Bu günlərdə ABŞ-ın Kaliforniya ştatının Montre şəhərinin
nümayəndə heyəti Lənkəranda olmuşdur. Lənkəran Dövlət
Universiteti ilə tanışlıq amerikalı qonaqlarda xoş
təəssürat oyatmışdır.
Qonaqlar universitetin auditoriyaları və tədris
laboratoriyaları ilə tanış olmuş, professor-müəllim
heyəti və tələbələrlə görüşüb söhbət etmişlər. Məlumat
verildi ki, Lənkəran Dövlət Universiteti fəaliyyət
göstərdiyi 20 il ərzində böyük inkişaf yolu keçərək,
respublikanın cənub bölgəsində elm, təhsil və mədəniyyət
mərkəzinə, mənəvi tərbiyə məktəbinə çevrilmişdir. Bu gün
Lənkəran Dövlət Universitetində 1600-dən çox tələbə
təhsil alır, 200-dən çox professor-müəllim heyəti
çalışır. Vaxtilə 2 fakültədən ibarət olan Lənkəran
Dövlət Universiteti indi 4 fakültəni, 11 kafedranı, 3
tədris laboratoriyasını, 50 min nüsxədən çox kitab fondu
olan zəngin kitabxananı, geniş tədris korpusunu
birləşdirən təhsil müəssisəsidir. Universitetin
beynəlxalq əlaqələri ildən-ilə genişlənir.
Moskva, Novosibirsk, Kiyev, Berlin, Bonn, Strasburq
universitetləri kimi dünyanın qabaqcıl ali məktəbləri
ilə tələbə-müəllim və elmi tədqiqatlar mübadiləsi
aparılır.
ABŞ-ın Kaliforniya ştatının Montre şəhəri kənd
təsərrüfatı elmi-tədqiqat stansiyasının rəisi Erik
Lauritzen və Montre şəhərinin bələdiyyə şurasının üzvü
Nensi Selfric görüş üçün minnətdarlıqlarını bildirmiş,
suallara cavab vermişlər.
Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti
Mətbuat və informasiya xidmətinin rəhbəri |