Professor Elman Məmmədov isə "Elmdə fəxri ad" qızıl
medalı ilə təltif olunub
Azərbaycan
təhsilində xüsusi yeri olan Gəncə Dövlət Universiteti
son illər bir çox nailiyyətlər əldə edərək Avropa
standartlarına uyğun, müasir təhsilin bütün tələblərinə
cavab verən ali təhsil müəssisəsi kimi dünya təhsil
sisteminə uğurla inteqrasiya edir. Ölkə Prezidenti cənab
İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan
ruhlanan GDU-nun kollektivi yüksək ixtisaslı pedaqoji
kadrların hazırlanmasını əsas vəzifələrdən hesab edir.
Avropa təhsil sisteminə inteqrasiyaya dair Avropa
İttifaqının ERASMUS-MUNDUS və TEMPUS proqramları
çərçivəsində Avropa universitetləri ilə əməkdaşlığa
başlayan Gəncə Dövlət Universiteti bu günlərdə daha bir
uğura imza atmışdır. Universitetin rektoru, professor
Elman Məmmədov elm və kadr hazırlığı sahəsindəki
nailiyyətlərinə görə Avropa Biznes Assambleyası Rəyasət
Heyətinin, Avropa Rektorlar Klubunun Akademik Şurasının
və Biznes Liderlərinin Beynəlxalq Klubunun Beynəlxalq
Sokrat adına Nominasiya Komitəsinin qərarı ilə "Elmdə
fəxri ad" qızıl medalına, universitet isə elm və
təhsilin müxtəlif istiqamətləri üzrə nailiyyətlərə görə
"Avropa keyfiyyəti" beynəlxalq mükafatına layiq
görülmüşlər. Hər iki mükafat Böyük Britaniyanın London
şəhərində "116 Pall Mall" sarayında təntənəli şəkildə
təqdim olunmuşdur. Mərasimdə çıxış edən GDU-nun rektoru,
professor Elman Məmmədov təqdim olunan mükafatlara görə
təsisçilərə minnətdarlığını bildirərək, son illər
Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi və
siyasi islahatlardan söz açıb. Professor qeyd edib ki,
bu islahatların tərkib hissəsi kimi təhsildə də aparılan
islahatlar universitetin belə bir mükafat alması üçün
zəmin yaratmışdır. Azərbaycanda təhsilə və elmə
göstərilən dövlət qayğısından söz açan E.Məmmədov
universitetin uğurlarının gələcək illərdə daha da
artacağına ümidvar olduğunu bildirmişdir.
Gəncə Dövlət Universitetinin tarixi
Gəncə
Dövlət Universiteti Azərbaycan Xalq Komissarları
Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə
Kirovabadda (indiki Gəncədə) N.K.Krupskaya adına
ikiillik Müəllimlər İnstitutu kimi fəaliyyətə
başlamışdır.
M.Qorki adına 1 nömrəli məktəbin üçüncü mərtəbəsi
bütünlüklə yeni təşkil olunmuş təhsil ocağının
sərəncamına verilmişdir. Tələbə kontingentinin arzusu və
müəllim kadrlarının tərkibi nəzərə alınaraq ilk əvvəl
institutda iki ixtisas üzrə - təbiət və fizika-riyaziyyat
fakültələri təşkil olunmuşdur. İnstitut 23 müəllim və
244 tələbə ilə 1938-ci il oktyabrın 1-də fəaliyyətə
başlamışdır.
1939-cu ildə SSRİ Xalq Komissarları Soveti yanında ali
məktəblərin işləri üzrə Ümumittifaq Komitəsinin əmrinə
uyğun olaraq institutun nəzdində 6 kafedra yaradılır.
Gənc nəslin təlim-tərbiyəsi, müəllim kadrlarının
hazırlığı sahəsindəki xidmətləri və ixtisaslı müəllim
kadrlarına ehtiyac, şəhərin yerləşdiyi coğrafi ərazi,
onun qədim tarixə malik, şeir-sənət və mədəniyyət
mərkəzi olması nəzərə alınaraq, 1943-cü il sentyabrın 1-dən
N.K.Krupskaya adına ikiillik Müəllimlər İnstitutu
yenidən təşkil olunaraq onun bazasında tam ali təhsil
verən, ümumtəhsil məktəbləri üçün müxtəlif fənlərdən
yüksək ixtisaslı müəllim kadrları hazırlayan dördillik
Kirovabad Dövlət Pedaqoji İnstitutu yaradılmışdır.
Azərbaycan SSR Xalq Maarif Komissarlığının 30 oktyabr
1943-cü il tarixli əmri ilə Hacıbala Hacıyev institutun
rektoru vəzifəsinə təyin olunmuşdur.
1943-1944-cü
tədris ilinin payızında instituta Azərbaycanın görkəmli
maarifpərvər oğlu Həsən bəy Zərdabinin adı verilmişdir.
1947-ci ilin iyun ayında tam ali təhsil verən institutun
ilk buraxılışı olmuşdur. 45 nəfər dövlət imtahanlarını
müvəffəqiyyətlə verərək ali təhsilli mütəxəssis kimi
ümumtəhsil məktəblərinə göndərilmişdir. Professor Davud
Hacıyev, Şəfiqə Yusifli, dosent Hidayət Cəfərov,
filologiya elmləri doktoru, folklorşünas Nurəddin
Seyidov, dosent Bahadur Ağayev və başqaları ilk məzunlar
olmuşlar.
Ötən əsrin 50-ci illərində institut respublikamızda,
eləcə də Gürcüstanda və Qərbi Azərbaycanda yaşayan
azərbaycanlılar üçün 10 mindən çox ixtisaslı müəllim
kadrları hazırlamışdır.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" 13 iyun 2000-ci il tarixli fərmanı ilə Gəncə
Dövlət Pedaqoji İnstitutunun profili genişləndirilərək
Gəncə Dövlət Universiteti yaradılmışdır.
Maddi-texniki baza
Universitetin 3 tədris binası (Əsas tədris binası,
Heydər Əliyev pros. 187, II tədris binası Əhməd Cəmil
küç.1, III tədris binası Heydər Əliyev pros.91), 400
minə yaxın ədəbiyyat fondu olan kitabxanası və 4 tələbə
yataqxanası vardır.
Universitetdə müasir standartlara cavab verən 32
laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası,
8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur.
Tədris prosesində yeni informasiya texnologiyalarından
istifadə edilir. Bu məqsədlə universitet yeni
informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin
edilmiş, yeni kompüter avadanlıqları, surətçoxaldan,
digər texniki vasitələr alınmış, bütün kafedralar, şöbə
və dekanlıqlar və struktur bölmələri kompüterlərlə
təchiz edilmişdir.
Universitetdə
informasiya hesablama mərkəzi, "Yüksəliş" adlı
çoxtirajlı qəzet, habelə beynəlxalq informasiya
şəbəkəsinə çıxış üçün İnternet şəbəkəsi fəaliyyət
göstərir.
Fasiləsiz işləyən İnternet xətti professor-müəllim
heyəti və tələbələrin operativ informasiya mübadiləsini
təmin edir. Gəncə Dövlət Universitetinin xüsusi saytı
yaradılmış, burada universitet həyatı, struktur bölmələr,
tədris prosesi, elmi tədqiqat fəaliyyəti haqqında zəruri
informasiyalar yerləşdirilmişdir. Tədris prosesinin
informasiya texnologiyaları, proqram vəsaitləri,
laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət
Təhsil Standartlarına uyğundur.
Universitetin kitabxanasının ümumi fondu 578684 ədəd
təşkil edir. Bunlardan 289557-si kitab, 70862-si jurnal,
218265-i qəzetdir. Kitabxanada 360419 nüsxə ədəbiyyat
saxlanılır. Bunlardan 574-ü elmi, 124942-si dərslik və
dərs vəsaiti, 63502-si bədii, 121901-i isə ictimai-siyasi
ədəbiyyatdır.
Tədrisin
təşkili
Gəncə Dövlət Universitetinin kollektivi respublikamızda
həyata keçirilən dövlət proqramlarından və layihələrdən
məharətlə istifadə edir. Belə ki, "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı", habelə YUNESKO və
digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun
yeni ixtisaslar açılmışdır. Dövlət Proqramında ali
təhsil sistemində keyfiyyətin təmin olunması məqsədilə
normativ-hüquqi bazanın, məzmunun və təlim
texnologiyalarının yeniləşdirilməsi, ali təhsil
müəssisələrinin strukturunun və idarəolunması sisteminin
müasir tələblər baxımından modernləşdirilməsi, əmək
bazarının tələbatına uyğun kadr hazırlığının
təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin
səmərəliliyinin yüksəldilməsi, maddi-texniki və tədris
bazasının müasir tələblərə uyğun qurulması, müasir
maliyyələşdirmə siyasətinin hazırlanıb həyata
keçirilməsi və digər bu kimi aktual istiqamətlər əksini
tapmışdır.
Gəncə Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Akkreditasiya Komissiyasının 15 iyul 2009-cu
il tarixli qərarına əsasən dövlət ali təhsil müəssisəsi
kimi 4 il müddətinə akkreditə olunmuşdur.
Universitetdə təhsil əyani və qiyabi şöbələrdə aparılır.
Əyani şöbədə 8 fakültədə 37 ixtisas, qiyabi şöbədə isə
12 ixtisas üzrə tələbələr təhsil alır.
Hazırda universitetdə 35 nəfər dissertant, 28 nəfər isə
doktorant pilləsində təhsil alır.
Baza
təhsil proqramlarına uyğun hazırlanmış tədris
planlarında olan fənlər və onların proqramlarının
məzmunu Dövlət Təhsil Standartlarının tələblərinə
uyğundur. Tədris planlarında nəzərdə tutulan bütün
fənlərə dair tədris-informasiya mənbələri kifayət qədər
dəqiq və müasirdir. Fənn proqramlarında tövsiyə olunan
məcburi tədris-metodiki vəsaitlər və onlara dair
nüsxələr əsasən mövcud normalara uyğun kitabxana
fondunda saxlanılır.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti
tərəfındən bütün ixtisaslar üzrə mütəmadi olaraq tədris-metodik
materiallar: fənn proqramları, metodik vəsaitlər,
metodik göstəriş, dərslik və dərs vəsaitləri hazırlanmış,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris
Metodiki Şurasının müvafiq fənn bölmələri tərəfindən
təsdiq olunduqdan sonra çap edilmişdir. Onlar müvafiq
nüsxələrdə kafedra və kitabxanada saxlanılır.
Gəncə Dövlət Universitetinin tədris prosesində
tələbələrin fəallığını artıran təlimin yeni forma və
texnologiyalarından istifadə edilir.Təlim prosesində
tələbə və müəllim əməkdaşlığının yaradılmasına xüsusi
diqqət yetirilir, ənənəvi təlim üsulları ilə yanaşı,
tələbələrin fəallığını artıracaq yeni metod və
vasitələrdən istifadə olunur. Tədris olunan hər bir
mövzudakı məsələlərin səmərəli yollarla daha yaxşı və
asan mənimsənilməsi üçün tələbənin müstəqil
fəaliyyətinin təşkilinə, materialın müstəqil şəkildə
öyrənilməsinə xüsusi diqqət yetirilir. Müxtəlif
fənlərdən imtahan zamanı yazılı imtahanla yanaşı, bəzən
tələbələrə fikirlərini müstəqil şəkildə ifadə etməyə,
şifahi danışıq bacarığını da nümayiş etdirməyə imkan
verilir, tədris prosesində təkcə müəllimlə tələbə deyil,
həm də tələbələrin öz aralarında qarşılıqlı əlaqələr
yaradılır, mövzuların daha çox praktik öyrənilməsinə
diqqət yetirilir. Tədris prosesində tələbələrin
tədqiqatçılıq bacarığının yaradılmasına və inkişaf
etdirilməsinə də xüsusi əhəmiyyət verilir, dərs
prosesində mövzunu daha yaxşı, sadə şəkildə mənimsətmək
üçün mövzu problem şəklində izah olunur və tələbənin
fəal iştirakını təmin etmək üçün diskussiya yaradılır.
Təlimin
ənənəvi metodları ilə yanaşı, tədris prosesinə, bilik və
bacarıqların mənimsənilməsinə yeni yanaşma hallarına
xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasında
ümumi təhsilin Milli Kurikulumu və "Azərbaycan
Respublikasında ali təhsil pilləsində Milli Kurikulum"un
müddəaları tədrisdə əsas götürülür.
Universitetdə tədris, təlim-tərbiyə sahəsində görülən
işlərlə yanaşı, elmi tədqiqat işlərinə də xüsusi diqqət
yetirilir. GDU-da elmi tədqiqat işləri əsasən humanitar,
təbiət elmləri və iqtisadiyyat istiqamətləri üzrə
fundamental və tətbiqi tədqiqatları əhatə edir. Kafedra
və laboratoriyalarda yerinə yetirilən elmi tədqiqat
işləri dövlət büdcəsindən maliyyələşir.
GDU-da yerinə yetirilən elmi tədqiqat işləri bir və üç
il müddətinə planlaşdırılır. Hər təqvim ilinin sonunda
müvafiq olaraq yerinə yetirilmiş elmi tədqiqat işlərinin
nəticələri və kafedralar üzrə professor-müəllim
heyətinin elmi fəaliyyəti haqqında hesabat təqdim olunur.
GDU-da hər il professor-müəllim heyətinin elmi tədqiqat
işlərinin yekununa həsr olunmuş elmi konfrans, eləcə də
tələbə və magistrlərin elmi tədqiqat işlərinin
nəticələrinə aid ayrı-ayrı elm sahələri üzrə elmi və
elmi-praktik konfranslar keçirilir. Həm GDU-nun
professor-müəllim heyətinin, həm də tələbə və
magistrlərin elmi konfranslarının materialları ayrı-ayrılıqda
hər il nəşr olunur.
Universitet tələbələrinin təhsilə marağını artırmaq
məqsədi ilə bütün fakültələrdə ümummilli lider Heydər
Əliyevin və görkəmli şair, yazıçı, alimlərin adına
təqaüdlər təsis edilmiş, Universitet Elmi Şurası
tərəfındən təsdiq olunmuşdur. Təqaüdlərin fərqləndirici
məbləğlərdə semestrlərin nəticələrinə görə fərqlənən, "əla"
qiymətlər alan, təhsildə, ictimai işlərdə xüsusi fəallıq
göstərən, nümunəvi əxlaqa malik tələbələrə verilməsi
nəzərdə tutulmuşdur. Qeyd edək ki, imtahanlar həm yazılı,
həm də kompüter vasitəsilə test üsulu ilə aparılır.
Sessiyalar zamanı imtahanın gedişinə nəzarəti
gücləndirmək, tələbələrin biliyinin obyektiv
qiymətləndirilməsini təmin etmək məqsədi ilə "Qaynar
xətt" yaradılmış, tədris korpuslarında "Şikayət və
təkliflər" qutusu qoyulmuşdur.
Boloniya prosesi
Məlum olduğu kimi, ali təhsil müəssisələrinin Boloniya
prosesinə qoşulması vacib məsələlərdən biridir. Boloniya
prosesi bu gün qloballaşan təhsil sahəsi üzrə Avropa
Birliyi təhsil məkanında gedən prosesdir. Azərbaycan
Respublikası təhsil sisteminin Boloniya prosesinə
qoşulmasında məqsəd təhsilin, biliyin keyfiyyətinin
yüksəldilməsi, tədris prosesində kredit sisteminin
tətbiqi, eləcə də respublikamızın ali məktəblərinin
Avropa universitetləri ilə inteqrasiyasıdır. Belə
şəraitdə Azərbaycan təhsil sisteminin Boloniya prosesinə
qoşulması onun təkmilləşməsinin və dünya standartlarına
uyğun olmasının əsas amillərindən birinə çevrilir və
gənclərimiz üçün əlavə perspektivlər açır. Azərbaycan
təhsil sisteminin Boloniya prosesinə qoşulması ilə
əlaqədar Gəncə Dövlət Universitetində də mərhələli
olaraq müxtəlif fakültələrdə kredit sistemi ilə
mütəxəssis hazırlığına başlanmışdır. Bu istiqamətlərdə
lazımi normativ sənədlər, tədris planları, fənn
proqramları, mühazirələrin elektron variantları
hazırlanmışdır. Boloniya prosesinin məqsəd və məramı
barəsində ali məktəb işçilərinin və tələbələrinin
məlumatlandırılması, respublika və universitet miqyaslı
elmi-praktik konfransların, "dəyirmi masa"ların və
disputların keçirilməsi, bu proseslə bağlı bütün
məsələlərin daim elmi-pedaqoji ictimaiyyətin diqqət
mərkəzində saxlanılması olduqca vacibdir. Gəncə Dövlət
Universiteti məhz bu zərurəti nəzərə alaraq, Boloniya
prosesi ətrafında gedən bütün müzakirələrdə və
tədqiqatlarda fəal iştirak edir.
Boloniya prosesinin Baltikyanı ölkələrin ali
məktəblərində necə qurulduğunu öyrənmək məqsədilə GDU-nun
bir qrup əməkdaşı Vilnüs və Kaunas universitetlərinə
ezam olunmuşlar. Gətirilən tədris planları və digər
sənədlər istifadə olunan sənədlərlə müqayisə edilmiş,
fərqli və oxşar cəhətlər araşdırılmış, müntəzəm surətdə
qabaqcıl iş təcrübəsindən istifadə edilməsinə
başlanmışdır.
Proqramın tələbinə uyğun olaraq birinci kursa gələn
tələbələrin hər biri üçün fərdi tədris planları tərtib
edilmişdir. Həmin planlar əsasında müəllimlərin dərs
yükləri müəyyən edilmiş, müvafiq fakültə dekanlarının
təqdimatı ilə "tyütor xidməti" yaradılmışdır. Bu prosesə
uygun olaraq 2008-2009-cu illərdə universitetdə 28 yeni
ixtisas açılmışdır.
Müasir ali təhsil müəssisələrində olduğu kimi, GDU-da da
tədris prosesinin kredit sistemi əsasında qurulmasına
başlanılmış, ilk dəfə riyaziyyat-informatika
fakültəsinin informatika ixtisasında eksperiment kimi
tətbiq olunmuşdur. Birillik təcrübədən sonra,
2007-2008-ci tədris ilində 4 fakültədə 11 ixtisas üzrə,
2009-2010-cu tədris ilindən isə bütün fakültələr kredit
sisteminə keçirilmişdir. Kredit sisteminə keçid üçün
ixtisasların tədris, işçi planlarının hazırlanması təmin
edilmiş, universitet rektorluğunun əmrinə əsasən
sentyabr ayının 1-dək I kursların tədris planları, işçi
tədris planları rektorluğa təsdiq üçün təqdim olunmuşdur.
Beynəlxalq əlaqələr
Gəncə Dövlət Universiteti bütün tədqiqat proqramlarına
və bütün təhsil pillələrinə əcnəbi vətəndaşları da qəbul
edir. Təhsil pillələrində dərslər əsasən Azərbaycan
dilində tədris edilir. Xarici tələbələr üçün təhsilin
ilk illərində Azərbaycan dili kursları təşkil edilir.
Hazırda Gəncə Dövlət Universitetində 48 nəfər əcnəbi
tələbə təhsil alır. Onlardan 37 nəfəri Türkiyə, 5 nəfəri
Gürcüstan, 6 nəfəri isə Rusiya vətəndaşıdır. Xarici
tələbələr bakalavr, magistratura və doktorantura
pillələrində təhsil alırlar. Onlar Boloniya prosesində
kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin
xüsusiyyəti ilə seminar formasında tanış edilmişlər.
Fakültə rəhbərləri həmin qruplarla tyütorların (tədris
məsləhətçilərinin) təhkim olunması haqqında rektorluğa
müvafiq təkliflərini vermişdir. Hazırda universitet
xarici universitetlərlə tələbə və müəllim mübadiləsi
aparır.
Universitetin tərkibindəki beynəlxalq əlaqələr şöbəsi
ölkə daxilində və xarici dövlətlərdə fəaliyyət göstərən
ali məktəblərlə daim əlaqə saxlayır, beynəlxalq
proqramlarda yaxından iştirak edir. Beynəlxalq əlaqələr
şöbəsi tələbə və müəllimlərin xarici ölkələrdə təhsil
almasına və təcrübə keçməsinə şərait yaradır. Belə ki,
Avropa Birliyinin ERASMUS MUNDUS və IV TEMPUS proqramı
çərçivəsində 2010-2011-ci illərdə universitetin 11 nəfər
tələbəsi Avropanın müxtəlif ölkələrində təcrübə
kurslarında iştirak etmişdir. Bununla yanaşı,
universitet müəllimlərinin də xarici ölkələrdə təcrübə
mübadiləsi aparılması üçün şərait yaradılır.
Universitetin dosenti, fizika-riyaziyyat elmləri
namizədi İlqar Cabbarov İtaliyanın Viterbo şəhərindəki
Tuscia Universitetində mühazirələr söyləmiş,
müəllimlərdən Aytən Fərəcova İtaliyanın Komo şəhərindəki
Milan Ali Tərcümə Məktəbində, Vüsal Kərimli isə
Almaniyanın Leypsiq Universitetində təcrübə keçmişlər.
Gənc istedadlar
Gəncə Dövlət Universitetində təhsil prosesinin, eləcə də
elmi tədqiqat fəaliyyətinin ayrılmaz tərkib hissəsi olan
tələbə elmi tədqiqat işlərinin təşkilinə xüsusi diqqət
yetirilir. Bu məqsədlə universitet Tələbə Elmi
Cəmiyyətinin iş planına uyğun olaraq hər il elmi
tədqiqat işlərinə xüsusi marağı olan istedadlı
tələbələrin elmi konfranslarda, respublika fənn
olimpiadalarında iştirakı təmin edilir. Belə ki,
universitet və respublika elmi konfranslarında çıxış
edən tələbələrin elmi tədqiqat işləri müvafiq illər üzrə
respublika elmi konfranslarının materiallarında və hər
il çap olunan GDU "Tələbə və magistrantların elmi
konfransının materialları" məcmuələrində nəşr olunur.
Ali məktəb tələbələrinin tədris olunan fənlərə marağını
artırmaq, həmin fənlər üzrə onların hazırlıq səviyyəsini
müəyyən etmək, istedadlı tələbələri aşkar etmək məqsədi
ilə bu tədris ilində 43 nəfər tələbə hər il keçirilən
respublika olimpiadalarında fəal iştirak etmişdir. 1
nəfər biologiya ixtisası üzrə II yeri, 2 nəfər (1 nəfər
kimya, 1 nəfər biologiya ixtisası üzrə) III yeri tutmuş,
1 nəfər isə ingilis dili ixtisası üzrə IV yeri tutaraq
həvəsləndirici mükafata layiq görülmüşdür.
Universitetdə fəaliyyət göstərən Tələbə Gənclər
Təşkilatı bir çox tədbirləri və layihələri həyata
keçirir. Gənclərdə sağlam düşüncə, vətənpərvərlik,
dövlətçilik prinsiplərinə sadiqlik hisslərini aşılamaq
üçün bir çox tədbirlər keçirən Tələbə Gənclər Təşkilatı
"Sağlam gənclik sağlam gələcəkdir" ideyasını əsas tutur.
Niyazi RƏHİMOV |