Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

Milli oyanış günü

 

Bakının Xətai rayonundakı 287 nömrəli "Zəkalar" liseyində və Nizami rayonundakı 129 nömrəli orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirilmişdir.

287 nömrəli "Zəkalar" liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini Nabat Rəfiyeva bildirmişdir ki, 20 Yanvarla bağlı liseyin bütün siniflərində təşkilat saatları keçirilmişdir. Sinif rəhbərləri şagirdlərə 20 Yanvarın mahiyyəti, tarixi əhəmiyyəti barədə ətraflı məlumat vermişlər. Zalda şagirdlərə qanlı 20 Yanvar gecəsini əks etdirən fraqmentlər, sənədli süjetlər əsasında çəkilmiş "20 Yanvar" adlı video-klip nümayiş etdirilmişdir.

"20 Yanvar şəhidləri" mövzusunda V-IX siniflərarası divar qəzeti müsabiqəsində şagirdlər xüsusi fəallıq göstərmişlər. Yekunda VI "a" sinfindən Aida Məmmədovanın redaktorluğu ilə hazırlanan divar qəzeti birinci yeri tutmuşdur.

IX-XI siniflər arasında liseydə keçirilən "20 Yanvar xalqımızın qan salnaməsidir" adlı rəsm müsabiqəsində XI "b" sinfindən Gülməmməd Əhmədlinin çəkdiyi rəsm birincilik qazanmışdır. Bakı şəhər məktəbləri üzrə keçirilən eyniadlı inşa müsabiqəsində isə liseyimizin X "a" sinif şagirdi Aysel Babazadə yazdığı inşaya görə qalib seçildi və "Gəncliyə yardım fondu" tərəfindən mükafatlandırılmışdır.

V-VIII siniflər arasında "Qalx ayağa, Azərbaycan!" adlı şeir müsabiqəsində vətənpərvərlik mövzusundakı şeirlərin təsir gücünə görə VI "a" sinfindən Röyanə Əliyeva qalib seçilmişdir.

Təbii ki, bizim bu qəbildən olan bütün tədbirlərimiz mahiyyətcə bircə məqsədə xidmət edir. Tariximizi unutmayaq, onu gənc nəslə tanıdaq!

Murad Umudlu - 129 nömrəli orta məktəbin VIII "ç" sinif şagirdi:

- Dünən məktəbimizdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi. Məktəbin direktoru Əlibaba Paşayev tədbiri giriş sözü ilə açıq elan etdi. O çıxışında dedi ki, 20 Yanvar şəhidlərini tanımaq, müstəqilliyimizin, azadlığımızın tarixini tanımağa bərabər bir vəzifədir. O gecə tökülən şəhid qanları hamımızı, o cümlədən siz şagirdləri hər an mübarizəyə çağırır.

Tarix müəllimi İlham Nərimanov da, fizika müəllimi Həqiqət Əliyeva da 20 Yanvarla bağlı söylədikləri çıxışda bir fikri vurğuladılar ki, ulu öndərimiz Heydər Əliyevin dediyi kimi "Azərbaycanımızın müstəqilliyi dönməzdir, əbədidir".

Tədbirin aparıcıları - VIII sinifdən Fəridə Əliyeva və Mətin Ömərli - xalq şairi Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şeirini söylədilər.

Tədbirdə məktəbin uşaq birliyinin rəhbəri Xalidə Quliyevanın hazırladığı ssenari əsasında IX sinif şagirdləri Səidə Abbasova, Əfsanə Qurbanzadə, Məryəm Mahmudova, VIII sinifdən isə Xalidə Mehdiyeva, Zahidə Xəlilli, Fərid Abışov, Səkinə Qasımova, Nərmin Muradova 20 Yanvar şəhidlərinin həyatını əks etdirən səhnəciklər göstərdilər. "İlham və Fərizənin anaları" səhnəciyi daha təsirli idi. İlhamın və Fərizənin anaları Şəhidlər xiyabanında ağlarkən, gənc bir oğlan onlara yaxınlaşıb deyir ki, analarım, silin gözlərinizin yaşını, biz onların qanını yerdə qoymayacağıq, şəhidlərin yarımçıq qalan azadlıq arzularını biz həyata keçirəcəyik.

Həmişə müəllimlərimizdən eşidirik ki, keçmişini unudan gələcəyini qura bilməz. Odur ki, biz şagirdlər Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini həmişə uca tutmalıyıq. "20 Yanvar" hansı gündür - deyə məndən soruşsalar, "Xalqımızın milli oyanışı günüdür" - deyərəm.   

Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov