Aprelin
18-də təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.
Qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində
görməyindən məmnunluq hissi keçirdiyini bildirdi. 2009-cu
ildə beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının türkdilli
ölkələrin bir sıra sahələr üzrə əməkdaşlığının
genişlənməsi və möhkəmlənməsində əhəmiyyətli rolundan
söz açan təhsil naziri xüsusilə xalqlarımızın daha da
yaxınlaşması üçün təhsillə bağlı əlaqələrinin
dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırdı. Qeyd
olundu ki, Azərbaycanla Türkiyə arasında bütün
istiqamətlərdə qurulmuş əlaqələr uğurla inkişaf edir.
Hər iki ölkənin təhsil sahəsində əməkdaşlığını yüksək
qiymətləndirən nazir Misir Mərdanov hazırda 4000-dən çox
azərbaycanlı gəncin Türkiyənin nüfuzlu
universitetlərində, 3000-dən artıq türkiyəli tələbənin
isə Azərbaycanın ali təhsil müəssisələrində oxuduğunu
bildirdi. Ölkəmizdə Azərbaycan-Türkiyə Özəl Liseyləri,
Qafqaz Universiteti, "Araz" hazırlıq kursları,Türkiyə
Dəyanət Vəqfi Bakı Türk Liseyi və digər təhsil
müəssisələrinin fəaliyyətindən razılıq hissi ilə söz
açan təhsil naziri onlara hər cür şəraitin yaradıldığını
söylədi. Nazir ümumi təhsil sahəsində mövcud
əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq
dərsliklərin hazırlanmasının aktual və vacib bir məsələ
olduğunu və hər iki ölkənin müvafiq mütəxəssisləri
arasında bu istiqamətdə müzakirələrin aparılmasının
zəruriliyini diqqətə çatdırdı.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi
Xəlil Akıncı səmimi qarşılandığına görə təhsil naziri
Misir Mərdanova minnətdarlıq etdi. Rəhbərlik etdiyi
qurumun fəaliyyəti və gördüyü işlər barədə ətraflı
məlumat verən Xəlil Akıncı hər bir millətin inkişafında
təhsilin və elmin önəmli yer tutduğunu söylədi. Qonaq
quruma daxil olan ölkələrin bütün istiqamətlərdə,
xüsusilə təhsil sahəsində əlaqələrinin inkişafı ilə
bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən
söz açaraq qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin
zəruri olduğunu qeyd etdi.
Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul
olunması məsələsinə də toxunan Xəlil Akıncı bununla
bağlı fikir və mülahizələrini söylədi. Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil
nazirlərinin görüşünün keçirilməsinin nəzərdə
tutulduğunu söyləyən baş katib bunun türkdilli ölkələrin
elm və təhsilinin inkişafına müsbət təsir göstərəcəyinə,
müvafiq təkliflərlə bağlı ortaq bir fikrə gəlməyə imkan
verəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə daha sonra türkdilli ölkələr arasında təhsil
sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli
təşkili, qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.
Sonda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş
katibi Xəlil Akıncıya xatirə hədiyyələri təqdim olundu.
Samirə KƏRİMOVA |