Tanrının
ona ilk hədiyyəsi Səməd Vurğun torpağında dünyaya göz
açması oldu. 1937-ci ilin 1 aprelində Qazax rayonunun
Çaylı kəndində, mayası halallıqla yoğrulmuş, zəhmətkeş,
saf mənəviyyatlı, sadə bir ailədə doğulan Mirzəli
İsmayıl oğlu Murquzov saz və söz aləmində, pedaqoji
fikrin günü-gündən sürətlə təşəkkül tapdığı bir yerdə
böyüdü, yetişdi və püxtələşdi. Nağıllarda olduğu kimi
ailədə yeddi qardaş, bir bacı idilər. Görünür buna görə
də yeddi rəqəmi həftənin yeddi günü, işığın yeddi rəngi,
səsin yeddi ahəngi, "göyün yeddi qatı", kristalların
yeddi sistemi kimi onun həyatına daxil oldu. Həyatında
baş verən bir sıra hadisələr yeddi rəqəmi ilə bağlı oldu.
Yeddi qardaşın yaşca ən kiçiyi idi. Atası İsmayıl
kişinin qucağına alıb, əzizlədiyi yeganə oğlan uşağı da
o idi. Dünyaya böyük şəxsiyyətlər verən Qazağın
havasından udub, suyundan içərək böyüdü. Uşaqkən xəlvəti
şeirlər də yazmağa başladı. Tanıyanlar əsl söz-sənət
bulağından bəhrələnən gənc Mirzəlinin ədəbiyyatçı
olacağını düşünürdü. Lakin necə deyərlər "sən saydığını
say, gör fələk nə sayır", o, tamam başqa peşəni seçdi.
Həmin seçim onu ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ)
fizika-riyaziyyat fakültəsinə gətirib çıxardı. Bu
seçimin əsas səbəbkarı isə onun böyük qardaşı, Gəncə
Pedaqoji İnstitutunun riyaziyyat və onun tədrisi
metodikası kafedrasının müdiri, mərhum professor Nəcəf
Murquzov olmuşdu. Nəcəf müəllimi bir ideal kimi qəbul
edən gənc Mirzəli onun kimi alim-pedaqoq olmağı
qarşıya məqsəd qoymuşdu.
1962-ci ildə ADPU-nu uğurla bitirdikdən sonra o, Ukrayna
EA-nın Materialşünaslıq İnstitutunun aspiranturasına
daxil oldu. Akademik B.V.Samsonovun rəhbərliyi altında
müxtəlif kristal maddələrin fiziki xassələri ilə atom
quruluşu arasında əlaqəni tədqiq etməyə başladı. O, ilk
dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə
əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və
fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma
effektinin rolunu müəyyənləşdirdi. Gərgin əməyin
nəticəsi olaraq M.Murquzovun maddənin xassəsi ilə
elektron quruluşu arasındakı əlaqəyə həsr olunmuş elmi-tədqiqat
işi onun elmi rəhbəri tərəfindən ilin ən yaxşı işi hesab
edildi və bu barədə Ukraynanın mərkəzi qəzeti olan "Radianskaya
Ukrayna" geniş informasiya verdi. Yeri gəlmişkən qeyd
edək ki, çox sonralar kafedranın seminarında
Q.Səfərəliyev GaSb-da mənşəyi məlum olmayan p-tip
keçiricilikdən məruzə etdikdən sonra elmi mübahisələr
nəticəsində məhz M.Murquzov elektron konfiqurasiyası
modeli ilə bu mənşəyin düzgün izahını verdi. Sonradan
həmin iş Moskvada keçirilən beynəlxalq simpoziumun
gündəliyinə daxil edildi və mütəxəssislər tərəfindən
yüksək qiymətləndirildi.
Vətənə qayıtdıqdan sonra aktuallığı ilə seçilən elmi
işlərini davam etdirir. Onun təkidi ilə Azərbaycanda ilk
dəfə Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya
İnstitutunda lantanoidli materialların tədqiqinə
başlanır. Bu institutda sırf həmin sahənin tədqiqi ilə
məşğul olan xüsusi laboratoriyanın yaradılması təklifini
irəli sürür. İndi belə materialların tədqiqi ilə MEA-nın
Fizika, Radiasiya Problemləri institutlarında, aparıcı
təhsil müəssisələrindən olan BDU, ADPU, AzTU, SDU və
digərlərində intensiv tədqiqat işləri aparılır.
Lantanoidlərin oxşar elektron quruluşlarına görə
onların fərdi xüsusiyyətlərinin dəqiq araşdırılaraq
sistemləşdirilməsi problemlərinin həllində onun müstəsna
xidmətləri vardır. Aldığı elmi nəticələrlə bir sıra
xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda
iştirak edərək ixtisasçı alimlərin böyük marağına səbəb
olmuşdur. Məhz Mirzəli müəllim lantanoidlərin iştirak
etdiyi çoxkomponentli mürəkkəb birləşmə və bərk
məhlulların tədqiqilə məşğul olan, özünün məktəbi olan,
respublikamızda və ondan kənarda öz dəst-xətti ilə dünya
elmi ictimaiyyəti tərəfindən tanınan və qəbul edilən
görkəmli alimlərimizdəndir. Onun işlərində istifadə
olunan istinadlar dediklərimizə parlaq misaldır.
Elmi tədqiqat işi ilə yanaşı, öz biliyini gənclərə
vermək, gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak
etmək arzusu onu rahat buraxmırdı. Məhz bu arzu 1969-cu
ildə onu təhsil aldığı ali məktəbə - ADPU-ya gətirib
çıxardı. Müsabiqə yolu ilə institutun ümumi fizika və
astronomiya kafedrasına baş müəllim vəzifəsinə seçildi.
Kafedraya gəldiyi ilk gündən o, kollektivin həyatında
fəal iştirak etməyə başladı, müəllim və tələbə heyətinin
böyük məhəbbətini və rəğbətini qazandı.
M.Murquzov 1981-ci ildə V.Kansukas adına Vilnüs Dövlət
Universitetinin ixtisaslaşmış müdafiə şurasında "Lantanoidlərin
iştirakı ilə mürəkkəb yarımkeçiricilərdə valent
elektronların vəziyyəti" mövzusunda doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi və 1982-ci
ildə elektrik və optika kafedrasının müdiri vəzifəsinə
seçildi. Kafedra müdiri kimi o, kafedrada tədris
laboratoriyalarının yenidən qurulması və yeni cihazlarla
təchiz olunması, yeni laboratoriya işlərinin qurulması
və elmi tədqiqat işlərinin genişləndirilməsi sahəsində
xüsusi fəaliyyət göstərdi. Yeni elmi tədqiqat
laboratoriyaları yaradılır, kafedranın bütün əməkdaşları
elmi tədqiqat işinə cəlb olunur. Məhz bu tədbirlərin
nəticəsində Mirzəli müəllimin kafedra müdiri olduğu
dövrdə 4 nəfər elmlər doktoru, 15 nəfər elmlər namizədi
alimlik dərəcəsi almışdır. 1996-cı ildə universitetin
fizika fakültəsinin dekanı vəzifəsinə seçildikdən sonra
Mirzəli müəllimin pedaqoji fəaliyyət dairəsi bir az da
genişləndi. O, bütün kafedraların fəaliyyətinin
gücləndirilməsində, tələbə kollektivinin dərslərə
müntəzəm davamiyyətinin təşkilində xüsusi səy göstərməyə
başladı.
Professor M.Murquzovun əmək fəaliyyətini elmi, pedaqoji
və ictimai kimi üç qrupa ayırmaq olar. Səmərəli elmi
axtarışları ilə yanaşı, kadr hazırlığı sahəsindəki
fəaliyyəti də təqdirəlayiqdir. O, bir alim kimi müxtəlif
ölkələrin elmi jurnallarında və məcmuələrində nəşr
olunmuş 250-dən artıq elmi əsərin müəllifi, on bir
aspirantın rəhbəri, iki doktorantın məsləhətçisi olmuş,
çoxsaylı dissertasiya və avtoreferatlara rəylər
vermişdir. O, eyni zamanda kafedranın nəzdindəki elmi-tədqiqat
laboratoriyasının rəhbəri kimi yarımkeçirici
kristalların alınması və tədqiqi sahəsində xüsusi
fəaliyyət göstərmişdir. AIVBVI
tipli binar birləşmələr əsasında nadir torpaq
metallarının iştirakı ilə alınmış sistem ərinti və
birləşmələrində defektlərin təbiətinin, elektron-fonon
proseslərinin öyrənilməsi professor M.Murquzovun elmi
yaradıcılığında xüsusi yer tutur. Onun rəhbərliyi
altında IV qrup halkogenidləri ilə lantanoid
halkogenidləri sistemlərinin qarşılıqlı təsirləri
öyrənilmiş, kompleks fiziki-kimyəvi analizlərinin
nəticələri əsasında bu sistemlərin hal diaqramları
qurulmuş, tədqiqat nümunələri sintez edilmiş,
monokristalları yetişdirilmişdir. Alınan nümunələrdə
daşınma hadisələri, fotoelektrik və optik xassələri
geniş temperatur intervalında tədqiq olunmuş, onlara
müxtəlif mənşəli şüaların təsiri öyrənilmiş, alınan
nəticələr təhlil edilmiş, onların fiziki xassələrinin
formalaşmasına lantanoidlərin tam dolmamış daxili 4f
təbəqə elektronlarının dolma ardıcıllığının təsiri
araşdırılmış, fərdi xüsusiyyətləri təhlil edilmiş və
onlar əsasında müxtəlif elektron cihazların hazırlanması
mümkünlüyü, tətbiq olunma imkanları dəyərləndirilmişdir.
Onun 10-dan artıq elmi işi keçmiş SSRİ Dövlət
Komitəsinin "Müəlliflik şəhadətnaməsi"nə layiq
görülmüşdür.
Mirzəli müəllimin əmək fəaliyyətində ikinci istiqamət
onun pedaqoji fəaliyyətidir. Bu fəaliyyəti də iki
hissəyə ayırmaq olar. Birincisi, ali məktəbdə pedaqoji
fəaliyyətidir. Bu barədə irəlidə qısaca qeyd etdik.
Əlavə edək ki, yeni təhsil sisteminə keçilməsi müasir
dövrdə təhsilin səmərəli təşkilində dərsliklərin əvəzsiz
rolunu, yeni əlifbaya keçidi nəzərə alsaq, tələbələrin
latın qrafikası və yeni proqram əsasında yazılmış çətin
qrafikalı yeni dərslik və dərs vəsaitlərinə ehtiyacı
yaranmışdır. Məhz bu məqamda M.Murquzov ali məktəb
tələbələri üçün 8 dərslik və dərs vəsaiti yazıb onların
istifadəsinə verdi. Bu kitabların arasında onun "Atom
fizikası" kitabını xüsusi qeyd etmək istəyirik. Ali
məktəblərin bakalavr təhsil pilləsi üçün nəzərdə tutulan
bu vəsait istər sisteminə, istərsə də məzmununa görə
ənənəvi dərsliklərdən əsaslı şəkildə fərqlənir.
Prosesləri mikroaləmdən makroaləmə doğru öyrənməklə
kursun məzmununu xeyli sadələşdirmiş, yeniləşdirmiş və
ümumiləşdirmişdir. Özünəməxsus çətinlikləri olan bu yolu
seçməklə Mirzəli müəllim uzunçuluğun və təkrarçılığın
qarşısını almış və tədris prosesində vaxta qənaətə nail
olmuşdur. Vəsaitdə obyektlərin əlaqəli sistemləri
müqayisəli şəkildə verilmiş, onların ümumi əlamətləri
göstərilmişdir. Müxtəlif uğurlu ümumiləşdirmələr aparan
müəllif, maddənin fiziki xassələrinin kimyəvi rabitənin
təbiətindən asılı olmasını və maddənin fiziki
xassələrinin formalaşmasında onu təşkil edən atomların
fərdi xüsusiyyətlərinin roluna xüsusi diqqət ayırmışdır.
Bu kitab on ildən artıqdır ki, tələbələrin stolüstü
kitabına çevrilmişdır. O, kafedra əməkdaşlarının
pedaqoji fəaliyyətini gücləndirmək məqsədilə dərslik və
dərs vəsaitlərinin yazılmasına onları da həmişə cəlb
etmişdir. Böyük məmnuniyyət hissi ilə qeyd edək ki, bu
sətirlərin müəllifləri də onunla bəzi kitablarında
həmmüəllif olmuşlar.
M.Murquzovun pedaqoji fəaliyyətinin ikinci hissəsi orta
məktəblə bağlıdır. Respublikamız müstəqillik qazandıqdan
sonra professor M.İ.Murquzov təhsil sahəsində aparılan
islahatların həyata keçirilməsində fəal iştirak edir.
Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə tam
inteqrasiya olunmasının təmin edilməsində əlindən gələni
əsirgəməyən Mirzəli müəllim yaratdığı işçi qrupu
tərəfindən orta ümumi təhsil məktəblərində "Fizika" və
"Astronomiya" fənlərinin dövlət standartları
müəyyənləşdirilmiş, proqramları tərtib olunmuş, müasir
konsepsiyaları hazırlanmışdır. Mirzəli müəllimin
rəhbərliyi ilə tərtub olunmuş yeni proqram ona qədər
mövcud olan fizika və astronomiya proqramlarından əsaslı
şəkildə fərqlənir. Aparılan təhsil islahatlarının
tələblərinə uyğun olaraq proqramın quruluş və məzmunu
əsaslı şəkildə yeniləşdirilmiş, təkmilləşdirilmiş və
elmi səviyyəsi yüksəldilərək inkişaf etmiş ölkələrin
tədris proqramlarına uyğunlaşdırılmışdır.
Qəbul olumuş proqram əsasında VII-XI siniflər üçün
"Fizika", XI siniflər üçün "Astronomiya" milli
dərsliklərinin qısa müddət ərzində yüksək səviyyədə
hazırlanması Mirzəli müəllimin dərin zəkası, gərgin
əməyi və yüksək təşkilatçılıq bacarığı sayəsində mümkün
olmuşdur. Onun müəllifi olduğu dərsliklər yetişməkdə
olan gənc nəslin fizika elminin əsaslarına
yiyələnməsində böyük rol oynayır.
Məlumdur ki, məktəblilər üçün dərslik yazmaq zəngin
bilik, yüksək analiz və sintez qabiliyyəti, böyük
pedaqoji ustalıq tələb edir. Dərslik müəllifi yaxşı
alim, pedaqoq olmaqla yanaşı, həm də həssas psixoloq
olmalıdır. Mirzəli müəllim bütün bu xüsusiyyətləri
özündə ehtiva edən görkəmli maarif xadimlərimizdəndir.
Bu fənlərin tədrisinin səviyyəsinin yüksəldilməsi və
dərsliklərin təkmilləşdirilməsi məqsədi ilə
respublikamızın müxtəlif guşələrində qabaqcıl fizika
müəllimləri ilə görüşlər təşkil etməklə pedaqoji
ictimaiyyət qarşısında çıxışlar etmiş, köməkçi tədris
vasitələri kimi dərsliklərə uyğun "İş dəftərləri"nin,
"Fizikadan məsələlər, VII-IX siniflər üçün", "Fizikadan
laboratoriya praktikumu", "Astronomik təqvim", təhsildə
İKT-nin geniş tətbiq olunması ilə əlaqədar "Elektron
dərsliklər"in, multimediaların hazırlanmasına rəhbərlik
etmişdir.
Mirzəli müəllimin əmək fəaliyyətinin üçüncü istiqaməti
onun ictimai fəaliyyəti ilə bağlıdır. O, həm universitet
və həm də respublika miqyasında ictimaiyyətçidir.
Respublika Təhsil Şurası sədrinin müavini, respublika
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika"
bölməsinin sədri, respublika TQDK-da fizika fənni üzrə
ekspert şurasının sədri, Təhsil Sektorunun İnkişafı
Layihəsi çərçivəsində ümumtəhsil məktəbləri üçün fizika
fənninin kurikulumunu hazırlayan işçi qrupun sədri,
ADPU-nun nəzdində fəaliyyət göstərən Ümumi pedaqogika,
pedaqogika və təhsilin tarixi ixtisası üzrə Dissertasiya
Şurasının üzvü - bütün bunlar Mirzəli müəllimin daşıdığı
ictimai vəzifələrdir. Onun respublika miqyaslı bir
ictimai vəzifəsi də vardır ki, onu xüsusi qeyd etmək
istəyirik: məktəblilərin fizika fənni üzrə Respublika
Olimpiadasının münsiflər heyətinin sədri.
Şagirdlərimizin beynəlxalq olimpiadalarda uğurları məhz
bu olimpiadanın təşkilindən, olimpiada tapşırıqlarının
səviyyəsindən, habelə iştirakçıların obyektiv
qiymətləndirilməsindən asılıdır. Məhz onun gərgin əməyi
sayəsində uzun illər keçmiş sovetlər birliyində
keçirilən Ümumittifaq fizika olimpiadalarında uğur
qazana bilməyən Azərbaycan komandası beynəlxalq
olimpiadalarda yüksək nəticələr göstərdi. 2002-ci ildə
İndoneziyada keçirilən XXXIII Beynəlxalq Fizika
Olimpiadasında komandamız 3 qızıl və 1 gümüş medal
qazandı. 2005-ci ildə İspaniyanın Kasamalanka şəhərində
keçirilən XXXVI Beynəlxalq Fizika Olimpiadasında
komandamızın üzvü Azər Eyvazov nəzəri turda ən yüksək
nəticə göstərərək "Birincilərin birincisi" fəxri
mükafatına layiq görüldü. Ümumiyyətlə bu günə qədər
şagirdlərimiz beynəlxalq olimpiadalarda 5 qızıl, 8
gümüş, 9 bürünc medal qazanmışlar, 6 həvəsləndirici
yerə layiq görülmüşlər. Fərəhləndirici haldır ki,
beynəlxalq olimpiadalarda fərqlənən şagirdlərimizi
dünyanın qabaqcıl universitetləri öz tələbə heyətinə
qəbul edir. Hazırda beynəlxalq fizika olimpiadalarında
uğur qazanmış onlarla həmvətənimiz Oksford, Massaçusets
Texnologiya, Sinqapur, Leyster Universiteti və s.
kimi yüksək reytinqli təhsil müəssisələrində ödənişsiz
təhsil alırlar. Şübhəsiz ki, bütün bunlar günümüzün
"qara qızıl kapitalını intellektual insan kapitalına
çevirək" şüarının həyata keçirilməsinə Mirzəli müəllimin
verdiyi töhfələrdən biridir.
Bütün mənalı ömrünü şərəflə xalqının elm və təhsilinə
həsr edən Mirzəli müəllim Pedaqoji Universitetin
professor-müəllim heyəti və tələbə kollektivinin,
həmçinin respublika pedaqoji ictimaiyyətinin dərin
hörmət və rəğbətini qazanıb. O, elm və təhsil sahəsində
sanballı uğurları ilə seçilən, özünü təsdiq edən
görkəmli bir alim, böyük nüfuz sahibi olan
ziyalılarımızdandır.
Uzun müddətdir ki, ADPU-nun elektrik və optika
kafedrasının müdiri, fizika fakültəsinin dekanı kimi
fəaliyyət göstərən M.İ.Murquzov "fizika müəllimliyi" (bakalavr)
və "yarımkeçiricilər və dielektriklər fizikası" (magistr)
sahəsində kadr hazırlığında, ümumiyyətlə fizikanın
təbliğində fədakarlıqla çalışır. Onun rəhbərlik etdiyi
fakültə və kafedrada əməkdaşlarına, tələbə və
magistrlərinə səmimi və mehriban davranışı, yüksək
həssaslıqla, bir valideyn qayğısı ilə yanaşması bütün
təhsil işçiləri üçün layiqli bir örnəkdir. İndi
respublikamızda fəaliyyət göstərən tədris ocaqlarının
əksəriyyətində onun tələbələri çalışır və tədrisi onun
ərsəyə gətirdiyi dərslik, köməkçi vasitələr əsasında
qururlar.
Böyük bir nəslin ağsaqqalı, hamının düzgün yol göstərəni,
xırda uğuruna belə sevinən, qayğısını çəkən, dərdinə
şərik olan Mirzəli müəllim həm də gözəl ailə başçısıdır.
Böyük nüfuz və uğur qazanmasında yüksək intellektual
səviyyəyə malik, əsl Azərbaycan qadınına xas olan bütün
keyfiyyətləri özündə əks etdirən həyat yoldaşı Rəna
xanımın müstəsna rolu olmuşdur. Milli və vətənpərvər
ruhda böyüyən oğlu Şahin BDU-nu beynəlxalq hüquq
ixtisası üzrə bitirmiş, ABŞ-ın Harvard Universitetində
təhsil almış, bir neçə əcnəbi dili mükəmməl bilən,
zəngin dünyagörüşü və ensiklopedik savada malik yetkin
mütəxəssisdir.
Deyirlər insan ömrü dağ cığırlarına bənzəyir. Bəziləri
dağın ətəklərində itib batır, bəziləri isə sərt
yoxuşları dolanaraq dağın zirvəsinə kimi yüksəlir.
Zəngin elmi pedaqoji fəaliyyəti sahəsində şərəfli bir
ömür yolu keçən Mirzəli müəllimin saldığı izlər elə bir
zirvəyə çatır ki, bu zirvə Azərbaycanımızın hər bir
yaşayış məskənindən aydın görünür.
Tələbkar və ciddi rəhbər, təcrübəli elm təşkilatçısı,
mahir pedaqoq kimi tanınan professor M.Murquzovun əmək
fəaliyyəti respublika Prezidenti tərəfindən yüksək
qiymətləndirilmiş, ona "Əməkdar müəllim" fəxri adı
verilmiş, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Aydın təfəkkürə, dərin məntiqə, zəngin dünyagörüşünə,
sağlam düşüncəyə, iti hafizəyə, möhkəm iradəyə,
qətiyyətli mövqeyə, hüdudsuz təmkinə malik olan,
həyatda həmişə səliqə-sahmanı sevən, lakin təntənələrdən,
dəbdəbələrdən qaçan Mirzəli müəllimin 75 illik yubileyi
yaxınlaşır. Bu münasibətlə biz onu təbrik edirik! Biz -
dostları, həmkarları və tələbələri Mirzəli müəllimə uzun
və sağlam ömür, ailə səadəti, elmi işlərində yeni-yeni
uğurlar arzulayırıq. Və arzu edirik ki, od-alovlu ürəyi
onun həyatını həmişə səhmana salsın, zaman qatarında
səfərini uğurla davam etdirsin.
Vaqif NƏSİR,
fizika-riyaziyyat elmləri doktoru, professor,
Cahangir HÜSEYNOV,
fizika-riyaziyyat elmləri namizədi, dosent |