Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - 50

 

Təhsilimizin yeni inkişaf dövrü

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən  qoyulmuş siyasi və iqtisadi kurs müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkə miqyasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində islahatlar mərhələ-mərhələ həyata keçirilir.

Son illərdə iqtisadiyyatın dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaratmışdır. Mütərəqqi elm və təhsil ənənələri uğurla davam etdirilmiş, yeni dövrün tələbləri əsasında xeyli dərəcədə zənginləşdirilmiş, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur.

Müasir mərhələdə təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək Azərbaycanın gələcək inkişaf modelini formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı genişlənmişdir. Təcrübə göstərmişdir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının  əsas göstəricisi deyil, başlıcası bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Azərbaycanın hər sahədə dinamik inkişafı onun iqtisadi potensialının intellekt potensialına  çevrilməsinə hərtərəfli zəmin yaratmışdır.

Ölkəmizin  müxtəlif maliyyə mənbələrindən, xüsusilə yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində əldə edilən gəlirlər sayəsində təhsilə ayrılan vəsait hər il davamlı olaraq artır. Bu gün dövlət büdcəsinin  maddələri arasında təhsil sahəsinə ayrılan vəsait həcminə görə ikinci yer tutur.

Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində təhsilin ayrı-ayrı sahələri üzrə elmi təhlillərə əsaslanmış inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər həyata keçirilmiş, irimiqyaslı islahatlar prosesi dönməz xarakter almışdır. Dövlətimizin başçısı Bakının Xətai rayonundakı Heydər Əliyev adına liseydə "Bilik gününə həsr olunmuş mərasimdəki nitqində təhsilin ölkənin inkişafında müstəsna rolunu vurğulayaraq demişdir: "İndiki zamanda  yaxşı təhsil almaq çox önəmlidir. Bu o deməkdir ki, gələcəkdə uşaqlar, gənclər həyatda özlərinə layiq yer tutacaqlar. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır. Ona görə də Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var".

Qloballaşan dünyada insan inkişafının qiymətləndirilməsində təhsil göstəriciləri xüsusi əhəmiyyət daşıyır. BMT ekspertlərinin insan inkişafı üzrə apardıqları araşdırmaların  nəticəsinə görə, Azərbaycanda əhalinin savadlılıq indeksi 99 faiz təşkil edir.

Təhsilə göstərilən müntəzəm diqqət və qayğının əyani göstəricisidir ki, Prezident İlham Əliyev indiyədək təhsillə bağlı 100-dən artıq tədbirdə iştirak etmiş, 130-dan artıq fərman və sərəncam imzalamış, 1000 nəfərdən çox təhsil işçisini təltif etmişdir.

Dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadı inkişafı üzrə dövlət proqramları (2004-2008-ci illər və 2009-2013-cü illər)  və Bakı şəhərinin ətraf qəsəbələrinin  sosial iqtisadi inkişafı dövlət proqramı digər sahələrlə yanaşı təhsil sektorunun inkişafına, o cümlədən yeni məktəblərin tikintisinə, əsaslı təmirinə və maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə yönəldilmişdir.

Son illər orta təhsilin inkişafı istiqamətində bir sıra uğurlu addımlar atılmışdır. 2008-2012-ci illəri əhatə edən "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan  təhsil sisteminin bütün pillələrinin  şəbəkə infrastrukturunun inkişafı və sürətli İnternetlə təmin olunması, İKT-nin inteqrasiyasını təmin etmək üçün metodiki, texniki və digər növ xidmətləri göstərmək məqsədilə məlumat və resurs mərkəzləri şəbəkəsinin yaradılması, pedaqoji və texniki heyətə İKT-dən istifadə bacarıqlarının aşılanması, innovativ və yaradıcı müəllimlər üçün qiymətləndirmə və motivasiya sisteminin, bütün fənlər üzrə müasir elektron  elmi-metodik vəsaitlərin  və elektron tədris resursları bazasının yaradılması, təhsilin idarə olunmasının məlumat sistemlərinin inkişaf etdirilməsi, vahid təhsil portalının hazırlanması istiqamətində xeyli işlər görülmüşdür. İndi elə Azərbaycan məktəbi yoxdur ki, onun İnternetə çıxışı olmasın. Bu da məktəblərimizin beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, təhsildə yeni texnologiyalardan səmərəli istifadəyə imkan yaradıb. Pedaqoji işçilərin İKT üzrə biliklərinin artırılması, onların kompüterlərlə təminatı da diqqətdən yayınmayıb. Təkcə "Xalq kompüteri" layihəsi çərçivəsində 9000 müəllim kompüterlə təmin olunub. 54 min nəfər təhsil işçisi müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnib. Hazırda bu proses davam edir və yaxın vaxtlarda bütünlüklə təhsil sahəsi işçilərinin İKT üzrə treninqlərdən keçməsi başa çatdırılacaqdır. Təhsil tarixində ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanaraq məktəblərə verilib. İndi məktəblərimizdə Azərbaycan tarixi, kimya, fizika və biologiya dərsləri elektron dərsliklər vasitəsilə tədris olunur. Hər bir məktəblinin və pedaqoji işçinin www.oxuyuruq.biz saytı vasitəsilə elektron dərslikləri oxumaq imkanı reallaşmışdır. Bakı şəhərindəki 23 nömrəli məktəbdə uğurla sınaqdan çıxan "Elektron məktəb" layihəsi indi respublikanın 20-dən çox məktəbində uğurla tətbiq olunur. Yaradılmış DATA mərkəz, elektron tədris resursları bazası, vahid təhsil portalı səmərəli idarəetməni təmin edir. 

Mövcud infrastrukturun müasir tələblər səviyyəsində yeniləşdirilməsi və yeni məktəb binalarının tikintisi təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edir. Son illər Azərbaycanda 2161 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Təkcə 2010-2011-ci tədris ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb istifadəyə verilmiş, 2011-2012-ci tədris ili ərəfəsində isə respublika üzrə 130 məktəb təmir edilmişdir. 

Təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatlarının həyata keçirilməsi, milli təhsil sisteminin formalaşdırılması üçün də əlverişli zəmin yaratmışdır. 2006-cı ildə Nazirlər Kabineti tərəfindən "Ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" təsdiq edilib. 2008-2009-cu tədris ilindən ümumtəhsil məktəblərinin I siniflərində tədris yeni fənn kurikulumları əsasında həyata keçirilıib. 2011-2012-ci dərs ilində ibtidai siniflərdə bu proses başa çatdırılacaqdır. Artıq bu istiqamətdə işləyəcək və işində yeni kurikulum tələblərini tətbiq edəcək 40 mindən çox müəllim xüsusi təlimlərdən keçmişdir.

"Kurikulum islahatı" alt-komponenti üzrə icra planında nəzərdə tutulan tədbirlər ardıcıllıqla həyata keçirilmiş, fənn kurikulumları hazırlanmışdır. Fənn kurikulumlarının tətbiq edildiyi I-IV siniflər üçün yeni nəsil dərslik komplektləri- dərslik, müəllim üçün vəsait, şagird üçün iş dəftəri çap edilmişdir. Təhsil Sektorunun  İnkişafı üzrə İkinci Layihəyə əsasən "Kurikulum islahatının davam etdirilməsi və Kurikulumun tətbiqinə dəstək" alt-komponenti üzrə icra planına uyğun olaraq məktəbəqədər təhsilin kurikulumunun hazırlanmasını təmin etmək üçün Təhsil Nazirliyinin işçi qrupu fəaliyyət göstərir. İkinci Layihəyə əsasən "Beş yaşlıların qısa müddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram" və "Valideynlərin maarifləndirilməsi proqramı"nın həyata keçirilməsi ilə bağlı ibtidai sinif müəllimləri  və tərbiyəçilər üçün treninqlər keçirilmişdir.

Yeni məzmun şagirdlərin qiymətləndirilməsi sistemində  də yeniliklərin tətbiq edilməsini, gündəlik qiymətləndirmədən məktəbdaxili qiymətləndirmə modelinə keçilməsini zəruri etmişdir. Orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması  təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərliklərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, bu sahədə illərdən bəri yığılıb qalan neqativ halların aradan qaldırılmasına xidmət edir.

Ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramının həyata keçirilməsi nəticəsində  məktəblərdə kadr çatışmazlığı problemi uğurla həll edilir. Cari tədris ilindən məktəblərdə vakant yerlərə müəllimlərin işə qəbulu Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlar vasitəsilə həyata keçirilir. Yaşı 65-dən yuxarı olan müəllimlərin təqaüdə göndərilməsi məktəblərdə kadr potensialının yenilənməsinə xidmət edir.

"Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" nın icrası nəticəsində lisey və gimnaziyaların maddi-texniki bazası möhkəmləndirilmiş, istedadlı uşaqlar barədə məlumat  bankı yaradılmış, yeni tipli təhsil müəssisələrinin şəbəkəsi genişləndirilmış, bir sıra ümumtəhsil və internat-məktəblər liseylərə çevrilmişdir.

İstedadlı şagirdlərin aşkara çıxarılmasında fənn olimpiadalarının keçirilməsi müstəsna rol oynayır. Məktəblərimiz həmçinin fizika, riyaziyyat, kimya, biologiya və  informatika fənləri üzrə beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərirlər.

Orta məktəblərdə məzunlara qızıl və gümüş medalların verilməsinin bərpası, beynəlxalq olimpiadalarda yüksək yer tutan şagirdlərin göstəricilərinin tələbə qəbulu imtahanlarında nəzərə alınması şagirdlərin əməyinin stimullaşdırılmasına xidmət edir. Müstəqil Azərbaycanın 20 illik təhsil tarixində ilk dəfə olaraq 2011-ci ildə təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medallarla təltif olunmuş, 53 şagird qızıl və gümüş medallara layiq görülmüşdür. Son illər dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 38 gümüş, 60-dan çox bürünc medal əldə etmişdir. Sevindirici haldır ki, qızıl medala layiq görülənlərdən  14 nəfəri, gümüş medal alanlardan isə 4 nəfəri Bakı şəhəri məktəblərinin  məzunlarıdır. Orta təhsili yüksək səviyyədə başa çatdıran məzunlar həm də yüksək nəticələrlə ali məktəblərə daxil olmuşlar.

Təhsil sahəsində qazanılan uğurlardan biri də xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramının icra edilməsidir. Proqrama müvafiq olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazası əsaslı şəkildə təkmilləşdirilmiş, həmin sahədə təhsilin məzmunu yeniləşdirilmiş, ölkəmizdə ilk dəfə olaraq inklüziv təhsil üzrə pilot layihələri həyata keçirilmişdir.

Maddi kapitalın insan kapitalına çevrilməsinin təməlinin qoyulduğu məktəbəqədər təhsilin inkişafı sahəsində son illərdə bir sıra ciddi addımlar atılmışdır. "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" çərçivəsində müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi kadr təminatının yaxşılaşdırılması, yeni kurikulumun hazırlanması sahəsində uğurlar əldə edilmişdir.

2008-2010-cu illərdə ilk dəfə olaraq ölkə üzrə 40 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 44 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi yüksəlmişdir. 2009-cu ildə bu göstərici 15,8 faiz idisə, hazırda 17,6 faiz təşkil edir. Bakı şəhərində bu inkişaf daha çox müşahidə olunmaqdadır. Belə ki, paytaxtda bağçalara cəlb olunmuş uşaqların sayı 8,6 min nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötmüşdür. Müstəqillik tarixində ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 151 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılmışdır.  

Ölkəmizin iqtisadi potensialı gücləndikcə məktəbdənkənar təhsil müəssisələrinin maddi-texniki bazası daha da zənginləşir. Məktəbdənkənar təhsil şagirdlərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.

Uşaq yaradıcılıq, texniki yaradıcılıq və məktəbdənkənar tərbiyə işi, gənc turistlər və diyarşünaslıq, ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində, bədii yaradıcılıq evində, uşaq-gənclər idman və şahmat məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları, onların fiziki tərbiyəsinin, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Bunun nəticəsidir ki, gənc idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 1886 medal, o cümlədən Avropa, dünya birinciliyi və çempionatlarında 17 medal qazanmışlar.

Qabaqcıl pedaqoji kollektivlərin və müəllimlərin əməyinin stimullaşdırılması daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 4 sentyabr 2008-ci il tarixində imzaladığı "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamı məktəb həyatında mühüm hadisə olmuşdur. Sərəncama əsasən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi qaydaları təsdiq edilmişdir.

İndiyədək innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən 200 məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" adına, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələrə nail olan yaradıcı müəllimlərdən 400 nəfər "Ən yaxşı müəllim" adına layiq görülmüşlər. Cəmiyyətdə müəllimin statusunun və nüfuzunun yüksəldilməsində, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artırılmasında, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsinin respublika miqyasında geniş yayılmasında ən yaxşı müəllim mükafatlarının təqdim edilməsinin uğurlu nəticələri göz önündədir.

Təhsildə dərslik siyasətinin önəmi nəzərə alınmaqla yeni dərsliklərin milli-mənəvi dəyərlər əsasında və müasir tələblər nəzərə alınmaqla nəşrinə ciddi diqqət yetirilib və bu məzmunda  40 milyon nüsxədən çox dərslik çap edilib.  Təkcə 2011-2012-ci tədris ili üçün 102 adda 3463170 nüsxə dərslik, metodik vəsait çap olunmuşdur.

"Biz neft gəlirlərini  insan kapitalının inkişafına çevirməliyik" deyən cənab Prezidentin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər xüsusilə diqqəti cəlb edir. Həmin proqram çərçivəsində ayrılmış vəsait hesabına 800-ə yaxın istedadlı azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir.  

10000-dən çox azərbaycanlı gənc  dünyanın aparıcı universitetlərində təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı isə 7000-i ötmüşdür. 

19 iyun 2009-cu ildə təsdiq edilən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu təhsil işçiləri önündə dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsini qoymuşdur. Bakı şəhərinin təhsil müəssisələri qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bütün gücünü səfərbər etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 2011-ci il iyulun 11-də "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" sərəncam imzalayıb. Həmin sərəncama əsasən Milli Strategiya layihəsini hazırlamaq üçün Dövlət Komissiyası yaradılıb.  Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi milli təhsil sisteminin strategiyasının hazırlanması, milli mənəvi dəyərlərə və bəşəri ideyalara söykənən mükəmməl bir sistemin formalaşmasına və cəmiyyətin bütün təbəqələrini əhatə və qaneedəcək səviyyədə inkişafına imkan yaradacaqdır. 

Son illərdə təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən proqramlar  əmin olmağa əsas verir ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə əsaslanaraq ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi  strateji kursla  inkişaf edəcəkdir. 

Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri,
əməkdar müəllim

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov