Bu
günlərdə Bakıdakı Muzey Mərkəzində N.Tusi adına
gimnaziyanın 20 illik yubileyi keçirilib.
Tədbirdə gimnaziyanın müəllim-şagird kollektivi,
Təhsil Nazirliyinin, Almaniyanın, Rusiyanın,
Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin
nümayəndələri, valideynlər və digər qonaqlar
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan gimnaziyanın
direktoru Südabə Manafova son illər
respublikamızda aparılan təhsil islahatlarından
söz açıb. Ölkə Prezidenti cənab İlham Əliyevin
təhsilə göstərdiyi diqqət və qayğıdan danışan
direktor təhsilimizin dünya təhsil sisteminə
sürətlə inteqrasiya etdiyini bildirib. Tədris
ocağının yaranma tarixi və fəaliyyəti haqqında
iştirakçılara məlumat verən S.Manafova qeyd
edib ki, gimnaziya Azərbaycan və rus bölmələri
üzrə 1991-ci ildən fəaliyyətə başlayıb. Məktəbdə
ingilis və alman dilləri tədris olunur. 20 il
ərzində məktəbin 19 qəbulu və 8 buraxılışı olub.
Gimnaziyanı bitirən məzunlar həmişə ən yaxşı
göstəricilərlə istər Azərbaycanda, istərsə də
xarici ölkələrdəki universitetlərə qəbul olmuş
və öz müvəffəqiyyətli təhsilləri ilə
gimnaziyanın adını ucaltmışlar. Hazırda
məzunların 30 faizi müxtəlif xarici ölkələrdə
təhsil alır. Gimnaziyada tədris olunan
fortepiano, rəqs, üzgüçülük və kompüter dərsləri
haqqında danışan direktor şagirdlərin hərtərəfli
inkişafına hər cür şərait yaradıldığını nəzərə
çatdırıb. Qeyd edib ki, məktəbin şagirdləri əl
işləri ilə də seçilirlər. Belə ki, gimnaziya
şagirdlərinin əl işləri mütəmadi olaraq
sərgilənir.
Digər çıxış edənlər gimnaziyanın 20 illik
fəaliyyətini yüksək qiymətləndirərək pedaqoji
kollektivə gələcək işlərində uğurlar
arzulayıblar.
Sonra şagirdlər bir-birindən maraqlı nömrələrlə
çıxış ediblər. Azərbaycan, rus, ingilis, alman
dillərində mahnılar oxunub, səhnəciklər
göstərilib, rəqslər ifa edilib.
Şagirdlərin klassik şairlərdən qəzəllər
söyləməsi, M.F.Axundzadənin "Müsyö Jordan və
Dərviş Məstəli şah" komediyasından bir neçə
pərdənin səhnələşdirilməsi, dahi bəstəkarımız
Ü.Hacıbəylinin məşhur "Arşın mal alan" musiqili
komediyasından ingilis dilində səhnəciklər
göstərməsi xüsusi maraqla izlənilib.
Həmçinin şagirdlər fortepianoda klassik musiqi
parçaları ifa ediblər. Sonda iştirakçılar
şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış
olublar.
Niyazi RƏHİMOV |