Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

Alma ağacının cazibəsi

 

İsaak Nyutonun möcüzəvi kəşfi 

Böyük Britaniya dünya elminə bəxş etdiyi  bir sıra elm dühaları ilə fəxr edə bilər. Onlardan biri fizikanın əsas qanunlarını kəşf etmiş  İsaak Nyutondur.    Riyaziyyatçı, mexanik, astronom və fizik, London Kral Cəmiyyətinin üzvü (1672), 1703-cü ildə prezidenti  olmuş İsaak Nyuton müasir fizikanın əsasını qoyanlardan biri olaraq  mexanikanın əsas qanunlarını müəyyən edərək mexanika əsasında bütün fiziki hadisələrin izahını verib. Ümumdünya cazibə qanununu kəşf edərək planetlərin Günəş və Ayın Yer ətrafında hərəkətini tədqiq edib. O, fiziki optika, akustika və bərk mühitlərin mexanikasının əsasını qoyub. 1678-ci ildə "Natural fəlsəfənin riyazi əsasları", 1704-cü ildə "Optika" fundamental elmi əsərlərini çap etdirib. Nyuton (Qotfrid Leybnitsdən asılı olmadan)   diferensial və inteqral hesablamanı işləyib hazırlayıb. İşığın dispersiyası, xromatik aberrasiyanı kəşf edib, interferensiya və difraksiya hadisələrini tədqiq etmiş, işığın korpuskulyar nəzəriyyəsini inkişaf etdirmiş, korpuskulyar və dalğa təsəvvürlərinin uyğunluğunu özündə ehtiva edən hipotezi irəli sürmüşdü.   Nyutonun işləri o dövrün ümumi elmi səviyyəsini qabaqlayırdı, müasirləri tərəfindən çətin anlaşılırdı.  

Uşaqlıq illəri 

İsaak Nyuton 1643-cü il yanvarın 4-də Likolnşir qraflığında,  Qrantema şəhəri yaxınlığında kiçik bir kənddə xırda fermer ailəsində doğulub. Atası İsaakın doğulmasına 3 ay qalmış vəfat edib. Çağa vaxtından qabaq doğulduğundan həddən artıq zəif olub. Çoxları onun yaşayacağına inanmırdı. Əfsanəyə görə, onu  qoyun dərisindən tikilmiş əlcəyə qoyublar, o, bir dəfə yerə düşüb və başı əzilib. 3 yaşı tamam olanda anası ikinci dəfə ərə gedib. Balaca İsaak nənəsinin himayəsində qalıb. İsaak tez-tez xəstələnib, adamyovuşmazlığı ilə seçilib və həddən artıq xəyalpərəst olub. Onu daha çox poeziya və rəssamlıq maraqlandırırdı. O, həmyaşıdlarından uzaqda kağızdan çərpələng düzəldərdi, bir dəfə külək dəyirmanı, su saatı  icad etmişdi.  Öz ixtiraları ilə çoxlarını heyrətləndirirdi. İbtidai  məktəb həyatı Nyuton üçün olduqca ağır keçib.  Pis oxuyurdu, olduqca zəif uşaq idi, bir dəfə sinif yoldaşları onu huşu itənə qədər döymüşdülər.  Təbiətcə xudbin olan İsaak üçün bu cür təhqiredici vəziyyətə dözmək olduqca çətin idi. Və onun qarşısında yeganə bir yol qalırdı: təhsildə uğurları ilə həmyaşıdlarından seçilmək və onlara nümunə olmaq.  Çox gərgin səylərdən sonra İsaak oxuduğu sinifdə birinci oldu.

Texnikaya maraq Nyutonu təbiət hadisələri üzərində fikirləşməyə məcbur edirdi. Bir dəfə dayısı ibtidai sinif şagirdini əlində kitab dərin fikirlərə qərq olduğu halda müşahidə edib. İsaakın əlindəki kitaba nəzər salan dayısı onu öz yaşına tamamilə uyğun gəlməyən mürəkkəb riyazi məsələlərə maraq göstərdiyini görüb və anasından  İsaakın təhsilini davam etdirməsi arzusunu nəzərə almasını xahiş edib. Ciddi hazırlıqdan sonra İsaak 1661-ci ildə Kembric Kollecinə  daxil olub.    

Elmi yaradıcılığın başlanğıcında 

Kembricdə oxuduğu ilk 6 il ərzində İsaak bütün kollec dərəcələrini keçib. Onun bütün gələcək kəşfləri bu illərdə hazırlanıb. 1665-ci ildə İsaak incəsənət magistri olub. İsaak Nyuton bu illərdə indiki dispersiya hadisəsi üzrə ilk təcrübələrini aparıb. Bu təcrübələr (mindən artıq) klassik eksperimentlər hesab olunur və bu gün də məktəb və institutlarda təkrar olunur. Bütün tədqiqatların əsasında işığın fiziki təbiətini anlamaq səyləri dururdu.

1668-ci ildə Nyuton Kembricə qayıdıb və tezliklə Lukask riyaziyyat kafedrasına rəhbərlik  ona həvalə olunub. Ona qədər bu kafedraya müəllimi İsaak Barrou rəhbərlik edib. Barrou sevimli tələbəsini maddi cəhətdən təmin etmək üçün kafedranı ona güzəştə  gedib.  Nyuton artıq diferensial və inteqral hesablamanın müəllifi idi. Bu dövr alimin həyatında ən məhsuldar illər olub. 1660-1667-ci illərdə onun əsas ideyaları, eləcə də ümumdünya cazibə qanunu öz təsdiqini tapıb. Yalnız nəzəri tədqiqatlarla kifayətlənməyən Nyuton bu illərdə teleskop-reflektor (əksetdirici) icad edib. O öz teleskopunu təkmilləşdirərək ikinci belə bir cihaz hazırlayır. Bu cihaz onun London Kral Cəmiyyətinin üzvü seçilməsinə əsas verir. Lakin Nyuton çoxlarının yalnız  arzu edə biləcəyi bu imkandan imtina edir, bunu üzvlük haqqını ödəyə bilməsi üçün maddi imkanlarının olmaması ilə izah edir. Lakin Nyutonun  elmi xidmətlərini nəzərə alan cəmiyyət onu üzvlük haqqından azad edərək istisna hal kimi dahi alimi öz sıralarına qəbul edir.     

Onun ilk elmi işləri işıq şüalarının tədqiqi ilə bağlı idi. Çoxillik işlər nəticəsində Nyuton müəyyən etmişdi ki, ağ Günəş şüası çoxsaylı rənglərin qarışığından ibarətdir. Alim sübut etmişdi ki, prizmanın köməyi ilə ağ rəngi onun tərkib hissələrinə  ayırmaq olar. Nazik lövhələrdə işığın sınma hadisəsini öyrənərkən alim elmdə "Nyuton həlqəsi" adlandırılan difraksiyanı  müşahidə edib. Bu kəşfin əhəmiyyəti tam dolğunluğu ilə yalnız XIX əsrin ikinci yarısında dərk olunub.

1666-cı ildə Kembricdə taun epidemiyası başlayıb. Və Nyuton doğulduğu  Vulstorp kəndinə köçüb. Burada sakit kənd həyatına başlayan 24 yaşlı alim əli altında heç bir kitab, heç bir cihaz olmadan, az qala tərkidünyalıq həyatı yaşayaraq dərin fəlsəfi fikirlərə qərq olub. Bu fikirlərin bəhrəsi ümumdünya cazibə qanununu kəşf etməsi oldu. Akademik V.Vernadski Nyutona həsr olunmuş kitabında yazır: "Bir yay günü idi. Nyuton bağda açıq havada oturaraq düşünməyi  çox sevirdi.  Rəvayətə görə, yetişmiş almanın yerə düşməsi Nyutonun düşüncələrinə son qoyub. Məşhur alma ağacı  nəsildən nəslə qorunub, sonralar quruyub, kəsilərək oturacaq kimi tarixi abidəyə çevrilib. Nyuton çoxdan idi ki, cismlərin düşməsi barədə düşünürdü və mümkündür ki, almanın yerə düşməsi onu bir daha düşüncələrinə sövq etmişdi. Sonralar Nyuton yazırdı ki, ümumdünya  cazibə qanunu formulunu Keplerin məşhur qanunlarının öyrənilməsi nəticəsində əldə edib".    

Məşhur rus pedaqoqu K.Uşinski bu hadisədə dərin məna olduğunu yazırdı: "Nyuton kimi dahi lazım idi ki, almanın birdən yerə düşməsinə təəccüblənəsən".  

Nəhənglərin çiyinlərində duran dahi 

Nyuton 1701-ci ildə parlamentin üzvü,  1703-cü ildə isə İngiltərə Kral Cəmiyyətinin prezidenti seçilib. Nyuton utancaqlığı və təvazökarlığı ilə seçilib, hələ sağlığında söhrət və nüfuz qazanmısdı. O,  təvazökarlıqla deyirdi: "Hamının məni nə hesab etdiyini bilirəm, lakin özüm-özümə dəniz qırağında oynayan və hamar daş, yaxud adi görkəmdə olmayan gözəl balıqqulağı tapanda sevinən uşaq kimi görünürəm, halbuki qarşımda tədqiq edilməmis böyük okean durur".

O, uzun müddət öz elmi kəşflərini dərc etdirməyə belə qərar verə bilməyib, hətta özünün ölməz "Başlanğıc" betsellerinin bəzi hissələrini belə məhv etməyə cəhd edib. Bir dəfə Nyutondan xahiş edirlər ki,  bəzi elmi işlərinin Kral Elmi Cəmiyyəti tərəfindən dərc olunmasına icazə versin. Alim bir şərtlə razılıq verib ki, bu elmi işlərin  müəllifinin adı göstərilməsin. Bu məsələ ilə bağlı yaranmış anlaşılmazlığı isə  o, belə izah edib: "Məşhurluq yalnız mənim tanışlarımın dairəsini genişləndirə bilər,  mən isə onların sayını hər vasitə ilə məhdudlaşdırmağa çalışıram"... "Əgər mən  başqalarından fərqli olaraq daha uzağı görmüşəmsə, bu ona görədir ki, nəhənglərin çiyinlərində durmuşam".  Alim tələbələrinə deyirdi: Elmləri öyrənərkən nümunə daha faydalı qaydadır. Bildiklərimiz bir damla, bilmədiklərimiz okeandır.  Bilik real və yenilməz quvvədir. Məhz bilik sərvət və kapitaldır. Böyük yaradan biliyi seçmə adamlara verir.

Böyük alimlə onun yaşlı çağında tanış olan doktor Pemberton bu dahinin təvazökarlığından heyrətləndiyini yazırdı.  Onun sözlərinə görə, Nyuton həddən artıq gülərüzlü idi, digər dahilərə məxsus olan bir sıra məziyyətlər ona yad idi. O, hər bir cəmiyyətə çox uğurla uyğunlaşa bilirdi və onda heç bir təkəbbürlük əlaməti yox idi.

Həyatının son günlərində Nyuton həddən artıq varlanıb və o, pul paylayırdı. Əvvəllər isə özünün daha çox pula ehtiyacı olduğu vaxtlarda da  o, yaxınlarına və uzaq qohumlarına əl tuturdu. Nyuton ibadət etdiyi kilsəyə böyük miqdarda pul bağışlamışdı,  gənc tələbələrə də çox vaxt pul yardımı göstərirdi.

Bir dəfə Nyutondan soruşurlar ki, necə oldu ki, siz bu qanunları  bu qədər uzun müddətə ifadə etdiniz? Böyük alim cavab verib ki, onun qanunları çox sadədir, o, bu qanunları çox tez ifadə edib, lakin bundan ötrü xeyli düşünməyə məcbur olub.  

Nyutonun xəstəliyi 

1689-cu ildə anası yatalaq xəstəliyindən vəfat edib. Son günlərində gecə-gündüz anasının yanında olan alim özü ona dərman verib, türkəçarə dərmanlar hazırlayıb, anasına hər hansı xəstə baxıcısından daha yaxşı qulluq edib. Lakin anasının həyatını xilas etmək mümkün olmayıb və bu itki böyük alimi dərindən sarsıdıb. Ola bilsin ki, bu faciə onun sonradan əsəb xəstəliyi keçirməsinə səbəb olub. 

Daimi əsəbi və zehni gərginlik onunla nəticələndi ki, 1692-ci ildə Nyuton  yatağa düşdü. Onun bu vəziyyətə düşməsinə baş vermiş yanğın nəticəsində bütün əlyazmalarının məhv olması da səbəb ola bilərdi. Hər zaman maddi çətinlik hissi şübhəsiz ki, onun xəstəliyinin digər səbəblərindən biri idi.   Buna görə də İsaak Nyuton Kembricdə professor vəzifəsində işləməklə yanaşı, həm də zərbxanada nəzarətçi kimi işləməli olub. İşə xüsusi məsuliyyətlə başlayan İsaak tezliklə nəzərəçarpan uğurları sayəsində direktor təyin edilir. Lakin zərbxananın direktoru vəzifəsini müəllimlik fəaliyyəti ilə yanaşı davam etdirmək tamamilə mümkünsüz idi. 1701-ci ildə Nyuton Londona köçüb.  O vaxta qədər isə elmin zirvəsini fəth etmişdi. 1705-ci ildə ona əsilzadə titulu verilir. Böyük mənzili, 6 nökəri, fayton-arabaya malik olmasına baxmayaraq, İsaak yenə də tənha idi. Elm sahəsində fəal axtarışlar dövrü artıq arxada qalmışdı. İsaak Nyuton indi yalnız "Optika" və "Başlanğıc" kitablarının  yenidən nəşri ilə kifayətlənməli oldu.

Dahi fizik 1727-ci il martın 31-də Londonda vəfat edib. O, İngiltərənin görkəmli şəxsiyyətlərinin dəfn olunduğu Vesminster abbatlığında torpağa tapşırılıb. Onun dəfn günü ölkədə milli matəm elan olunub. Nyutonun elmi yaradıcılığı fizikanın inkişaf tarixində müstəsna rol oynayıb.  Eynşteyn onun haqqında demişdi: "Nyuton ilk dəfə təbiətdə gedən prosesləri yüksək dərəcədə dəqiqlik və bütün təfərrüatları ilə müəyyən edən elementar qanunları kəşf etməyə cəhd etmiş alimdir".  Beynəlxalq Vahidlər Sistemində qüvvə vahidi onun şərəfinə nyuton adlandırılıb.

 

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov