NDU-nun
Heydər Əliyev Universitetinin 31 dekabr-Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə
həsr olunmuş 152-ci məşğələsi keçirilib.
Tədbirdən öncə çıxış edən ali məktəbin rektoru,
akademik İsa Həbibbəyli Dünya
Azərbaycanlılarının Həmrəylik Gününün tarixi
əhəmiyyəti haqqında danışıb. Vurğulanıb ki, bu
günün qeyd olunması qərarı 16 dekabr 1991-ci
ildə Naxçıvan Muxtar Respublikasında ulu öndər
Heydər Əliyev tərəfindən qəbul olunub, 1993-cü
ildən etibarən isə ölkə miqyasında qeyd
olunmağa başlanıb. Milli mənəvi özünəqayıdışın,
birliyin, azərbaycançılığın rəmzi olan bayramın
20 illiyi münasibətilə tədbir iştirakçılarını
təbrik edən rektor səmimi və xoş arzularını
bildirib.
Fəlsəfə və politologiya kafedrasının müdiri,
fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov çıxış
edərək ulu öndərin səyi nəticəsində
azərbaycançılıq, dövlətçilik ideyalarının
təbliği, vətənpərvərlik ruhunun möhkəmlənməsi
istiqamətində həyata keçirilən tədbirlərdən
danışıb.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına
daxil olan bir qrup tələbəyə üzvlük vəsiqələri
təqdim olunub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə
Quliyevanın rəhbərliyi altında xalq çalğı
alətləri kafedrasının Həmrəylik gününə həsr
olunmuş hesabat xarakterli konsertdə dahi
bəstəkar Üzeyir Hacıbəylinin "Uvertüra", Vasif
Adıgözəlovun "Xoşum gəlir", Tofiq Quliyevin "Bəxtəvər
oldum", Fikrət Əmirovun "Oxatanların rəqsi", "İnnabı"
rəqsi və digər əsərlər məharətlə ifa olunub.
***
Naxçıvan Müəllimlər İnstitutunda
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibəti ilə tədbir keçirilmişdir.
Əvvəlcə institutun rektoru, professor Oruc
Həsənli kollektivi bayram münasibəti ilə təbrik
etmişdir. Sonra tədbirin aparıcıları bu
əlamətdar günün tarixi əhəmiyyətindən,
Azərbaycan xalqının milli həmrəyliyinin və
yekdilliyinin formalaşmasında ulu öndər Heydər
Əliyevin müstəsna xidmətlərindən danışmışlar.
Qeyd olunmuşdur ki Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri vəzifəsində işləyən
ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvan parlamenti tərəfindən 1991-ci il
dekabrın 16-da 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü elan
edilmişdir. Dünya azərbaycanlılarının milli
birlik və həmrəylik günü kimi qeyd olunan bu
bayramın qayəsi artıq həm bütün dünyada yaşayan
soydaşlarımızın düşüncəsinə hakim kəsilib, həm
də Azərbaycan dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrilib. Azərbaycan
dövlətinin xaricdə yaşayan soydaşlarımızın
sosial-iqtisadi maraqlarının müdafiəsi,
beynəlxalq konvensiyalarda təsbit olunmuş
hüquqlarının qorunması üçün gördüyü
tədbirlərdən danışan aparıcılar qeyd etmişlər ki,
ümummilli liderin dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası
ətrafında birləşdirilməsi və güclü diasporamızın
yaradılması siyasətini ölkə başçısı İlham Əliyev
uğurla davam etdirir.
Sonra tədbirin bədii hissəsi
başlanmışdır.İnstitutun tələbələrindən ibarət
yaradılmış şən və hazırcavablar klubunun
yumoristik səhnəcikləri, vətənimizə həsr olunmuş
şeirlər, mahnılar tədbir iştirakçılarında əsl
bayram əhvali-ruhiyyəsi yaratmışdır.
***
Naxçıvan Özəl Universitetində
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri
giriş sözü ilə ali təhsil ocağının rektoru,
professor İsmayıl Əliyev açmışdır.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə 31 dekabrın Dünya
Azərbaycanlılarının Həmrəylik Günü elan
edilməsi ən yeni tariximizin mühüm siyasi
hadisələrindən biri olmuşdur. Ümummilli
mənafelərimizin həyata keçirilməsi naminə
xalqımızın bütün gücünü bir yerə toplamaq
arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən
ayrı düşən soydaşlarımızın milli mənlik şüuru
əsasında sıx birləşməsi prosesinin başlanğıcını
qoymuşdur. O da vurğulandı ki, böyük öndərin
siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
azərbaycançılıq ideyasını, milli ideologiyamızı
qətiyyətlə, böyük uzaqgörənliklə inkişaf etdirir,
onun daha səmərəli olması üçün təsirli
tədbirlər həyata keçirir. Hər il Dünya
Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində
Prezident İlham Əliyevin həmvətənlərimizə və
bütün soydaşlarımıza ünvanladığı müraciətləri
bu yöndə işlərin daha da gücləndiriləcəyinə,
yeni vüsət alacağına, potensialdan maksimum
yararlanmağa yönəldilir.
Sonra tərbiyə işləri üzrə prorektor Əli Yusifov
mövzu ilə bağlı çıxış etmiş, tələbələr
Vətənimizə, yurdumuza həsr olunmuş şeirləri
bədii qiraət etmiş, onların ifasında mahnılar
səsləndirilmişdir.
***
Qafqaz Universitetində
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə tədbir keçirilib. Tədbiri
giriş sözü ilə açan Qafqaz Universitetinin
rektoru, professor Ahmet Sanic qonaqları
salamladıqdan sonra deyib ki, Dünya
Azərbaycanlılarının Həmrəylik Günü milli birlik,
Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərə
hörmət, vətənə bağlılıq hisslərini özündə
təcəssüm etdirir.
Digər çıxış edən natiq - ANS şirkətlər qrupunun
informasiya şöbəsinin müxbiri Qənirə Ataşova
rektora dərin təşəkkürünü bildirib ki, bu təhsil
ocağı ilə tanış olmağı çoxdan arzu edirdim. Bu
təhsil müəssisəsinin ildən-ilə artan reytinqi
məni valeh edir. Təhsil müəssisəsi Türkiyə-Azərbaycan
qardaşlığının bariz numunəsidir. Sonra Q.Ataşova
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününün təsis olunmasında ümummilli lider Heydər
Əliyevin rolundan bəhs edib. Gənclər və İdman
Nazirliyinin əməkdaşı Günay Rəhimova bu bayramın
həm Azərbaycanda, həm də dünya ölkələrində
yaşayan azərbaycanlılar tərəfindən qeyd
olunduğunu bildirib. Qeyd edib ki, uzun illərdən
bəri bütün dünyada yaşayan həmvətənlərimizi
düşündürən dünya azərbaycanlılarının həmrəyliyi
ideyası ümummilli lider Heydər Əliyevin tarixi
xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə
qaldırılıb və ardıcıl olaraq həyata keçirilib:
"Son illər ərzində dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların milli özünüdərkinin
güclənməsi, birlik və mütəşəkkilliyinin artması,
tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi
diaspor potensialının mühüm amilə çevrildiyini
göstərir".
Sonra universitetin tələbələrindən ibarət rəqs
kollektivinin və ayrı-ayrı tələbələrin ifasında
Azərbaycana aid mahnılar səsləndirilib. Tədbirin
sonunda il ərzində müxtəlif yarışlarda,
olimpiadalarda fərqlənən tələbələrə hədiyyələr
verilib.
***
Bakının Bakıxanov qəsəbəsindəki 96 nömrəli
tam orta məktəbdə 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü münasibəti
ilə "Gəlin, həmrəy olaq" adlı tədbir keçirildi.
Məktəbin yuxarı sinif şagirdlərinin əllərində
üçrəngli bayrağımız səhnəyə gətirildikdən sonra
onların ifasında Dövlət himni səsləndi.
Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü
uğrunda qəhrəmancasına şəhid olmuş
həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Əvvəlcə tədbir iştirakçıları Həmrəylik Gününə
həsr olunmuş rəsm sərgisinə baxdılar. Burada
onlar müstəqil Azərbaycanın qurucusu və memarı
ümummilli lider Heydər Əliyevin əvəzsiz
xidmətlərini əks etdirən fotostendlərlə də tanış
oldular. Qonaqlara Azərbaycanın bölgələrindəki
adət və ənənələr haqqında geniş məlumat verildi.
Tədbir iştirakçılarını salamlayan və bayram
münasibətilə təbrik edən gecənin aparıcıları bu
günün yaranma tarixindən danışdılar. Onlar ulu
öndər Heydər Əliyevin azərbaycançılıq
ideyalarına daim sadiq qalacaqlarını bildirdilər.
Çıxış edənlər belə tədbirlərin təhsil
ocaqlarında keçirilməsini müsbət
qiymətləndirdilər.
Məktəbin direktoru Əminə Hüseynova Dünya
Azərbaycanlılarının Həmrəylik Günü münasibəti
ilə təbriklərini çatdırdı.
Sonra şagirdlərin hazırladıqları film nümayiş
olundu.
***
Dekabrın 26-də Bakıdakı 1 nömrəli tam orta
məktəbin akt zalında 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə
tədbir keçirildi.
Bayram tədbirində şagirdlərin ifasında Dövlət
himni səsləndirildi. Üçrəngli bayrağımız səhnəyə
gətirildi. Tədbir iştirakçıları müstəqil
Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin
əziz xatirəsini bir dəqiqəlik sükutla yad
etdilər. Aparıcılar mərasimi açaraq ümummilli
lider Heydər Əliyevin misilsiz xidmətlərindən
danışdılar. Bildirildi ki, 31 dekabr tariximizin
ən şərəfli günü kimi dünyanın hər yerində
yaşayan soydaşlarımız tərəfindən yüksək
səviyyədə qeyd edilərək həmrəylik nümayiş
etdirilir.
Sonra təbrik nitqi ilə çıxış edən məktəbin
direktoru Elida Rzayeva azərbaycanlılar arasında
milli birliyin yaranmasında həmrəylik gününün
böyük rol oynadığını vurğulayaraq onun təsis
olunmasını ümummilli lider Heydər Əliyevin böyük
tarixi xidməti kimi dəyərləndirdi. Bildirildi
ki, təhsil ocağının şagirdlərinin böyük həvəslə
hazırladıqları bu bayram tədbiri də Həmrəylik
Gününə bir töhfədir.
Şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər,
ifalar, milli rəqslər və mahnılar tədbir
iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirin sonunda 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Gününə həsr
olunmuş film nümayiş olundu. |