Ölkəmizdə
təhsilin inkişafı və yüksək ixtisaslı kadrların
hazırlanması sahəsində xarici investorlar tərəfindən
müxtəlif təqdirəlayiq layihələr həyata keçirilir. Bu
layihələrdən biri də Dünya Bankı tərəfindən
maliyyələşdirilən "Dövlət investisiyaları üzrə kadr
potensialının yüksəldilməsi" çərçivəsində həyata
keçirilən layihədir. Bu layihə üzrə 22.10.2011-ci il
tarixindən 06.11.2011-ci il tarixinə kimi Azərbaycan
Memarlıq və İnşaat Universiteti, "Azərsu" ASC və "Azərdövlətsutəslayihə"
İnstitutunun əməkdaşlarından ibarət bir heyətlə Koreya
Respublikasına ezam edildik. Layihə çox geniş bir
proqramı əhatə edirdi. İkihəftəlik ezamiyyət ərzində biz
Cənubi Koreyanın paytaxtı Seul, Busan və Daejon
şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri ilə
tanış olmalı, onların təbii və çirkli su təmizləmə
məntəqələrinə səfər etməli idik. Bundan başqa, proqram
üzrə hidrotexniki qurğulara, SES və kanallara, eləcə də
bərk tullantıların emalı obyektlərinə səfərlər nəzərdə
tutulmuşdu. Bunlarla yanaşı Koreyada fəaliyyət göstərən
Azərbaycan Respublikasının səfirliyində, Ekologiya
Nazirliyində, Seul və Busan Dövlət universitetlərində,
Daejon meriyasında görüşlər keçirməli və Daejon
şəhərində
hər
il keçirilən "Water Korea-2011" beynəlxalq elmi
konfransda iştirak etməli idik.
Bu konfransda heyət üzvlərindən Yaşar Qəhrəmanlı və
Nüsrəddin Əliyev elmi məruzə ilə çıxış edəcəkdilər.
Layihənin əsas mahiyyəti səfər edəcəyimiz obyektlərdə
tətbiq edilmiş yeni texnologiya və qurğularla real
şəraitdə yaxından tanış olmaq, lazımi material toplamaq
və bu materiallardan təhsildə, eləcə də istehsalatda
kadr potensialının səviyyəsinin yüksəldilməsində
istifadə etmək idi.
Səfərə çıxmazdan əvvəl universitetimizin rektoru,
professor Gülçöhrə Məmmədova heyət üzvlərini qəbul edib,
bu səfərin mahiyyəti, dəyəri və məsuliyyəti haqqında
ətraflı məlumat verdi. O, universitetlərdə görüşlər
keçirən zaman oradakı təhsil sistemi, təhsilin səviyyəsi,
laboratoriyalar, orada aparılan elmi tədqiqat işləri və
magistr dissertasiyaları ilə yaxından tanış olmağı,
lazımi materiallar toplamağı və gələcəkdə ikitərəfli
əlaqələr yaratmaq üçün ilk növbədə oxşar fakültələr
arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalamağı
tövsiyə etdi.
Layihənin qabaqcadan tərtib edilmiş proqramına əsasən
birinci gün - 24 oktyabr 2011-ci il tarixdə ilk olaraq
Seul şəhərinin Qanbuk təbii su təmizləmə mərkəzinə səfər
etdik. Heyəti mərkəzin prezidenti cənab Baik Yonq Min
digər rəhbər işçilərlə birlikdə qarşıladı. Çox səmimi və
mehribancasına keçən qarşılanma və tanışlıqdan sonra
cənab Min Qanbuk STM barədə məlumat verərək qeyd etdi ki,
əhalisi 11 milyon nəfər olan Seul şəhərinə 5 belə
təmizləmə mərkəzindən təmiz su verilir. Bunlardan
böyüyünün məhsuldarlığı 1 milyon 200 min
м3/sutka,
kiçiyinin isə 400 min
м3/sutkadır.
Şəhər fasiləsiz olaraq içməli su ilə təmin edilir.
Sutkada 4 milyon
м3-dən
artıq su işlədən şəhərin su itkisi cəmi 7%-dir. Şəbəkə
çəkilişində istifadə olunan borular paslanmayan
metaldandır və 30 il müddətinə layihələndirilib.
Həmin gün növbəti səfərimiz Paydan su anbarına oldu.
Anbar Seul şəhərinin kənarında olduqca səfalı bir sahədə
yerləşir. Dəmirbetondan tikilmiş bəndin uzunluğu 525 m,
inşaat hündürlüyü 29 m-dir. 1977-ci ildə Fransadan
gətirilmiş 4 ədəd turbin yeraltı SES-lərə aid olan
binanın 11,5 m dərinliyində yerləşdirilib. Paydan SES
binasının altında 11 ədəd suyığıcı (saxlanc) mövcuddur
ki, bu da şimal və cənub çaylarının səviyyəsini
tənzimləmək üçündür.
Oktyabrın 25-də səfər etdiyimiz Gihinq-qu çirkli su
təmizləmə məntəqəsi özünəməxsus xüsusi bir özəlliyə
malikdir. Təmizləyici qurğular süni örtüklü idman
meydançasına, tennis kortlarına, körpələr üçün müxtəlif
əyləncə qurğularına malik olan, başdan ayağa gül - çiçək
və yaşıllıqlarla əhatə olunmuş bir istirahət mərkəzinin
altında yerləşdirilib.
Təmizləyici məntəqənin məhsuldarlığı 30 min
м3/sutka-dır.
Bu suyun 10 min
м3-i
təkrar istifadəyə, 20 min
м3-i
isə çayda suyun səviyyəsini tənzimləmək üçün çaya
axıdılır.
Oktyabrın 26-da səfərimiz çox zəngin keçdi. Həmin gün
maraqlı və yaddaqalan görüşlərdən biri "ARİSU" su işləri
mərkəzində oldu. Bizi Seul metropoliten departamentinin
prezidenti Tonq Yu Çen rəhbər heyətlə birlikdə
qarşılayıb, müşavirə zalında geniş tərkibdə təqdimat
mərasimi keçirdi. Tanışlıqdan sonra mərkəzin idarəetmə
otağında bizə Seul şəhərinin ürəyi sayılan mərkəz
haqqında məlumat verildi.
Görüşün sonunda cənab Tonq Yu Çen tədbiq etdikləri bu
sistemin bizim üçün müəyyən əhəmiyyət kəsb edərsə,
bizimlə qarşılıqlı əməkdaşlığa məmnuniyyətlə hazır
olduqlarını bildirdi.
Təbii və çirkli su təmizləyici məntəqələr, eləcə də
hidrotexniki qurğular və kanallarla tanışlıqdan sonra
proqrama uyğun olaraq bir sıra rəsmi idarə, nazirlik və
təşkilatlarla da maraqlı və yaddaqalan görüşlərimiz
oldu.
İlk rəsmi görüşümüz Azərbaycanın Koreyadakı
səfirliyində keçirildi. Səmimi tanışlıqdan sonra səfir
Rövşən Cəmşidov səfirlik işçilərinin tərkibi,
fəaliyyəti və həyata keçirdikləri yaddaqalan tədbirlər
haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, Cənubi
Koreyada cəmi 80 nəfər azərbaycanlı var ki, onlar da
əsasən dövlət hesabına təhsil alan tələbələrdir.
Bunlar bir növ bu ölkədə lobbimizi təşkil edirlər.
Bu gün Azərbaycan-Koreya dostluq əlaqələrinin yüksələn
xətlə inkişaf etməkdə olduğunu deyən səfir səfərimizin,
keçirdiyimiz görüşlərin vacibliyi və dəyərini xüsusi
qeyd etdi və belə səfər və görüşlərin gələcəkdə Koreya
-Azərbaycan münasibətlərində öz müsbət bəhrəsini
verəcəyinə əmin olduğunu bildirdi.
Koreya Respublikasının cənubunda yerləşən və 3,5 milyon
əhaliyə malik Busan şəhərində görüşlərimiz də maraqlı və
səmərəli oldu. Öncə şəhər ekologiya idarəsinin
tərkibində olan və Çunquanda yerləşən sənaye çirkli
sularını təmizləyən məntəqədə, sonra Busan su idarəsində
olduq. İdarədə "Sehirli su" adlanan maraqlı bir muzey
mərkəzi yaradılıb. Muzey mərkəzi ilə nümayəndə heyətini
mərkəzin əməkdaşı Kim Su xanım tanış etdi. Muzey
mərkəzdə 1910-2008-ci illəri əhatə edən su təchizatı
sistemlərinin inkişafı ardıcıllıqla fotostendlər və
videoçarxlar şəklində əks etdirilmişdir.
Burada bizi "Ekologiya" fakültəsinin dekan əvəzi Çpnıq
Von Kim, "Ekologiya mühəndisliyi" kafedrasının müdiri Te
Holi, 3 nəfər elmlər doktoru professor, 5 nəfər ixtisas
dərsləri tədris edən fəlsəfə doktoru, laborantlar və bir
neçə magistrdən ibarət geniş tərkibdə bir heyət
qarşıladı. Tanışlıqdan sonra "Ekologiya mühəndisliyi"
kafedrasının müdiri Te Holi universitetləri haqqında
ətraflı məlumat verərək qeyd etdi ki, Cənubi Koreyada 20
milli və 140 özəl universitet fəaliyyət göstərir. Bu
universitetlər arasında Busan Universiteti öz yüksək
göstəricilərinə görə 2-ci yerdədir. Elmi məqalələrin
nəşrinə görə universitet 5-ci yerdədir. Universitet bir
neçə layihədə iştirak edir ki, tələbələr bu layihələrdə
iştirak edərək yüksək təqaüd alırlar. Bunlardan biri də
"Brain Korea -21"-dir. Universitetdə tələbələr 4
departamentdə hazırlanır. Bu departamentlərdə 230
professor- müəllim çalışır.
Tədris hazırlığına gəldikdə qeyd edək ki, tələbələr I
kursda riyaziyyat, təbiət elmləri və kompüter
proqramları keçirlər. II kursda ixtisasa giriş fənləri
tədris edilir. III - IV kurslarda ali ixtisas fənləri
keçilir. Bakalavrlar buraxılış işi, magistrlər isə
magistr dissertasiyası yazıb müdafiə edirlər.
Universitetin tədris korpusları, tələbə və subay müəllim
yataqxanaları, yüksək səviyyədə maddi - texniki bazaya
malik olan laboratoriyaları ilə tanışlıqdan sonra ilk
olaraq Busan Universiteti ilə AzMİU arasında fakültələr
səviyyəsində bir razılaşma memorandumu imzalandı.
Sonrakı mərhələdə isə daha yüksək səviyyədə, yəni hər
iki universitetin rektorları səviyyəsində anlaşma
imzalanacağı razılaşdırıldı.
Noyabrın 2-də axşam sürət qatarı ilə Daejon şəhərinə
yola düşdük. 2 milyon əhalisi olan bu şəhər də öz
gözəlliyi, memarlıq abidələri, heyrətamiz göydələnləri
ilə heç də Seul və Busandan geri qalmırdı. Bu şəhərdə
bizi "Kolon" şirkətinin vitse-prezidenti cənab Kuk
müşayiət edirdi. Nəzərdə tutulmuş plana görə, bu şəhərdə
"Koreya su işçiləri assosiasiyası" tərəfindən təşkil
olunmuş "Water Korea-2011" beynəlxalq elmi konfransında
iştirak etməli idik. Konfrans başlamazdan əvvəl ölkənin
nasos - nasos avadanlıqları, su çənləri, böyük diametrli
plastik borular, membran filtrlər, bərk tullantıları
emal edən qurğular, təbii və çirkli suları təmizləyən
kiçikhəcmli qurğular və su təchizatı - kanalizasiyaya
aid digər avadanlıq və qurğular nümayiş etdirilən sərgi
povilyonları ilə tanış olduq. Yüksək səviyyəli bu
sərgidə "Siemens", "Samsung", "Kumsul Plastik pipe", "Koreyaseals",
"Kolon" və s. kimi məşhur 158 şirkət özlərində elm və
texnikanın son nailiyyətlərini əks etdirən avadanlıq və
qurğularını baxışa çıxarmışdı.
"Water Korea - 2011" beynəlxalq konfransının açılışından
sonra bölmələr üzrə məruzələrin dinlənilməsinə başlandı.
"B-6" bölməsi üzrə ilk məruzəçi Yaşar Qəhrəmanlı oldu.
O, öz məruzəsində Azərbaycan, onun tarixi, bugünki
sürətli inkişafı, Azərbaycanın su ehtiyatları, tarixi
abidələri, flora və faunası haqqında ətraflı məlumat
verdi. Dosent Y.Qəhrəmanlı həmçinin 20 ildən çoxdur ki,
erməni qəsbkarları tərəfindən işğal edilmiş Qarabağ
torpaqlarından qovulmuş 1 milyon qaçqın və köçkünün
başına ermənilər tərəfindən gətirilən müsibətlərdən,
işğal edilmiş Qarabağ torpaqlarında erməni vandallarının
tarixi abidələri, flora və faunanı necə məhv
etmələrindən, su mənbələrini necə çirkləndirmələrindən
ətraflı danışdı.
Natiq bu həqiqətləri şərh etdikcə konfrans
iştirakçılarının simasında bir təəccüb, heyrət və bu
vəhşiliyə qarşı nifrət hiss olunurdu.
İkinci məruzəçi dosent Nüsrəddin Əliyev idi. O, özünün
sırf texniki xarakterli, bilavasitə konfransın
mövzusuna uyğun olan məruzəsində Azərbaycanın su
təchizatı və kanalizasiya sistemləri haqqında geniş
məlumat verib, bu sistemin özəllikləri, tətbiq olunmuş
qurğular, onların iş prinsipi və üstünlükləri
dinləyicilərin nəzərinə çatdırıldı. Məruzə dinləyicilər
tərəfindən maraqla qarşılanıb, müxtəlif sual-cavablarla
sona yetdi.
Bölmələr üzrə iş bitdikdən sonra bizi qəbul edən "Koreya
su işçiləri assosiasiyası"nın vitse-prezidenti
səfərimizdən çox məmnun qaldıqlarını, hər il Daejonda
keçirilən bu elmi konfransda növbəti illərdə də
Azərbaycan mütəxəssislərinin iştirak etməsini qəlbən
arzuladığını bildirdi.
Daejon səfəri bitdikdən sonra noyabrın 3-də yenidən Seul
şəhərinə qayıtdıq. Həmin gün Seulun Konkunq
Universitetində görüşdə olduq. Heyət üzvlərini
beynəlxalq məsələlər üzrə rektor müavini Kim Younqdal və
professor-müəllim heyəti qarşıladı. Cənab Kim
universitet, orada təhsilin səviyyəsi, aparılan elmi
tədqiqat işləri, çap olunmuş ədəbiyyat və s. fəaliyyət
gostəriciləri haqqında ətraflı məlumat verdi. Görüşdə
iştirak edən Azərbaycanın Koreyadakı səfirliyinin ikinci
katibi Vaqif Cəfərov çıxış edərək Konkunq Universiteti
ilə AzMİU arasında qarşılıqlı əlaqələrin qurulmasının
məqsədyönlü olmasını bildirdi. Bu haqda nümayəndə
heyətinin rəhbəri Zakir Musayev də öz fikirlərini
bildirdikdən sonra, ilkin mərhələdə memorandumların
imzalanması üçün hər iki universitetin rektorlarına
məlumat vermək qərara alındı.
Növbəti gün bərk tullantıların təkrar emalı zavoduna
səfər etdik. Bu zavod müasir texnologiyalar tətbiq
edilmiş, beynəlxalq standartlara cavab verən bir
müəssisədir. Zavodda bir - birinə bitişik şəkildə
quraşdırılmış 3 ədəd soba işləyir. Birinci sobada
ictimai - iaşə obyektlərində yaranan qida tullantıları
yandırılır. İkinci sobada təbii və çirkli su təmizləmə
məntəqələrində yaranan çöküntülər yandırılır. III sobada
isə şəhərdə yaranan çeşidlənmiş zibillər yandırılır.
Çeşidləmə zamanı ayrılmış şüşələrdən xüsusi şüşə
məmulatları, metaldan - metal məmulatları istehsal
edilir. Plastmas və əsgi materiallardan müxtəlif
oyuncaqlar istehsal edilir.
Sobalarda yaranan küldən kərpic istehsalında istifadə
edilir və müəyyən hissəsi basdırılır. Belə unikal bir
zavodun doğma Bakımızda da tikilməsinə ürəkdən şad
olardıq.
Səfərimizin sonundakı görüş bağlantı toplantısı kimi
qeyd edildi. Ambassador Doksan Novhotelinin konfrans
zalında təşkil edilmiş görüşdə iştirak edən,
səfərlərimizin təşkilində xüsusi əməyi və xidmətləri
olan "Kolon" şirkətinin vitse-prezidenti cənab Kuk-Nyun
Kyunq səfərimizin müvəffəqiyyətlə başa çatması
münasibətilə bizləri təbrik etdi.
Cavab nitqində nümayəndə heyətimizin rəhbəri Zakir
Musayev qeyd etdi ki, keçirdiyimiz görüşlərdə bizə
göstərilən diqqət və qayğını bilavasitə cənab Kukun
şəxsiyyətinə olan hörmət kimi qiymətləndiririk. Bizim
ölkələrimiz bir-birindən xeyli uzaq məsafələrdə
yerləşsələr də, qəribədir ki, tarix bizə oxşar tale
yazıb. Mənfur müqavilələr və hadisələrdən sonra bir
millət kimi iki yerə bölünmüşük. Biz də nankor qonşu
təcavüzünə məruz qalmışıq. Lakin bu dözümlü və dəyanətli
xalq özünün müstəqilliyini bərpa etmişdir. Hazırda
ölkəmiz öz dili, sərhədləri ilə beynəlxalq aləmdə
tanınır, sürətli inkişafı ilə dünyanın qabaqda gedən
ölkələri sırasındadır. Bəlkə bu bir daxili yaxınlıqdır
ki, Cənubi Koreyada ucaldılmış "Bölünmüş millət"
abidəsinin müəllifi görkəmli Azərbaycan heykəltaraşı
Ömər Eldarovdur. Hazırda ölkəmiz çox yüksək tərəqqi
yolundadır. Nə qədər yüksək inkişafda olsa da, belə
istənilən böyük bir ölkənin daim hər hansı bir sahədəsə
dost köməyinə ehtiyacı var. Biz də bu gün ölkəmizdə su
təchizatı və kanalizasiya sahəsində mövcud olan
problemləri aradan qaldırmaq üçün bir dost köməyinə
ehtiyac duyuruq.
Uzun illər yaddaşlarımızdan silinməyəcək bu unudulmaz və
səmərəli səfərimiz 5 noyabr 2011-ci il tarixində başa
çatdı. Elə həmin gün Türk hava yollarına məxsus "Boinq"
təyyarəsi ilə İstanbula, oradan da doğma Bakımıza
qayıtdıq.
Vüsalə MƏMMƏDOVA,
Nüsrəddin ƏLİYEV,
Az.MİU-nun müəllimləri
Fotolar Jalə ƏLİYEVANINDIR
Bakı-Koreya-Bakı |