Yanvarın 31-də "Ambasador" otelində Azərbaycan
Respublikası Təhsil Nazirliyi və QİÇS, Vərəm və
Malyariya üzrə Qlobal Fondun birgə təşkilatçılığı ilə
ölkənin ümumtəhsil məktəblərində İİV/QİÇS-in
profilaktikası və sağlam həyat tərzinin
formalaşdırılması üzrə respublika konfransı keçirilib.
Təbbirdə Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması şöbəsinin
müdiri Fərzəli Qədirov, Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Milli
Məclisin deputatı Məlahət İbrahimqızı, Təhsil
Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov,
Azərbaycanda Qlobal Fondun, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, şəhər və rayon təhsil şöbələri, Respublika
QİÇS-lə Mübarizə Mərkəzi, Nəsimi Rayon İcra hakimiyyəti,
YUNİSEF, BMT, QHT nümayəndələri, orta məktəb
müəllimləri, media təmsilçiləri iştirak edirdi.
Tədbiri açaraq qonaqları təqdim edən Təhsil Nazirliyinin
şöbə müdiri, "Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab
tədbirlərinin gücləndirilməsi" layihəsinin milli
əlaqələndiricisi Fərzəli Qədirov qeyd etdi ki, Qlobal
Fondla birgə həyata keçirilən layihə təhsil sahəsində
reallaşdırılan ən unikal layihələrdən biridir. Bu
layihə ümumi təhsilin bütün pillələrini əhatə edir. I
sinifdən XI sinfə qədər tətbiq olunur. Layihənin ikinci
mühüm fərqli cəhəti barədə danışan natiq bildirdi ki,
layihənin hər bir sinif üzrə öz proqramı, hər təhsil
pilləsi üzrə vəsaiti, dərslikləri vardır ki, bu da çox
əlamətdardır. Daha bir əhəmiyyətli cəhət isə layihənin
inteqrativliyidir. Onun sözlərinə görə, sənəddə məzmun
insan üçün lazım olan bütün həyati bacarıqları özündə
əks etdirir. Bu isə o deməkdir ki, prosesdə iştirak
edən hər bir şagird sonda həyati bacarıqlara malik olmaq
imkanı əldə edir ki, təhsilin də əsas məqsədi budur.
Layihənin tarixi barədə məlumat verən Fərzəli Qədirov
diqqətə çatdırdı ki, Azərbaycan 2005-ci ildən fəal
şəkildə bu layihəyə qoşulub. Bu günə qədər həyati
bacarıqlara əsaslanan təlim kursunu tədris edən 10
mindən artıq müəllimin hazırlandığını deyən natiq bunun
layihənin ən qabarıq nailiyyətlərindən biri olduğunu
bildirdi. Layihənin əhəmiyyətindən danışan F.Qədirov
qeyd etdi ki, bizim şagirdlərimiz zəruri vərdişlərə
yiyələnməklə yanaşı, eyni zamanda bir çox zərərli
vərdişlərdən, bir çox lazım olmayan davranış
nümunələrindən, qaydalarından təcrid olunurlar. Onlar
əsl şəxsiyyət kimi formalaşır, digər uşaqlar üçün nümunə
göstərirlər.
Daha sonra çıxış edən "Azərbaycanda İİV/QİÇS-ə qarşı
cavab tədbirlərinin gücləndirilməsi" layihəsinin
əlaqələndirmə qrupunun rəhbəri Aysel Hacızadə bəhs
olunan layihənin həyata keçirilməsi tarixindən danışdı.
Azərbaycanda Qlobal Fondun İİV-lə mübarizə proqramının
nümayəndəsi Soltan Məmmədov çıxışında Təhsil və Səhiyyə
nazirliklərinin birgə əməkdaşlığının nəticəsi olaraq
həyati bacarıqlara əsaslanan təlim kursunun Qlobal
Fondun hazırladığı hesabatda xüsusi yer tutduğunu
bildirdi. Kursun uğurlu tətbiqi Qlobal Fondun
regionumuzda ən uğurlu layihələrinin siyahısına daxil
edilib. Təlim kursunun I-IV siniflərdə dərslik, yuxarı
siniflərdə fakültativ fənn kimi tətbiq olunduğunu deyən
natiq bu prosesin davamlı olduğunu və bu işdə Təhsil
Nazirliyinin böyük rolu olduğunu əlavə etdi.
Daha sonra çıxış edən YUNİSEF-in nümayəndəsi Natiq
Umarov təmsil etdiyi qurumun texniki dəstəyi ilə həyata
keçirilən həyati bacarıqlara əsaslanan təlim kursunun
reallaşdırılmasının uğurlu nəticələrindən söz açaraq
zəruriliyindən bəhs etdi.
Tədbiri son 6 il ərzində görülmüş işlərin bir növ
hesabatı kimi qiymətləndirən QİÇS-lə Mübarizə Mərkəzinin
nümayəndəsi Dilşad Mahmudova Təhsil Nazirliyi və Qlobal
Fondun birgə həyata keçirdiyi layihənin əhəmiyyətindən
danışaraq son 30 il ərzində bütün dünyanın diqqətində
olan QİÇS-lə mübarizə məsələsinin aktual olduğunu
vurğuladı.
Sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi.
Bölmələrdə həyati bacarıqlara əsaslanan təlim kursunun
həyata keçirilməsi və bu prosesdə üzə çıxan çətinliklər
müzakirə olundu.
Oruc MUSTAFAYEV |