Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Azərbaycanlı müəllimlərin layihəsi beynəlxalq forumda uğur qazanıb

 

"İnnovativ müəllimlər" müsabiqəsinin ölkə üzrə qalibləri Avropa Təhsildə Əməkdaşlıq Forumunda Azərbaycanı layiqincə təmsil ediblər.

Məlumat üçün qeyd edək ki, "Microsoft" şirkətinin  təşəbbüsü olan "İnnovativ müəllimlər" müsabiqəsi hazırda dünyanın 100-dən artıq ölkəsində reallaşdırılır. Müsabiqənin təşkilində məqsəd hər ölkədə qabaqcıl, yenilikçi müəllimləri araşdırıb üzə çıxarmaq, onları əvvəl yerli, sonra isə müxtəlif regional müsabiqələr vasitəsi ilə bir araya gətirərək təcrübə mübadiləsinə şərait yaratmaqdır. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyi və "Microsoft-Azərbaycan" tərəfindən birgə həyata keçirilən "Təhsildə Əməkdaşlıq Proqramı"nın tərkib hissəsi olan tədbirə "Ultra", "Mədəd", HP və AzEduNet kimi təşkilatlar da dəstək verir. Bu müsabiqə öhdəsinə Azərbaycanın təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirmək və şagirdlərin XXI əsr vərdişlərinə yiyələnməsinə şərait yaratmaq vəzifələrini götürüb. Seçim və final olaraq 2 mərhələdə təşkil edilən müsabiqəyə ötən ilin noyabrından start verilib.

"Təhsildə Əməkdaşlıq Proqramı"nın rəhbəri Emin Axundovun verdiyi məlumata görə, müsabiqəyə təqdim olunan 400 layihədən 25-i finala vəsiqə qazanıb və onlardan 6-sı qalib seçilib. Həmin layihələrin 9-u Bakıdan, digərləri isə bölgələrdən  olub. 2 layihə I yerə, 2 layihə II yerə, 2 layihə isə III yerə layiq görülüb. Müəllimlər layihələrini münsiflər heyətinə onlayn təqdim ediblər.

Müsabiqənin 2 əsas qalibi 19-22 mart tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçirilən Avropa Təhsildə Əməkdaşlıq Forumunda Azərbaycanı təmsil edib.

"Microsoft" korporasiyasının keçirdiyi forumda 40 ölkədən gələn müəllimlərin 80-dən artıq layihəsi təqdim olunub. Azərbaycanlı nümayəndələr - Azərbaycan Dillər Universitetinin müəllimi Gülbəniz Camalova və Bakıdakı 55 nömrəli tam orta məktəbin müəllimi Nailə Həsənova tədbirdə ekologiya, Bakı Avropa Liseyinin müəllimi Kəmalə Cəfərzadə isə millətlərarası mədəni dialoq mövzusunda innovativ layihələrlə iştirak ediblər.

Müxtəlif ölkələrdən gəlmiş iştirakçılar 3 gün ərzində öz layihələrini təqdim ediblər. Həmin günlərdə eyni zamanda "Microsoft" korporasiyasının məsul əməkdaşları ilə görüşlər keçirilib, müsabiqənin Avropa və dünya turlarının qaliblərinin təqdimatları dinlənilib, təhsil müəssisələrinə ekskursiyalar təşkil edilib. Forumda 6 nominasiyanın hər biri üzrə 4 layihə qalib seçilib. Gülbəniz Camalova və Nailə Həsənovanın "Gəlin planetimizi birlikdə qoruyaq" innovativ tədris layihəsi "Sinifdənkənar tədris" nominasiyası üzrə II yerə layiq görülüb. Layihənin ən önəmli xüsusiyyəti orta məktəb və universitet müəllimlərinin pedaqoji fəaliyyətlərinin keyfiyyətinin artırılmasına xidmət etməsidir. Layihə çərçivəsində əldə edilmiş təcrübə pedaqoji fakültələri olan ali məktəblərdə müvəffəqiyyətlə tətbiq edilə bilər.  Lissabonda keçirilən forum rəsmi və bədii hissədən ibarət böyük bir tədbirlə başa çatıb. Sonda qaliblərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, adıçəkilən müəllimlər Ümumdünya Təhsildə Əməkdaşlıq Forumunda qaliblər sırasında Avropanı təmsil edəcəklər. Forum bu ilin noyabr ayında Yunanıstanın Afina şəhərində keçiriləcək.  Müəllimlərimizə bu  səfərdə də böyük uğur qazanmağı arzulayırıq. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov