Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

"Ana dilimizi sevək, sevdirək" mövzusunda müsabiqəyə yekun vuruldu

 

Fevralın 17-də Akademik Milli Dram Teatrında Təhsil Nazirliyi və "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən "Dilimiz varlığımızdır" devizi altında təşkil olunmuş IX ənənəvi "Ana dilimizi sevək, sevdirək" müsabiqəsinin yekun mərhələsi keçirildi. Mərasimi giriş sözü ilə açan müsabiqənin Təşkilat Komitəsinin sədri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən söz açdı.

İdarə rəisinin verdiyi məlumatdan aydın oldu ki, YUNESKO-nun 1999-cu ilin noyabrında elan etdiyi Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi sevək, sevdirək" müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən "Çağ" Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri tərəfindən  2004-cü ilin fevral ayından başlayaraq hər il keçirilir. Müsabiqənin keçirilməsində məqsəd keçmişdən bizə miras qalan ən təkmil, mükəmməl dil səviyyəsinə qalxmış sərvətimizi, milli dəyərimiz  olan ana dilimizi gələcək nəslə çatdırmaqdır.

Bu müsabiqə əvvəlki  illərdə Azərbaycanda fəaliyyət göstərən Azərbaycan-Türkiyə Özəl  Liseyləri arasında təşkil olunurdu. İnşa və qrammatika nominasiyaları üzrə keçirilən müsabiqədə yalnız bu liseylərdə təhsil alan VII-XI sinif şagirdləri iştirak edirdi. 2006-cı ildə ilk iki kateqoriyaya İnternet səhifəsi hazırlamaq, mahnı, şeir nominasiyaları da əlavə olundu və müsabiqə 2008-ci ildən artıq respublika səviyyəsində keçirilməyə başladı. Qaydaya əsasən, inşa, qrammatika, İnternet səhifəsi hazırlamaq üzrə yarışlarda IX-XI sinif şagirdləri, mahnı və şeir üzrə müsabiqələrdə isə VII-XI sinif şagirdləri iştirak edirlər.

Arif Gömləksiz diqqətə çatdırdı ki, dörd mərhələdən ibarət olan (məktəbdaxili, rayon (şəhər), yarımfinal və respublika) müsabiqənin qrammatika, inşa, İnternet səhifəsinin hazırlanması kateqoriyaları üzrə yarışlara artıq yekun vurulub və qaliblər müəyyənləşdirilib.

Daha sonra mahnı və şeir nominasiyaları üzrə iştirakçılar səhnəyə dəvət olundular. 9 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə şeir nominasiyası üzrə müsabiqədə Mirvarid Dilbazinin "Azərbaycan" şeirini söyləyən  Gəncə şəhər 39 nömrəli tam orta məktəbin şagirdi Tünzalə Allahverdiyeva I yerə layiq görüldü. Mahnı kateqoriyasında isə Bəhram Nəsibovun "Qal, sənə qurban" mahnısı ilə salonu coşduran Ağdaş rayonu Tofiqi kənd tam orta məktəbinin şagirdi İsmayıl İsgəndərov qalib seçildi. Şeir kateqoriyası üzrə İlham Quliyev (Sumqayıt) II, Nigar Bayramova (Mingəçevir) III, mahnı kateqoriyası üzrə Əli Əliyev (Bakı) II, Zeynəb Abdullayeva (Gəncə) III yerə sahib çıxdılar. Müsabiqə qaliblərinə qızıl, gümüş, bürünc medallarla yanaşı, pul mükafatı və xüsusi sertifikat, habelə digər hədiyyələr verildi.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov məktəblilərin ifalarının iştirakçılara həyəcanlı anlar yaşatdığını söylədi. "Dili sevənlər çoxdur, lakin onu sevdirməyi də bacarmaq lazımdır" - deyən Q.Novruzov bu baxımdan ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etdi. Bildirdi ki, dilimiz məhz ümummilli liderimizin sayəsində bütün dünyada daha çox tanınıb. Belə müsabiqələrin ana dilimizin dərindən öyrənilməsində və sevilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan təhsil nazirinin müavini bu ənənəni yaşadan "Çağ" Öyrətim  İşlətmələri Şirkətinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev də bu tədbirin dilin mükəmməl öyrənilməsində və təbliğində önəmli rol oynadığını dedi.

"Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərənin çıxışında qeyd olundu ki, bu dil mahnı, şeir dili ilə daha çox sərhədlər aşmağa qadirdir. Hansı ölkədə olmağımızdan asılı olmayaraq, dilimizi yaşatmalı, onu dünyaya sevdirməliyik: "Zənnimcə, bu istiqamətdə "Ana dilimizi sevək, sevdirək" müsabiqəsi öz sözünü deyə bilir. Belə ki, bu yarışmanın qalibləri hər il Türkiyədə keçirilən Türkcə Olimpiadası çərçivəsində Azərbaycanı təmsil edir, orada ölkənin mənəvi dəyərlərini dünyaya təqdim edirlər".

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov