Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solisti,
əməkdar artist Samir Cəfərov Naxçıvan Dövlət
Universitetində incəsənət fakültəsinin tələbələri üçün
növbəti ustad dərsi keçmişdir.
Dərsdən öncə universitetin rektoru, akademik İsa
Həbibbəyli tanınmış sənətkarı salamlayaraq Azərbaycan
vokal sənətinin, milli operanın müasir inkişaf
səviyyəsindən danışmışdır. 2002-ci ildə Prezident Heydər
Əliyevin xeyir-duası ilə Moskva şəhərində Qalina
Vişnevskaya adına Opera Mərkəzində təhsil alan, eyni
zamanda İtaliya musiqi məktəbindən də bəhrələnən, bir
çox beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə
təmsil edən Samir Cəfərovun yaradıcılığını yüksək
qiymətləndirən rektor onun bugünkü Azərbaycan vokal
sənətində zirvədə dayandığını vurğulamışdır. Qeyd
olunmuşdur ki, Samir Cəfərov Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında C.Verdinin "Traviata"
operasında Alfred rolunu, "Riqoletto" operasında Duka
rolunu, Ü.Hacıbəylinin "Koroğlu" operasında Koroğlu
rolunu müvəffəqiyyətlə yaratmış, vokal sənətini uğurla
tədris etməkdədir.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar
Respublikasının əməkdar artisti Mübariz Əsgərov
çıxışında Samir Cəfərovun onun sənət taleyindəki
rolundan, belə ustad dərslərinin keçirilməsinin
əhəmiyyətindən danışmışdır.
Samir Cəfərov çıxış edərək istedadların üzə
çıxarılmasında, onlara peşəkarlığın sirlərinin
öyrədilməsində, xalqa tanıdılmasında var qüvvəsini
əsirgəməyəcəyini bildirmişdir.
Sonra tələbələrin ifasında rəngarəng mahnılar səslənmiş,
tanınmış vokalist onlara ifaçılıqla bağlı əhəmiyyətli
tövsiyələr vermişdir. Gələcək ifaçılar səs diapazonuna
uyğun repertuar seçimi, düzgün tələffüz və vurğu,
boğazların və xırdalıqların yerli-yerində edilməsi,
səhnə mədəniyyəti ilə bağlı zəruri tövsiyələr almışlar.
Məşhur müğənninin ifa etdiyi Üzeyir Hacıbəylinin "Koroğlu"
operasından Koroğlunun ariyası, Tofiq Quliyevin sevilən
bəstələrindən olan "Qızıl üzük" mahnısı böyük sevgi ilə
qarşılanmışdır.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |