Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Milli mətbuatımızın klassiki Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

 

Dekabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli ictimai-siyasi xadim, milli mətbuatımızın klassiki Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.

Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

AzərTAc xəbər verir ki, filarmoniyanın foyesində Nəsir İmanquliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi açılmışdır.

Görkəmli jurnalistin nəvələri - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sərgi ilə tanış olmuşlar.

Təntənəli mərasim Nəsir İmanquliyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli filmin nümayişi ilə başlamışdır. Filmdə unudulmaz müəllim Nəsir İmanquliyevin mənalı ömür yolu, səmərəli elmi, pedaqoji fəaliyyəti, mətbuatımızın inkişafındakı xidmətləri geniş şəkildə əks olunmuşdur.

Baş nazirin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyev mərasimdə çıxış edərək demişdir ki, bu gün 100 illiyini böyük hörmət və ehtiramla qeyd etdiyimiz Nəsir İmanquliyev görkəmli jurnalist, ictimai xadim, pedaqoq olmaqla bərabər, ilk növbədə, böyük ziyalı idi. Nəsir müəllim gənc yaşlarından məsul vəzifələrdə çalışmışdı, ancaq onun ən böyük vəzifəsi daxili dünyasından gələn ziyalılıq idi. Bu həmin böyük ziyalılıqdır ki, onunla yaşamaq, onunla ömrü başa vurmaq hər qələm sahibinə, hər pedaqoqa və hər ictimai xadimə müyəssər olmur.

Bu ziyalılıq yalnız etik bir kateqoriya deyil, eyni zamanda, vətənpərvərliyin və maarifçiliyin ifadəsi idi. Belə bir milli ziyalı ənənəsini Azərbaycan ictimai fikrində, ictimai həyatında bizim böyük qələm sahiblərimiz, maarifçilərimiz qoymuşdular. Bu, Mirzə Fətəlidən, Zərdabidən, Mirzə Cəlildən, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən, Üzeyir bəydən, Ömər Faiqdən gələn milli ziyalılıq ənənələri idi. Nəsir müəllim də həmin estafeti onlardan qəbul etmiş böyük ziyalılarımızdan biri idi. Tutduğu vəzifədən, ictimai mövqeyindən asılı olmayaraq, həmin ziyalılıq Nəsir müəllimi ömrünün sonunadək müşayiət etmişdir.

Elçin Əfəndiyev demişdir ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistikasının mötəbər ağsaqqalı idi. O, bu ağsaqqallıq səlahiyyətini həm şəxsiyyəti, həm də əməli ilə qazanmışdı. "Bakı" qəzeti sovet Azərbaycanında ən cavan rəsmi qəzet idi. Ancaq çox qısa bir vaxtda bu qəzet maraqlı və nüfuzlu bir mətbu orqana çevrildi. Nəsir müəllim istedadlı və özü kimi təmiz insanlardan ibarət yaradıcı bir kollektiv yaradaraq nəşrə başladığı gündən etibarən düz otuz il bu qəzetə rəhbərlik etmişdir. Həmin kollektivin üzvləri "Nəsir İmanquliyev məktəbi"nin nümayəndələri kimi tanınırlar.

Baş nazirin müavini vurğulamışdır ki, "Bakı" qəzeti Bakı Partiya Komitəsinin orqanı idi və aradan keçən illərin sınağı göstərdi ki, bu qəzet əslində, partiya doqmalarına yox, xalqa xidmət etmişdir. Sovet dönəmində respublika həyatının bütün sahələri  iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və s. ilə bağlı dərc olunan materialları bu gün bir daha gözdən keçirdikdə məlum olur ki, əslində, Nəsir müəllimin rəhbərlik etdiyi "Bakı" qəzeti üçün partiya qərarları, partiya şüarları yox, sözün böyük və milli mənasında, vətəndaş təəssübkeşliyi əsas olmuşdur.

Mənim yaxşı yadımdadır, axşam saat 6 olan kimi işdən çıxıb evə tələsən insanlar, o cümlədən də elə mən özüm, qəzet köşklərinin qarşısında növbəyə durub, "Bakı" və Nəsir müəllimin səyləri sayəsində rus dilində də nəşr olunan "Baku" qəzetlərinin mətbəə iyi verən təzə nömrələrini alırdıq. Bunun əsas səbəbi o idi ki, rəsmi sovet mətbuatında saxta partiya vətənpərvərliyi, yalançı təmtəraq geniş yayıldığı bir vaxtda oxucular "Bakı" qəzetinə inanırdılar. Günün panoramı ən operativ şəkildə bu qəzetdə öz əksini tapırdı. Xüsusən, mədəniyyət sahəsində elə bir hadisə olmurdu ki, qəzetin diqqətindən kənarda qalsın. Misal üçün, Bakı teatrlarında elə bir premyera olmazdı ki, ertəsi gün "Bakı"da onun haqqında geniş və yüksək professionallıqla yazılmış resenziya çıxmasın, tamaşaya layiq olduğu qiymət verilməsin. Azərbaycanın ən görkəmli yazıçıları, tənqidçiləri, sənətşünasları "Bakı"nın müəllifləri sırasında idi. Bəzən elə olurdu ki, bu qəzet zövq və səriştə ilə çıxan bir ədəbiyyat qəzeti təsiri bağışlayırdı. Bu qəzetdə ardıcıl olaraq həm yaşlı, həm də gənc yazıçıların, şairlərin hekayələri, şeirləri, hətta povest və romanları dərc edilirdi.

Mən öz şəxsi təcrübəmə əsasən Nəsir müəllimin yaradıcı gənclərə son dərəcə xeyirxah münasibətini xüsusi qeyd etmək istəyirəm. Əlbəttə, belə bir münasibətin əsasında Nəsir müəllimin şəxsiyyətinə xas olan vətənpərvərlik, xalqa məhəbbət və bu xalqın gələcəyi ilə bağlı şəxsi məsuliyyət hissi dururdu.

Azərbaycan ədəbiyyatında, mədəniyyətində "altmışıncılar" deyilən nəslin yetişməsində, özünü ifadə və təsdiq etməsində "Bakı" qəzetinin çox ciddi rolu olmuşdur.

Xalq yazıçısı demişdir ki, Nəsir müəllim çox canlı, çevik, gülərüz, güclü yumor hissinə malik bir insan olmaqla bərabər, çox prinsipial idi. Elə bu xüsusiyyətləri Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə onu gənclərin böyük dostu etmişdir.

Nəsir müəllimin 100 illik yubileyində, bu xoş gündə mən unudulmaz Mir Cəlal müəllimi də xatırlamaya bilmərəm. Nəsir müəllimlə Mir Cəlal müəllim quda idilər və mən öz xatirələrimə əsaslanaraq demək istəyirəm ki, təmkinli, ağır Mir Cəlal müəllimlə emosional Nəsir müəllim ilk baxışda ayrı-ayrı adamlar təsiri bağışlaya bilərdi, ancaq qətiyyən belə deyildi, çünki onları mənəvi təmizlik, saflıq, xeyirxahlıq birləşdirirdi. Onları ziyalılıq ənənələri birləşdirirdi. Bu insanlar böyük və mürəkkəb, ziddiyyətli, bəzi məqamlarda hətta qorxunc bir epoxanın o mogikanlarından idilər ki, onlar həmin mənəvi təmizliyi, saflığı, vətənpərvərliyi öz şəxsiyyətlərində qoruyub saxlaya bildilər. Onlar sovet tarixinin otuzuncu illərindəki müdhiş tutatut sınaqlarından da şərəflə, üzüağ, alnıaçıq çıxa bildilər. Bu cür şəxsiyyətlər, əlbəttə, unudulmur.

Azərbaycan Prezidenti İlham Əliyevin Nəsir müəllimin 100 illiyi ilə bağlı imzaladığı sərəncam bunu bir daha sübut edir.

Nəsillər bir-birini əvəz edəcək və bu şəxsiyyətlər həmişə öz xalqları ilə bir yerdə olacaqlar.

Mərasim iştirakçıları Vasif Adıgözəlovun "Bakı" mahnısını xalq artisti Xuraman Qasımovanın, Rauf Hacıyevin "Vals"ını Dövlət kamera orkestrinin ifalarında böyük maraqla dinləmişlər.

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Əsgərin ariyası  xalq artisti Azər Zeynalovun, Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasından Leyli və İbn-Salamın dueti gənc xanəndələr Vüsalə Musayevanın və İlkin Əhmədovun ifalarında mərasimdə iştirak edənlərdə gözəl ovqat yaratmışdır.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirmişdir ki, görkəmli jurnalist Nəsir İmanquliyevlə şəxsən tanış olmazdan çox qabaq onun adını eşitmişdim. Müharibə illərində atamla bir yerdə Krım cəbhəsində ordu qəzetinin Azərbaycan redaksiyasında çalışdıqlarını bilirdim. Bu qəzetin Azərbaycan redaksiyasının rəhbəri tənqidçi və teatrşünas Cəfər Cəfərov idi. Çox illər sonra Cəfər Cəfərova fəaliyyətinin müharibə dövrü ilə bağlı böhtan atılanda onunla birlikdə Krım cəbhəsində olmuş yazıçı və jurnalistlər Rəsul Rza, Əli Vəliyev, Abbas Zamanov, İbrahim Novruzov, Cəfər Cəfərovu müdafiə edən məktub yazmışdılar, onun ən ağır şəraitdə özünü cəsur apardığını təsdiq etmişlər. Məktuba imza atanların biri də Nəsir İmanquliyev idi. Elə buna görə də Nəsir müəllimə qiyabi şəkildə hörmətim vardı. Sonralar o, "Bakı"-"Baku" qəzetlərinin redaktoru işləyərkən mən onunla yaxından tanış oldum. Mənim ən maraqlı yazılarım "Bakı"nın səhifələrində dərc edildi. Bütün bunlara görə daim onu minnətdarlıq hissi ilə xatırlayıram.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı və "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Nəsir İmanquliyevin Azərbaycan milli mətbuatının inkişafındakı əvəzsiz xidmətlərindən danışmışlar.

Mərasim tanınmış müğənni Yaqub Zurufçunun ifasında "Ayrılıq" mahnısı, tenorlar Azər Zeynalov, Samir Cəfərov və Anar Şuşalının ifalarında Tofiq Quliyevin "Bakı haqqında mahnı"sı ilə başa çatmışdır. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov