Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - �49

 

Nəsir İmanquliyev - 100

Unudulmaz ustad

 

Unudulmaz müəllimim Nəsir İmanquliyev haqqında yazının hazırlanması mənə tapşırılanda 1978-1983-cü illərə təsadüf edən tələbəlik illərimi sanki yenidən yaşadım.

O illər ömrümə qızıl naxışlarla işlənən illərdi... Düz bir qərinə əvvələ - 33 ilin xatirələrinə bürünmüşəm bu gün...

... Tənəffüs bitir, zəng içəri vurulur. Nəsir müəllim jurnalda lazımi qeydləri aparıb növbəti mühazirəsinə başlayır. Onun geyimi və xarici görkəmi kimi, nitqi və davranışı da səliqəli, sadə idi.

Üzündəki dinclik, heç vaxt əskilməyən nurlu təbəssüm bizə də sirayət edərdi. Dərs zamanı yanındakı tələbədən nə isə soruşana, özünü unudub diqqətini dərsdən yayındırana Nəsir müəllimin irad tutduğunu, acıqlandığını bir dəfə belə görmədik. Biz onun baxışlarındakı sükutdan utanardıq. Nəsir müəllimin tələbələrinə ən böyük tənbehi elə o sükutla baxmağı idi.

Unudulmaz müəllimimiz Nəsir İmanquliyev söylədiyi mühazirələrlə fikrimizi elə cəlb edərdi ki, hamımız ona diqqət kəsilərdik.

Dekabrın 22-də Müəllimlər Müəllimi Nəsir (Nəsrulla) Əsəd oğlu İmanquliyevin 100 illik yubileyidir. Kim nə cür düşünürsə-düşünsün, amma mən o qənaətdəyəm ki, siz o saf ürəklə, bizə tanıtdırdığınız o mərdanə ürəklə 100 il yaşamağa qadir idiniz, Nəsir müəllim...  

Şirməmməd Hüseynov,

BDU-nun jurnalistika fakültəsinin professoru 

Nəsir İmanquliyev mənim üçün həm yüksək əxlaqi-mənəvi keyfiyyətli, hərtərəfli savadlı, təcrübəli jurnalist-müəllim, sonralar həm də səmimi və xeyirxah həmkar, qayğıkeş dost, böyük qardaş olmuşdur. 1945-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya fakültəsində jurnalistika şöbəsi yaradıldı. Mən də elə həmin il bu şöbəyə daxil oldum. O vaxt fakültədə respublikanın ən tanınmış adlı-sanlı alim-müəllimləri dərs deyirdi. Məmməd Arif, Mir Cəlal Paşayev, Əli Sultanlı, Mikayıl Rəfili, Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Cəfər Xəndan, Məmmədağa Şirəliyev, Hadi Mirzəzadə, Həbib Səmədzadə, Feyzulla Qasımzadə və b. 1946-cı ildə fakültədə jurnalistikanın nəzəriyyə və təcrübə kafedrası yaradıldı. Kafedranın müdiri 30-cu illərdə Moskvada Dövlət Jurnalistika İnstitutunu bitirmiş, zəngin elmi-nəzəri və təcrübi hazırlığı olan Həsən Şahgəldiyev təyin edildi. Həsən müəllim respublikanın tanınmış jurnalist və rəhbər mətbuat işçilərini tədris işinə cəlb etdi. Bunların sırasında respublikanın ən nüfuzlu rəsmi "Kommunist" qəzeti redaktorunun birinci müavini Nəsir İmanquliyev də vardı. Nəsir müəllimlə dördillik tələbə-müəllim münasibətlərimiz yaddan çıxmadı.

Nəsir müəllim Azərbaycan jurnalistika kadrlarının bir neçə nəslinin xeyirxah, səmimi, qayğıkeş müəllimi olmuşdur.

Əgər bu gün universitetin jurnalistika fakültəsində işgüzar atmosfer, tələbkarlıq və düzlük, xeyirxahlıq və səmimiyyət varsa, bu keyfiyyətləri yaradan və miras qoyanlardan biri də məhz Nəsir İmanquliyev olmuşdur". 

 

Şamil Şahməmmədov,

AzərTAc-ın sabiq baş direktoru, "Şöhrət" ordenli, əməkdar jurnalist  

Adətən, sevimli müəllimin haqqında xatirə yazanda dəfələrlə götür-qoy etməli olursan, onun təkrarsız məziyyətlərini ən dəqiq cizgilərlə təsvir etməyə çalışırsan, hamının yaxşı tanıdığı bir şəxsin obrazını özünə layiq ifadələrlə canlandırmaq istəyirsən. Əgər ustadın özü müqtədir qələm sahibi, tələbkar redaktor olubsa, məsuliyyət hissin qat-qat artır: hər cümləni yazanda neçə dəfə ölçüb-biçirsən, sanki zabitəli müəllim qarşısında imtahan verirsən.

Mətbuatımızın görkəmli şəxsiyyəti, jurnalistlərimizin neçə-neçə nəslinin müəllimi, bir çox həmkarımızın, o cümlədən mənim həyat və peşə taleyimin uğurlu məcraya yönəlməsinin səbəbkarı, qəzetçilikdə mükəmməl bir məktəbin yaradıcısı olmuş Nəsir İmanquliyevə hər dəfə dərin minnətdarlıq hissləri keçirirəm.

Nəsir müəllim haqqında yazdığım xatirələrdə bir məqamı əvvəllər də vurğulamışam: unudulmaz ustadımız Azərbaycan mətbuatının tamhüquqlu klassiki adına layiqdir.

"Bakı" axşam qəzeti Azərbaycan mətbuatının tarixində parlaq iz qoyan yeni ruhlu, o dövrün digər nəşrlərindən əsaslı şəkildə fərqlənən, rəsmiyyətçiliyə meyl etməyən, "palaz-palaz" məqalələr əvəzinə daha çox xəbər, reportaj, müsahibə janrlarına üstünlük verən, paytaxtın həyatını, əhalinin qayğılarını rəngarəng formalarla işıqlandıran, yaranışından oxucuların rəğbətini qazanan bir orqana çevrildi. Bütün bu keyfiyyətlər redaksiyanın "sükanı" arxasında zəngin təcrübəli, yüksək zövqlü, iradəli və cəsarətli bir jurnalistin durduğunu göstərirdi. Ən mühüm rəsmi hadisələr "Səhər qəzetlərində" rubrikası altında bir cümlə ilə oxucuya çatdırılırdı. "Bakı"nın hər nömrəsi əldən-ələ gəzirdi, axşama yaxın onu almaq üçün qəzet köşklərinin qarşısında uzun növbələr düzülürdü.

1958-ci il yanvarın 10-da qəzetin ilk nömrəsi mətbəədən redaksiyaya gətiriləndə gənc kollektivdə əsl bayram növrağı hökm sürürdü, heç kim evə getmək istəmirdi. Hamıdan çox sevinən isə Nəsir müəllim idi.

Redaktorumuzun həm tələbkar, həm də qayğıkeş münasibəti sayəsində sağlam və səriştəli bir kollektiv formalaşdı. Təcrübəli işçilərlə gənc jurnalistlərin birgə işi qəzetin səviyyəsinin günbəgün yüksəlməsinə kömək edirdi. Nəsir müəllimin hər birimizə xeyirxahlıqla, öz övladı kimi yanaşması sayəsində redaksiya bizim üçün doğma evə çevrildi. Redaktorumuz rəsmiyyətçilikdən, inzibatçılıqdan uzaq bir adam idi. Redaksiyanın əmrlər dəftərində "töhmət verilsin", "işdən azad olunsun" sözlərinə rast gəlmək mümkün deyildi.

Əlbəttə, intizamı pozan, vəzifəsinin öhdəsindən gəlməyən işçilər də olurdu. Bu zaman Nəsir müəllim "aspirin metodu"na əl atırdı: günahkarı yaxşıca danlayıb "tərlədir", sonra isə adəti üzrə fikrini tamamlayırdı: "Get, başını aşağı sal, bir də belə iş görmə". Bu geniş qəlbli insanın kimisə işdən çıxarması yadıma gəlmir.

Nəsir müəllimin işçilərə qayğısı haqqında saatlarla danışmaq olar. Ancaq mənə etdiyi yaxşılıqları xüsusi fərqləndirmək istəyirəm. Birgə işlədiyimiz illərdə o, imkan yarandıqca gəncləri irəli çəkirdi. Mənim barəmdə isə bu xeyirxahlığı dörd dəfə edib: əvvəlcə tələbə vaxtımda işə götürüb, beş il ədəbi işçi (müxbir) olmuşam, sonra məni şöbə müdiri, məsul katib, nəhayət, redaktor müavini vəzifəsinə layiq görübdür. Beşincisi də var. Mən "Kommunist" qəzetində redaktor müavini təyin olunanda Nəsir müəllim əsl böyüklük ərki ilə məndən incidi. Hətta yolasalma mərasimində uzaqgörənliklə dedi: "Onsuz da yenə bura qayıdacaqsan".

Bu sözlərin dərin mənasını düz bir ildən sonra anladım. Qəflətən məni Bakı Komitəsinə dəvət edib doğma "Bakı"-"Baku" qəzetlərinə redaktor təyin etdilər. Həm də bildirdilər ki, Nəsir müəllim pensiyaya çıxmaq barədə ərizə yazıb və öz yerinə sizi məsləhət  görüb.

Mən üç il ərzində müəllimimin yolunu davam etdirdim, sonra 12 il AzərTAc-da işlədim. Hər iki vəzifədə çalışarkən ağsaqqalımla ünsiyyətim davam edirdi. Onun zəngin təcrübəsi, xeyirxah məsləhətləri müstəqil işdə mənə böyük dayaq oldu.

Nəsir müəllim bu gün doğmalarının nəcib əməllərində, yetişdirmələrinin və xeyirxahlıq etdiyi saysız-hesabsız insanların xoş xatirələrində, pərvəriş verdiyi və otuz il rəhbərlik etdiyi "Bakı"-"Baku" qəzetlərinin heç vaxt solmayan səhifələrində yaşayır. 

 

Cahangir Məmmədli,

BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri  

- Auditoriyamıza uca boylu, qamətli, cüssəli bir müəllim daxil oldu. Mənim adım Nəsir müəllimdir - dedi. - Nəsir İmanquliyev. Mən sizə "Jurnalistikaya giriş" fənnini deyəcəm...

Sonralar çox sevdiyimiz, auditoriyaya girəndə sakit olub qulaq kəsildiyimiz Nəsir müəllimlə ilk tanışlığımız belə başladı. Və müəllimlərimizlə yavaş-yavaş tanışlıqlardan sonra içimdəki kənd nostalgiyası yoxa çıxdı, yad adamlar doğmalaşmağa başladı və biz hamımız bu böyük şəhərə öyrəşə bildik.

Tələbə həyatının pulsuzluq deyilən maraqlı bir cəhəti var. Nəsir müəllim bu həyatı çox yaxşı duyurdu və maddi kömək üçün bizə tez-tez xəbər yazdırırdı. "Bakı" qəzetində dərc olunan bu xəbərlərə - ilk imzalarımıza görə qürur duyurduq. Bu xəbərlərin qonorar kağızını alanda isə özümüzdə peşənin gücünü hiss edirdik.

Nəsir İmanquliyev son dərəcə milli ziyalı idi. Bu mənada onu XX əsrin əvvəlləri Azərbaycan milli intibahının nümayəndələri ilə müqayisə etmək olar. Tədris elədiyi fənləri H.Zərdabidən, C.Məmmədquluzadədən, Ö.F.Nemanzadədən gətirdiyi misallarla paralelləşdirib müasir günlərin milli ziyalı obrazını tamamlayırdı. Bədii ədəbiyyatın milli mənəvi dəyərlərə bağlı nümunələrini "Bakı" qəzetində ləngitmədən dərc etdirirdi.

Nəsir İmanquliyev klassik müəllim keyfiyyətində olan bir ziyalı idi. Səliqəli müəllim geyimindən tutmuş aydın nitqinə, tədris etdiyi fənlərdən tutmuş elmə münasibətinə, klassikaya məhəbbətdən tutmuş müasir düşüncəyə hörmət məqamlarınadək hər şeydə müəllim nümunəsi göstərirdi. Bu mənada onun tələbələrinin bəxti gətirmişdi. O tələbələrin bir çoxu indi yaşlı nəslin, xeyli hissəsi yeni dövrün söz adamlarıdır. Onu dəqiq bilirəm ki, Nəsir müəllimin tələbəsi olmuş jurnalistlər öz peşəsinə heç vaxt etinasızlıq etməyəcəklər. Çünki onların hər birinin qəlbində Nəsir İmanquliyevin klassik ənənələrdən yoğrulmuş müəllim sözü, müəllim həqiqəti var. 

 

Dağbəyi İsmayılov,

AzərTAc-ın baş direktorunun müavini, əməkdar jurnalist 

Adı, soyadı milli mətbuatımızın salnaməsinə qızıl hərflərlə yazılmış novator redaktor, böyük bir jurnalist ordusu yetişdirmiş müdrik müəllim, tanınmış ictimai xadim Nəsir Əsədulla oğlu İmanquliyevin 100 illiyi tamam olur. Jurnalistikamızın yarım əsrdən çox bir dövrünə mənsub olan yazarlar nəslinin nümayəndələrindən biri kimi Nəsir müəllimdən qəzetçiliyin həm nəzəri, həm də praktiki sirlərinə yiyələnmək xoşbəxtliyi mənə də nəsib olub. Nəsir müəllim Bakı Dövlət Universitetində beş il müəllimim, "Bakı" və "Baku" qəzetlərinin redaksiyasında çalışdığım uzun illər ərzində isə ustadım olub. İşimlə, peşəmlə bağlı həyatda az-çox nəyə nail olmuşamsa, hamısı üçün Nəsir müəllimə minnətdaram.

Nəsir müəllim xatirimdə qətiyyətli, dönməz, mərd və sərt adam kimi yaşayır. Kimliyindən asılı olmayaraq sözü üzə şax deyərdi. Günahı olan, səhv iş tutan redaksiya əməkdaşını özü qədərincə danlayar, tənbeh edər, cəzalandırar, ancaq ayağa verməzdi. Heç zaman kin saxlamazdı, küsdürdüyünü, danladığını az sonra yanına çağırıb çox mülayim tərzdə könlünü alar, dəyərli ağsaqqal tövsiyələrini verərdi.

Nəsir müəllim, adətən, tərcümələrini mənimlə oxuyardı. Belə məqamların birində qapı açıldı. İş yoldaşlarımızdan biri içəri daxil olub digər həmkarımız haqqında çuğulluq elədi. O vaxtadək Nəsir müəllimi belə qəzəblənən görməmişdim. Həmin əməkdaşa dediyi acı sözləri bir batman balla da yemək olmazdı.

Nəsir müəllimi başqalarından fərqləndirən  cəhətlərdən biri də sözünü bu cür qətiyyətlə deməsi, haqqı nahaqqa verməməsi, həmişə, hər yerdə ədalətli olması, ağsaqqal mövqeyində dayanması idi. Məhz bu amillərə görə idi ki, Nəsir müəllim təməlini qoyduğu şəhər qəzetlərinin 30 il fasiləsiz redaktoru işlədi, hər gün bir-birindən maraqlı iki qəzet buraxdı. Zənnimcə, Azərbaycan milli mətbuatı tarixində belə bir şans, belə bir xoşbəxtlik hələ heç bir redaktora nəsib olmayıb.

"Bakı" və "Baku" milli mətbuatımızın tarixində yeganə qəzetlərdir ki, Nəsir müəllimdən sonra da onlara kənardan redaktor təyin olunmamış, bu mətbu nəşrlərə ustadımızın öz yetirmələri rəhbərlik etmişlər. Nəsir müəllimin ənənələrini Şamil Şahməmmədov da, estafeti ondan qəbul edən Ağa Hüseynov da layiqincə davam etdirmişlər. Bu faktın özü bir daha sübut edir ki, Nəsir müəllim "Bakı" evini elə təməl üzərində ucaltmışdır ki, yaşadıqca öz memarının adını, amalını və məramını yaşadacaqdır.

Doğru deyiblər ki, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Unudulmaz müəllimim - ustadım Nəsir İmanquliyevin ömrü xatirələrimizdə, düşüncələrimizdə yaşayır. Zaman bizi 1998-ci ilin 6 mart günündən - unudulmaz müəllimimizin dünyasını dəyişdiyi gündən uzaqlaşdırdıqca Nəsir İmanquliyevin böyüklüyünü, müdrikliyini, kamilliyini, mahirliyini, alicənablığını, ağsaqqallığını daha aydın görür və hiss edirik.

Nəsir müəllim mənim sənət-ömür yolumun yol göstərəni olub. Bəlkə, bu da taleyin qismətidir ki, Nəsir müəllim dünyasını dəyişəndən sonra da mənim başqa bir yolumun üstündə dayanıb. Şəhid oğlumun uyuduğu ikinci Şəhidlər xiyabanına aparan yol məhz Nəsir müəllimin məzarının önündən keçir. Hər dəfə bu ziyarətgaha gedərkən Nəsir müəllimin məzarı önündə ayaq saxlayır, xatirəsini ehtiramla anıb deyirəm:

- Yerin behişt, ruhun şad olsun, Ustad! 

Hazırladı:  Ellada UMUDLU

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov