Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - �50

 

Bir peşə liseyi kontekstində real inkişaf tendensiyaları

 

TƏLƏBƏ ANDI 

"Mən, 18 nömrəli Bakı Peşə Liseyinin tələbə adını qazanmış yeniyetmə gənc kimi üzərimə düşən bütün məsuliyyəti dərk edərək AND İÇİRƏM: Azərbaycan Respublikasının vətəndaşı olmaqla ölkənin ən ali qanunu - Konstitusiyasına əsaslanaraq, öz hüquq və vəzifələrimi dərk edərək, dövlət və dövlətçiliyə daim sadiq qalmaqla vətən torpaqlarının müdafiəsi və qorunmasına hər an hazır olacaq, bunun üçün var qüvvəmi əsirgəməyəcəyəm. Təhsil qanunvericiliyinin tələblərinə əməl edəcək, ilk peşə - ixtisas təhsilinə lazımı səviyyədə yiyələnəcəyəm. Təhsil aldığım tədris müəssisəsinin daxili intizam qaydalarına riayət edəcək, pedaqoji kollektivin bütün üzvlərinə, eləcə də tələbə həmkarlarıma hörmətlə yanaşacaq, Azərbaycan gəncliyinin adını uca tutacağam. Elmi biliklərə mükəmməl yiyələnmək, ixtisaslı mütəxəssis adını qazanmaq, mənə göstərilən etimadı doğrultmaq üçün potensial imkanlarımdan səmərəli istifadə edəcəyəm". 

MÜƏLLİM ANDI 

"Mən, Azərbaycan Respublikasının ali qanunu - Konstitusiya aktına əsaslanaraq, 18 nömrəli Bakı Peşə Liseyinin müəllimi kimi, bütün məsuliyyətimlə AND İÇİRƏM: MÜƏLLİM adını daim uca tutmaqla təlim-tərbiyə işini təhsil qanunvericiliyinin tələbləri çərçivəsində həyata keçirəcək, həmkarlarımın, o cümlədən təhsilalanlar və onların valideynlərinin şərəf və ləyaqətinə hörmətlə yanaşacağam. Mümkün neqativ hallara qarşı prinsipial mövqe göstərəcək, qarşılıqlı münasibətlərdə zəruri dözümlülük və səbir nümayiş etdirəcəyəm. Lisey tələbələrinin elmi biliklərə mükəmməl yiyələnməsi, eləcə də gənclərin əsl vətəndaş ruhunda tərbiyələnməsi üçün var qüvvəmi əsirgəməyəcək, potensial imkanlarımdan səmərəli istifadə edəcək, təhsil islahatları sahəsində həyata keçirilən bütün tədbirləri dəstəkləyəcək, elmi biliklərimi daim artıracağam. İlk peşə - ixtisas təhsilinin dinamik inkişafı istiqamətində üzərimə düşən məsuliyyəti tam şəkildə dərk etməklə mənə göstərilən etimadı doğruldacaq, qanunvericilikdə müəllim üçün nəzərdə tutulmuş vəzifə funksiyalarını tələb olunan səviyyədə yerinə yetirəcəyəm".   

Bəllidir ki, ölkə iqtisadiyyatının dinamik inkişafı üçün ən zəruri əhəmiyyət kəsb edən sahələrdən biri, aparıcı ekspertlərin qəti qənaətinə görə isə ən başlıcası, ilk peşə-ixtisas təhsilidir. Müxtəlif ölkələrin inkişaf xronologiyasına nəzər saldıqda açıq-aşkar görmək olur ki, İkinci Dünya müharibəsindən sonra qısa zaman kəsiyində Almaniya iqtisadiyyatının sürətlə yüksəlməsi, Yaponiya kimi qüdrətli bir dövlətin baş verən texnoloji inkişaf proseslərini daim qabaqlaması məhz elə ilk peşə - ixtisas təhsili sahəsinin hesabına baş vermişdir. Cənubi Koreyada əmək fəaliyyəti ilə məşğul olanların böyük əksəriyyətinin texniki peşə təhsili sektorunun hazırladığı kadrlar olduğu da danılmaz faktdır. Fransa və Avstraliya kimi bir sıra ölkələrdə yeni avadanlıq və müasir texnika ilə daha çox təchizat məhz elə həmin sektorun təhsil müəssisələrinin payına düşür. Skandinaviya ölkələrində ilk peşə-ixtisasına yiyələnən gənclərin əmək bazarında daha tez iş yeri tapmaları da dəqiq faktlara istinadən real statistikanın əsasını təşkil edir. Məhz elə bu kateqoriyadan olan kadr potensialı ölkə inkişafının təminatçısı rolunu öz üzərinə götürür, onlar iqtisadı strukturların - işəgötürənlərin daim maraq dairəsində saxlanılır.

Ötən əsrin 90-cı illərinə, daha dəqiq desək əbədi müstəqillik əldə etdiyimiz dövrədək ölkəmizin texniki peşə təhsili sisteminin keçdiyi tarixi yol, o cümlədən 70-80-ci illərdə bu təhsil pilləsinin durmadan inkişaf etdirilməsi, müəyyən müddətdən sonra bəzi obyektiv və subyektiv səbəblər ucbatından onun real tənəzzülə uğraması, iqtisadi strukturlarla qarşılıqlı əlaqələrin pozulması, bir sözlə, peşə təhsilinin enişli-yoxuşlu yolları barədə çox söhbətlər açılıb, xronoloji qaydada həmin sahə üzrə tarixi inkişaf bir çox mütəxəssislər tərəfindən ciddi təhlil edilib, bu barədə ictimaiyyət lazımınca məlumatlandırılıb.

Mübaliğəsiz demək olar ki, Azərbaycanın ilk peşə-ixtisas təhsili sistemində ciddi islahatların aparılması, onun müasir inkişaf mərhələsinə qədəm qoyması, təhsil sisteminin digər sahələrində olduğu kimi, ilk peşə-ixtisas təhsili pilləsi üzrə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" sənədini imzaladığı dövrə təsadüf etmişdir. Bu sənəddə dinamik inkişaf etdirilən iqtisadi sektorun ixtisaslı işçi kadrlarına olan real tələbatının ödənilməsi prosesinin əsas strateji inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Gözlənilən nəticələr elmi əsaslarla proqnozlaşdırılaraq illər üzrə dəqiq tədbirlər planı təsdiqlənmişdir. Proqram qəbul edildikdən dərhal sonra onun icrası üzrə fəaliyyətə başlanılmış, ötən 4 il ərzində nəzərəçarpacaq dərəcədə pozitiv nəticələr əldə edilmişdir.

Aydın məsələdir ki, ümumi sistem üzrə müsbət tendensiyalara uyğun əldə olunan nailiyyətlər bu pillənin tədris müəssisələrində, başqa sözlə, aşağılarda aparılan məqsədyönlü fəaliyyətlə birbaşa xarakterizə olunur. Məhz elə bu nöqteyi-nəzərdən 5 strateji inkişaf istiqamətini (maddi-texniki bazanın möhkəmləndirilməsi; yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin optimallaşdırılması; məzmunun müasir tələblər səviyyəsində yeniləşdirilməsi; sistem üçün kadr hazırlığı işinin təkmilləşdirilməsi; ilk peşə-ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsi) özündə cəmləşdirən texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş işlərin bir tədris müəssisəsi - 18 nömrəli Bakı Peşə Liseyi kontekstində konkret faktlara istinadən şərhi ictimaiyyət arasında daha dəqiq təsəvvür yaratmağa imkan verər. Fürsətdən istifadə edərək ünvanımızı (8-ci mikrorayon, H.Hüseynov küç, 17A) xatırladır, bu materialda göstərilən faktlarla əyani tanışlıq üçün oxucularımızın hər birini liseyimizə dəvət edirik.

Heç kimə sirr deyil ki, fəaliyyət üçün lazımı şərait - baza olmayan yerdə effektiv işdən, pozitiv nəticələrdən söhbət belə gedə bilməz. Bu baxımdan ölkə başçımızın "İlk peşə - ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə" 15.09.2010-cu il tarixində imzaladığı sərəncam kollektivimizin bütün üzvləri, eləcə də 1500 nəfərə yaxın tələbə və onların valideynləri üçün tarixi əhəmiyyət kəsb etmişdir. Ən azından ona görə ki, məhz elə bu sərəncama uyğun liseyimizdə əsaslı təmir işləri aparılmış, son 50 il ərzində ilk dəfə olaraq liseyin tədris korpusu ən müasir tələblər səviyyəsində yenidən qurulmuş, tədris emalatxanası, yeməkxana, həyətyanı sahə normal vəziyyətə gətirilmiş, təchizat problemləri lazımınca həll olunmuşdur. Bir sözlə, tam məsuliyyətlə qeyd edilməlidir ki, bu gün liseyimiz yüksək səviyyəli tədris müəssisələri sırasına daxildir.

Konkret faktlara müraciət edək. Liseydə müvafiq proqramlarla təchiz edilmiş 2 kompüter sinfi, 1 tədris mərkəzi açılmış, fizika və kimya kabineti quraşdırılmış, tam funksiyalı 25 ümumtəhsil və ixtisas fənn kabineti yaradılmışdır. Konfrans zalı tikilərək ən müasir avadanlıqlarla gücləndirilmişdir. İstilik sistemi üçün yeni qazanxana quraşdırılmış, müşahidə sistemləri qoşulmuşdur. Nəzəri biliklərin öyrədilməsi məqsədilə xeyli sayda yeni dəzgah və cihazlar, eləcə də yanğından mühafizə avadanlıqları alınmışdır. Liseyin bütün mal və materialları, inventarları, o cümlədən parta, stol, stul, yazı lövhələri tam şəkildə yeniləri ilə əvəz olunmuşdur. İş otaqları normal fəaliyyət üçün zəruri mebel və texniki avadanlıqlarla təchiz edilmişdir. Kitabxana fondu 3 mindən artıq dərslik və müxtəlif ədəbiyyatlarla möhkəmləndirilmişdir. Əgər 2 il bundan öncə lisey üzrə 80 tələbəyə 1 kompüter düşürdüsə, bu gün həmin nisbət 20/1 həddindədir. Pedaqoji Şuranın bütün iclasları İKT-nin tətbiqi ilə təqdimatlar formasında keçirilir. İş otaqlarında və əksər tədris kabinetlərində hamı üçün İnternetə qoşulma imkanı yaradılmışdır. Dərslərdə tədris materialının təqdimatı əsas etibarı ilə proyektorlar və noutbuklardan istifadə yolu ilə həyata keçirilir. Tələbələrin əyani vəsaitlərdən istifadəsi üçün zəruri şərait var. Yeniyetmələrimiz ümummilli lider Heydər Əliyevin, Milli Qəhrəmanımız Mübariz İbrahimovun, eləcə də şəhidlərimizin əziz xatirəsinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fonduna həsr olunmuş guşələrdən bəhrələnirlər. Gənc nəslin milli ruhda tərbiyələnməsi məqsədilə narkomaniyaya qarşı mübarizə, immun çatışmazlığı, erkən ailə qurmanın fəsadları, gənclər siyasəti, dövlət atributlarımız, ali qanunumuz - Konstitusiya, hüquq və vəzifələr kimi stendlərə daha çox üstünlük verilmişdir.

Liseyə dövlət büdcəsindən ayrılan illik maliyyə vəsaitinin həcmi 500 minə yaxın AZN-dir (ötən il bu rəqəm 406216 AZN həcmində olmuşdur) ki, bu da hər tələbəyə xərclənən maliyyə vəsaitinin min manata yaxın AZN həcmində olduğundan xəbər verir. Həmin göstərici bütün təhsil pillələri üzrə ali təhsildən sonra (2100 AZN) ikinci səviyyə deməkdir. Yeni iqtisadi münasibətlərin formalaşdırıldığı və idarəetmənin optimallaşdırıldığı bir dövrdə biz növbəti illər üçün davamlı inkişaf, üstün maliyyələşmə, təchizat və təminatın elmi planlaşdırılması məqsədi ilə Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən təklif edilən "1+3" modeli üzrə əsaslandırılmış proqnozlaşdırmaya uyğun sifarişlərin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin tətbiqini reallaşdırırıq. Bunun üçün sərf olunacaq maliyyə vəsaitini dəqiq məqsəd və gözlənilən nəticələri açıqlamaqla hesablayır, xarici ölkələrdə daha çox istifadə olunan əlavə gəlir gətirmə mənbələri barədə məlumatlardan səmərəli istifadə edirik.

Məlumdur ki, yalnız büdcə ayırmalarına istiqamətlənmə halları günü-gündən arxa plana çəkilir. Əgər ötən tədris ilində liseyin əlavə gəlirləri 13863 AZN həcmində olmuşdusa, bu ilin proqnozu 41 min AZN-dən artıq bir məbləği təşkil edir.

Biz yaxşı başa düşürük ki, dövlət sifarişi üzrə daha çox qəbul planına yiyələnmək, başqa sözlə, daha çox dövlət ayırmaları əldə etmək üçün sağlam rəqabət mühiti yarandığı bir halda biznes strukturlarının, eləcə də işəgötürən təşkilatların maraqlarının peşəyə yönəldilməsini günbəgün gücləndirməliyik. Real göstərici ondan ibarətdir ki, qarşılıqlı maraqlar çərçivəsində hazırda tərəfimizdən 60-a yaxın müəssisə ("Diplomat" Azərbaycan-Amerika birgə müəssisəsi, Bakı "Elektriktökmə" ASC, "Royal" bank, "SİLK VOY Avia şirkəti" MMC-nin, "SOY CATEKİNQ", "Həyat hotel", "Paşa İnşaat" MMC, Bakı rabitə tikinti təchizat MMC, "Səma - 3" MTK, "LAND MARK" hotel və sair) təşkilat, səhmdar cəmiyyətlər, hüquqi şəxs statuslu kiçik müəssisələrlə ikitərəfli müqavilələr imzalanmış, peşədə marağı olan baza müəssisələrinin - biznes strukturlarının sayı ötən ilə nisbətdə 5 dəfə artmışdır. "Azərbaycan HOSPİTALİTİ CJSC"-in Bakıda fəaliyyət göstərən argentinalı mütəxəssisi cənab Karlos Martin Repetto aidiyyəti üzrə istehsalat təlimi ustaları və ixtisas müəllimlərinin iştirakı ilə tələbələrimizlə vaxtaşırı təlimatlandırma işlərini aparır, o öz bilik və bacarıqları barədə təhsilalanlarla bölüşür, onlara zəruri tövsiyələrini verir. Bu günlərdə cənab K.M.Repettonun liseydə "Master Klass"-nın keçirilməsi üçün tərəfimizdən lazımi təşkilati işlər aparılır. Artıq bizim 25 nəfər tələbəmiz "Paşa İnşaat" MMC-də təşkil olunmuş müsabiqə prosedurundan keçmiş, işlə təminat üçün müsbət rəylər alınmışdır. Azərbaycan Tacirlər və Sahibkarlar Palatası, eləcə də "Buta Palas"-ın rəhbərliyi ilə hazırda aparılan danışıqlar məzunlarımızın həmin obyektlərdə işlə təminatına zəmanət verir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötənilki buraxılışımızın 50 faizi 8 dövlət və 41 qeyri-dövlət müəssisəsində konkret iş yerləri ilə təmin olunmuş, 64 nəfər gənc isə hərbi xidmətə getmişdir.

Məlum olduğu kimi, idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması prosesi həyata keçirilərkən bütün dünyada qəbul edilmiş modelə üstünlük verilir. Adətən belə proseslər, vertikal mexanizmlərin horizontal idarəetmə prinsipləri ilə əvəzlənməsi, başqa sözlə, bir çox menecment funksiyalarının alt strukturlara ötürülməsi ilə müşayiət olunur. İlk addım kimi funksiyaları qəbul edəcək strukturlarda çalışan iş icraçılarının hazırlığı aparılır. Bununla paralel şəkildə kollektiv qərarçıxarma formasına keçid təmin edilir. İdarəetmə prosesi iştirakçılarının funksional vəzifələri korrektə olunur, struktur bölmələrin fəaliyyət dairəsinə qarşıya qoyulmuş əsas məqsədlər çərçivəsində yenidən baxılır.

18 nömrəli Bakı Peşə Liseyində iş prioritet istiqamətlərə uyğun fəaliyyətin tənzimlənməsi və həyata keçirilməsi üzrə əvvəlcədən təsdiq olunmuş İllik Fəaliyyət Planına uyğun qurulur. Burada əsas məqsədlər, tədbirlər, müddətlər və konkret icraçılar və strukturlar göstərilməklə yanaşı, həmçinin də gözlənilən nəticələrin proqnozu şərh edilir.

Müəssisədaxili idarəetmənin təkmilləşdirilməsi və bu zaman demokratik yanaşmaların əsas götürülməsi üçün liseyimizin ali orqanı - Pedaqoji Şurasının işi köklü dərəcədə təkmilləşdirilmişdir. Burada müzakirə olunan məsələlərin spektri genişləndirilmiş, onların müasir tələblər çərçivəsində formalaşdırılması prinsipi əsas kimi götürülmüşdür. Şuranın illik iş planına 100-ə yaxın ən aktual məsələlərin müzakirəsi salınmışdır. Yeni tədris ili başlayandan hal - hazıradək liseyin 3 Pedaqoji Şura iclasında 36 konkret məsələ müzakirə olunmuş, çıxarılan qərarların real icrası təmin edilmişdir. Lisey üzrə daxili idarəetmənin funksional strukturu hazırlanmış, geniş müzakirə olunaraq təsdiq edilmişdir.

Bu məqamda bir məsələyə xüsusi diqqət yetirək. İdarəetmə prosesinə təhsilalanlar və onların valideynlərinin aktiv cəlb olunma prinsipi prioritet istiqamət kimi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu postulat, ilk növbədə, "Tələbə parlamenti" və "Valideyn-müəllim" Birliyinin formalaşdırılması kimi ön plana çəkilir. Liseydə yaratdığımız hər iki qurumun üzvləri Pedaqoji Şuranın iclaslarında iştirak edir, konkret halda qərarlar çıxarılmazdan əvvəl onların rəy və təklifləri dinlənilir. Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, liseydə Tələbə Parlamentini - təhsilalanların özünüidarə orqanını ona görə yaratmışıq ki, onlar təhsil mühitini qiymətləndirə bilsin, şəxsi fikirlərini çəkinmədən söyləsin, idarəetmə prosesinə qoşulsun, qrupdakı həmkarlarını da bu işlərə aktiv cəlb etsin.

İlk peşə-ixtisas təhsilinin dövlət standartlarında da qeyd olunduğu kimi, tədris prosesi əsas etibarı ilə 4 əsas blokda cəmləşdirilmişdir: ümumtəhsil fənləri, peşə-ixtisas fənləri, İKT və istehsalat təlimi, təcrübəsi. Təbii ki, bütün bunların reallaşdırılmasında tədris müəssisəsi üzrə ən azından 2 struktur - dərs hissəsi və istehsalat təcrübəsi ilə bağlı bölmə fəaliyyət göstərir. Onların əlaqəli işinin təmin edilməsi qarşıya məqsəd kimi qoyulduğundan biz, ən sadə sözlə desək, həmin kateqoriyadan olan əməkdaşlarımızın iş otaqlarını belə birləşdirmişik. Bu heç də texniki yerdəyişmə məqsədilə olunmamışdır. İndi artıq liseyimizdə istehsalat təlimi ustalarının uzun illərdən bəri müəllim korpusundan - tədris prosesindən, demək olar ki, kənar qalma tendensiyası tam şəkildə aradan qaldırılıb. İstehsalat təlimi ustalarımız qrup tələbələrini auditoriyalara salmaq stereotipini özlərindən uzaqlaşdıraraq tədris və istehsalat proseslərinin əsl iştirakçılarına çevriliblər.

Apardığımız monitorinq müşahidələr belə qənaətə gəlməyə əsas vermişdir ki, bir çox hallarda ümumtəhsil fənn müəllimlərinin dərs hissəsində və ixtisas təlimi reallaşdırılan istehsalat təlimi ustalarının struktur bölməsində həyata keçirilən işlər zamanı biri digərindən xəbərsiz proseslər, eyni məqsədlərə yönəldilmiş fəaliyyətin pozulma halları baş verir. Bu özünü məzmunun reallaşdırılması prosesində daha qabarıq şəkildə göstərir. Əlaqəli fəaliyyətin təminatı baxımından biz funksiyaları daha da dəqiqləşdirdik, əsas məqsədlərə nail olmaq üçün yeni məsuliyyətlər, iş modelləri müəyyənləşdirdik. Hesabatlılıq, məsuliyyətlərin bölüşdürülməsi, öyrədənlər üçün məlumat sistemlərinin yaradılması və inkişafın monitorinqini müəssisədaxili idarəetmənin optimallaşdırılması məqsədilə əsas prinsiplər kimi qəbul etdik. Məhz bu cür yanaşma nəticəsində idarəetmə strukturlarının təkmilləşdirilməsi işi daha uğurla getdi, daha demokratik və şəffaf mühit yarandı. Əlaqəlilik təmin olundu.

Təcrübə göstərir ki, fənn metodbirləşmələri metodiki şuralar və onların nəzdində fəaliyyət göstərən ümumtəhsil (humanitar, texniki, təbiət elmləri və ixtisas fənn bloku) və ixtisaslaşma üzrə komissiyalar forması ilə əvəz edildiyi təqdirdə keyfiyyətin idarə olunması xeyli optimallaşır. Həmin strukturların Pedaqoji Şura ilə əlaqəli fəaliyyəti daha çox səmərə verir. Bununla əlaqədar liseyin Metodiki Şurasının da fəaliyyəti xeyli dərəcədə təkmilləşdirilmişdir. Şuranın illik Fəaliyyət planı hazırlanıb təsdiq edilmiş, humanitar, təbiət, dəqiq elmlər, İKT və ixtisas fənlərini əhatə edən 4 metodiki komissiya yaradılmışdır. Əsas fəaliyyət Təhsil Nazirliyinin mütəxəssislərinin Avropa İttifaqının Texniki Yardım Proqramı (TACİS) çərçivəsində İttifaqın maliyyə dəstəyi ilə Britaniya Şurasının (BC) rəhbərlik etdiyi konsorsiumla birlikdə hazırladıqları "Azərbaycan Respublikasında ilkin peşə təhsili və təlimi üzrə modul hazırlamaq üçün təlimat" və təhsilalanların öyrənmə paketi kimi geniş məzmunlu materiallara istiqamətlənmişdir. Adıçəkilən komissiyaların işi birbaşa məzmun islahatlarına - kurikulum və modul seqmentinin prosesə tətbiqinə yönəldilmişdir.

Məzmun islahatlarının aparılması istiqamətində fəaliyyət İnkişaf Proqramının ana xəttini təşkil edir. Artıq respublikada bir sıra peşə ixtisasları üzrə ilk dəfə olaraq yeni dərsliklərin yazılması, modul seqmenti əsasında tədris materiallarının hazırlanması, ixtisaslar üzrə tədris vəsaitlərinin çap olunaraq istifadəyə verilməsi obyektiv reallıqdır. Fikrimizcə, milli dərsliklərin hazırlanması istiqamətində qarşıya qoyulmuş vəzifələrin əhəmiyyətindən geniş danışmaq artıqdır. Qeyd edilməlidir ki, liseydə hazırlığı həyata keçirilən bəzi ixtisaslar üzrə yazılmış 8 dərsliyin 5 müəllifi elə bizim liseyin əməkdaşlarıdır. Bu tədris ilində 2 yeni dərsliyin də bizim mütəxəssislər tərəfindən hazırlanması işinə artıq başlanmışdır.

Məzmunla bağlı danışarkən bir məntiqi sual meydana çıxır: Məzmunu kim müəyyənləşdirir, bunun üçün hansı fəaliyyət həyata keçirilməlidir? Etiraf edək ki, əvvəlki məzmun sistemli deyildi. Burada əsas meyar kimi yalnız bilik səviyyəsi götürülürdü, bacarıqlar yaddan çıxarılırdı, həddindən artıq yüklənmə müşayiət olunurdu. Məzmunun yeniləşdirilməsi, ayrı-ayrı ixtisaslar üçün modul seqmentinin tətbiqi ilə müasir kurikulum variantlarının hazırlanması, tamamilə haqlı olaraq, ilk peşə-ixtisas təhsilinin son illərdəki nailiyyətlərindən hesab edilə bilər. Bu gün biz, "Nəyi öyrədirik?", "Necə öyrədirik?", "Necə qiymətləndiririk? və "Kim öyrədir?" kimi sualların cavablandırılması ilə əsas məqsədlərə çatmaq niyyətindəyik. İşimizi də məhz elə bunların əsas hədəf kimi götürülməsi istiqamətində qururuq. Əgər əvvəllər təhsilalanın biliyinə formal şəkildə qiymət yazılırdısa, artıq müasir mərhələdə yeni qiymətləndirmə modeli üzrə həmin tələb köklü şəkildə dəyişdirilmişdir. Belə ki, bu gün müəllimin fərdi fikrinə əsaslanan biliyə qiymət vermə tələbi təhsilalanın inkişaf nailiyyətinin qiymətləndirilməsi modeli ilə əvəz olunmuşdur. Yəni, liseydaxili qiymətləndirmə prosesi "təhsilalan hansı səviyyədə idi və hansı səviyyəyə qalxdı" kimi sualları cavablandırır, inkişaf dinamikasının izlənilməsi postulatı əsas kimi ön plana çəkilir. Auditoriyada olan müəllim tərəfindən biliyin qiymətləndirilməsi üzrə yeni mexanizmlərə keçidlə bağlı aparılan işlərdən bizim lisey də kənarda qalmamışdır. Bu tədris ilindən etibarən ilk dəfə olaraq 2 tədris qrupunda biliyin qiymətləndirilməsinin yeni mexanizmlərinin tətbiqinə eksperiment qaydasında başlanılmışdır. Artıq diaqnostik, formativ qiymətləndirmə mərhələsi yekunlaşdırılmış, summativ qiymətləndirmənin reallaşdırılması üçün zəruri vəsaitlər (testlər, tapşırıq variantları) hazırlanmışdır.

Bütün hallarda bu və ya digər bir yeni mexanizmin həyata keçirilməsindən  əvvəl biz xüsusi treninqlərin təşkili, öyrədənlərin öyrədilməsi sisteminin tətbiqinə xüsusi diqqət yetiririk. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son il yarım ərzində müxtəlif təhsil mütəxəssislərinin, o cümlədən xarici ekspertlərin dəvət olunması ilə 30 nəfər müəllim və 17 istehsalat təlimi ustası üçün 50-yə yaxın treninq və öyrədici seminarlar təşkil edilmişdir. Həmin müddət ərzində əməkdaşlarımız 1 dəfə Yaponiyada, 2 dəfə isə Türkiyə Respublikasında təlim səfərlərində olmuşlar.

Son dövrlərdə müəllim və mühəndis-pedaqoji işçilərin mütəmadi qaydada yeni biliklərə yiyələnməsi müasir texnologiyaların proseslərə tətbiqi baxımından xeyli dərəcədə aktuallaşmışdır. Kollektivimizin 15 nəfər pedaqoji kadrı ötən bir il ərzində xüsusi təşkil olunmuş ixtisasartırma kurslarında peşəkarlıq səviyyələrini yüksəltmişdir. Ən əsası ondan ibarət olmuşdur ki, biz nümayəndələrimizi həmin kurslara göndərməzdən xeyli əvvəl onlar üçün individual tələbat materialları hazırlayaraq təminatçı tərəfə konkret sifariş formasında təqdim edirik. İxtisasartırma təhsilindən sonra tələbatın ödənilmə səviyyəsini müəssisə daxilində qiymətləndiririk. Əldə olunan nəticələrin dinlənilməsi, qazanılmış yeni biliklərin digərlərinə ötürülməsi işinə xüsusi önəm veririk.

Bir anlıq ötən əsrin sonlarında - 1998-ci ildə Azərbaycanın təhsil sistemində baş verən prosesləri yada salaq. Həmin tarixi dövrdə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə mütəxəssislər qrupu tərəfindən təhsil sahəsində İslahatlar Proqramı hazırlandı. Əsas etibarı ilə ümumi orta təhsil pilləsini əhatə edən bu genişmiqyaslı sənəd dahi şəxsiyyətin imzaladığı sərəncamla həyata vəsiqə qazandı. Dünya Bankının uzunmüddətli maliyyə dəstəyi üçün rəsmi razılıq alındı. Bu zaman peşəkar ekspertlərin ehtiyat etdiyi gözlənilən yeganə risk yerlərin-müəllimlərimizin təklif olunan islahatlara getmək arzusunun aşağı səviyyəsi ilə bağlı idi. Qısa bir müddət keçdikdən sonra gözlənilən həmin risk, şükürlər olsun ki, özünü doğrultmadı. Demə, Azərbaycan müəllimi məzmun islahatlarını səbirsizliklə gözləyirmiş. Artıq bu gün tam məsuliyyətlə demək olar ki, liseyimizin bütün pedaqoji kadr korpusu aparılan məzmun islahatlarının aktiv iştirakçılarına çevrilmişdir. Onlar götürülən bu strateji kursun müvəffəqiyyətinə tam şəkildə inanırlar. Bu isə pozitiv nəticələrin alınmasına real təminatdır. Düşünürük ki, nə üçün bizim təhsilalanlar hər il respublika üzrə keçirilən bilik yarışlarına - fənn olimpiadalarına, müsabiqələrə qoşulmasın, peşədəki ümumtəhsil fənn müəllimləri "Ən yaxşı müəllim" müsabiqəsinə qatılmasın, müxtəlif peşələr üzrə istedadlı tələbələr üzə çıxarılmasın, onların yaradıcılıq potensialı inkişaf etdirilməsin? Bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün tərəfimizdən gündəlik qaydada məqsədyönlü işlər aparılır. Əminik ki, məsələlərə həmin aspektlərdə yanaşma müəssisədaxili keyfiyyət göstəricilərinin xeyli dərəcədə yüksəldilməsinə də öz müsbət təsirini göstərməlidir.

Liseydə ümumtəhsil fənlərini tədris edən pedaqoji kadr heyəti ümumi təhsil sahəsində aparılan məzmun islahatları prosesində - dərslik və dərs vəsaitlərinin hazırlanması, kurikulum modeli üzrə yeni layihələrin işlənilməsi, müasir təlim metodlarının formalaşdırılması və sair bu kimi proseslərdə yaxından iştirak edirlər. Daha dəqiq desək, həmin kontingent ümumi təhsildə gedən bu proseslərdən kənarda qalmır, IX-XI sinif müəllimləri üçün təşkil olunan müvafiq treninqlərə  cəlb edilirlər. Hər bir pedaqoji işçiyə yeniliklər - baş verənlər dərhal çatdırılır, onların ümumi proseslərə aktiv qatılması təmin olunur. Ümumtəhsil müəllimlərimizin fəaliyyətinin qiymətləndirilməsində əsas meyar kimi götürdüyümüz kriteriyalardan biri də tələbələrin mərkəzləşdirilmiş test imtahanlarında əldə etdikləri nəticələrdir. Bu sahədə aparılmış analitik təhlillər göstərir ki, 2008-2009-cu tədris ilində həmin imtahanlardan müvəffəqiyyətlə keçmiş və attestat almış kontingent 35 faiz, 2009-2010-cu tədris ilində 44 faiz olmuşdursa, sonuncu tədris ilinin yekunları 60 faizi ötmüşdür. Bu halda yüksələn xətt tendensiyası izləndiyinə baxmayaraq, növbəti illərdə bu göstəricinin daha da qaldırılması müəllim heyəti qarşısında bir vəzifə kimi qoyulmuşdur. 

(Ardı növbəti sayımızda) 

Rəhim AĞAMALIYEV,
18 nömrəli Bakı Peşə Liseyinin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov