Təqvimin vərəqlərini çevirib aprel ayının rəqəmlərini
sadalayırdım ki, nəzərlərim bir anlıq 13 rəqəminin
üzərində dayandı, elə bil baxışlarım nəyə isə ilişdi.
Sanki hansısa bir sehrli qüvvə məni özünə çəkir, nəyi
isə xatırlatmaq istəyirdi. 13 rəqəminin arxasında nə
gizlənirdi? Bir anda fikirlərim duruldu. Hər şey
aydınlaşdı və düşüncələrimin taybatay açılmış
pəncərəsindən ömrünün 90-cı baharını yola salan, az qala
bir əsri haqlayan, ömrünün 10-cu onilliyinə qədəm qoyan
bir insanın - müəllimlərin müəllimi, öyrədənlərin
öyrədəni Səriyyə Rəşid qızı Qədimovanın ömür kitabı
gözlərimin qarşısında səhifələndi. Onu vərəqləyib
səhifələri çevirdikcə bir fəxarət hiss etdim, qürur
duydum bu "kitabın" sahibi ilə.
Dahilərdən
kimsə deyib ki, böyük adamlar bəşəriyyətin xoşbəxtliyi
yolunda özlərini yandıran meteorlardır. Ağ saçlarının
işığını sinif otaqlarına gətirən, ovcundakı zəhməti,
dizindəki qüvvəti, gözlərindəki nuru təmənnasız olaraq
şagirdlərinə bəxş edən Səriyyə müəllim məhz belə
insanlardandır. 90 illik ömrü, 50 illik pedaqoji
fəaliyyəti olan bir insan - Səriyyə müəllim haqqında
danışmaq, onun ömür yolundan söz açmaq, hamıya -
xüsusilə, gənc nəslə örnək ola biləcək bir ömrün izi ilə
addımlayaraq onun həyatının bəzi faktlarına diqqət
çəkmək istəyirəm.
Səriyyə müəllim 1922-ci ildə Azərbaycanın dilbər
guşələrindən biri olan qədim Şəkidə (əvvəllər Nuxa
adlanırdı) sənətkar ailəsində dünyaya göz açıb. 1929-cu
ildə Nuxadakı 7 nömrəli məktəbə daxil olub. 1936-cı ildə
həmin məktəbi bitirərək Nuxa pedaqoji məktəbinə daxil
olub. 1939-cu ildə pedaqoji məktəbi bitirən Səriyyə
müəllim qonşu rayona - Vartaşenə (indiki Oğuz) təyinat
alıb və rayonun Bucaq kənd orta məktəbində ibtidai sinif
müəllimi kimi fəaliyyətə başlayıb.1942-1944-cü illərdə
həmin məktəbdə direktor işləyib. 1944-45-ci illərdə
Vartaşen (Oğuz) rayonunun Padar kənd məktəbində,
1945-1950-ci illərdə rayon mərkəzində, 1950-1951-ci
illərdə Muxas kəndində müəllim işləyib. Nəhayət, 1951-ci
ildən pensiya yaşına qədər - 1989-cu ilədək rayon
mərkəzindəki 2 nömrəli orta məktəbdə müəllim işləyib.
Səriyyə müəllim bu illəri çox yaxşı xatırlayır.
"1939-1942-ci illərdə Bucaq kəndində müəllim kimi
fəaliyyət göstərdim. Məsuliyyət böyük idi. Ağır illər
idi o illər. Müharibə vahiməsi işimizi çətinləşdirirdi.
Uşaqları məktəbə cəlb etmək, geyindirmək, dərs
ləvazimatı tapmaq çox çətin idi. Elə müəllim də
tapılmırdı. Hansı kənddə ehtiyac olurdu, məni ora
göndərirdilər. Heç bir bəhanə gətirə bilməzdik. Maarif
müdiri çağırıb hansı kəndə göndərsə idi, getməli idik.
Artıq buna alışmışdıq. Həmişə hazır idik".
1946-cı il Səriyyə müəllimin şəxsi həyatının ən
yaddaqalan anıdır. Bu tarixdə o, Həbib Naxçıvanski ilə
ailə qurur. Qalan bütün illərdə onlar həyat yollarında
birgə addımlayırlar. Tanınmış maarif işçisi,
respublikanın əməkdar müəllimi olan Həbib müəllim birgə
ömürlərinin bütün anlarında Səriyyə müəllimə gözəl ömür-gün
yoldaşı, etibarlı dost, yaxşı məsləhətçi, həmkar olur. (Bəlkə
bu gün də Səriyyə müəllimin həyatında çatışmayan nə isə
varsa, o da yalnız Həbib müəllimin cismani yoxluğudur).
Oxucularım bəlkə də bu arada ardıcıllığa riayət
etmədiyimi düşünə bilərlər. Amma heç də belə deyil. Mən
məhz burada içimdən gəldi deyəm ki, Səriyyə müəllimin
şəxsi həyatı özü də bir nümunədir. Həm də necə bir
nümunə. Yaxşı mənada qibtə ediləcək qədər həyati, doğru,
dürüst, boyasız, bəzəksiz, mübaliğəsiz bir nümunə. Bu
günün gənclərinə əyani göstərilə biləcək bir nümunə.
Səriyyə müəllimin ömür kitabını vərəqlədikcə onun gözəl
simasından qəlbimə nur süzülür sanki. Düşünürəm ki, ulu
Tanrının seçdiyi insandır Səriyyə müəllim. Sağlığında
qiymətini aldığı üçün xoşbəxtdir o. Həm maddi, həm də
mənəvi.
Müəllim kimi fəaliyyət göstərdiyi müddətdə qabaqcıllığı,
işgüzarlığı, ictimai işlərdə fəallığı ilə seçildiyinə
görə Səriyyə müəllim dövrünün bir sıra fəxri adlarını
almış, medal, diplomlarla mükafatlandırılmışdır. 1948-ci
ildə "1941-45-ci illərdə Böyük Vətən müharibəsində
fədakar əməyə görə" medalı, 1953-cü ildə "Əməkdə
fərqlənməyə görə" medalı, 1958-ci ildə "Analıq" medalı,
1975-ci ildə "Əmək veteranı" medalı, Böyük Vətən
müharibəsində qələbənin 20, 30, 40, 50, 60 illiyi ilə
əlaqədar yubiley medalları ilə təltif edilmişdir.
Səriyyə müəllim həmçinin 1977-ci ildə "Qabaqcıl maarif
xadimi", 1983-cü ildə "Baş müəllim" kimi fəxri adlara
layiq görülmüşdür.
Yaşadığı rayonun ictimai həyatında da yaxından iştirak
edən Səriyyə müəllim dəfələrlə seçkili orqanlara deputat
seçilmişdir.
Bu sadaladıqlarım bir müəllim ömrünün izləri, bir
müəllim əməyinin qiymət meyarlarıdır, maddi
stimullarıdır. Mənəvi stimul isə onun yetişdirmələridir.
Səriyyə müəllimin ən böyük mənəvi mükafatı onun
yetişdirdiyi yüzlərlə şagirdinin müəlliminə olan dərin
məhəbbəti, bu məhəbbəti ifadə edən baxışlardan süzülüb
gələn minnətdarlıq hissləri, xeyirxahlıq yolunda ağaran
saçların sahibi qarşısında heç olmasa, ən azı səcdə
etmək istəyidir.
Bu gün müəllimi haqqında söz demək istəyən saysızdır.
Axı Səriyyə müəllimin müəllim ömrü yaşayır dərs dediyi
hər bir şagirdinin ömründə.
Ömrün verər şagirdinə,
Şərik olar hər dərdinə,
Bilinməz dərdi, qəmi nə?
Müəllim ömrü.
Öz ömrü özünün deyil.
Say şagirdlərini bir-bir.
Bir yox, on yox, yüzlərdədir,
Müəllim ömrü.
Söhbətimin bu yerində bütün şagirdlərinin fikir və
arzularını ifadə edə biləcək iki qeydi Səriyyə müəllimin
ömür salnaməsinə bir epiqraf kimi yazmaq keçir
könlümdən.
Rəna Süleymanova (Oğuz rayonu, Xaçmaz kənd orta
məktəbinin biologiya müəllimi):
- Səriyyə müəllim mənim əsl anamdır. Yadımdadır, mən I
sinfə tez getmişdim. Yaşım çatmırdı, amma məktəbə getmək
istəyirdim. Özü də məhz Səriyyə müəllimin sinfinə. Anam
da müəllim idi. Bu onun da arzusu idi. Səriyyə müəllim
həmişə olduğu kimi cəsarətli bir addım atdı. Məni sinfə
qəbul etdi. Yadımdadır ki, sinif dolmuşdu, parta
çatmırdı. Səriyyə müəllim bir ana şəfqəti ilə mənim
əlimdən tutub birinci partaya əyləşdirdi. Uzun müddət
biz üç nəfər oturduq. Müəllimin öz qızı Hatavan da elə o
vaxtdan mənim həm parta yoldaşım, həm də dostum oldu.
Biz əla oxuyurduq. Səriyyə müəllim bizə təkcə bilik
öyrətmirdi. O, həm də bizim ehtiyaclarımızı öyrənir,
saçlarımızı qaydaya salır, bantlarımızı bağlayır,
çantasına qoyduğu ətirli şirin çörəklərə bizi qonaq
edirdi. O, hamının qayğısına qalırdı. Mən 90 yaşlı
müəllimimə daha bir cəsarətli addım atıb 100-ü adlamağı
arzu edirəm.
Gülnarə Hüseynova (Bakı şəhəri, fizika müəllimi):
- İnsan həyatda çox şeyi unudur. Çox insanlar yaddan
çıxır. Amma ilk müəllim heç vaxt yaddan çıxmır, heç vaxt
unudulmur. Səriyyə müəllim bir məktəbdir. Mən fikir
vermişəm, bəzən onun dərs demədiyi şagirdlər belə
özlərini Səriyyə müəllimin şagirdi hesab edirlər.
Müəllim üçün bundan böyük xoşbəxtlik ola bilərmi ki,
səni hamı sevsin. Mən Səriyyə müəllimi ən xoşbəxt insan
bilmişəm həmişə. Elə bilirdim ki, müəllimimin heç bir
problemi yoxdur. Üzünün ifadəsi həmişə aydın olurdu
hamımıza. Ən çətin anımızda belə əhvalımızı yüksəldirdi.
Heç vaxt gileylənmirdi, çətinliklərini heç zaman
şagirdlərinə bildirmirdi, kimə isə əziyyət verməyi
sevmirdi. Olduqca məğrur, əməksevər bir insan idi mənim
müəllimim. Mən inanıram ki, bu gün 90 yaşında belə o, öz
işini heç kəsə etibar etməz. Təki canı sağ olsun. Onu da
deyim ki, Səriyyə müəllimin həyətində həmişə qeyri-adi
güllər, çiçəklər olardı. Öz əli ilə qulluq edərdi bu gül
bağçasına. Necə vaxt tapırdı buna? Bəlkə də gözəlliyə,
gülə, çiçəyə olan fitri eşqindən doğurdu bu vaxt imkanı.
Bəlkə uzunömürlülüyünün sirri də elə bundadır. Bilmirəm.
Bircə onu bilirəm ki, mənə və mənim kimi yüzlərlə insana
yol göstərən, xeyirxahlıqların, yaxşılıqların olduğunu
göstərən ideal bir varlıq var. O, mənim çox sevdiyim ilk
qələm müəllimim - Səriyyə müəllimdir. Harada oluruqsa
olaq, daxilimizdə əbədi olaraq yaşatdığımız bir insan
var - mənəvi anamız, o zaman uşaqların dediyi kimi
məktəb anamız Səriyyə müəllim var.
Səriyyə müəllim həm də gözəl anadır. Onun beş övladı
var. Hər biri də cəmiyyətdə özünə layiq yer tutub.
Səriyyə müəllimin ilk övladı Mahir Oğuz Rayon Təhsil
İdarəsinin metodistidir.
Qızı Aqiyə xanım Azərbaycan Müəllimlər İnstitutunun
rektoru, Milli Məclisin deputatıdır. İkinci oğlu Yusif
Qğuz Rayon İcra Hakimiyyətinin məsul işçisidir. İkinci
qızı Adilə Oğuz şəhər 2 nömrəli orta məktəbdə müəllim
işləyir. Üçüncü qızı Natavan isə AMİ-nun
metodist-müəllimidir.
Bax beləcə bir müəllimdən bəhs etdim sizlərə. Ömrünün
zirvəsində duran, 90-cı baharını yola salan Səriyyə
müəllimdən. Bilmirəm, ürəyimdəkiləri necə ifadə etdim.
Amma bu bir həqiqətdir ki, Səriyyə müəllim üçün varlığı
müddətində heç bir ehtişam, əzəmət, qüdrət, san-şöhrət
meyar olmayıb. Çünki o, həyatın simfoniyasını,
dastanların nəğməsini yaradan şairlərin, möhtəşəm
binaları ucaldan, gözəl parklar salan memarların,
insanlara həyat bəxş edən həkimlərin, elm, bilik işığı
yayan müəllimlərin müəllimi, öyrədənlərin öyrədənidir.
90 yaşın mübarək, əziz müəllimimiz. Yaz çiçəklərinin
ətrinə bürünmüş Oğuz elinin hər bir övladı sizinlə fəxr
edir.
Dilguşə SÜLEYMANOVA,
Bakı şəhəri, M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin
direktor müavini, "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi |