Bakıdakı
158 nömrəli tam orta məktəbin X "L" sinfində
Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə
Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah"
komediyasının təhlili üzrə "açıq dərs" keçirildi.
Dərsdə məqsəd şagirdlərdə müstəqil təhliletmə, əqli
nəticə çıxarma və ümumiləşdirmə vərdişlərini
formalaşdırmaq idi.Tədris prosesini İKT-nin tətbiqi ilə
quran Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman
Əliyeva dərsdə interaktiv təlim üsullarından cütlər və
qruplar, işgüzar səs-küy, söz assosiasiyası, rollar üzrə
oyunlar, əqli hücum və s. məharətlə istifadə etdi.
X.Əliyeva dərsdə iştirak edən 24 şagirdi "Azərbaycan", "Qarabağ",
"Xarı bülbül" və "Maarifçilər" adlı qruplara böldü.
Sonra qrupların liderləri təmsil olunduqları adları
xarakterizə edən məzmunlu mətnlərlə öz qruplarını
təqdim etdilər. Məsələn, "Azərbaycan" qrupunun lideri
Ülkər öz qrupunu belə təqdim etdi:
Azərbaycan! Mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər...
Qeyri-adi istedadı ilə fərqlənən Rəşad M.F.Axundzadənin
həyat və yaradıcılığı, komediyaları barədə ümumi
məlumat verdi. Sonra şagirdlər mərhələlər üzrə verilən
tapşırıqları yerinə yetirdilər. Rəşad, Xədicə, Sahil,
Leyla və Arzunun ifasında "Müsyö Jordan və dərviş
Məstəli şah" əsərinin kulminasiya hissəsi olan Dərvişin
Parisi partlatması səhnəsindən bəzi fraqmentlər nümayiş
olundu. Uşaqlar əsərin ideyası barədə fikir və
mülahizələrini bildirdilər. Qeyd olundu ki, dramaturq bu
əsərdə avamlığı, cəhaləti və cadugərliyi ifşa edib,
xalqı bu cür hiyləgərlərə, riyakarlara, hoqqabazlara
inanmamağa, qəflət yuxusundan ayılmağa çağırıb.
Sonra qruplara paylanmış kartoçkalardakı suallar
cavablandırıldı.
Dərsin yekununda müəllim meyar cədvəlinə uyğun olaraq
hər qrupu verdiyi cavab və fəallığına görə
qiymətləndirdi.
Sifai SƏFƏROVA |