxil edib. Məsələn, fizika, termometr, düstur, porşen, elastiklik, sferik, atmosfer, barometr, şüanın sınması, maqnit qütbü və s.  

Onu o dövrün ən görkəmli alimi hesab edirdilər. Lomonosov kimya, fizika, riyaziyyat, mexanika sahəsində ciddi tədqiqat işləri ilə məşğul olurdu. Onun fizika və astronomiya sahəsində işləri bütün Avropada maraqla izlənirdi və onu ən yüksək səviyyədə qəbul edirdilər.   

Moskva Universitetinin banisi  

Avropadan qayıdan Lomonosov olduqca rəngarəng elmi tədqiqatları ilə akademiyanın fəaliyyətində başlıca rol oynamağa başlayır. 1742-cı ildən Peterburq Elmlər Akademiyasında işləyən Lomonosov bir-birinin ardınca elmi məqalələr dərc etdirir, kimya və fizika sahəsində mühüm kəşflər edir. 1748-ci ildə Rusiyada ilk kimya kabineti yaradır. Kimyəvi tədqiqatlar üçün tələb olunan bir çox cihaz və avadanlıqları Lomonosov özü düzəldib. Venera planetinin hərəkətini izləyir, elektrik hadisəsini tədqiq edir, şimal dəniz yolunu işləyib hazırlayır.

Lomonosovun adı artıq elmi dairələrdə hamıya tanış idi. İlk rus alimi kimi onu bir neçə xarici elmlər akademiyasının fəxri üzvü seçirlər. Rusiya elmi məhz Lomonosovun timsalında Avropada tanınmağa başlayır.  Rusiya Elmlər Akademiyasında isə vəziyyət olduqca mürəkkəb idi. Bütün işlərə imperatorluğun elm məsələləri üzrə katibi alman Şumaxer nəzarət edirdi. O, rus alimlərinin inkişafına və onların elmi fəaliyyətinə imkan vermir, yalnız xarici alimləri dəstəkləyirdi. Lomonosov saray məmuru ilə gərgin mübarizəyə başlayır. Şumaxeri tezliklə təhsilə və elmə ayrılan pulların sovrulmasında və dövlət büdcəsinin israfçılığında ittiham edirlər. Lakin imperatriça Yekaterinanın şəxsi həkimi Lestokun müdaxiləsi ilə Şumaxer vəzifəsində qalır. Lomonosov isə mübarizəsini davam etdirir. Şumaxer son günlərinə qədər Lomonosova ziyan vurmaqda davam edib. Lakin o,  Lomonosova qalib gələ bilməyib. Yekaterinanın favoritlərindən hesab olunan qraf İvan Şuvalov tezliklə Lomonosovu öz  himayəsinə götürdü.  Şuvalov elmi, incəsənəti, poeziyanı sevir və Lomonosovun kimya sahəsində işləri ilə maraqlanırdı. Məhz qraf İ.Şuvalovun köməyi ilə 1775-ci ildə Lomonosovun təşəbbüsü və onun layihəsi əsasında Moskva Universitetinin əsası qoyulur. Universitet təkcə zadəganlar üçün deyil, Lomonosovun öz təbirincə desək, "elmi qabiliyyətli bütün şəxslər üçün" nəzərdə tutulmuşdu.

Qeyri-adi dahiliyinin gücü ona tezliklə dünya şöhrəti qazandırmışdı. Onun kəşflərinin əksəriyyəti elmi dairələrdə deyildiyi kimi, "zamanı qabaqlayırdı". Məsələn, təcrübələr aparmaqla maddə kütləsinin saxlanması qanununu kəşf etmişdi. O sübut etmişdir ki, təbiətdə heç bir şey itmir və birdən-birə heç nədən əmələ gəlmir, yalnız bir şəkildən başqa şəklə keçir. 1760-cı ildə alman alimi Eylerə bu barədə məlumat vermişdi. Lomonosov öz kəşfi barədə Rusiya İmperator Akademiyasının təntənəli iclasında açıqlama vermişdi. Bu barədə sonralar  elmi məqalə də yazmışdı. Fransız alimi Lavuazye isə 29 il sonra eyni qanunu bir daha sübut etmişdi, lakin qanun bu vaxta qədər Lomonosovun deyil, fransız alimin şərəfinə adlanır.  

Mixail Lomonosov ensiklopedik insan olduğundan məşğul olduğu elm sahələri üzrə ciddi tədqiqatlar apara bilib. Böyük rus şairi Aleksandr Puşkin onun haqqında yazırdı: "Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi. Elm yanğısı onun qəlbinin ehtirası idi". 

Milli elmin təəssübkeşi 

Lomonosov yazırdı:"mən ölümdən qüssələnmirəm, yaşadım, səbr etdim və mən bilirəm ki,  haqqımda vətən oğulları təəssüflənəcəklər". Onu daha çox başladığı işlərin taleyi narahat edirdi. Hərdənbir ona elə gəlirdi ki,  bütün işləri puça çıxıb. Lomonosov imperatriça II Yekaterinanın səylərindən narahat idi.  Bilirdi ki, onun başladığı milli rus elminin inkişaf etdirilməsi işləri təhlükə altındadır. Qeyd edək ki, Yekaterina Rusiyada milli alimlərin deyil, Qərb alimlərinin işləməsinə daha prioritet əhəmiyyət verilməsi barədə göstəriş vermişdi.

 Lomonosov bir alim olaraq vətən qarşısında borcunu çox aydın hiss edirdi. Özü hələ sağlığında bu barədə yazırdı: "Mən həvəslə susar və tam sakitlik içində yaşayardım. Lakin ədalət tərəfindən mühakimə olunaraq cəzalandırılmaqdan,  məni istedaddan və elm yolunda səylərimdən  məhrum etməmiş və həyatımda ən qiymətli olan elmi biliklərin vətənimdə yayılması üçün bütün maneələri aşmaqda mənə səbr, cəsarət, nəcib inadkarlıq vermiş Tanrıdan qorxurdum". Lomonosov şair kimi sağlığında məşhurlaşmışdı. Bəşəriyyət tarixi ərzində ən böyük alimlərdən biri kimi tanınan Lomonosov ölümündən qabaq yazırdı: "Yalnız ona təəssüflənirəm ki, vətənimin xeyiri, elmin inkişafı və akademiyanın şöhrəti üçün görmək istədiklərimi başa çatdıra bilmədim".    

"Bizim ilk universitetimiz"  

Lomonosov Rusiyanın inkişafında böyük rol oynamış  bir çox elmi, texniki və mədəni təşəbbüslərin təşkilatçısı olmuşdur. 1758-ci ildə Coğrafiya Departamenti, Tarix İnstitutu, Universitet və Elmlər Akademiyası tabeliyindəki gimnaziyanın fəaliyyətinə rəhbərlik ona həvalə olunmuşdu. Hakimiyyət dəyişikliyi və II Yekaterinanın imperiyanın başına keçməsindən sonra Lomonosovun başı üzərində qara buludlar dolaşıb. Düşmənləri böhtan ataraq Lomonosovu Yekaterinanın gözündən salmağa başlayıblar. İmperatriça onların tərəfində olub. O, hətta Lomonosovun akademiyadan kənarlaşdırılmasına dair sərəncam da imzalamışdı. Lakin qraf Qriqori Orlovun havadarlığı sayəsində Yekaterina öz mövqeyini dəyişmişdi. O, Lomonosovu şəxsən ziyarət edərək onunla nahar etmişdi. Bu fakt Lomonosovu düşmənlərinin sonrakı hücumlarından xilas etmişdi. Yekaterina Lomonosovun istefası barədə yazmış olduğu və Senata göndərdiyi əmri geri götürməli olub. Hətta onun əməkhaqqının 2 min rubla qədər artırılmasına göstəriş verilmişdi. Ona qədər alim cəmi 300 rubl alırdı. O, 1765-ci il aprelin 15-də vəfat edib.

 Elmin bütün sahələrinə aid bir  sıra ilk qiymətli elmi tədqiqat əsərləri yazmış Lomonosov irsinə ən düzgün qiyməti böyük rus şairi Aleksandr Sergeyeviç Puşkin verib. O,  çox haqlı deyib ki, "Lomonosov özü bizim ilk universitetimiz olmuşdur".  Lomonosovun elm və təhsil sahəsində bir sıra fikirləri olduqca müasirdir. Lomonosov milli təhsilin beynəlmiləlləşməsi kimi  olduqca müasir ideyanın müəllifi idi. Onun ən böyük arzusu Rusiyanı savadlılar ölkəsinə çevirmək və xalq arasından görkəmli alimlərin yetişdirilməsi idi.  

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov