Yanvarın
19-da T.İsmayılov adına Uşaq - Gənclər Yaradıcılıq
Sarayının "Uşaq dünyası" rəsm qalereyasında 20 Yanvar
faciəsinin 22-ci ildönümünə həsr olunmuş rəsm
sərgisinin açılış mərasimi keçirildi. Təhsil Nazirliyi
və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə
təşkilatçılığı ilə açılmış sərgidə Bakının ümumtəhsil
məktəbləri və məktəbdənkənar təhsil müəssisələri
şagirdlərinin o müdhiş gecəyə həsr etdikləri rəsm
əsərləri nümayiş olunur.
Sərginin açılış mərasimində iştirak edən təhsil naziri
Misir Mərdanov 20 Yanvarın tariximizə Vətənimizin
azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni
zamanda xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi daxil
olduğunu xüsusi vurğuladı. Nazir bildirdi ki, ümummilli
liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra bu qanlı aksiya öz
siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti
dünyaya çatdırılmışdır.
Nazir çıxışında həmçinin iştirakçılara və məktəblilərə
təklif və tövsiyələrini bildirdi. Sonra məktəblilərin
rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.
Sərgidə yeniyetmə rəssamların 20 Yanvar qanlı
faciəsini rəsmlərin dili ilə əks etdirən 180-dən
artıq əsəri nümayiş olunur. Sərgi bir həftə davam
edəcək.
S.SƏFƏROVA |