Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Təhsil tariximiz: yeni bilgilər

Peterburqda oxumuş tələbələrimiz

 

(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında) 

4. Əfəndiyev Əbdülqədir Molla Şüayb oğlu

(12.9.1877, Axtı k./Samur dairəsi-?)

(SPb. MTA, f.14, s.3, iş 34649, 1897-ci il) 

Axtılılar - dünənki qardaşlarımız 

Çar dönəmində Samur dairəsində yerləşən Axtı kəndi bu gün Dağıstanın Axtı rayonunun mərkəzidir. Əhalisi əsasən ləzgilərdən oluşan bu kənd hətta sovet hakimiyyətinin ilk onilliklərində də Azərbaycanla ən sıx ictimai-siyasi və iqtisadi-mədəni ilişgilərdə bulunub. Bir vaxtlar həmin kənddən birbaşa Şəkiyə at yolu vardı. Axtılıların çoxu təhsil almaq üçün Bakıya gəlir, burada gimnaziya bitirdikdən sonra Rusiya ali məktəblərinə oxumağa gedirdi. Azərbaycan Cümhuriyyəti illərində (1918-1920) Dağıstan Azərbaycana birləşmək məsələsini qaldırmış və bu, axtılıların da lap ürəyindən olmuşdu. Yeri gəlmişkən, Azərbaycan Cümhuriyyəti də Dağıstana (Dərbənd də daxil) yaxın gələcəyin Azərbaycan ərazisi kimi baxır (bunun gerçəkləşməsini Denikin əngəllədi), ölkənin daxili və xarici siyasətində Dağıstan məsələsi önəmli yer tuturdu. Cümhuriyyətimizin Dağıstana (Dağlılar Cümhuriyyətinə) verdiyi milyonlarca manatlıq faizsiz borclar, Dağıstanı Denikin hücumundan qorumaq üçün gerçəkləşdirdiyi tədbirlər bir yana, Azərbaycan Parlamentində Axtı kəndinin nümayəndəsi Xanbaba bəy (Qazıəhməd bəy) Məhəmməd bəy oğlu Məhəmmədbəyov (1889-1937) deputat kimi "İttihad" fraksiyasında təmsil olunurdu. Cümhuriyyətimizin dövlət hesabına ali təhsil almaq üçün Almaniyaya göndərdiyi tələbələrdən biri də Bakı Real Məktəbini 1907-ci ildə bitirmiş Abdulla bəy Molla İbrahimxəlil əfəndi oğlu Əfəndiyev (30.9.1897-?) idi. Xatırladım ki, həmin Abdulla bəyin babası (Molla İbrahimxəlil əfəndinin atası) Molla Şüay’dır. Bu ad yadımda qaldığına görə Sankt-Peterburq arxivində çalışarkən Piter universitetində oxumuş tələbələrin siyahısında Əbdülqədir Molla Şüayb oğlu Əfəndiyev’in adını oxuduqda onun da şəxsi işiylə tanış olmağı qərara aldım. İşə baxarkən Əbdülqədir Əfəndiyevin də Axtıdan olduğu aydınlaşdı. Deməli, Molla Şüay Molla Şüayb eyni adammış (adlarda belə yanlışlıq o dönəm üçün adi haldı) və Peterburq tələbəsi Əbdülqədir Cümhuriyyət tələbəsinin atası Molla İbrahimxəlil əfəndinin qardaşıymış. Belə olduqda Cümhuriyyətimizin axtılılara, o sıradan Abdulla bəyə göstərdiyi sevgini mən niyə onun əmisi Əbdülqədir Əfəndiyevə göstərməyim - azərbaycanlı tələbələr içərisində ondan da danışmayım?!  

1897-ci ilin tələbəsi 

Onun tələbə şəxsi işi 22 sentyabr 1897-ci ildə açılıb. Deməli, tələbəlik tarixi də bu zamandan başlayır. Bunu işin 5-ci vərəqindəki arayış da təsdiqləyir. Orada göstərilib ki, Ə.Əfəndiyev Stavropol gimnaziyasını bitirib və Sankt-Peterburq İmperator Universitetinə 1897-ci ilin sentyabrında qəbul olunub. Yeri gəlmişkən, sənədlərdən öyrənirik ki, Əbdülqədir Əfəndiyev universitetin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə girib. 

Doğum şəhadətnaməsi 

1 noyabr 1889-cu ildə Axtı kəndinin sakini Əbdülqədir Molla Şüayb oğluna verilmiş doğum şəhadətnaməsində oxuyuruq ki, o, atası Molla Şüaybın qanuni arvadı Pəri qazı Əbdülxalıq əfəndi qızı’ndan 12 sentyabr 1877-ci ildə doğulub.

Şəhadətnaməni Axtı kənd mollası Əbdülcəlil Rizaqov verərək təsdiqləyib. 

Yoxsul imiş 

16 dekabr 1898-ci ildə Samur dairəsi idarəsindən Sankt-Peterburq İmperator Universitetinin tələbəsi, həmin dairənin Axtı kəndinin sakini Əbdülqədir Əfəndiyevə verilmiş arayışda bildirilir ki, o, yoxsuldur, özünü universitetdə dolandırmaq üçün heç bir vəsaiti yoxdur. Təəssüf ki, bu arayışın onun universitetdən təqaüd almasına yardımçı olub-olmadığını dəqiqləşdirə bilmədik.  

Universitetdən Dağ İnstitutuna 

Hansı səbəbdənsə Ə.Əfəndiyev 30 sentyabr 1899-cu ildə (3-cü kursa keçərkən) rektora ərizə yazaraq xahiş edib ki, məni universitetdən xaric edərək sənədlərimi II Yekaterina adına Peterburq Dağ İnstitutuna göndərəsiniz. Onun xahişinə əməl edilib və bundan sonra universitetlə əlaqəsi kəsilib. Ancaq arxivdə saxlanılan Peterburq Dağ İnstitutunun sənədləri içərisində Əbdülqədir Əfəndiyevə 1904-cü ildə həmin institutun verdiyi diplomun surəti saxlanılır (SPb. MTA, f. 963, s. 1, iş 13955, v. 531). Deməli, o, ali təhsilli mühəndis olmağı bacarıbmış. Nə yazıq ki, Əbdülqədir Əfəndiyevin sonrakı taleyi haqqında heç bir bilgi əldə edə bilmədik.

 

5. Sultanov Zülfüqar bəy Nəzər(əli) bəy oğlu

(4.2.1894, Pirçivan k./Zəngəzur qəzası-?)

(SPb. MTA, f.14, s.3, iş 68517, 1915-ci il) 

İstisnalardan biri 

Bu silsilənin ilk yazısında bildirmişdim ki, Peterburqda oxumuş tələbələr haqqında oçerklər onların oxuma tarixinə görə ardıcıllıqla veriləcək. Ancaq indi görürəm ki, bu, müəyyən problem yaradır, çünki yazılacaq tələbələrin hamısı haqqında əldə geniş bəlgə və bilgi yoxdur, o üzdən də istisna şəklində bəzən iki, hətta üç tələbəni bir yazıda birləşdirməli olacağam. Bu yazı da həmin istisnalardan biridir. Arxivdə çalışdığım son gündə vaxt çatışmazlığına görə bütün sənədləriylə yaxından tanış ola və yetərincə qeydlər götürə bilmədiyim tələbələrdən biri də Zülfüqar bəy Sultanovdur, buna görə də onu oxuculara Ə.Əfəndiyevlə birgə təqdim etməyi uyğun saydım. 

Hüquq fakültəsinin tələbəsi

 Əlimizdə Z.b.Sultanovla bağlı yalnız bir foto və iki bəlgə var. Ancaq götürdüyüm ümumi qeydlərə söykənərək deyə bilərəm ki, Zülfüqar bəy 1915-1916-cı dərs ilində İmperator Petroqrad Universitetinin hüquq fakültəsində oxuyub. 

Kamal attestatı 

Sənədləri arasındakı attestatda bildirilir ki, Zülfüqar bəy Sultanov 14 sentyabr 1910-cu ildə əlahəzrət Böyük Knyaz Mixail Nikolayeviç adına 2-ci Tiflis gimnaziyasına girərək 6 iyun 1914-cü ilədək orada oxuyub və tam 8-illik kursu orada bitirib. Qiymətləri elə də ürəkaçan deyil - "4" aldığı alman dilindən başqa bütün fənlər "3"-dür.

Doğum şəhadətnaməsi 

Zəngəzur qəzası Pirçivan kəndinin sakini Zülfüqar bəyə ona görə verilib ki, o, atası Nəzər bəy Həsənəli bəy oğlu’nun qanuni arvadı Qönçə xanım Əbdüləli bəy qızı’ndan 4 fevral 1894-cü ildə doğulub. 

Ənvər Çingizoğlu yazır... 

Azərbaycanlı tələbələr Əhməd Cəfəroğlu ilə. İstanbul, 1930-cu illərGörkəmli araşdırıcı, özəlliklə Qarabağdakı əksər soyların tarixini arxiv bəlgələrinə əsasən incəliklə öyrənərək ortaya 40-dan artıq sanballı kitab qoymuş Ənvər Çingizoğlu bu Sultanovların da kökünü öyrənərək dəqiqləşdirib. Onun "Püsyan eli (tarixi-genealoji tədqiqat)" adlı dəyərli yazısında Zülfüqar bəyin nəsli haqqında geniş bilgi verilir və onun özündən də danışılır. Ənvər bəy yazır ki, Sultanovlar soyunun ulu babası XVII yüzilin sonlarında yaşamış, şahdan sultan rütbəsi almış Hacı Məhəmməd bəy Püsyandır. Hacı Məhəmməd sultanın törəmələri bəylərbəyilik və xanlıq dönəmində Püsyan, rus üsul-idarəsi dövründə Sultanov soyadı daşıyıb. Zülfüqar bəy həmin Hacı Məhəmməd sultan’ın oğlu İbrahim sultan’ın oğlu Pənah sultan’ın oğlu Xanəmir sultan’ın oğlu İbrahim sultan’ın oğlu Həsən sultan’ın oğlu Nəsir sultan’ın oğlu Məhəmmədəli bəy’in oğlu Həsənəli bəy’in oğlu Nəzər(əli) bəy’in oğludur.

Zülfüqar bəydən söz açan Ə.Çingizoğlu yazır: "Zülfüqar bəy 1894-cü ildə Zəngəzur qəzasının  Pirçivan kəndində doğulmuşdu. İkinci Tiflis kişi gimnaziyasını və Petroqrad Hərbi Tibb Akademiyasını bitirmişdi. AR ordusunda əvvəl poruçik, sonra isə ştabs-rotmistr kimi xidmət etmişdi".

Göründüyü kimi, Ənvər bəyin yazdıqlarını Peterburq arxivi də təsdiqləyir. Üstəlik, onun yazısından biz Zülfüqar bəyin Petroqrad Hərbi Tibb Akademiyasında ali təhsilini başa vurduğunu da öyrənirik.      

(Silsilənin ardı var)


 Əks-səda

Professor İbrahim Yıldırımdan ərməğan  

İstanbulda sevimli bir dostumuz yaşayır - Amasya doğumlu Azərbaycan Türkü, Türkiyədə plastik cərrahlığın ən məşhur ustalarından biri olan Prof. Dr. İbrahim Yıldırım! O, qardaş ölkədə öz sahəsi üzrə şöhrət qazanmış ən ünlü cərrahlardan biridir. Yeri gəlmişkən, 1980-ci illərin sonu-1990-cı illərin başlanğıcında o, Azərbaycana gələrək Qarabağ müharibəsində burnunu, qulağını, çənəsini... itirmiş onlarca igid döyüşçümüzü yenidən ilkin görkəminə qaytarıb, o hərc-mərclik illərində Azərbaycana Türkiyədən və başqa xarici dövlətlərdən yardım edilməsi üçün əlindən gələn fədakarlığı göstərib. Ancaq mən onu həkim, cərrah kimi deyil, ...tarixçi kimi tanımışam. Doğrudur, o, ən qədim çağlardan Türk plastik cərrahlığının tarixi haqqında çox qiymətli bir monoqrafiya yazıb, ancaq İbrahim bəyi mənə tanıdan onun təəssübkeş bir Azərbaycan Türkü olaraq, orta əsrlərdən günümüzədək Türkiyəmizdə yurdlaşmış soydaşlarımızın tarixini araşdırmasıdır. 2007-də Amasyada keçirilən böyük bir simpoziumda o, "Azərbaycandan Amasyaya daşınan Türk kültürü və şirvanlilar" adlı çox geniş və olduqca dəyərli bir məruzə edib. İndi də İstanbul Universitetində oxumuş azərbaycanlılar haqqında ciddi araşdırma üzərində çalışır.

İbrahim bəy o qədər maraqlı şəxsiyyətdir ki, onun haqqında geniş məqalələr yazılmasına ehtiyac var, ancaq burada onun özündən deyil, bir neçə gün öncə mənə göndərdiyi, Azərbaycanın təhsil tarixi üçün çox önəmli olan bir fotodan söz açmaq istəyirəm. Yeri gəlmişkən, İbrahim bəy mənim "Azərbaycan müəllimi"ndəki bütün yazılarımı oxuyaraq xoş sözlərini bildirib və indi gördüyünüz fotonu da həmin məqalələrlə tanışlıqdan sonra göndərib. İlk dəfə olaraq "Azərbaycan müəllimi" qəzeti oxucularının gördüyü həmin foto haqqında geniş bilgini İbrahim bəyin özü əlavə məktubda yollayıb.

Fotoda 1930-cu illərin başlanğıcında İstanbul Universitetində oxumuş azərbaycanlı tələbələr təsvir olunub. Onlar gənc dosent Əhməd Cəfəroğlu (1899-1975) ilə birgə İstanbulda indiki Professorlar Evinin pilləkənində dayanıblar.

Öndə solda oturan tələbə görkəmli şairəmiz Nigar Rəfibəyli’nin böyük qardaşı, hörmətli yazıçımız Anar’ın dayısı Kamil Arran’dır. Onun sağındakı soyadı bilinməyən Hüseyn bəy’dir. 

Onların arxasındakı sırada ayaq üstə duranlar: sağda Gəncə’li Səlim Rəfiq Rəfioğlu, yanındakı xanım sonradan fizika üzrə professor olan Dilşad Yanar, onun yanında böyük bacısı Sürəyya Yanar, onun yanındakı qaraşın gözəl liseydə İbrahim Yıldırımın tarix müəllimi olmuş Aliyə Aşurbəyli, onun yanındakı isə Əhməd Cəfəroğlu’nun bacısı oğlu Saleh Gəncə’dir (o, sonralar yüksək kimya mühəndisi olaraq uzun illər Kabataş Kişi Liseyində kimya müəllimi işləyib).

Arxa sırada Sürəyya Yanarın arxa tərəfindəki isə gənc Əhməd Cəfəroğlu’dur. Başqaları tanınmır. Qəzetimizin oxucularından kimsə kimisə tanısa, bizə bildirməsini xahiş edirik.

Sonrakı günlərdə İbrahim bəylə sürəkli yazışmalarımız fotodakı insanlar haqqında yeni bilgiləri ortaya qoydu.

Görkəmli professorun yazdıqlarından öyrəndik ki, Dilşad YanarSürəyya Yanar bacıları özəlliklə Cümhuriyyət illərində Azərbaycan tarixində şərəfli iz buraxmış, Parlamentdə qanunvericilik şöbəsinin rəisi işləmiş, sonra Türkiyəyə mühacirət etmiş Hüseyn bəy Mirzəcamalov’un - Hüseyn Camal Yanar’ın (1884-1974) bacısı Xeyrənnisa xanım’ın qızlarıdır.

Yaxın çevrəsinin "Hüsü dayı" dediyi Hüseyn Camal Yanar 1910-cu ildə Kiyev Universitetini bitirib. O, heç evlənməyib.

Prof. Dr. Dilşad xanım’ın son iş yeri Ege Universiteti idi. O, Prof.Dr. Kamil Sokullu ilə ailə qurduğu üçün soyadı "Sokullu" olub. Çox sonra ayrılıblar. Onun haqqında geniş bilgi əldə etmək mümkündür.

İstanbulda yaşayan Sürəyya xanım İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. Azərbaycanlı olan Prof. Dr. Məhəmməd Qarabağlı ilə ailə qurub. Prof. Qarabağlı fizikdi. İkisi də Amerikada vəfat edib. Oğullarının adı CemTdir, nə işlə məşğul olduğu bilinmir.

Dilşad və Sürəyya xanımların Amerikada yaşayan böyük bacıları da varmış; özü də, əri də professor imiş. Bu xanım, deyəsən, tarix professoru olub. Bir zaman Türkiyəyə tez-tez gəlib-gedirmiş, sonrakı taleyi bilinmir.

İbrahim bəy yazır: "Bu üç bacının atalarının Quba valisi və ya xanı olduğu söylənirdi. Kübar və əsil bir ailə idi. Demək ki, ailə Qubadan Türkiyəyə köçmüş və burada oxumuşlar".

İbrahim bəyin dediklərinə bir neçə əlavəm var.

Sonralar dünya şöhrətli türkoloq kimi tanınmış Əhməd Cəfəroğlu’nun şəxsiyyətiylə maraqlananlar prof. Vilayət Quluyev’in onun haqqında yazdığı dəyərli məqaləni ("Zerkalo" qəzeti, fevral-mart 2011) oxuya bilərlər.

Hüseyn Camal Yanarın bacısı Xeyrənnisa xanım’ın əri Talıbxan bəy Talıbxanbəyov olub. O, Şamaxı və Quba qəzalarının polis rəisi işləyib, sonra Türkiyəyə mühacirət edib.

Kamil Arran haqqında bilgi almaq istəyənlərə prof. Rafael Hüseynov’un "Rəfibəylilər" və "Yurdun adındakı can" kitablarını oxumağı tövsiyə edirik.

Səlim Rəfiq Rəfioğlu Gəncədəndir, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü və naziri Musa bəy Rəfiyev’in (1888-1938) yaxın qohumudur, tanınmış ədəbiyyatşünasdır.

Aliyə Aşurbəyli isə professor Sara xanım Aşurbəyli (1906-2011) ailəsinə mənsubdur. 

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
[email protected]
Tel.: +994-50-612-68-13

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov