Aprelin 10-da Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında (DİA) Çin Xalq
Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Çin
mərkəzi"nin açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, DİA-nın rektoru, akademik Urxan
Ələkbərov açılış mərasimində mərkəzin iki ölkənin
dostluq, mədəniyyət əlaqələrinin möhkəmlənməsinə və
oxşar akademiyalar arasında əməkdaşlığın inkişafına
təkan verəcəyinə əminliyini bildirmişdir.
DİA ilə Çinin Azərbaycandakı səfirliyi arasında dostluq
və əməkdaşlıq əlaqələrinin daim diqqət mərkəzində
olduğunu vurğulayan rektor qurulan əlaqələr çərçivəsində
akademiyanın altı müəlliminin Çinin dövlət orqanlarında
təcrübə keçdiyini, Pekin Milli İdarəçilik Akademiyası
ilə mübadilə və əməkdaşlıq haqqında memorandumun
imzalandığını diqqətə çatdırmışdır.
DİA-da "Çin mərkəzi"nin açılmasını yüksək qiymətləndirən
Çinin ölkəmizdəki səfiri Xun Tşyuin bildirmişdir ki,
yeni yaradılmış mərkəz xalqlarımızın bir-birini daha
yaxından tanımasına, ölkələrimizin ali təhsil
müəssisələri arasında əlaqələrin genişlənməsinə, Çin
dilini öyrənməyə marağın artmasına kömək edəcəkdir.
Millətlərin inkişafında təhsilin əhəmiyyətini və müasir
dünyada çox dil bilməyin vacibliyini vurğulayan Xun
Tşyuin demişdir ki, Çin səfirliyi mərkəzin uğurlu
fəaliyyəti ilə bağlı hər cür köməyi göstərməyə hazırdır.
Sonra tədbir iştirakçıları "Çin mərkəzi" ilə tanış
olmuşlar. |