Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Vaqif Mustafayev təkcə rejissurada deyil, jurnalistika sahəsində də yenilik, cəsarət və professionallıq nümayiş etdirib

 

Fevralın 29-da xalq artisti, tanınmış rejissor Vaqif Mustafayevə Azərbaycan Mətbuat Şurasının (MŞ) və Dialoq Avrasiya Platformasının birgə təsis etdiyi "Həqiqətə xidmətlərinə görə" mükafatı təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, V.Mustafayev bu mükafata ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən silsilə filmlərinə görə layiq görülmüşdür.

Əvvəlcə tədbir iştirakçıları filmlərdən parçalara baxmışlar.

Bu ekran əsərində hadisələr M.Qorbaçov - Heydər Əliyev münasibətlərindən, ötən əsrin sonuncu dekadasında Qorbaçov-erməni güruhunun ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması prosesinə rəhbərlik etməsinə mane olmaq məqsədilə xalqımıza qarşı həyata keçirilmiş bəşəri cinayətlərdən bəhs edir.

Mərasimdə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov bu filmlərin Vaqif Mustafayevin ilk ekran əsəri olmadığını bildirmişdir. Tədbir iştirakçılarına sənətkarın yaradıcılığı haqqında ətraflı məlumat verən şura sədri onun yaradıcılığının xarakterik cəhətləri barədə də danışmışdır. Bildirilmişdir ki, V.Mustafayev bu mükafata Dialoq Avrasiya Platforması layihəsi çərçivəsində "jurnalistika sahəsində xüsusi xidmətlərinə görə" nominasiyası üzrə layiq görülmüşdür.

Ə.Amaşov ümummilli liderin şəxsiyyətinin bütün əzəməti ilə bir daha göz önündə canlandırıldığı bu filmləri həm də müstəqil tele-jurnalist araşdırması kimi dəyərləndirmişdir. O vurğulamışdır ki, V.Mustafayev təkcə rejissurada deyil, jurnalistika sahəsində də yenilik, cəsarət və professionallıq nümayiş etdirmişdir. Qorbaçov kimi bir siyasətçidən bu həqiqətləri almağın heç də asan olmadığını bildirən Ə.Amaşov, bu filmləri həm də yeganə etiraf sənədi kimi dəyərləndirmişdir. Şura sədri bu ekran əsərlərinin tarixi bir material olaraq orta məktəblərdə tədris edilməsini təklif etmişdir.

Təhsil naziri Misir Mərdanova rejissorun 11 filminin cəmləşdiyi disklər təqdim olunmuşdur. Tədbirdə çıxış edən nazir tədris prosesində onlardan dərs vəsaiti kimi istifadə ediləcəyini qeyd etmişdir. M.Mərdanov orta və ali məktəblərdə, həmçinin Vaqif Mustafayev yaradıcılığının öyrəniləcəyini də vurğulamışdır. Nazir bu filmlərin jurnalistlər üçün də dəyərli bir dərs vəsaiti olduğunu, jurnalistika fakültəsində tədris edilməsinin vacibliyindən danışmışdır.

M.Mərdanov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin şəxsiyyəti zamana və məkana sığmır. Barəsində çəkilmiş istənilən film, istənilən sənət əsəri də bu dahi insanın şəxsiyyətinin müxtəlif məqamlarını parlaqlığı ilə əks etdirmək gücündə deyildir. O vurğulamışdır ki, onun fəaliyyətinin tam dolğun şəkildə ifadə olunmasının da zamana ehtiyacı vardır. Nazir seyr edilən kadrların tariximizin ulu öndərlə bağlı çox mühüm hissəsi ilə bağlı olduğunu və bu tarixdən ibrət götürməyin, nəticə çıxarmağın vacibliyini qeyd etmişdir.

Mərasimdə çıxış edən Dialoq Avrasiya Platformasının Azərbaycandakı əlaqələndiricisi Mustafa Saatçı ən vacib məsələlərin və problemlərin həllində, o cümlədən həqiqətlərin üzə çıxarılmasında dialoqun böyük rolu olduğunu bildirmişdir. V.Mustafayevin filmlərdə təqdim etdiyi tarixi müsahibələrində dialoqdan çox ustalıqla, xalqın və millətin mənafeləri baxımdan çıxış etdiyi bildirilmiş və ən böyük uğur kimi qiymətləndirilmişdir.

Tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov V.Mustafayevin filmlərinin bütün dövrlər üçün nəzərdə tutulduğunu, əbədi xarakter daşıdığını vurğulamışdır. Bildirilmişdir ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondadır ki, ona həsr edilən hər bir sənət əsəri önəmlidir. Bu baxımdan V.Mustafayevin bu ekran əsərləri də xüsusi əhəmiyyətə malikdir. İkinci məsələ isə həmin dövrün özünün, hadisələrinin vacibliyi, üçüncüsü isə peşəkarlıqdır. B.Sadıqov filmlərdə qarşıya qoyulmuş məqsədə tam nail olunduğunu, olduqca zəruri olan həqiqətin üzə çıxarıldığını diqqətə çatdırmışdır.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları V.Mustafayevin filmlərinin əhəmiyyətindən danışmışlar. Qorbaçovun Azərbaycana və dahi şəxsiyyət Heydər Əliyevə göstərdiyi qərəzi açıq-aşkar əks etdirən bu silsilə filmlər toplusunun məziyyətləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, bu ekran əsərləri dəyərli bir jurnalist tədqiqatıdır.

Sonda çıxış edən Vaqif Mustafayev onun əməyinə verilən qiymətə görə Mətbuat Şurasına və Dialoq Avrasiya Platformasına təşəkkürlərini bildirmişdir. Bu filmlərin heç də asanlıqla ərsəyə gəlmədiyini bildirən sənətkar, bunun ağır və riskli bir iş olduğunu demişdir. Vaqif Mustafayev ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən bu silsilə filmlərin dünyanın bir çox dillərinə tərcümə olunduğunu da diqqətə çatdırmışdır.

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov