Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Ötən il Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 30124 müraciət daxil olub

 

2011-ci ildə  Təhsil  Nazirliyinin  "Qaynar  xətt" xidmətinə  (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; elektron poçt ünvanı: [email protected]) 30124 müraciət daxil olub.

Müraciətlərin 27135-i telefonla, 2989-u elektron poçt vasitəsilə qəbul edilib. Daxil olmuş müraciətlərin böyük əksəriyyəti, 28893-ü (95,9 faiz) sorğu, 1231-i isə (4,09 faiz) şikayət xarakterlidir.

"Qaynar xətt" xidmətində yanvarda 910, fevralda 2107, martda 1707, apreldə 1824, mayda 2102, iyunda 4781, iyulda 4153, avqustda 2479, sentyabrda 3956, oktyabrda 2256, noyabrda 2225, dekabrda isə 1624 müraciət qeydə alınıb.

2010-cu illə müqayisədə 2011-ci il ərzində "Qaynar xətt" xidmətinə 2,3 dəfədən çox müraciət daxil olub. Bu, vətəndaşların Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə etimadının artdığını deməyə əsas verir. "Qaynar xətt" xidmətinin fəaliyyəti barədə kütləvi informasiya vasitələrində vaxtaşırı hesabatların verilməsi, nazirliyin nəşrlərində müvafiq məlumatların dərc olunması, eyni zamanda xidmətin fəaliyyətinin korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərlə əməkdaşlıq şəraitində təşkili də müraciətlərin artmasına təsir edən amillər sırasındadır.

"Qaynar xətt" xidmətinə daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, təhsil sahəsində həyata keçirilən islahatlarla valideynlər, müəllimlər, şagirdlər, tələbələr və geniş ictimaiyyət daha yaxından maraqlanır. Belə ki, bütün sorğuların təxminən 70 faizi ümumi təhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar olub. Şagirdlərin biliyinin qiymətləndirilməsi, IX və XI siniflərin sınaq və buraxılış imtahanlarının təşkili, keçirilməsi, nəticələrin öyrənilməsi ilə bağlı sorğular da çoxluq təşkil edib. Digər sorğularda bütün pillələr üzrə təhsilin təşkili və idarə edilməsi, xaricdə təhsil, müəllimlərin yaş senzi, dərs yükü, əməkhaqqının hesablanması, təhsil sənədlərinin alınması və tanınması, məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqədar məsələlər öz əksini tapıb.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan bütün sorğular diqqətlə dinlənilərək cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə nazirliyin müvafiq şöbələri və aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.

Qeyd olunduğu kimi, ötən il "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin 1231-i şikayət məzmunlu olub. Həmin şikayətlər məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə bağlıdır. Bu qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil müəssisələri ilə əlaqədardır. Müraciətlərin əksər hissəsini Bakı, bir qismini isə Sumqayıt və Şirvan şəhərlərindən daxil olan müraciətlər təşkil edir. Eyni zamanda Yardımlı, Goranboy, Abşeron, Gədəbəy, Şəki, Qəbələ, Saatlı, Şamaxı, Lerik, Lənkəran rayonlarından digər rayonlara nisbətən daha çox şikayət daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəbdaxili idarəetmədə yol verilən nöqsanlar və digər məsələlər öz əksini tapıb.

Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərdə, əsasən uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri, qızdırılması və digər problemlərdən bəhs olunur. Bu müraciətlərin çoxu Bakı, Gəncə və Sumqayıt şəhərlərindən edilib.

Digər müraciətlərdə texniki peşə təhsili müəssisələrində tədris prosesinin təşkili və idarə olunması, şagirdlərin təqaüdlərinin və müəllimlərin əməkhaqqının gecikdirilməsi və digər məsələlərdən bəhs olunur.

Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış və yay imtahan sessiyalarında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə "Qaynar xətt" xidmətinə müraciətlər edilib. Müvafiq məsələlərlə əlaqədar "Qaynar xətt" xidmətinə və Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna 2011-ci ilin yanvar və iyun aylarında daxil olan müraciətlər nazirliyin əməkdaşları, həmçinin bir sıra qeyri-hökumət təşkilatlarının könüllüləri tərəfindən araşdırılıb.

Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış və yay imtahan sessiyaları dövründə özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərin sayı dövlət ali və orta ixtisas məktəblərindən daxil olan ünvanlı şikayətlərdən daha çox olub. Fəaliyyəti dayandırılmış özəl ali təhsil müəssisələri tələbələrinin köçürülməsi ilə əlaqədar 2010-2011-ci tədris ilində də bir sıra şikayət xarakterli müraciətlər qəbul edilib.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan bütün müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində nöqsanı olanlar tənbeh edilib, töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub. İşində nöqsan aşkarlanmış təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra ümumi təhsil müəssisələrinin direktorlarına rəhbərlik etdikləri məktəblərdə mənəvi-psixoloji iqlimin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.

"Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə əsasən Ağcabədi rayonu Qiyamadinli kənd tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A.Əmrahovanın diplomlarının saxta olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Həmin müəllimlər işdən azad ediliblər. Eləcə də digər müraciətlər əsasında Bakı şəhərindəki 37 nömrəli məktəbin direktoruna xəbərdarlıq olunub, həmin məktəbin direktor müavininə və 153 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Digər müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində qaldırılmış məsələlər də həllini tapıb. Belə ki, İ.Əfəndiyev adına "Elitar" gimnaziyanın informatika müəlliminin şagirdlərin biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyi müəyyənləşdirilib və təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona töhmət verilib. Digər bir müraciətin araşdırılması nəticəsində isə şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Xəzər rayonundakı 183 nömrəli məktəbin sinif rəhbərinə ciddi xəbərdarlıq edilib.

Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi şagirdin biliyinin qiymətləndirilməsində səhvə yol verdiyi üçün ona töhmət verilib.

İşdə yol verdikləri nöqsanlara görə bir neçə nəfərə inzibati cəza tətbiq edilib. Belə ki, Bakı şəhərindəki 74 nömrəli orta  məktəbin müəlliminə töhmət, işə üzrsüz səbəbdən gəlmədiyinə görə 249 nömrəli orta məktəbin müəllimi ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib və digər inzibati cəza tədbirləri görülüb. Şikayət daxil olan digər təhsil müəssisələrinin rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Qeyd etmək lazımdır ki, araşdırmalar zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, başqa bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

2011-ci il ərzində "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər və aparılan araşdırmaların nəticələri barədə məlumatlar müntəzəm olaraq Təhsil Nazirliyinin İnternet saytında, "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində, digər mətbu orqanlarda dərc olunub. Televiziya və radio kanallarında il ərzində "Qaynar xətt" xidmətinin fəaliyyəti ilə əlaqədar 20-dən çox xəbər verilib, maarifləndirici çıxışlar təşkil edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov